Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 37-ci iclasında iştirak edib. Bu barədə Energetika Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, iclasda mövcud “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 1 yanvar 2025-ci ildən 31 dekabr 2025-ci ilədək uzadılması ilə bağlı qəbul edilmiş qərarı Azərbaycan da dəstəkləyib. Yeni qərar “OPEC plus” ölkələrində mövcud xam neft istehsal səviyyəsinin gələn il sabit saxlanılmasını, üç müstəqil mənbə tərəfindən istehsal göstəricilərinin qiymətləndirilməsinin 2025-ci ilin noyabrın sonuna qədər uzadılmasını və bu nəticələr əsasında 2026-cı il üçün yeni baza səviyyəsinin müəyyənləşdirilməsini nəzərdə tutur. Yeni qərara uyğun olaraq gələn il Azərbaycanın 551 min barrel həcmində gündəlik xam neft hasilat kvotası dəyişməz qalır.
Cari ilin aprel ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 596 min barel olub. Energetika Nazirliyinin məlumatına görə, bunun 476 min barelini xam neft, 120 min barelini kondensat təşkil edib.
Yeri gəlmişkən, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən tədbirdə hasilatın azaldılması qərara alınıb. Bildirilib ki, hazırkı sutkalıq hasilat səviyyəsi 1 yanvar 2025-ci ildən 31 dekabr 2025-ci ilədək saxlanılacaq.
Bundan başqa, 8 ölkə ümumi razılıqdan əlavə olaraq hasilatı könüllü şəkildə azaldacağını bildirib. Bu da bazara sutkada 2 milyon barel daha az neft çıxarılması ilə nəticələnəcək. Məqsəd hazırkı qiymət səviyyəsini saxlamaqdır.
Qeyd edək ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin növbəti görüşü bu il dekabrın 1-nə təyin edilib.