Müşfiq ƏLƏSGƏRLİ,
“XQ”-nin media eksperti
Azərbaycanın Qeyri-Hökumət Təşkilatları ABŞ Konqresinin 26 üzvünə gerçəyi necə anlatdı?
Bu məktub COP29-un Azərbaycanda keçirilməsindən “narahat olan” konqresmenlərə ünvanlanıb. Həmin 26 konqresmen mayın 13-də ABŞ Dövlət katibi Antoni Blinkenə və ABŞ Prezidentinin baş müşaviri John Podestaya məktubla müraciət edərək, onları Azərbaycanın COP29-a sədrliyini pozmaq üçün hərəkətə keçməyə çağırıblar. Arqumentləri budur ki, guya, Azərbaycan neft-qaz hasilatçısı olmaqla, ekologiyaya ziyan vuran ölkələr sırasında yer tutur.
Konqresmenlərin Ağ Ev təmsilçilərinə ünvanladıqları məktubda heç bir fakta, rəqəmə istinad edilməyib. Azərbaycanın müasir trendlərə uyğun olaraq, “yaşıl enerji” siyasəti yürütdüyü və bu yöndə ciddi uğurlar əldə etdiyi nəzərə alınmayıb. Özlərinin əsassız, absurd mülahizələrinə söykənərək, Azərbaycanın “yaşıl enerji” siyasətinin səmimiliyini şübhəyə almağa, qaralamağa çalışıblar.
* * *
Azərbaycan QHT-lərinin 26 konqresmenin fəaliyyətinə cavab olaraq hazırladıqları məktub isə faktlara əsaslanır. Rəqəmlərlə sübuta yetirilir ki, dünyada ətraf mühiti ən çox çirkləndirən ölkələr sırasında ABŞ liderlik edir. Məsələn, məktubda qeyd edilir ki, dünyada neft istehsalına görə birinci yeri ABŞ tutur. O, hazırda gündəlik 13 milyon barrel neft hasil etməklə, dünyada istehsal olunan neftin həcmində, təxminən, 15 faizlik paya malikdir. Yaxud, dünyada iqlim dəyişmələri böhranın yaranmasının köklü səbəblərindən biri kimi daş kömür yanacağından istifadə faktı götürülür. Kömür çirkli yanacaq növü kimi ekoloji tarazlığın pozulması prosesində həlledici paya malikdir. İstilik effekti yaradan qaz emissiyaları ən çox kömürün istehsalı, saxlanması, daşınması və yandırılması proseslərində formalaşır. Bu gün ABŞ-də hələ də kömürdən yanacaq kimi istifadə edilir. Həmçinin, ABŞ tarixən ən böyük kömür istehsal edən ölkə olub. 2022-ci ildə 540 milyon ton kömür istehsal edərək dünyada 4-cü yeri tutub.
Belə faktların sadalanmasından sonra vurğulanır ki, ABŞ-nin karbon emissiyalarının həcmi 430 milyard tondan çoxdur. Bu, dünyada ən yüksək göstəricidir.
Problem ondadır ki, ABŞ konqresmenləri özlərində cəsarət tapıb heç zaman bu faktların üzərinə getməyiblər. ABŞ-nin qlobal ekoloji tarazlığı pozan sənayesini tənqid hədəfinə çevirməyiblər. Öz ölkələrinin imicinə xələl gətirən faktlara göz yumaraq, bəşəriyyətə ciddi ekoloji zərbələr vurulmasına şərait yaradıblar. Qlobal iqlim dəyişmələrində əsas tarixi məsuliyyət daşıyan inkişaf etmiş ölkələri diqqətdən yayındıraraq, informasiya manipulyasiyaları ilə dünya ictimaiyyətini çaşdırıblar. Ekologiyanın korlanmasına görə bütün məsuliyyəti neft-qaz istehsal edən kiçik ölkələrin üzərinə qoymağa çalışıblar. Azərbaycan QHT-lərinin ABŞ konqresmenlərinə ünvanladıqları məktubda bütün bunlar faktlarla sübuta yetirilib.
* * *
Nəzərə almaq lazımdır ki, ABŞ Konqresinin manipulyasiya etdiyi mövzu təkcə ekoloji böhranla bağlı deyil. Onların geopolitik siyasət, lokal münaqişələr, demokratik inkişaf, insan haqları, media azadlığı və sair bu kimi mövzulara yanaşmaları da problemlidir. Öz maraqları naminə faktları dəyişirlər, saxtalaşdırıb kontekstdən çıxarırlar. Haqsız olsalar da, özlərini haqlı kimi göstərə bilir, yaratdıqları problemləri başqa ölkələrin adına yazmağı bacarırlar. Saxtakarlıq üçün tam bir mexanizm hazırlayıblar. Bu mexanizmlərdən biri məhz 26 konqresmenin COP29 mövzusunda müraciəti zamanı üzə çıxır. Əllərində, təsirlərində olan media resurslarından istifadə edən 26 konqresmen öz müraciətlərini ABŞ Konqresinin ümumi mövqeyi kimi qələmə verirlər. ABŞ Konqresinin 535 nəfər üzvü var, müraciəti isə erməni diasporunun dostu olan 26 nəfərlik heyət imzalayıb. Azərbaycan QHT-lərinin hazırladıqları cavab məktubunda bu nüansa da diqqət yetirilir.
Beləliklə, deyə bilərik ki, Azərbaycan QHT-lərinin 26 ABŞ konqresmeninə cavab olaraq hazırladıqları müraciət formal olaraq COP29-un Azərbaycanda keçirilməsindən narahat olan 26 konqresmenə ünvanlansa da, ümumilkdə, ABŞ Konqresinin və ABŞ-nin geopolitik siyasətinin mahiyyətini açır.