İşğaldan azad olunmuş ərazilərdə son üç ildə əməyin mühafizəsinə dair 115 maarifləndirmə tədbiri keçirilib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işğaldan azad olunmuş ərazilərdəki iş yerlərində əməyin mühafizəsinin təşkili ilə bağlı ardıcıl maarifləndirmə tədbirləri həyata keçirir.

Son 3 ildə Xidmət tərəfindən Minatəmizləmə Agentliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birgə həmin ərazilərdə qeyd edilən mövzuda 115 maarifləndirmə tədbiri təşkil edilib.

İşçi və işəgötürənlərdən ibarət 9700 nəfər iştirakçını əhatə edən bu tədbirlərdə əməyin mühafizəsi, iş yerlərinin attestasiyası, işçilərin sağlam və təhlükəsiz əmək şəraitində çalışmasına dair əmək qanunvericiliyinin tələbləri, mina təhlükəsizliyi qaydaları barədə ətraflı məlumat verilib.

Habelə əməyin mühafizəsi üzrə təsdiq edilmiş yeni dövlət standartları, onların tətbiqi qaydaları diqqətə çatdırılıb.

Tədbirlərdə iştirakçılara müvafiq mövzularda yaddaş kitabçaları, maarifləndirici bukletlər və digər təlimat xarakterli materiallar təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.

Maarifləndirmə prosesində sosial tərəfdaş qurumların nümayəndələri də öz fəaliyyət istiqamətləri üzrə məlumatlar veriblər.

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə əməyin mühafizəsi və təhlükəsiz əmək şəraitinin təmin olunmasına dair maarifləndirmə tədbirlərinin il boyu davam etdirilməsi nəzərdə tutulur.

Sosial həyat