Bakının haqlı tələblərinə İrəvanın məntiqsiz dirəniş cəhdləri
Opponentin qarşısındakının sualına məntiqsiz cavabı kənar müşahidəçilərdə nə qədər ironik gülüş doğurursa, onun təqsirini qondarma arqumentlərlə, yəni yalanla ört-basdır etmək cəhdləri də bir o qədər ikrah hissi yaradır.
Həmin subyektin özünü haqlı tərəflə eyni tərəziyə qoymağa çalışması isə hüquqi və siyası baxımdan savadsızlıq, ya da “tutsa qatıq, tutmasa ayran” məntiqi ilə izah oluna bilər. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Milli Assambleyadakı çıxışında irəli sürdüyü utopik müddəa hüquqi savadsızlıq nümunəsi kimi yalnız siyasi sarkazmla müşayiət olunmağa layiqdir.
Hayların baş diplomatının kürsüdən üfürdüyü bəyanatına diqqət yetirin: “Həm Ermənistan, həm də Azərbaycanın konstitusiyalarında iki ölkə arasında uzunmüddətli sülhün bərqərar olmasına maneələr törədən maddələr var. Amma hazırda əsas qanunda dəyişiklik edilməsi məsələsi gündəmdə deyil. Bunu Ermənistan–Azərbaycan danışıqlarının son raunduna saxlamışıq”.
Əvvəla, aşkar görünən odur ki, rəsmi İrəvan sülh sazişi üzrə danışıqlarda Bakının hüquqi və siyasi cəhətdən əsaslandırılmış arqumentinə qarşı “əks-arqument” axtarışlarını davam etdirir. Yəni Bakının öz konstitusiyalarında yer alan ərazi iddialarının aradan qaldırılması tələbinə “paritet yaratmaq”, problemi “balanslaşdırmaq” üçün cəhd göstərilir. Guya, bu halda Bakı İrəvandan qanunvericiliyini “çirkabdan” təmizləmək tələbindən əl çəkə bilər. Mirzoyanın parlament “jestinin” arxasında gizlənən digər vacib məqam Paşinyan iqtidarını üzləşdiyi hakimiyyət böhranından çıxarmaq, siyasi hərarəti qalxmış daxili ictimai rəyin üzərinə “sərin su çiləməkdir”. Onların ikinci niyyətlərinə nə dərəcədə çatdıqları ilə işimiz yoxdur, amma birinci məqsədlərinin üstündən birdəfəlik xətt çəkməlidirlər. Çünki həm Azərbaycana, həm də qardaş Türkiyəyə qarşı ərazi iddialarının yazıldığı konstitusiyasını dəyişmədən Ermənistanın iki yaxın qonşusu ilə arzuladığı münasibətlərin nizamlanması müşkül və mümkünsüz məsələdir.
***
Elmi dildə tərkibində heç bir elementi olmayan çoxluğa boş çoxluq deyilir. Əgər bu postulatı riyazi nəzəriyyədən diplomatik leksikona tranformasiya etsək, onda məzmunu elementar arqument və məntiqdən uzaq siyasi bəyanatların da qarşısına boş çoxluq işarəsi (Ø) qoymaq mümkündür. Ermənistan XİN başçısı Ararat Mirzoyanın Azərbaycan Konstitusiyası ilə bağlı bəyan etdiyi mülahizə həmin “boş çoxluq” seriyasındandır.
Deməli, rəsmi İrəvan məmləkəti bürümüş kütləvi etirazlar fonunda yuxarıda qeyd etdiyimiz məqsədlə yanaşı, həm də Azərbaycana qarşı şərtlər irəli sürməyə qadir olduğunu potensial elektorata göstərmək niyyətini güdür. Bununla da Paşinyan və onun komandası, sanki, “bir güllə ilə iki dovşan vurmaq” xəyalına düşüblər.
İntəhası, Mirzoyanın Azərbaycan Konstitusiyası ilə bağlı səsləndirdiyi fikirlər, sadəcə, gülüş doğurur. Belə bir utopik iddianı İrəvan keçmişdə də dövriyyəyə buraxmağa cəhd göstərmişdi. Ermənistan rəsmiləri Azərbaycan Konstitusiyasının preambulasını problemli adlandırır və bu zaman bizim dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına (18 oktyabr 1991-ci il) istinad edirlər. Həmin preambulada 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisliyi qeyd olunur. Dövlət Müstəqilliyi haqqında Aktın 2-ci maddəsində deyilir: “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”.
Aydın məsələdir ki, rəsmi İrəvan canının qorxusundan belə avantürist addımları atır. A.Mirzoyan özü də yaxşı bilir ki, bu müddəanın nə üst, nə də alt qatında Azərbaycanın Ermənistana ərazi iddiaları əks olunmur. Bu reallığı kənara qoyan hayların baş diplomatı 1918-ci ildəki AXC-nin ərazisinə müasir Ermənistanın böyük bir hissəsinin daxil olduğunu, amma İrəvanın bu faktı tanımayacağını ictimaiyyətin qulağına üfürür. Əlbəttə, İrəvanın ortaya atdığı bu yeni tezis başdan–ayağa cəfəngiyyatdır. Azərbaycanın nə Müstəqillik aktında, nə də Konstitusiyasında ərazi iddiası ilə bağlı bənd var. Ana Qanunumuzun 2-ci maddəsində söhbət ancaq dövlətçilik ənənələrinin varisliyindən gedir. Əgər əsas qanunlarda səhv axtarmağa qalsa, onda qarşılıqlı iddialar zənciri boş sonsuzluğa qədər uzana bilər.
***
Ermənistan-Azərbaycan münasibətlərin nizamlanması kontekstində, əslində, biz bir-birimizə qarşı birbaşa ərazi iddialarının aradan qaldırılmasında maraqlı olmalıyıq. Göründüyü kimi, Azərbaycan qanunvericiliyində belə iddialar yoxdur. Ermənistanın Müstəqillik bəyannaməsində isə açıq mətnlə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkib hissəsi olduğu göstərilir.
Bundan başqa, Ermənistan parlamenti Müstəqillik Bəyannaməsinə və Konstitusiyanın müvafiq müddəalarına əsaslanaraq, 1992-ci il iyulun 8-də “Dağlıq Qarabağ Respublikası” adının hər hansı beynəlxalq və ya daxili sənədin bir hissəsi kimi göstərildiyi barədə qərar qəbul edib. Ermənistan parlamentariləri və hakimləri bu müddəaların spekulyativ deyil, real fəaliyyətdə olduğunu praktikada sübut ediblər. Axı, bundan savayı, Ermənistanın Müstəqillik bəyannaməsində qardaş Türkiyəyə qarşı da ərazi iddiaları yer alır. Mətn təxminən bu cür tərcümə olunur: “Ermənistan Respublikası Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda 1915-ci il erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir”.
Qondarma “erməni soyqırımı” məsələsini bir kənara qoyub, məsələnin hüquqi tərəfinə, bu çərçivəyə “Qərbi Ermənistan”ın daxil edilməsinə diqqət edək. Beyinlərinə şovinizm toxumları səpilmiş haylar Şərqi Anadolunun geniş ərazisini məhz “Qərbi Ermənistan” adlandırırlar. Ermənistan qanunvericiliyi baxımından tamamilə qanuni şəkildə həyata keçirilən sərhədin delimitasiyasına qarşı etirazlar onu göstərdi ki, daşnak–revanşist qüvvələr Azərbaycanla heç bir sülh sazişini qəbul etməyəcəklər. Hadisələr Paşinyan və onun komandası üçün arzuolunmaz məcrada davam edərsə, Ermənistan konstitusiya məhkəməsi hakimlərinin imzalanacaq sülh sazişini də etibarsız saymağa məcbur olma ehtimalı yüksəkdir. İndi Bakının Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının təkrarlanmayacağına zəmanəti olmalıdır. Bu səbəbdən Bakı İrəvan qarşısında qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı ədalətli tələb irəli sürür. Belə bir dəyişikliyi zəmanət kimi qəbul edə bilər. Əslində, baş nazir Paşinyan bunların hamısını yaxşı anlayır. Məgər mifik-tarixi yox, real Ermənistan ideyasını qaldıran onun özü deyilmi? Üstəlik, ölkə qanunvericiliyində qonşulara qarşı ərazi iddialarını özündə əks etdirən müddəaların dağıdıcı rolundan ilk danışan da Paşinyan olub.
Üzləşdiyi daxili və xarici təzyiqlər qarşısında İrəvanın ictimai rəylə, hətta kütləvi etirazlar fonunda riskli oyunlara girişmək istəyini başa düşmək mümkündür. Fəqət, belə oyunlar geriyə dönüşün olmayacağı risklə doludur. O da aydındır ki, Paşinyan hökumətinə köklü konstitusiya islahatını həyata keçirmək üçün böyük iradə lazımdır. İnanmaq istərdik ki, Ermənistanın yaxın qonşuları ilə düşmənçiliyinə son qoyan məhz bu komanda olacaq.
Ararat Mirzoyanın Bakının ədalətli tələbinə “ayna tutmaq” cəhdi isə təəssüf ki, tərəflər arasında yaranmağa başlayan qarşılıqlı inam və çətinliklə qurulan normallaşma prosesinə xoşagəlməz ab-hava gətirə bilər...
Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri, politoloq
– Bəli, hüquqi baxımdan müstəqil Azərbaycan 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Eyni zamanda, Azərbaycan Konstitusiyasında nəinki Ermənistana, eləcə də dünyanın heç bir ölkəsinə qarşı ərazi iddiamız yoxdur. Beynəlxalq hüquq da bunu təsdiqləyir. Amma Ermənistan konstitusiyasında müstəqillik haqqında bəyannaməyə istinad yer alır. Orada 1989-cu ilin dekabrında “Dağlıq Qarabağ”la bağlı qeyd var. Əslində, burada söhbət təkcə Ermənistan konstitusiyasından getmir. Bu ölkənin parlamenti də 1992-ci il tarixli qərarı ilə Azərbaycanın ərazi bütövlüyünü tanımır.
Alma-Ata Bəyannaməsini ratifikasiya edərkən bu müddəaların hüquqi qüvvəsini qəbul etmədiklərini bildiriblər. Hətta orada bəyannamənin “Dağlıq Qarabağ”a şamil olunmadığına dair əlavə qeyd var. Doğrudur, baş nazir Nikol Paşinyan həmin əlavələrin heç yerə təqdim edilmədiyini bildirib. Fəqət, erməniləri tanıyırıq. Onlar sabah bu gün dediklərinin tərsini söyləyə bilərlər.
Digər bir məsələni xatırladaq ki, Robert Koçaryan 1998-ci ildə prezident seçilərkən, konstitusiyaya görə, onun beş il Ermənistanda yaşaması tələb olunurdu. Amma konstutisiya məhkəməsi Koçaryanın “Dağlıq Qarabağ”da Ermənistan vətəndaşı kimi yaşaması barədə qərar qəbul etmişdi. Yəni Ermənistanın hüquq sistemində, o cümlədən konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Amma bizim 1995-ci ildə qəbul etdiyimiz (sonra bəzi əlavələr edilməklə) mövcud Konstitusiyamızda Ermənistan ərazisinə iddiamızla bağlı heç nə yoxdur.
Rəsmi İrəvan bu üsulla beynəlxalq ictimaiyyətə özlərini sülh danışıqlarında eyni statusda göstərməyə çalışır, guya, oxşar problem hər iki tərəfdə var. Bu, tamamilə yanlış və əsassız iddiadır.
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi
– Ermənistan konstitusiyasının dəyişdirilməsi yalnız Azərbaycanın tələbi deyil. Onların əsas qanununda həm də Türkiyəyə qarşı ərazi iddiaları var. Əgər rəsmi İrəvan səmimi şəkildə Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyirsə, bütün hallarda konstitusiyasını dəyişməlidir. Bunu baş nazir Nikol Paşinyan da yaxşı anlayır və çıxışlarında dəfələrlə bəyan edib ki, reallığa uyğun hərəkət etməlidirlər. Baş nazir, doğrudan da, tarixi Ermənistanı real Ermənistandan ayrılması ilə razılaşırsa, bu halda konstitusiyaya dəyişiklik etməlidir.
Bildiyimiz kimi, Bakı hələlik bunu sülh sazişinin kəskin tələbi kimi irəli sürmür. Amma çərçivə sazişi imzalandıqdan sonra bu məsələyə qayıtmaq mümkündür. İndi Ermənistandakı iqtidar partiyası öz məntiqinə görə, eyni iddianı Azərbaycana qarşı irəli sürməyə başlayıb. Guya, Azərbaycan Konstitusiyasında da Ermənistana qarşı ərazi iddiaları yer alır. Bu, mümkün olan şey deyil. Çünki bizim kimi, Ermənistan və Gürcüstan da özlərini 1918-ci ildəki respublikalarının varisləri elan ediblər. Məsələnin digər tərəfinə gəldikdə, rəsmi İrəvanın bu məsələni xarici işlər naziri Ararat Mirzoyanın dili ilə qaldırmaqda məqsədi ictimaiyyəti bu yolla sakitləşdirməkdir. Yəni, görürsünüz, bizim də Azərbaycana qarşı iddia qaldırmağa cəsarətimiz çatır. Faydasız cəhdlərdir.
Hesab edirəm ki, sonda Nikol Paşinyan nəinki mövcud konstitusiyanı dəyişməyə, hətta yenisini qəbul etdirmək məcburiyyətində qalacaq. Azərbaycan Konstitusiyasında isə dəyişilməli heç bir müddəa yoxdur.
İmran BƏDİRXANLI
XQ