Ədliyyə naziri Türk Ədliyyə Təlim Şəbəkəsinə daxil olan ölkələrin nümayəndə heyəti ilə görüşüb

post-img

Ədliyyə naziri Fərid Əhmədov “Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində ölkəmizdə səfərdə olan Türk Ədliyyə Təlim Şəbəkəsinə daxil olan ölkələrin nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan ədliyyə naziri onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Fərid Əhmədov ölkələr arasında hüquq tətbiqetmə sahəsində çoxtərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün keçirilən konfransın rolunu yüksək qiymətləndirib.

Nazir, həmçinin ədliyyə sahəsində elmi istiqamətdə, eləcə də peşəkar kadrların hazırlanması üzrə əməkdaşlığın vacibliyini və bu sahədə ədliyyə akademiyalarının rolunun əhəmiyyətli olduğunu vurğulayıb. Fərid Əhmədov, ölkəmizdə Ədliyyə Akademiyasının fəaliyyətinin daha da inkişaf etdirilməsi istiqamətində işlər görüldüyünü, innovativ layihələrin icrasının nəzərdə tutulduğunu bildirib.

Görüşdə iştirak edən nümayəndə heyətinin üzvləri konfransın yüksək səviyyədə təşkil edildiyini və bu konfransın qardaş türk dövlətləri arasında təcrübə mübadiləsinin həyata keçirilməsi üçün vacib platforma olduğunu qeyd ediblər. Onlar hüquqi tətbiqetmə sahəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin türk dövlətləri üçün gələcəkdə daha faydalı və səmərəli olacağını vurğulayıblar.

Görüşdən sonra nümayəndə heyəti nazirlikdə ədliyyə tarixinə həsr olunan muzeylə tanış olublar.



Siyasət