Qarabağa “Azərbaycanın Qüdsü” demiş Tomas de Vaal indi nə deyir?
Britaniyalı jurnalist, Karneqi Beynəlxalq Sülh Fondunun təhlilçisi, Qafqaz məsələləri, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis sayılan Tomas de Vaalın “Foreign Affairs” jurnalında çoxlu suallar doğuran məqaləsi dərc olunub.
Məqalə müəllifi iddia edir ki, Rusiya sülhməramlılarının bölgədə 2025-ci ilə qədər mandatı vardı və onlar regionda Moskvanın təsirini proqnozlaşdırmaqla yanaşı, ermənilərin bəzilərinin Qarabağa qayıtmasına şərait yarada bilərdilər. Tomas “amma Rusiya regionu tərk etməyi seçməklə Azərbaycana zəfər qazandırdı, Azərbaycan Ordusuna uzun müddətdir “mübahisəli olan ərazi” üzərində maneəsiz nəzarəti əldə etməyə imkan yaratdi” – kimi geosiyasi reallıqdan uzaq, məntiqsiz açıqlaması ilə həm də yarıtmaz bölgəşünas olduğunu nümayiş etdirib. Çünki, o, Azərbaycanın Qarabağ Zəfərini nələrin bahasına əldə etdiyini çoxlarından yaxşı bilir. Burada kənar amillərin heç bir rol oynamadığı da hamıya bəllidir.
Qarabağdan bəhs edən “Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabının (Nyu–York, 2003) müəllifi Tomas de Vaalın Azərbaycanın BMT və dünya tərəfindən tanınmış torpaqlarını “mübahisəli ərazi” adlandırması, ən azı, həmin beynəlxalq hüquqa hörmətsizlik əlamətidir. Məqaləsində Azərbaycanı Cənubi Qafqazın üç ölkəsindən ən böyüyü və ən zəngini kimi qələmə verən müəllif onun Rusiyanın bəzi bölgələrində baş verən dəyişikliklərdən hamıdan çox faydalandığını qabardır: “Bakı Şərq–Qərb enerji siyasətinin oyunçusudur. İki boru kəmərindən Gürcüstan və yaxın müttəfiqi Türkiyə vasitəsilə nəql olunan neft və qazını Avropa və beynəlxalq bazarlara çatdırır. İranla həmsərhəd olan Azərbaycan həm də Moskva ilə Yaxın Şərq arasında Şimal–Cənub qapısı rolunu oynayır”.
Sifarişin qoxusu gələn məqaləsində təzadlı olduğu qədər də ikibaşlı mülahizələrində irəli gedən de Vaal iddia edir ki, 2020-ci il müharibəsindən sonra Moskva Bakı ilə münasibətlərində yeni strateji dönüşə başlayıb: “Görünür, sülhməramlıların çıxarılması Bakı ilə Moskva arasında razılaşmanın əsas tərkib hissəsi idi. Rusiya sülhməramlıları Qarabağdan getdikdən cəmi beş gün sonra İlham Əliyev Moskvaya səfər edib və orada iki ölkə arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub”.
Rusiya Azərbaycanın strateji tərəfdaşıdır və iki ölkə arasında əməkdaşlığın miqyası o həddə çatıb ki, iki dövlətin rəsmilərinin qarşılıqlı səfərləri ənənəvi hal alıb. Bakının bunu gizlətmək niyyəti yoxdur və Azərbaycan Prezidenti bu faktı çıxışlarında açıq şəkildə vurğulayıb. Bunun altından gizli sövdələşmələrin, “məxfi planların” izini axtarmaq isə səmərəsiz cəhdlərdir.
Yeri gəlmişkən, bu, həmin de Vaaldır ki, 2021-ci ilin noyabrında Rusiya mətbuatına verdiyi müsahibəsində 44 günlük müharibəni şərh edərkən, indikindən fərqli olaraq, sağlam və məntiqi fikirlər söyləmişdi: “Bu, təkcə Qarabağ uğrunda yox, Azərbaycanın gerçək torpaqları üçün müharibə idi. O torpaqlar, rayonlar ki, orada yarım milyondan çox azərbaycanlı yaşayırdı. Azərbaycan bu rayonların itirilməsi ilə barışa bilməzdi. Gürcüstan Abxaziyasız, Moldova Dnestryanı ərazisiz yaşaya bilər, amma Azərbaycan Qarabağsız yox. Bu, həm də milli kimlik məsələsidir. Qarabağ azərbaycanlıların Qüdsüdür”.
İndi isə britaniyalı jurnalist, qafqazşünas müəllif Azərbaycanı Rusiyanın Cənubi Qafqazda dəyişən ambisiyalarını təmin etməkdə qınamağa cürət edir. Bu zaman o, məsələnin mahiyyətinə varmadan, havadan aldığı versiyasını irəli sürür: “Zəngəzur dəhlizini, Ermənistanın cənubundan keçən və Azərbaycanı həm İran, həm də Türkiyə ilə həmsərhəd olan Naxçıvanla birləşdirəcək avtomobil və dəmir yolu xəttini yenidən açmaqla, Bakı Moskvaya xidmət göstərmiş olacaq. Əslində, bu şimal-cənub oxu İkinci dünya müharibəsində “Fars dəhlizi” kimi tanınan – İrandan şimala, Azərbaycandan Rusiyaya gedən və ABŞ-nin SSRİ-yə “lend-liz” yardımının ən azı yarısını təmin edən avtomobil və dəmir yolu marşrutunu effektiv şəkildə canlandıracaq. Qəribədir ki, eyni ox indi Moskvanın ABŞ və Qərbə qarşı indiki mübarizəsində həyati əhəmiyyət kəsb edir”.
Bakı “böyük güclər”in öz aralarında apardığı geosiyasi və hərbi mübarizədən, qarşıdurmalardan məsafə saxladığını Qoşulmama Hərəkatına dördillik sədrliyi zaman (2019–2022) bütün dünyaya nümayiş etdirdi. İndi durub Azərbaycanı Rusiya – ABŞ və Qərb qarşıdurmasının iştirakçısı qismində qələmə vermək, sadəcə olaraq, siyasi korafəhmlikdən başqa bir şey deyil.
Korporativ maraqlara xidmətin aydın sezildiyi Tomas de Vaalın məqaləsində Ermənistanın mənafeyinin təbliği və bölgədəki mövcud reallığın təhrifi aydın şəkildə özünü göstərir. Bizim üçün isə məsələnin digər tərəfi – “qafqazşünas”ın siyasi-tarixi mövqeyində əmələ gələn kəskin dönüş, sözünün “mustafası”nın nədən ibarət olduğunu özünün də kəsdirməməsi daha maraqlı məqamdır...
İ.HƏSƏNQALA
XQ