Ermənistan üçün ölüm-qalım məsələsi

post-img

Yaxud kilsə–hakimiyyət qarşıdurmasındakı siyasi etüdlər

Ermənistanda baş nazir Nikol Paşinyan hökuməti ilə Erməni apostol kilsəsi (EAK) arasında ziddiyyətlər kəskin xarakter almaqdadır. İş o yerə çatıb ki, bu iki qütb bir-birinə, az qala, nifrət bəsləməyə başlayıb. Mövcud durumda ölkədə hansı hadisələrin yaşanacağı maraq doğurur. Əlbəttə, Azərbaycan cəmiyyəti üçün bu maraq Ermənistanla sülh prosesi baxımından əhəmiyyətlidir. Aydındır ki, baş nazirə qarşı çıxan qüvvələrin uğuru prosesə mənfi təsir göstərəcək. Çünki EAK-ın başlatdığı hərəkat, revanşist və şovinist mahiyyətlidir. Bu mahiyyətin hansı nəticələr verə biləcəyi barədə yazımızın sonunda söz açacağıq. 

Hələlik onu deyək ki, əgər əvvəllər ermə­ni siyasi hakimiyyəti ilə kilsə arasında qarşı­durma, əsasən, pərdə arxasında gedirdisə, hazırda yüksək rütbəli kilsə iyerarxiyasının aktivləşməsini, Tavuş arxiyepiskopu Baqrat Qalstanyanın rəhbərlik etdiyi etiraz hərəkatı­nın mövcudluğunu görürük. Bu fonda hakimiy­yətin EAK-a hücumlarının güclənməsi diqqət­dən yayınmır. Hərçənd, iqtidar komandası özü tərəfindən belə bir hücumun reallaşdırılmadı­ğını qabardır. Ancaq...

Baş nazir Paşinyan bir müddət əvvəl bil­dirmişdi ki, EAK qədim zamanlardan bəri “tə­sir agenti” olub. Erməni mediasının yazdığına görə, Nikol mövcud ritorikasını xalqa müraciət mətininə gətirmək istəsə də, son anda fikrin­dən daşınıb. Ancaq hökumət rəhbəri daha əvvəl dediyini demişdi. Nəzərə alaq ki, “təsir agenti” söhbəti ilə yanaşı, Paşinyanın ritorik tərzdə ünvanladığı bir sual da var idi: Nəyə görə ümumerməni hərəkatına rəhbərliyi din xadimi etməlidir? Yəni, din niyə siyasətə qa­rışmalıdır. Görünür, Nikol iki yüz illik düzəndən xəbərsizdir. Amma...

Əlqərəz, erməni baş nazir qarşıdakı üç ay ərzində kilsənin təsirini neytrallaşdırmaq na­minə hərəkətə keçəcəyini bildirib, hətta kilsə ilə “məşğul olacağını” deyərək hədə-qorxu da gəlib. Üstəlik, Nikolun fikirləri özünü konkret əməldə də göstərir. Yəni, o, artıq “məşğul olmağa” başlayıb. Belə ki, polis əmək­daşları Ermənistanın baş nazirinin də qatıldığı Birinci respublika günündə bütün ermənilərin katolikosu II Qareginin “Sardarapat” memori­al kompleksini ziyarətinə maneçilik törədiblər. Bu hadisə hakimiyyətlə kilsə arasındakı mü­naqişənin tam açıq fazaya keçdiyini göstərir. Deməli, Ermənistanda hazırda yaşananların mümkün nəticələri barədə danışmaq zərurəti yaranır.

Sırf “Sardarapat” memorialında polis və II Qaregin arasında yaşanan insidentə diqqət yetirək. Bu insident Paşinyan iqtidarının altı ili ərzində mövcud olan münaqişənin sanki pik nöqtəsidir. Çox güman ki, hüquq-mühafizə orqanları “Vətən naminə Tavuş” hərəkatının fəallarının baş nazirin “Sardarapat” memorial kompleksinə girişini əngəlləmələrinə cavab vermək istəyiblər. Ortada isə bir nəticə var - hakimiyyət erməni kilsəsinə siyasi rəqib kimi baxır və şübhə yoxdur ki, EAK-a təsir alətlərini daha da sərtləşdirəcək. Real yanaşsaq, Niko­lun başqa çıxış yolu yoxdur. 

Əslində, sərt tərbirlərin anonsu arxiyepis­kop B.Qalstanyanın baş nazir postuna na­mizədliyindən sonra verilmişdi. Başqa cür ola da bilməzdi. Çünki namizdəlik kilsənin haki­miyyət uğrunda mübarizəyə birbaşa girməsi effekti verirdi və istər-istəməz iqtidar tərəfin­dən sərt reaksiya doğurmalı idi. Ancaq onu da vurğulamaq lazımdır ki, Paşinyan hakimiyyə­tinin sərt cavab tədbirləri, belə demək müm­künsə, ikiağızlı xəncər kimidir. 

Bir tərəfdən, aydındır ki, kilsə son onillik­lər ərzində cəmiyyətin müəyyən hissəsinin gözündə böyük dərəcədə nüfuzdan düşüb və iqtidar bu tendensiya üzərinə oyun oynamağa cəhd göstərir və oynayır da. Eyni zamanda, kilsəyə qarşı xüsusilə sərt tədbirlərin, o cüm­lədən, güc tətbiqinin bumeranq effekti yarat­ması mümkündür. Yəni, sərtliyin əks nəticələr doğurması ehtimalı var. Konkret desək, EAK-a dəstəyin artması, müxalif əhval-ruhiyyənin səfərbərliyi proqnozlaşdırılır. Nəzərə alaq ki, iqtidar komandası əks qütbə qarşı, eyni za­manda, tam repressiv addımlar da atır. 

Bütün bunların fonunda ortaya belə bir sual çıxır: Kilsə ilə hakimiyyət arasında qarşı­durma nə qədər dərinləşəcək və hansı yekun nəticələr doğuracaq? Əlbəttə, ziddiyyətlərin məcrasının genişlənməsi etiraz hərəkatının dinamikasından çox asılıdır. Habelə, cəmiy­yətdə həm hökumətə, həm də kilsəyə qarşı mənfi əhval-ruhiyyənin mövcudluğunu nəzərə alsaq, münaqişənin daha da dərinləşməsi fo­nunda qütbləşmənin artması, radikallaşma və hər iki tərəfin - həm hökumətin, həm də kilsə­nin daha da nüfuzdan düşməsi kimi perspektiv var. Çıxış yolu isə görünmür. 

Ümumən, Ermənistanın son illərdə düşdü­yü daimi daxili siyasi təbəddülatlardan aydın və real çıxış yolu yoxdur. Bir sıra siyasi eks­pertlər durumu şərh edərkən, ölkəni dalan vəziyyətindən qurtaracaq, tamamilə başqa gündəliyə malik üçüncü qüvvənin meydana çıxması ehtimallarından söz açırlar ki, belə bir qüvvənin yaranması, hələlik, sırf hipotetik təsir bağışlayır. Yenə də “Vətən naminə Tavuş” eti­raz hərəkatının lideri arxiyepiskop B.Qalstan­yanın obrazı canlanır. Müvafiq olaraq, daha bir sual da formalaşır: Qalstanyan Ermənistanın yeni baş naziri ola biləcəkmi?

Mövcud xüsusdakı diskussiyalar “Vətən naminə Tavuş” hərəkatının gələcəyi barədə söz açmaq zərurətini aktuallaşdırır. Əlbəttə, sözügedən etirazı proqnozlaşdırmağın özü də çətindir. Çünki hərəkatın həm lehinə, həm də əleyhinə işləyən bir sıra amillər var. Onun zəif cəhəti budur ki, aydın və ən əsası tutar­lı alternativ proqramı yoxdur, sosial bazası məhduddur. Hələ bu sıraya siyasi taktikanın çatışmazlığını da əlavə etmək mümkündür. Əksər hallarda hərəkat müxalifətin təşkil etdiyi əvvəlki etiraz dalğasından miras təsiri bağış­layır. Digər yandan, o, mahiyyətcə, ilk növ­bədə, orta təbəqənin və ziyalıların müəyyən hissəsini əhatə edir ki, bu isə “Vətən naminə Tavuş”un sosial gündəm amilini nəzərə almaq qabiliyyətindən uzaqlığıdır. 

Onu da vurğulamaq lazımdır ki, cəmiyyətin getdikcə daha geniş təbəqələrini əhatə edən, obyektiv reallıq qismində meydana çıxan iq­tidardan narazılıq dalğası, o cümlədən haki­miyyətin sosial bazasının sürətlə daralması və öz tərəfdarlarını səfərbər etmək imkanlarını itirməsi də Baqratın, bütövlükdə, kilsənin xey­rinədir. Nəzərə alaq ki, hazırkı ictimai etirazın səbəbləri sırasında bir tərəfdən Azərbaycana güzəştlər məntiqi əsas götürülürsə, digər yan­dan hakimiyyətin ölkədəki əsas sosial prob­lemləri həll edə bilməməsi diqqətdən yayınmır. 

Hərəkatı gücləndirən ən mühüm amil isə B.Qalstanyanın Ermənistanda 2020-ci ildən sonra baş vermiş kütləvi etirazların liderlərin­dən daha çox tərəfdar səfərbər etmək qabiliy­yətidir. Qalstanyan hazırda, bir növ, Paşinyanın 2018-ci ildə malik olduğu statusu qazanmağa doğru gedir. Deməli, belə nəticəyə gəlirik ki, Ermənistanda hazırkı vəziyyət daha çox üçün­cü prezident Serj Sarkisyanın hakimiyyətinin son illərindəki ab-havanı xatırladır. O zaman hökumətin, demək olar, heç bir sosial bazası qalmamışdı və yalnız təhlükəsizlik aparatının sədaqətinə və səmərəliliyinə arxalanırdı. Bu, son dərəcə qeyri-sabit bir mühit yaradırdı ki, həmin mühitin sonda Serjik üçün hansı siyasi fəlakəti doğurduğunu gördük. 

Fəlakətdən söz düşmüşkən, sonda əv­vəldə haqqında söhbət açdığımız məqama keçid alaq. Daha doğrusu, EAK-ın başlatdığı hərəkatın revanşist və şovinist mahiyyətli ol­ması üzərində dayanaq. Bir anlıq hesab edək ki, Qalstanyan və tərəfdarları uğur qazanb Paşinyan və komandasını iqtidardan uzaq­laşdırıblar. Tam aydındır ki, bu, Azərbaycanla sülh prosesinin pozulması, konkret ifadə et­sək, yeni müharibə deməkdir. Müharibə isə Ermənistan dövlətçiliyini yer üzündən siləcək. Deməli, EAK ilə erməni iqtidarı arasında ge­dən mübarizə Ermənistan adlı dövlət üçün ölüm-qalım məsələsidir. 

XQ-nin analitik qrupu

Siyasət