Dünyaşöhrətli türk alimi, ABŞ-nin Şimali Karolina Universiteti biokimya və biofizika fakültəsinin professoru, kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər Naxçıvana səfəri çərçivəsində Muxtar Respublikada Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb.
Səlahiyyətli nümayəndə Əziz Səncəri sevgi-sayğı ilə qarşılayıb, dünya şöhrətli alimi Naxçıvanda salamlamaqdan məmnunluğunu bildirib. Qonaq əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binası ilə tanış olub. Fuad Nəcəfli Ali Məclisin iclas salonunda məlumat verib ki, burada ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə tarixi qərarlar qəbul edilib. Ötən il Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın Naxçıvana səfərini xatırladan səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, dövlət başçılarımızın iştirakı ilə İğdır–Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi də burada keçirilib.
Sonra Fuad Nəcəfli ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü barədə məlumat verib. Xüsusilə vurğulayıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilib. Müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı ilk dəfə Naxçıvanda qəbul edilib, müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafının istiqamətləri məhz burada müəyyənləşdirilib.
Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi Naxçıvan–Türkiyə münasibətlərinin qurulmasında da yeni mərhələyə təkan verib. Məhz o dövrdə Türkiyənin nümayəndə heyəti ilə danışıqlar aparılıb və əməkdaşlıq haqqında protokol imzalanıb. Həmin təməllər üzərində qurulan Azərbaycan–Türkiyə qardaşlıq və dostluq münasibətləri hazırda dövlət başçılarımızın rəhbərliyi altında möhkəm və sarsılmaz xarakter daşıyır.
Nobel mükafatı laureatı Əziz Səncər göstərilən qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkür edib, Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.
* * *
ADA Universitetində də AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin professoru Əziz Səncərlə görüş keçirilib.
ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək bu nadir və unudulmaz görüşün ali təhsil ocağının tarixində əlamətdar hadisə olduğunu bildirib.
Universitetin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən görüşdə professor Əziz Səncər tələbələrə gələcəklə bağlı qərarlarında onlar üçün maraqlı olan sahəni seçməyi tövsiyə edib. Dünyaşöhrətli alim uğur qazanmağın sirrinin çoxlu çalışmaq olduğunu qeyd edib.
Tələbələrə orqanizmi cavan saxlamaq üçün düzgün qidalanmağın önəmli olduğunu vurğulayan Əziz Səncər özünün vegetarian olmasına baxmayaraq qida rasionuna, az da olsa, ət əlavə etməyin vacib olduğunu söyləyib.
Görüşdə tələbələrin sualları cavablandırılıb.
Tədbirin sonunda rektor Hafiz Paşayev Əziz Səncərə ADA Universitetinin medalını təqdim edib.
* * *
Ölkəmizdə səfərdə olan Nobel mükafatı laureatı, professor Əziz Səncər Azərbaycan Tibb Universitetində də olub. ATU-nun rəhbər şəxsləri ilə keçirilən görüşdən sonra professor Əziz Səncər universitetin tələbə və müəllim heyəti qarşısında mühazirə ilə çıxış edib.
ATU-nun rektoru professor Gəray Gəraybəyli qonağa universitetin yaranma tarixi, strukturu, tədris proqramı və təhsil prosesi barədə ətraflı məlumat verib. O, artıq 90 yaşını geridə qoyan qocaman universitetin Azərbaycanda yüksəkixtisaslı həkimlərin, elmi araşdırmaçıların yetişdirilməsində böyük rolu olduğunu vurğulayıb. Rektor dünyaşöhrətli alimin ATU-da qonaq olmasını universitet kollektivi, tələbələr və gənc tədqiqatçılar üçün mühüm hadisə kimi dəyərləndirərək Əziz Səncərə minnətdarlığını bildirib.
ATU-nun onkologiya kafedrasının müdiri, Tədris Onkoloji Klinikanın müdiri, akademik Əhliman Əmiraslanov ölkəmizdə elmin inkişafı istiqamətində dövlət səviyyəsində görülən işlərdən danışıb. Təhsilin və səhiyyənin bütün istiqamətləri üzrə müvəffəqiyyət qazanmaq üçün elmi tədqiqatların önəmini vurğulayıb.
Nobel mükafatçısı Əziz Səncər ATU-da olmaqdan məmnunluğunu ifadə edib. O, universitetində mövcud təhsil prosesi, tələbələrin və rezidentlərin elmi tədqiqatlarını aparması üçün yaradılmış şəraitlə maraqlanıb. Dünyaşöhrətli alim savadlı nəslin yetişdirilməsi üçün gənclərdə elmə maraq oyatmağın, fizika, kimya, biologiya və texnologiya sahələrini təşviq etməyin əhəmiyyətindən danışıb.
Sonra Nobel mükafatçısının universitetin akt zalında tələbə və müəllim heyəti üçün “Xərçəng xəstəliyinin müalicəsində EdU-nun (5-ethynyl-2'-deoxyuridine) tətbiqi” mövzusunda mühazirəsi dinlənilib. Mühazirədə EdU-nun insan genomuna təsiri, mədəaltı vəzin, mərkəzi sinir sistemi xərçənginin müalicəsində effekti ilə bağlı elmi araşdırmaların nəticələrinə istinad olunub.
Görüşdə görkəmli elm xadimi tələbə və müəllimlərin çoxsaylı suallarını cavablandırıb.
* * *
Kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru Əziz Səncər dünən AMEA-da keçirdiyi mətbuat konfransında Azərbaycana səfərinin yekunu barədə məlumat verib.
Türk xalqlarının öyünc mənbəyi sayılan dünyaşöhrətli alim bildirib ki,
Azərbaycana ilk gəldiyim zaman Qarabağ işğal altında idi. Bütün danışıqlarımızda bu məsələ hər kəsin düşüncəsinə hakim idi. İkinci səfərimdə Qarabağ işğaldan azad olunsa da, Xankəndi düşmənin əlində idi və bunun narahatlığı var idi: “Bu səfərimdə isə ünsiyyətdə olduğum insanlarda bir rahatlıq olduğunu hiss etdim. İnsanlar gələcəyə ümidlə baxırlar, indi torpaq dərdimiz yoxdur. “Bundan sonra həyatımıza normal davam edəcəyik” fikirləri müşahidələrimin nəticəsi oldu”.
Professor Əziz Səncər Naxçıvana səfərindən də söz açıb: “Naxçıvana getmək mənim üçün çox vacib idi. Hər zaman oraya getməyi istəmişəm. Deyərdim ki, Naxçıvanın havası Bakıdan daha gözəldir, oranı çox sevdim. Böyük diqqət gördüm”.
XQ