ABŞ Prezidenti uzunmüddətli sülh sazişinin Cənubi Qafqazı, Azərbaycanın regiondakı rolunu əsaslı şəkildə dəyişəcəyini bildirib
Dünyanın baş “supergüc”ünün – ABŞ-nin liderinin dilindən ilk dəfədir ki, Azərbaycanın ünvanına təqdiredici, dəstəkləyici və xoşməramlı fikirləri eşidirik. “Bakı və İrəvan arasında sülh sazişi Cənubi Qafqazı dəyişəcək, eyni zamanda, Azərbaycanın da regiondakı rolunu əsaslı şəkildə dəyişəcək. ABŞ bu cəhdi dəstəkləməyə hazırdır. Biz gələcək nəsillərə borcluyuq ki, sülh və firavanlıq bizim başlıca prinsiplərimiz olaraq qalsın”.
Ölkəmizin bölgədə güc və söz sahibi, əsas aktor olduğunun etirafı kimi qəbul edilə biləcək bu fikirlər Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasiminin iştirakçılarına ünvanladığı məktubunda yer alıb. Məktubu ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian oxuyub.
Bölgəyə sülhün ABŞ və Avropa platformalarından deyil, başqa coğrafiyadan gələcəyinə ilk dəfə müsbət münasibətin və yanaşmanın sərgiləndiyi açıqlama bölgədə Azərbaycanın yaratdığı reallığı Ağ Evin də qəbul erməsinin təzahürüdür, – desək, yanılmarıq. Deməli, Cənubi Qafqazda uzunömürlü münaqişənin son nöqtəsinin vasitəçisiz, ikitərəfli formatda, həm də Xəzər hövzəsindəki qonşu ölkələrdən birində qoyulacağı artıq hamının, o cümlədən, bölgədə strateji maraqlarını gizlətməyən ABŞ-nin də razılaşdığı reallıqdır. Co Baydenin Bakıdakı tədbirə müraciətində səslənən tezis Ağ Evin bu məsələyə, fakriki olaraq, “xeyir-duası”nı verməsi deməkdir.
* * *
Co Baydenin sərgi iştirakçılarına ünvanladığı müraciətində diqqətdən yayınmayan ikinci vacib məqam isə Azərbaycanın cari ilin noyabrında evsahibliyi edəcəyi COP29-la bağlı idi. Əslində, ABŞ Prezidentinin bu məsələyə münasibətdə nümayiş etdirdiyi mövqe əhəmiyyətinə görə sülh sazişi barədə açıqlamasından heç də geri qalmır. “COP29 Azərbaycana əsas qlobal təşəbbüsləri irəlilətmək üçün unikal imkanlar yaradır”,– deməklə ABŞ lideri, eyni zamanda, ölkəmizin BMT-nin ən nüfuzlu sammitinə evsahibliyi edəcəyinə dəstəyini və bundan məmnunluğunu ifadə etmiş oldu. Etiraf etməliyik ki, Bakı Vaşinqtondan belə bir açıqlamanı gözləyirdi. Co Baydenin, xüsusilə, Azərbaycanın evsahibliyi edəcəyi COP29 Sammiti ilə bağlı birmənalı açıqlaması bir neçə gün əvvəl Konqresin 26 üzvünün ABŞ Dövlət Departamentinə ünvanladığı təxribatçı müraciətinə cavab statusuna malikdir. Məlum olduğu kimi, ermənipərəst konqresmenlər Azərbaycanın COP29-a evsahibliyinin qarşısını almaq üçün ABŞ Dövlət Departamentinə çağırış ediblər. Onların arqumentləri budur ki, guya, Azərbaycan neft-qaz hasilatçısı olmaqla, ekologiyaya zərər vuran ölkələr sırasında yer tutur və bu səbəbdən BMT-nin iqlim dəyişikliyi kimi qlobal sammitini keçirməyə haqqı çatmır. Co Bayden müraciətində Ermənistan–Azərbaycan münaqişəsinin həllinə sağlam və obyektiv yanaşma sərgilədiyi kimi, COP29 beynəlxalq layihəsinin ölkəmizdə reallaşmasına da birmənalı mövqeyini ortaya qoydu: “COP29 Azərbaycana neft-qaz sektorundan metan emissiyalarının məhdudlaşdırılması və “təmiz enerji” keçidinin inkişafı kimi əsas qlobal təşəbbüsləri irəlilətmək üçün unikal imkan yaradır. Azərbaycan enerji tarixi ilə bağlı növbəti fəsli yazmağa hazırlaşarkən, “təmiz enerji”yə, metanın azaldılmasına artan diqqət və öhdəlik məni ruhlandırır. Xəzər dənizinin külək enerjisinin əhəmiyyətli potensialı gələcəkdə Azərbaycanın “təmiz enerji” ixracının neft-qaz ixracını üstələməsi ilə nəticələnə bilər”.
Beləliklə, ABŞ Prezidenti Co Bayden regional sabitliyin və qarşılıqlı faydalı əməkdaşlığın Vaşinqton üçün prioritet məsələlərdən biri olduğunu təkcə Bakı Enerji Həftəsinə toplaşmış çoxsaylı xarici qonaqların diqqətinə deyil, bütün dünyaya bəyan etdi.
* * *
“COP29-a evsahibliyi edəcək ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən bunun bütün üstünlüklərini və çətinliklərini çox yaxşı dərk edirik”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev dünən Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgilərin açılış mərasimindəki çıxışında deyib. Dünyada iqlim dəyişikliyinin təsirinin ölkəmizdə də hiss olunduğunu, Xəzər dənizinin səviyyəsinin ildən-ilə aşağı düşdüyünü vurğulayan Azərbaycan Prezidenti bildirib: “Xəzər dənizinə axan çaylar başqa ölkələrdən qaynaqlanır. Bizim bu təbii fəlakətlə bağlı heç bir məsuliyyətimiz yoxdur. Biz buna çox ciddi yanaşmalıyıq. Biz əlimizdən gələni edəcəyik ki, yeni su bəndləri və kollektorları inşa edək”.
Dövlətimizin başçısının çıxışında səsləndirdiyi bu fikirləri Azərbaycanın bölgədəki, həmçinin dünyadakı gücünü və nüfuzunu hələ də qəbul etməkdə çətinlik çəkən bədxahlara mesaj sayıla bilər. Onlar, gec də olsa, bu reallıqla hesablaşmalı olacaqlar. Necə ki, dünyanın “böyük gücləri” Azərbaycanla bərabərhüquqlu tərəfdaş kimi danışmağa başlayıblar...
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı
Bakı Enerji Həftəsi tədbiri ilə bağlı ənənəvi müraciətlər həmişə olub. Amma ABŞ Prezidentinin budəfəki müraciəti onu göstərir ki, bu ölkənin Konqresində, Dövlət Departamentində Azərbaycanın əleyhinə çalışan qüvvələrin ermənipərəst fəaliyyəti heç bir nəticə vermədi. Bu, birmənalı şəkildə belədir.
Şükürlər olsun ki, ABŞ-nin xarici siyasətini yalnız Konqres və Dövlət Departamenti formalaşdırmır. Bu məsələlərdə Pentaqonun, Mərkəzi Kəşfiyyat İdarəsinin, Energetika Nazirliyinin mövqeyi, sözlərinin çəkisi kifayət qədər böyükdür. Hesab edirik ki, hazırda bu institutlar Ağ Evə öz təsirlərini göstərməyə başlayıblar. Bunun nəticəsidir ki, rəsmi Vaşinqton Erministan və Azərbaycan arasında sülh sazişinin bağlanmasını dəstəkləyir. Baxmayaraq ki, sülh danışıqları heç də Vaşinqtonun himayəsi altında deyil, sonuncu dəfə ikitərəfli formatda Almatıda keçirilib. Ağ Evin COP29-la bağlı mövqeyi də hamı üçün aydın və anlaşılandır. Bu məsələdə də ABŞ-dəki müəyyən qüvvələr Azərbaycanın neft-qaz ölkəsi olmasını, guya, bizdə demokratiyanın yoxluğunu bəhanə gətirərək, BMT-nin iqlimlə bağlı qlobal sammitinə evsahibliyi etməyimizə qarşı çıxırdılar.
Co Bayden öz məktubunda göstərir ki, Azərbaycan, sadəcə, Avropa qitəsi üçün neft və qaz ixracatçısı kimi yox, həm də “yaşıl enerji” sahəsindəki önəmli rolunu daha da artıracaq. Yəni, bu istiqamətdə ciddi planları var. Məhz buna görə Azərbaycanın qüdrətli dövlət, etibarlı tərəfdaş, sülhün təminatçısı kimi bölgədə əhəmiyyətini vurğulayan ABŞ Prezidenti ölkəmizin Avropanın energetika sahəsində də əhəmiyyətinin artmasına müsbət münasibətini bildirib.
Co Baydenin məktubundakı tezislər Azərbaycan–ABŞ münasibətlərini münasib çərçivəyə salmaqdan ötrü ciddi addım sayılımalıdır və bunu yalnız alqışlamaq olar.
İmran BƏDİRXANLI
XQ