“Açıq Büdcə İndeksi – 2023”də 21 pillə yüksəliş

post-img

Cari ilin may ayının 29-da “Açıq Büdcə İndeksi – 2023” hesabatı Beynəlxalq Büdcə Tərəfdaşlığı təşkilatı tərəfindən dərc edilib. Sözügedən hesabatda Azərbaycanın mövqeyi 2021-ci ilin reytinq göstəricisi (57 bal) ilə müqayisədə 10 bal daha yuxarı olub.

Bununla da Azərbaycan büdcə barə­də kifayət qədər məlumat dərc edən ən qabaqcıl ölkələr qrupuna daxil olub. Belə­liklə, respublikamız müvafiq hesabatda 100 mümkün baldan 67 bal toplamaqla müstəqillik tarixi ərzində bu göstərici üzrə ən yüksək nəticə ilə qiymətləndirilib.

Azərbaycanın reytinqi dünya üzrə orta göstəricidən (45 bal) 22 bal yuxarı olmaqla ümumi reytinqdə ən çox irə­liləyən ölkələrdən biri olub. 61 bal və ya daha yuxarı bal toplayan ölkələr adek­vat büdcə açıqlığına malik ölkələr qru­puna aid edilir. Bununla da Azərbaycan “Açıq Büdcə İndeksi-2023” hesabatında qiymətləndirmədə iştirak edən 125 ölkə arasında 21 pillə irəliləyərək 23-cü yerə yüksəlib və yetərli məlumat dərc edən dövlətlər qrupuna daxil olub.

“Açıq Büdcə İndeksi-2023” hesa­batının xüsusi önəmi ondan ibarətdir ki, 2021-ci ildən etibarən ardıcıl olaraq, Azərbaycanda büdcə ilə bağlı qiymətlən­dirilən səkkiz əsas büdcə sənədinin (ilkin büdcə bəyanatı, büdcə layihəsi, təsdiq edilmiş büdcə, vətəndaş büdcə bələdçisi, dövlət büdcəsinin icrasına dair aylıq he­sabatlar, dövlət büdcəsinin icrasına dair yarımillik hesabat, dövlət büdcəsinin ic­rası üzrə illik hesabat, dövlət büdcəsinin icrasına dair audit hesabatı) hamısının ictimaiyyətə açıqlanması Beynəlxalq Bü­dcə Tərəfdaşlığı adlı qurum tərəfindən qeyd edilib. Bununla yanaşı, sözügedən sənədlər üzrə həm keyfiyyət, həm də məlumatlılıq səviyyəsinin artırılması üzrə irəliləyişlərə nail olunub.

Açıq Büdcə Sorğusu büdcə prosesinə dair 3 istiqamət üzrə (büdcə məlumatla­rının ictimaiyyətə əlçatanlığı, büdcə pro­sesində ictimai iştirakçılıq səviyyəsi və qanunverici hakimiyyət orqanı və ali audit orqanının rolu və fəaliyyəti) qiymətləndi­rir. Ümumilikdə, sorğu üzrə 145 sualdan 109-u (indikatoru) büdcə məlumatlarının ictimaiyyətə əlçatanlığını dəyərləndirir və bu istiqamət üzrə yekun nəticə “Açıq Büdcə İndeksi” adlanır. 109 sualdan 107-si Maliyyə Nazirliyi tərəfindən hazırlanan büdcə sənədlərini əhatə edir.

Eyni zamanda, sorğu üzrə sualların 18-i ictimaiyyətin büdcə prosesində işti­rakını, 18-i isə qanunvericiliyin və ali au­dit orqanının bu məsələdə rolunu qiymət­ləndirib, 7 sualla əhatə edilən büdcəyə nəzarət üzrə ali audit orqanı subindeksi üzrə isə Hesablama Palatasının fəaliy­yəti 100 baldan 100 olmaqla, “adekvat” nəticə kimi yüksək hesablanıb. 

Büdcə prosesinə dair diaqnostik qiy­mətləndirmə aləti hesab olunan Açıq Bü­dcə Sorğusu 2006-cı ildən başlayaraq, Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkila­tı tərəfindən hər iki ildən bir tərtib edilir və Azərbaycan ilk qiymətləndirmədən etibarən müvafiq sorğuda iştirak edir. Sorğuda hər bir sual 100 ballıq şkala ilə qiymətləndirilir. Müvafiq olaraq cavablar təsdiqləyici sənədlərə istinad verilməklə (sənədin linki yerləşdirməklə) əsaslandı­rılır.

Açıq Büdcə Sorğusu bir qayda olaraq akademik sfera, qeyri-hökumət təşkilat­ları və ya müstəqil iqtisadçı-ekspertlər qrupu tərəfindən ilkin qiymətləndirmə aparıldıqdan sonra Beynəlxalq Büdcə Tərəfdaşlığının komandasına təqdim edi­lir. Büdcənin tərtibinə məsul olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən sorğu­nun ilkin versiyasına baxılır, daha sonra sorğu ilə bağlı rəylər təşkilata bildirilir.

Yeri gəlmişkən, Azərbaycan üzrə sorğunun ilkin qiymətləndirmələrinə dair Maliyyə Nazirliyinin rəyləri 2023-cü ilin avqust ayında qarşı tərəfə bildirilib və müvafiq olaraq təşkilat tərəfindən nəzərə alınıb.

Açıq Büdcə Sorğusunun tələbləri dövlət maliyyə idarəedilməsi sahəsində bir sıra mühüm beynəlxalq standartlara əsaslanır və bunlara Dünya Bankının “Dövlət Xərcləri və Maliyyə Hesabatlılı­ğı”, Beynəlxalq Valyuta Fondunun “Fiskal Şəffaflıq Məcəlləsi”, İqtisadi Əməkdaş­lıq və İnkişaf Təşkilatının “Fiskal şəffaf­lıq üzrə Ən Yaxşı Təcrübələr” sənədi, həmçinin “Fiskal Şəffaflıq üzrə Qlobal Təşəbbüs” təşkilatının prinsipləri (Büdcə siyasətində ictimai iştirakın təmin edilmə­si) aid olunur. 

Beynəlxalq Büdcə Təşkilatının qiy­mətləndirməsində yalnız büdcə rəqəmlə­rinin açıqlanması yetərli sayılmır. Bu za­man büdcə siyasəti və onun əsaslandığı dataların hərtərəfli diqqətə çatdırılması tələb olunur. Başqa sözlə, hökumətin büdcə ilə bağlı proqnozuna üstünlük ve­rilir və bunun əsaslandırılmasına mühüm məqam kimi yanaşılır. 

Ümumiyyətlə, Açıq Büdcə İndeksin­də müsbət irəliləyişin əldə olunmasında büdcə müzakirələrində ictimai iştirakçılıq və büdcə üzərində parlament nəzarəti­nin təmin olunması əsaslı rol oynayır. Bu tələblərin gerçəkləşməsi istiqamətində Azərbaycan hökumətinin fəaliyyəti diqqət çəkir, eyni zamanda, gələcəkdə də sözü­gedən istiqamətdə müəyyən tədbirlərin həyata keçirilməsi tələb olunur. 

Açıq Büdcə İndeksində yüksək nə­ticənin əldə olunmasında Maliyyə Na­zirliyin yayımladığı “Vətəndaşın büdcə bələdçisi” də önəmli rol oynayır. Bundan savayı, respublikada büdcə müzakirələ­rində ictimai iştirakçılığın təşviqi, büd­cəöncəsi debatların və açıq müzakirələ­rin aparılması diqqətdə saxlanılır. Eyni zamanda, “Dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” (“İlkin Büdcə Bəyanatı”) Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiril­məsi Açıq Büdcə İndeksində ölkəmizin mövqeyinin yaxşılaşmasına müsbət təsir göstərir. 

Xatırladım ki, Maliyyə Nazirliyinin “İlkin Büdcə Bəyanatı”nda ortamüddət­li dövr üzrə makroiqtisadi proqnozların, xərc və gəlir siyasətinin əsas istiqamətlə­rinin, dövlət borcu üzrə proqnozların, ha­belə icmal və dövlət büdcəsinin növbəti il və sonrakı üç il üzrə əsas parametrlərinin yer alması da Azərbaycanın Açıq Büdcə İndeksində layiqli sırada qərarlaşmasını şərtləndirir. 

Bütün bu müsbət məqamlar isə Açıq Büdcə İndeksinin nəticəsi kimi “Qlo­bal Rəqabətqabiliyyətlik Hesabatı”nda nəzərə alınır. Bu baxımdan “Açıq Büdcə İndeksi – 2023” hesabatında əldə olu­nan uğurlu göstərici Azərbaycanın rəqa­bətqabiliyyətliliyinin daha yüksək qiymət­ləndirilməsinə əlverişli zəmin yaradır.

İqtisadiyyat