Dövlət katibi bir söz deyir, hakim demokratlar isə başqa hava çalırlar
Mayın 13-də ABŞ senatorları Ceff Merkli, Berni Sanders və Elizabet Uorren, habelə konqresmenlər Aleksandriya Okasio-Kortez, Cen Sçakovski və digərlərinin Ağ evə göndərdikləri məktubda Azərbaycanın BMT-nin mühüm iqlim sammitini (COP29) keçirməyə, yumşaq desək, səlahiyyətləri şübhə altına alınır. Bəs, qlobal iqlim dəyişikliyi ilə mübarizəyə ABŞ özü hansı töhfələri verir? Mövzu ilə bağlı “XQ”-nin suallarını siyasi icmalçı Orxan Amaşov cavablandırır.
– Orxan bəy, ABŞ-da hakimiyyətdə olan bəzi demokratların Azərbaycanın iqlim etimadnaməsini şübhə altına almalarını, ölkəmizin ünvanına ittiham xarakterli iddialarını necə şərh edərdiniz?
– Birləşmiş Ştatlar ən böyük karbon emissiyasına malik dünyanın ikinci dövlətidir. İndi, o, bunu dünyanın qalan hissəsinə qeyri-mütənasib təsir mənbəyinə çevirdiyinə görə, qanunvericilərin Ağ ev rəsmilərinə Azərbaycanın iqlim səlahiyyəti ilə bağlı narahatlıqlarını ifadə edən müraciəti, sadəcə, özünüdərkin azlığına dəlalət edir. Bu, həm də ikiüzlülük dozasının miqdarının göstəricisidir. ABŞ-nin 26 aparıcı demokratının məktubunda deyilir: “Bu il Azərbaycanda keçiriləcək BMT-nin böyük iqlim sammiti iqlim dəyişikliyinin əsas hərəkətverici qüvvəsi kimi karbohidrogen sənayesi tərəfindən “özəlləşdirilmək” riskini daşıyır”. Məktub müəlliflərinin istifadə etdiyi arqumentlər bir neçə amilə əsaslanır. Guya, Azərbaycanın yer təkində böyük yanacaq ehtiyatları var və Muxtar Babayevin COP29-un prezidenti təyin olunması karbohidrogen sənayesi ilə əlaqələri aktual görünsə də, böyük mənada heç bir əhəmiyyət daşımır. Ardınca bir neçə yardımçı bəndlər gəlir. Bakının insan haqları vəziyyətinə istinad edən, onun Qarabağda reallaşdırdığı antiterror tədbirlərinə kölgə salan bir neçə köməkçi məqam mahiyyət etibarı ilə mənasız və həqiqətə uyğun deyil.
Onu da qeyd etmək lazımdır ki, Birləşmiş Ştatlar dünyanın ən böyük neft istehsalçısı olsa da, adambaşına düşən karbon qazı emissiyasına görə beynəlxalq iqlim rüsumları öhdəliklərini yerinə yetirə bilmir. Konqresdəki demokratlar isə Prezident Bayden tərəfindən öhdəliklərin qəbulunu təmin edə bilmədilər. Məktubun müəlliflərinin qeyd olunan narahatlığı, bir növ, mənəvi məqsədin hansısa simulyatoru ilə taclanmış yaradıcı ətalətin sübutu kimi görünür.
– Dövlət katibi Antoni Blinkenə və ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Podestə ünvanlanan məktubun müəllifləri Muxtar Babayevin COP29-a prezident təyin olunmasından niyə “qayğılanıblar”?
– Onlar BMT-ni “oxşar vəziyyətin təkrarlanmasının qarşısını almaq” üçün maraqların toqquşması ilə bağlı təlimatları təzələməyə çağırır, amma Babayevin vəzifədən uzaqlaşdırılmasını tələb etmirlər. Məktubda deyilir ki, “cənab Babayev seçilərsə, artıq ikinci il COP-a qazıntı yanacağı üzrə ixtisaslaşmış mütəxəssis rəhbərlik edəcək”. Məsələyə köklü yanaşsaq, burada qeyri-dəqiqlik var. O, bu posta seçilən zaman Ekologiya və təbii sərvətlər naziri vəzifəsində çalışırdı. Bu faktın özü onu həmin posta ən münasib namizədə çevirir. M.Babayev SOCAR-da karyerasını 2018-ci ildə başa vurub və sahə ilə heç bir əlaqəsi yoxdur. Azərbaycanın dünyanın ən böyük iqlim konfransına evsahibliyi etməsinə müəyyən dərəcədə mane ola biləcək neft və qaz ehtiyatlarına və enerji ixracı imkanlarına gəldikdə, COP-un ruhu qazıntı yanacağının zənginliyindən asılı olmayaraq, bütün ölkələrin iştirakı ilə kollektiv və inklüziv qərarlar tələb edir. Bu baxımdan, COP29 özlüyündə narahatlıq üçün bir səbəb deyil, əksinə, yeni imkanlar deməkdir.
– Belə çıxır ki, bir qrup demokrat Azərbaycan neft və qazının, guya, ətraf mühitə ziyan vurması üzərində oyun qurublar...
– Görünən budur. Amma ABŞ-nin özünün bu gün dünyanın ən böyük xam neft istehsalçısı olması faktı diqqətdən yayınmamalıdır. Bu ölkənin Enerji İnformasiya Administrasiyasının son məlumatlarına görə, 2023-cü ildə neft hasilatı sutkada 12,9 milyon barel olmaqla 2019-cu ilin rekordunu qırıb. Eyni zamanda, ABŞ 2023-cü ilin dekabrında gündəlik 13,3 milyon bareldən çox hasilatla aylıq rekorda imza atıb. Bu rekordun yaxın gələcəkdə təzələnməsi ehtimalı azdır. Azərbaycan üçün müvafiq göstərici, kondensat da daxil olmaqla, sutkada cəmi 598 min barel təşkil edir. Bu isə atmosferə karbon qazı emissiyalarına hissolunacaq təsir göstərməyən kifayət qədər kiçik paydır. Bundan əlavə, ABŞ dünyanın ən böyük LNG (mayeləşdirilmiş təbii qaz) ixracatçısıdır. Əslində, bu, ekoloji baxımdan daha zəhərlidir və ətraf mühitə adi qazdan daha çox ziyan vurur. Yəni, o, soyudulmalı və sıfırdan aşağı temperaturda saxlanmalı, gəmi, dəmir yolu və yük maşınları ilə daşınmalı, sonra da istifadəyə yararlı vəziyyətə qədər yenidən qızdırılmalıdır. Bütün bu proses böyük miqdarda enerji tələb edir.
– Bəs, ABŞ-nin iqlim öhdəliklərini yerinə yetirməməsi nə ilə bağlıdır?
– Dünyanın ikinci ən böyük karbon qazı emissiyası olan Birləşmiş Ştatlar iqlimin maliyyələşdirilməsi ilə bağlı öhdəliklərini adekvat şəkildə yerinə yetirə bilməyib. İqlim dəyişikliyi ilə mübarizəyə ayrılan vəsait bu ölkənin sərvətləri ilə müqayisədə cüzidir. Baxmayaraq ki, hələ 2021-ci ildə Bayden administrasiyası beynəlxalq iqlim maliyyəsini 2024-cü ilə qədər ildə 11,4 milyard dollardan çox artırmağa söz vermişdi. Amma bu öhdəlik yerinə yetirilməkdən çox uzaqdır, çünki 2024-cü maliyyə ili üçün büdcənin qanun layihəsində xərclər cəmi 1 milyard dollar göstərilib. Yəni, büdcənin 1,59 trilyon dollarlıq xərclər paketində iqlimə cəmi 1 milyard dollar ayrılması açıq şəkildə dünyaya narahatedici mesaj göndərir. Bununla da ölkənin güman edilən mənəvi liderliyini sarsıdır və müttəfiqlərini özündən uzaqlaşdırır. Prezidentin büdcə tələbləri və beynəlxalq iqlim maliyyəsi ilə bağlı Konqresin qərarları arasındakı bu uyğunsuzluğun tezliklə aradan qaldırılacağı ehtimalı çox azdır. Məsələ təkcə vəd olunanla real nəticə arasındakı fərqdə deyil. Həm də Konqres 2024-cü maliyyə ilində xərcləri əvvəlki iki ilin məyusedici səviyyələrindən də aşağı salıb.
– Deməli, problemin kökü Konqreslə Bayden Administrasiyası arasında yaranmış anlaşılmazlıqdadır...
– Dövlət Departamentinin son hesabatına görə, ABŞ indiyədək iqlim öhdəliyinin yalnız bir hissəsini, tələb olunan maliyyənin onda birindən azını ödəməsinə baxmayaraq, ildə 11,4 milyard dollar həcmində öhdəliyini yerinə yetirmək yolundadır. Bunun səbəbi Konqresin maliyyəni xüsusi fondlar vasitəsilə iqlim dəyişikliyi üçün yalnız minimum məbləği müəyyən etməsidir. Ümumi iqlim maliyyəsi çərçivəsinə sahəyə sərmayələri artıran və bu maliyyədən istifadə edən çevik hesablar da daxildir. İntəhası, məqsədyönlü maliyyələşdirmə praktiki baxımdan beynəlxalq iqlim maliyyəsinin əsas və ən mühüm hissəsidir. Bəziləri hesab edirlər ki, fondlar mənimsəmələr çərçivəsindən kənardadır, sadəcə olaraq, Yerin üst qatı üçün iqlim öhdəliklərinin simulyatorudur. Bununla yanaşı, başadüşülən olsa da, ABŞ Dövlət katibi Antoni Blinken tərəfindən imzalanmış və Azərbaycanın Müstəqillik Günündə – mayın 28-də açıqlanan maraqlı bəyanatında deyilir: “Birləşmiş Ştatlar COP29-un Bakıda keçirilməsini alqışlayır. Biz konfransın uğurlu keçməsi üçün Azərbaycan hökuməti ilə yaxından işləməyi səbirsizliklə gözləyirik”. Bu, bir çox cəhətdən böyük güclərin böyük siyasətinə dəlalət edir, həmçinin amerikalı demokratlar tərəfindən Ağ evə göndərilən məktubların yalnız mücərrəd, əhəmiyyətsiz xarakter daşıdığını, konkret məqsədlərə təşəbbüsü olmayanların şıltaqlığı rəhbər tutduğunu, mənəvi kompasdan məhrum olduğunu göstərir.
2015-ci il Paris Sazişinə əsasən, iştirakçılar qlobal istiləşməni 2 dərəcədən aşağı saxlamağı öhdələrinə götürüblər. Bu, o zaman, elə indi də reallıqdan uzaq, praktiki olmayan, istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq kimi yüksək iddialı məqsəd idi.
– İqlim dəyişikliyi qlobal gündəmdə ən önəmli yer tutur və Birləşmiş Ştatlar bu problemin həllində baş rolun ifaçısı kimi əksər ölkələrdən daha böyük məsuliyyət daşıyır.
– Bayden Administrasiyasının verdiyi vədləri yerinə yetirməməsi, eləcə də Konqresdəki demokratların süstlüyü nəzərə alınmaqla, eyni partiyanın üzvlərinə ünvanlanmış bu məktuba imza atarkən onların prioritetlərindən nə qədər xəbərsiz olduqlarını düşünürsən. Amerikalı şərhçilər qeyd ediblər ki, Azərbaycan kimi neftlə zəngin ölkələr tərəfindən COP sammitinin keçirilməsi “yaşıl PR” və “brakonyerin ovçuya çevrilməsinin” rəmzidir. Amma Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun dünən Londonda LSE-də keçirilən COP29 debatında dediyi kimi, əgər karbohidrogen ölkəsi Azərbaycan iqlim dəyişikliyi ilə mübarizəyə ciddi yanaşma, nümunə sərgiləyə bilirsə, başqaları da onun yolu ilə getməlidir. Birləşmiş Ştatlar “başqasının gözündə tük axtarır, ancaq öz gözündə tiri görmür”. Fəqət, anlaşılmaz və mücərrəd dünyamızda onun qaz istehlakı ilə bağlı davranışlarına etiraz edən yoxdur, deyilənlərə isə məhəl qoymur.
Söhbəti yazdı:
İ.HƏSƏNQALA
XQ