Peter Stano “soyuqdan donmaq” istəyirmi?

post-img

Aİ təmsilçisinin anti-Azərbaycan mövqeyindəki çatlar

Avropa İttifaqı öz ampluasındadır. Son zamanlar ermənipərəst mövqeyi ilə seçilən qurum, deyəsən, bu “dəst-xəttindən” anti-Azərbaycan ritorikası naminə istifadənin yetərsizliyini görüb. Ona görə də Qərbin ənənəvi “ritorikasına” keçid alıb. Hər halda, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun bəyanatını başqa cür qiymətləndirmək olmur. 

Qeyd edək ki, P.Stano bu ilin əvvəlindən başlayaraq, hazırkı bəyana­tında səsləndirdiyi fikirləri təkrarlamaqdadır. Nədir təkrarçılıq? Məsələn, o, martda bildirmişdi ki, təmsil etdiyi təşkilat Azərbaycanda jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının yeni həbsləri ilə bağlı vəziyyəti izləyir: “Avropa İttifaqı Azərbaycan hakimiyyətini beynəlxalq öhdəliklərinə uy­ğun olaraq, ifadə azadlığını, o cümlədən müstəqil jurnalistika üçün azad və maneəsiz məkanı təmin etməyə çağırır”.

Aydındır ki, cənab Stano qanunazidd fəaliyyət səbəbilə saxlanılmış və barəsində məhkəmə hök­mü çıxarılmış şəxslərin müdafiəsinə qalxmışdı. Elə Qərbin ənənəvi “ritorikası” da budur. Özü də qeyd edək ki, bu “ritorika”, Aİ üçün, müəyyən mənada, yenilikdir. Bir qayda olaraq, insan hüquq və azadlıq­ları məsələləri ilə manipulyasiyaya yol verən digər qurumlar var. Məsələn, Avropa Şurası, ATƏT. Yəni, bəşəri dəyərlərdən sui-istifadə adlarını çəkdiyimiz təşkilatların, eləcə də ayrı-ayrı sahəvi birliklərin, sanki, monopoliyasındadır. Görəsən, Aİ nəyə görə, başqalarının “bazarına” girmək qərarına gəlib? Axı bu hal yaxşı qarşılanmır. 

Yaxşı qarşılanmamaqdan söz düşmüşkən, Av­ropa Şurası Parlament Assambleyasında Azərbay­can nümayəndə heyətinin iştirak hüququndan imti­nasına səbəb olmuş almaniyalı parlamentari Frank Şvabenin bir müddət əvvəlki fikirlərinə nəzər salaq. Şvabe təmsil olunduğu qurumun Azərbaycanda bu il fevralın 7-də keçirilmiş prezident seçkilərini mü­şahidə edə bilməməsindən o qədər əsəbləşmişdi ki, prosesə qatılan ATƏT-in missiyasının qeyri-legi­timliyi ilə bağlı rəy formalaşdırmışdı. Görəsən, indi P.Stano qorxmur ki, Şvabe Aİ-ni də öz işi ilə məşğul olmamaqda qınayar? 

Hərçənd, inanmırıq ki, Stano indiki məqamda Şvabe kimilərdən çəkinsin. Çünki çəkinməyə əsas yoxdur. Onların ikisi də eyni “mərama” – ermə­nipərəstliyə xidmət edirlər. Aİ-nin bu xüsusda, necə deyərlər, öz haqq-hesabı var. Qurum Azərbaycan – Ermənistan vasitəçilik missiyasının puça çıxma­sından, ikinciyə dəstək göstərilməsinin mümkün­süzə çevrilməsindən qeyzlidir. Ona görə də Stano­nun yadına düz-əməlli anlamadığı insan hüquq və azadlıqları məsələsi düşür. 

Bəli, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbu­at xidmətinin rəhbəri Ayxan Hacızadənin bildirdiyi kimi, Stanonun bəyanatı Azərbaycana qarşı mü­daxilə və təxribatdır və belə hallara son qoyulma­lıdır. Təəssüf ki, son qoyulmur və Aİ-nin haqqında söz açdığımız vasitəçilik missiyası puça çıxandan sonra stanoların “aktivləşməsi” aşkar prosesə çev­rilib. Əlbəttə, belə yanaşmanın özü də ikili standart­lar siyasətinin tərkib hissəsidir. 

Məsələ burasındadır ki, hazırda Cənubi Qafqazda insan hüquq və azadlıqlarının ən kobud şəkildə pozulduğu ölkə Ermənistandır. Görəsən, Stano bu məqama diqqət yetirib baş nazir Nikol Paşinyan hakimiyyətini etirazçılara güc tətbiqin­dən çəkinməyə çağırırmı? Xeyr! Əlbəttə, çağırmaz. Çünki Qərb Ermənistana, obrazlı desək, nimdaş demokratiya libası geyindirib və cidd-cəhdlə çalışır ki, həmin libas ölkənin əynindən çıxmasın. Amma səylər nəticə vermir, libas Ermənistanın əyninə çox böyükdür...

Onu da deməliyik ki, Aİ nümayəndəsinin bəya­natı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı reallıqdan uzaq olmaqla yanaşı, açıq-aşkar saxtakarlıqlarla doludur. Yuxarıda bu barədə aza­cıq söz açdıq. Məsələyə bir qədər ətraflı yanaşaraq belə bir sual verək: Qeyri-qanuni fəaliyyət, o cümlə­dən, qanunsuz maliyyə əməliyyatlarını həyata ke­çirmək Avropada cinayət əməli sayılmır? Əlbəttə, sayılır! O zaman nəyə görə Aİ təmsilçisi məsələni insan hüquq və azadlıqları kontekstinə gətirir? Mə­ram aydındır və bu barədə də söz açdıq. 

Belə görünür, P.Stano bəyanatına əməlli baş­lı “hazırlaşıb”. İş ondadır ki, Aİ təmsilçisi detallara varır. Məsələn, o bildirir ki, Azərbaycanda saxla­nılan şəxslər tibbi və digər yardımlardan məhrum durumdadırlar. Bu, tam absurd fikirdir. Çünki A.Ha­cızadənin də bildirdiyi kimi, bütün şəxslər qanunla müəyyən edilmiş qayda və çərçivədə lazımi yar­dımla təmin olunurlar. Stanonun səsləndirdiyi ab­surdun kuliminasiya anı isə onun ölkəmizin hüquq sistemini şübhə altına almağıdır. Təsəvvür edin ki, bu adam saxlanılan şəxslərin azad edilməsi üçün Azərbaycana çağırış səsləndirir. Deməli, qanunla­rın aliliyi prinsipini heçə sayır. Hər halda, bir qədər diplomatik davrana, ümumi ifadələrdən istifadə edə bilərdi. Ancaq, yox, avropalılar belə konkretliyə lü­zum görmürlər. Çünki qanun da, hüquq da onlar üçün yalnız vasitədir. Heç düz əməlli cümlə qurub işlətməyə vaxt da sərf etməyi düşünməyib baxış­larındakı zombiliyi və barbarlığı ortaya qoyurlar. Guya ki, Azərbaycanda bəşəri dəyərlərin qərarlaş­ması naminə çalışırlar. Əslində, yanaşmaları həmin dəyərlərə həqarətdən başqa bir şey deyil. Axı Stano kimilərin absurd bəyanatlarından sonra ortaya haqlı suallar çıxır: Nəyə görə Azərbaycan hakimiyyəti bu cür parabeyinlər yığını ilə işləməlidir? Bir halda ki, onlar ağızlarından çıxan sözlərin mahiyyətinə var­mayacaq dərəcədə qısırdırlar, belələri ilə hansısa durumun müzakirəsini aparmağa dəyərmi? Təbii ki, dəyməz! Ona görə də A.Hacızadə çox doğru olaraq vurğulayır ki, Azərbaycan bu sahədə kifayət qədər təcrübəyə, biliyə, müdrikliyə malikdir, məcburedici məsləhət və göstərişlərə ehtiyac duymur.

P.Stanonun bəyanatının ermənipərəst motivini qeyd etdik. Həm ermənipərəst motivini, həm də erməni təəssübkeşliyi mexanizminin, yəni vasitə­çiliyin aradan qalxdığını. Onu da vurğuladıq ki, bu mexanizmin aradan qalxması Aİ-ni qeyzləndirir. Nəticədə Stano daha bir anti-Azərbaycan motivini işə salır. Söhbət COP29-dan gedir. Həqiqətən, an­lamaq olmur ki, Stano nə üçün COP29-dan danı­şır? Görəsən, nə demək istəyir? Yoxsa, dünya miq­yaslı nüfuzlu tədbir müstəvisində ölkəmizlə şantaj dili ilə danışmağın mümkünlüyünə inanır? Əlbəttə, inana bilər. 

İndiyədək təfəkkürünün mücərrəd guşəsində bəslədiyi “inamları” gündəmə gətirib biabır olanları çox görmüşük. Stano onlardan, heç bir halda, geri qalmır. Doğrudan da, iqlim dəyişikliyi ilə mübarizə­də əməkdaşlıq hara, insan hüquq və azadlıqlarını COP29 gündəliyinə daxil etmək hara? Belə görü­nür, Aİ zaman keçdikcə, Azərbaycana qarşı daha “rəngarəng” təbliğat aparmaq eşqinə düşəcək. Düşsün, hər yazın-yayın bir payızı, soyuq qışı var. Avropada isə istilər başlayıb. Amma indilik...

Ə.RÜSTƏMOV
XQ



Siyasət