Yaxud əclafların son sığınacağı
Əvəz Rüstəmov
[email protected]
Bir müddət əvvəl Ermənistan baş naziri Nikol Paşinyan “Vətən naminə Tavuş” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanın onunla görüş təklifi ilə bağlı bildirmişdi ki, din xadiminin belə bir niyyəti varsa, qəbula yazılsın. Əlbəttə, Nikol açıq şəkildə məzələnmiş və göstərmişdi ki, “hərəkat” liderini saya salmır.
Ümumiyyətlə, N.Paşinyan “Vətən naminə Tavuş” hərəkatı başlar-başlamaz, kifayət qədər, ironik tərzdə bildirmişdi ki, din xadiminin ümumerməni hərəkatı adlandırılan aksiyaya rəhbərliyini anlamır. Ancaq zaman keçdikcə, Baqrat özünün təsdiqləmək baxımından xeyli işlər gördü. Hər halda, hazırda onun başladığı hərəkatın populyar olduğuna dair mənzərə var. Əlbəttə, bu görüntünün özündə də şübhəli məqamlar yetərincədir...
Əlqərəz, indi cavab qaytarmaq növbəsi B.Qalstanyandadır. Onun Paşinyanla görüş xüsusunda nələri diqqətə çatdırdığından söz açacağıq. Amma əvvəlcə Ermənistanda Baqrat–Nikol qarşıdurmasının hansı durumu xatırlatdığının üzərində dayanaq. Bunun üçün çox da uzaq olmayan 2018-ci ili yada salaq. Yəni, Paşinyanın hakimiyyətə gəldiyi ili.
Paşinyan o zamankı prezident Serj Sarkisyanla görüşə əynində nimdaş paltarda qatılmış və media nümayəndələrinin gözü qarşısında dövlət başçısına hədə-qorxu gəlmişdi. İş o yerə çatmışdı ki, Sarkisyan kimi ədəbsiz və mədəniyyətsiz adam belə bir təmasda iştirakının səmərəsizliyini bildirmiş və salonu tərk etmək məcburiyyətində qalmışdı. Əlbəttə, sonradan bu tərketmə onun hakimiyyədən uzaqlaşması reallığını da doğurmuşdu. Hərçənd, həmin vaxt yaşanan proseslər göstərir ki, Sarkisyan görüşü yarımçıq qoymasa belə, yenə hakimiyyət kreslosu ilə vidalaşmalı olacaqdı.
İndi Sarkisyandan fərqli olaraq, Paşinyan ona qarşı çıxan Qalstanyanla görüşməyi də özünə rəva bilmir, din xadiminin qəbula yazılmalı olduğunu bildirib onunla məzələnir. Sual yaranır: Nikol axıradək məzələnə biləcəkmi? Əlbəttə, yazımızda bu barədə nə isə demək istəyində deyilik. Həm də ona görə ki, Ermənistanda yaşanan gərginlik proqnozlaşdırılan deyil.
Ancaq artıq bir şey tam dəqiqdir ki, əgər Qalstanyan hakimiyyətə gəlməsə, həbsxanaya getmək aqibətindən qurtula bilməyəcək. Çünki onun başladığı hərəkat, bir növ, cızığından çıxıb. Polis nümayişçilərə qarşı güc tətbiqinə start verib və bu tendensiya total xarakter alıb. Ən əsası isə Baqratı həm də ona görə həbsxana perspektivi gözləyir ki, ortada onun Paşinyanın görüş üçün qəbula yazılmaq fikrinə cavabı var. Cavab, kifayət qədər, ictimailəşib, onun açıq demarş mahiyyəti daşıdığı şübhəsizdir.
Beləliklə, Qalstanyan baş nazirlə görüş prosedurunun olduğunu vurğulayıb. Eyni zamanda, Paşinyana həbsxanada baş çəkəcəyini dilə gətirib. O, bunu İrəvanın mərkəzi meydanında keçirdiyi itaətsizlik kampaniyası gedişində jurnalistlərlə söhbət zamanı deyib. Din xadiminin sözlərinə görə, hər gün görüş gözlənilir. Ancaq: “Nə bu adamın (Paşinyanın - red), nə də Vahe Qazaryanın (Ermənistan daxili işlər naziri - red.) cəsarəti var”.
Maraqlısı isə budur ki, Qalstanyan Paşinyanla yanaşı, DİN başçısının görüş formatını “qəbuledilməz” adlandırıb. “O, xalq qarşısında cavab verməlidir. Bu ölkədə məsuliyyətsiz məmurlar olmamalıdır”, – deyə arxiyepiskop fikrinə aydınlıq gətirib. B.Qalstanyan jurnalistlərlə söhbətində, həmçinin bir daha N.Paşinyana fokuslanaraq, onu ələ salıb. “Bu adam hər cəhətdən tükənib: həm mənəvi, həm də hüquqi cəhətdən. Siz velosiped sürürdünüz, amma indi o velosiped haradadır?”, - deyən Baqratın sərt ritorikaya üstünlük verərək, bütün qırmızı cizgiləri aşdığı danılmazdır.
Göründüyü kimi, Ermənistanda bıçaq sümüyə dirənib. Baqrat və tərəfdarları, heç bir halda, hakimiyyətlə kompromisə getmək niyyətində deyillər. Belə olan halda, durumun hər ötən gün daha da gərginləşəcəyi şübhə doğurmur. Onu da nəzərə alaq ki, din xadiminin başladığı etiraz Ermənistanın Azərbaycanla sülh prosesini pozmaq istəyənlərin istifadə etdikləri ən son kartdır. Yəni, Paşinyanın fiziki cəhətdən məhvini saymasaq, bundan başqa yapışacaq hansısa real siyasi təsir vasitəsi yoxdur.
Yekunda bir klassik deyimi yada salmaqla, yazımızı tamamlayaq: – Vətənpərvərlik əclafların ən son sığınacağıdır. Fikrimizcə, hazırda Ermənistanda hakimiyyətə qarşı çıxanlar bu deyimin, belə demək mümkünsə, haqqını tam ödəyirlər. Nəzərə alaq ki, sülhə qarşı çıxmaq, ona ədalətsiz damğası vurmaq, ən azından əclaflıqdır. Baqrat və tərəfdarları isə əclaflıqlarını və digər bu kimi məkrli əməllərini vətənpərvərlik pərdəsi altında gizlədirlər.