Azərbaycanla Çili arasında diplomatik münasibətlərin qurulmasının ildönümü münasibəti ilə rəsmi qəbul keçirilib

post-img

Azərbaycan Respublikasının Argentina və eyni zamanda Çilidəki səfirliyi tərəfindən 28 May - Müstəqillik Günü və Azərbaycanla Çili arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibəti ilə paytaxt Santyaqo şəhərində rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə, Çili Respublikasının dövlət və hökumət nümayəndələri, diplomatik nümayəndəliklərin rəhbərləri, elmi-akademik, işgüzar dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Rəmzi Teymurov müsəlman Şərqində ilk demokratik Respublika olan Azərbaycan Demokratik Respublikasının yaranması və mövcud olduğu qısa müddətdə gördüyü tarixi əhəmiyyətli tədbirlərdən bəhs edib. Həmçinin 1991-ci ildə müstəqilliyin bərpa edilməsindən sonra Azərbaycanın üzləşdiyi çətnliklər, ərazilərin işğal olunması, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə həyata keçirilməyə başlanılmış yeni inkişaf strategiyası və bu strategiyanın günümüzdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, ölkəmizin üzləşdiyi mina terroru problemi barədə danışmış, COP-29 tədbirinə hazırlıq sahəsində görülən işlər barədə məlumat verib.

Azərbaycan və Çili arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edən səfir, diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib və ötən illər ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə əldə olunmuş nailiyyətlər barədə danışıb.

Çili XİN-in Avropa idarəsinin rəisi Fransisko Qormaz Lira diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin qeyd edilməsindən məmnunluğunu ifadə edib. Diplomat təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə əlaqədar göstərilmiş yardıma görə Çili dövləti adından Azərbaycana minnətdarlığını bildirib.

Tədbirdə Çilinin Adolfo İbanyez Universitetinin professoru Şəhriyar Nəsirov tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycanda alternativ və bərpa olunan enerji sahələrində həyata keçirilən islahatlar, COP-29 tədbirinə dair videoçarx nümayiş etdirilib.





Siyasət