“Maydan” təhlükəsi”, MDB və sabit Azərbaycan amili

post-img

Yaxud Cənubi Qafqazda “rəngli inqilab” ssenarisi və Bakının sığorta formulu 

Qərb Rusiyanın sərhədləri yaxınlığında gərginlik mənbəyi yaratmaq üçün ok­tyabr ayına qədər Gürcüstanda yeni “Maydan” ssenarisini həyata keçirməyə çalışır. Bunu Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. Əslində, Qaluzinin bildirdiyi məqamlar bir müddət əvvəl onun təmsil olunduğu komanda­nın digər üzvləri tərəfindən də dilə gətirilmişdi. Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, ardınca Müdafiə naziri Andrey Be­lousov qlobal təhlükə ilə bağlı “həyəcan təbili” çalmış və Gürcüstanda yaşanan proseslər üzərində dayanmışdılar. 

A.Bortnikov Müstəqil Dövlətlər Bir­liyi məkanında “rəngli inqilab” dalğası haqqında söz açmışdı. O, Qərbi ittiham etmiş və bildirmişdi ki, Qərb mərkəzləri MDB ölkələrində vəziyyətin pisləşdiyi və kütləvi iğtişaşlar baş verəcəyi təqdirdə, hakimiyyəti ələ keçirmək üçün “müha­cirətdə olan hökumətlər” formalaşdırırlar. Rusiyanın baş kəşfiyyatçısı onu da vur­ğulamışdı ki, nəzərdə tutulan ssenarinin gerçəkləşdirilməsi naminə daxili böhran­lara şərait yaratmaq əsas götürülür, bu məqsədlə təsir agentləri, nəzarət edilən müxalifət partiyaları və hərəkatları, qey­ri-kommersiya təşkilatları və psevdo­müstəqil mediadan istifadə olunur.

A.Belousov Bortnikovun “rəngli inqi­lab” məntiqini inkişaf etdirərək, bilavasitə Gürcüstanda yaşanan proseslərdən da­nışmışdı. Rusiyanın MN rəhbəri sırf həmin proseslər fonundakı təhlükəni qabartmış və vurğulamışdı ki, Gürcüstanda aktiv an­ti-Rusiya hərəkətləri axtarılır. Bunun üçün Qərb ölkədəki etirazları maliyyələşdirir və vəziyyəti qeyri-sabit saxlamağa çalışır. Əlbəttə ki, rusiyalı rəsmi Gürcüstanda xarici agentlər haqqında qanunun qəbu­lu məsələsində yaranmış etiraz dalğasını nəzərdə tutmuşdu.

M.Qaluzinə gəldikdə isə o bildirib ki, bu ilin oktyabrında keçiriləcək parlament seçkiləri kontekstində qərblilərin Gürcüs­tanda vəziyyəti gərginləşdirmək cəhdləri nəzərə çarpmaqdadır. “İstisna etmirik ki, məqsəd Rusiya sərhədləri yaxınlığında daha bir gərginlik ocağı yaratmaq ümidi ilə hakimiyyət dəyişikliyinin “Maydan” sse­narisini həyata keçirməyə çalışmaqdır”, – deyən rusiyalı diplomatın sözlərinə görə, ABŞ və Avropa İttifaqı ölkələri bir çox su­veren dövlətlərə təzyiqlər göstərirlər. 

Təzyiqdən söz düşmüşkən, A.Belou­sovun üzərində dayandığı və bizim üçün vacib olan başlıca məsələ Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsi olmuşdu. O demişdi ki, Qərb Azərbay­cana və Ermənistana yekun sülh sazişi xüsusunda təzyiq göstərir. Nazir konkret şəkildə vurğulamışdı ki, Bakıya və İrə­vana yalnız Qərb platformalarında sülh müqaviləsi imzalamaq, habelə, vasitəçilik xidmətləri təklif və tətbiq edilir. 

***

Haşiyəyə çıxaq ki, Azərbaycan və Er­mənistan arasında vasitəçilik dövrü geri­də qalıb. Yəni hazırda ölkələr delimitasiya və demarkasiya xüsusunda qarşılıqlı razı­lıq əsasında hərəkət edirlər. Ancaq Bort­nikov Qərbin yeni “rəngli inqilab” ssenarisi barədə səbəbsiz danışmadığı kimi, Be­lousov da əbəs yerə vasitəçilik məsələsini gündəmə gətirməmişdi. Hər halda, birinci kimi ikinci də kifayət qədər məlumatlıdır və onun sözlərindən belə qənaətə gəlmək mümkündür ki, delimitasiya və demarka­siya prosesləri əsasında Bakı – İrəvan tə­masları ilə yekun sülh müqaviləsi tamam başqa-başqa mövzulardır. Daha dəqiq desək, ikinci məsələ Qərb – Rusiya rəqa­bəti baxımından aktuallığını qoruyur. 

***

Bəli, Qaluzinin fikirləri də Rusiyanın Cənubi Qafqaz siyasi akvatoriyasına həs­sas yanaşmasının növbəti göstəricisidir. O, Litva, Latviya, Estoniya və İslandiyanın xarici işlər nazirlərinin mayın ortalarında Tbilisidə keçirilən küçə etirazlarında iştira­kına da diqqət çəkib. “Bunu müstəqil döv­lətin daxili işlərinə açıq-aşkar müdaxilədən başqa bir şey kimi xarakterizə etmək çətin­dir. Bütün bunlar suverenliyini məhdudlaş­dırmağa çalışdıqları ölkələrə öz iradələrini tətbiq edən neokolonial təcrübələrin iyrənc nümunələridir”, – deyə Rusiya XİN başçı­sının müavini vurğulayıb. 

Qeyd edək ki, Qaluzinin açıqlaması ilə Gürcüstan Baş naziri İrakli Kobaxidzenin bildirdiklərinin zaman və müəyyən qədər ifadə tərzi baxımından üst-üstə düşməsi maraq doğurmaya bilməz. Əlbəttə, niy­yətimiz heç də onu demək deyil ki, bu iki açıqlama bir-biri ilə razılaşdırılmış şəkildə verilib. Başlıca məqam “rəngli inqilab” ssenarisinin işə salınmasının eyni qayda­da dərk edilməsindədir. 

Bəli, İ.Kobaxidze əmindir ki, kənar təsirlər nəticəsində Gürcüstanda nəyəsə nail olmaq mümkünsüzdür. O, hətta, de­yib ki, ölkəsində inqilab təşkil etməyin qeyri-mümkün olduğunu hər kəs gördü. Hökumət başçısı Gürcüstanın stabil qa­lacağını, orada sülhün qorunub saxlanı­lacağını vurğulayıb. Kobaxidze onu da deyib ki, təmsil olunduğu hökumət ölkədə sülhün pozulmasına imkan verməyəcək.

İrakli Kobaxidze Gürcüstana sank­siyaların tətbiqi ilə bağlı Qərbdən gələn bəyanatlara da toxunub. O, belə bəya­natları “qeyri-ciddi” və “qeyri-məhsuldar” adlandırıb. “Sanksiyalarla bağlı söhbətlər bizim üçün qeyri-ciddidir. Bununla bağlı kim bəyanat verirsə, qeyri-ciddidir və bu, qeyri-məhsuldardır”, – deyən Baş nazir ölkəsində xarici təsir agentləri ilə əlaqə­dar qanununun qəbuluna görə gürcü de­putatlara sanksiyaların tətbiqinə dair bildi­riş emaillərinin göndərilməsini də “yalan” adlandırıb.

***

Sonda onu da deyək ki, Rusiya rəs­milərinin son zamanlar “rəngli inqilab” məsələsini gündəmə gətirmələri Qərbin MDB məkanında, o cümlədən Cənubi Qafqaz regionunda böyük dəyişikliklər planladığının sübutudur. Belə bir durumda Azərbaycanın hadisə və proseslərə baxı­şının necə olacağı məsələsi aktuallaşır. Məlumdur ki, ölkəmiz hər zaman müstəqil xarici kurs həyata keçirib. Bu kurs dünya miqyasında qəbul edilir. Kollektiv Qərbin ən mühüm aktoru sayılan ABŞ-nin dövlət başçısı Co Baydenin Azərbaycana gön­dərdiyi məktubda ifadə olunmuş yanaşma tərzi də bunun bariz göstəricisidir. 

Deməli, belə nəticəyə gəlmək müm­kündür ki, Azərbaycan düzgün müəyyən­ləşdirilmiş balanslı xarici siyasətinə sadiq qalmaqla, daxili siyasətində produktivliyi qorumaqla, ən əsası isə qalib dövlət ob­razı ilə özündə “rəngli inqilab” ssenarilə­rinə qarşı ciddi müqavimət formalaşdırıb. Bunu ölkəmizdəki sabitlik və əmin-aman­lıq mühiti də təsdiqləyir. Bu təsdiqlənmə həm də Azərbaycanı Cənubi Qafqazın başlıca söz sahibinə və əlbəttə ki, başlıca inkişaf və tərəqqi faktoruna çevirir. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət