Balanslı siyasət Azərbaycanın uğur modelidir

post-img

COP29-un ölkəmizdə keçirilməsi beynəlxalq tələblərə uyğun imkanlarımızın dəyəridir

Üç il altı ay bundan əvvəl Qarabağ problemini kökündən həll edən Azərbaycan hazırda dünyanın ən təhlükəsiz və sabit ölkələrindən biridir. Qarabağda artıq Rusiya sülhməramlı kontingenti yoxdur. Bu addım Bakı ilə Moskva arasında nəinki münasibətlərin korlanmasına səbəb oldu, əksinə, əməkdaşlığın geniş­lənməsinə, yeni birgə layihələrinin həyata keçirilməsinə münbit zəmin yaratdı. 

Ermənistanın əzəli müttəfiqləri (Ru­siya, Belarus) və okeanın o tayındakı faktiki himayədarı (ABŞ-ın Azərbaycan­dakı səfiri) Qarabağa səfər etdilər. Uzun fasilədən sonra Azərbaycanla İran ara­sındakı münasibətlərdə mülayimləşmə başladı, Araz çayı üzərində müştərək bəndlər istismara verildi. Açılış mərasi­mində iki ölkənin prezidentlərinin səmimi görüşü baş tutdu. Ermənistanla sərhədin bir hissəsində delimitasiya və demar­kasiya işləri həyata keçirildi, Almatıda vasitəçisiz dialoqun startı verildi. Sada­ladıqlarımız Azərbaycanın son bir ayda əldə etdiyi uğurların siyahısıdır. İndi ölkə­miz sözünə və əməlinə inanılan, etimad göstərilən regional güc statusuna malik­dir. Azərbaycanın həm də Qoşulmama Hərəkatında beynəlxalq körpü rolunu oynamaqda böyük təcrübəsi var. Bakı hərəkata sədrlik etdiyi dörd il ərzində 120 ölkə ilə ikitərəfli münasibətlər qurmağa və inkişafa nail oldu. 

Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan mötəbər beynəlxalq tədbir­lərə evsahibliyi edir, Bakıdan dünyaya qlobal mesajlar verilir, gələcək faydalı əməkdaşlığa hesablanan transmilli la­yihələrə imza atılır. Eyni zamanda, Azər­baycan daha möhtəşəm tədbirlərə evsa­hibliyi etməyə hazırlaşır. Onlardan biri cari lin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasıdır (COP29). COP 29-a ölkəmizin evsahibliyi etməsi o deməkdir ki, qarşıdakı bir neçə il ərzində dünyanın qlobal iqlim çağırışlarına, “yaşıl” gündə­liyinə məhz Bakı istiqamət verəcək. Ha­zırda BMT-nin ətraf mühitlə bağlı planetin bir nömrəli probleminin müzakirə ediləcə­yi ən nüfuzlu tədbirinə hazırlıq işləri yük­sək səviyyədə davam edir. 

* * *

Ölkəmizin uğur paradının son tablo­sunu təsvir etməkdə məqsədimiz oxucu­ların diqqətini son vaxtlar bölgədə hiss olunan sabitlik və təhlükəsizlik qurşağına yönəltməkdir. Bu amil COP 29-un BMT-nin bütün standartlarına və qaydalarına uyğun formada keçəcəyini şərtləndirir. 

Azərbaycan Prezidenti İlham Əliye­vin Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seq­mentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibədə bir sıra maraqlı məqamlarla yanaşı, COP29 möv­zusuna da toxunub. Dövlətimizin başçısı müsahibədə qarşıda bizi gözləyən tədbir barədə bəzi məsələlərə aydınlıq gətirib. Azərbaycanda təminatlı təhlükəsizlik barədə danışan cənab Prezident COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühitin yara­dılacağını əminliklə vurğulayıb.

Yuxarıda da qeyd etdiyimiz kimi, sülhün və əməkdaşlığın carçısı olan Azərbaycan “böyük güclər”lə ölçülü–bi­çili, balanslı siyasət aparır. Elə bunun nəticəsidir ki, Azərbaycanı istəməyən, onun uğurlarına sevinməyi bacarmayan bədxahların məkrli planları nəticəsiz qa­lır. Bizi müxtəlif oyunlara çəkmək istəyən bölgədənkənar güclər heç nə əldə edə bilmirlər. Buna nümunə olaraq, Fransa­nı, eləcə də Avropanın digər dövlətlərini göstərmək olar. Artıq onların özləri də Azərbaycanla hesablaşmağın onların öz xeyirinə olduğunu yaxşı dərk ediblər. Elə Ermənistanın özü də sülh üçün va­sitəçisiz hərəkət etməyin vacibliyini anla­yıb. Artıq İrəvan birmənalı şəkildə başa düşüb ki, onun gələcəyi də, inkişafı da Azərbaycanla münasibətlərindən asılıdır.

* * *

Mövzu ilə bağlı XQ-yə açıqlama verən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov diqqəti Azərbayca­nın balanslaşdırılmış xarici siyasətinin əsasının Heydər Əliyev tərəfindən qo­yulduğuna yönəltdi: “Azərbaycanın milli maraqlarına tam cavab verən, ona uğur gətirən bu siyasət bu gün də davam etdi­rilir. Onu da qeyd etmək lazımdır ki, qa­zandığımız uğurlarda balanslaşdırılmış xarici siyasətlə yanaşı, Azərbaycanın güclənməsinin də payı var. Məhz güclü Azərbaycan həmin balansı milli maraq­lara söykənən müstəqil siyasət konfiqu­rasiyasında qurub. Bu isə təbii ki, bey­nəlxalq müstəvidə ölkəmizin sözünün, mövqeyinin çəkisini artırır, həm də ona hörmət gətirir”. 

Deputat, həmçinin onu da xüsusi olaraq qeyd etdi ki, son iyirmi il ərzində Prezident İlham Əliyevin apardığı ba­lanslı, ardıcıl və prinsipial xarici siyasə­tin nəticəsində Azərbaycanın beynəlxalq platformada əlaqələri daha da genişlənir, təhlükəsizliyi möhkəmlənir. 

Bu gün Azərbaycan özünün Qərb tərəfdaşları, Avropa İttifaqı və NATO ilə yanaşı, Rusiya, İran və Çinlə qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaş­lığa söykənən xarici siyasətini uğurla davam etdirir. Eyni zamanda, ölkəmiz özünün xarici əlaqələrində bütün siyasi və hərbi bloklardan, şübhəli inteqrasi­ya təşəbbüslərindən məsafəli, balanslı diplomatik xəttinə sadiqdir. O cümlədən qonşuları, Cənubi Qafqaz ətrafı ölkələrlə münasibətlərini qarşılıqlı faydalı əmək­daşlıq prinsipi əsasında inkişaf etdirməyi, ikitərəfli və çoxtərəfli münasibətlərdə si­yasi mütənasibliyi təmin etməyi özünün prioriteti sayır. Bu həssas mütənasiblik Azərbaycanın uğurlu xarici siyasət kursu­nun mahiyyətidir və bu xəttin yaxın gələ­cəkdə də davam etdiriləcəyini əminliklə söyləyə bilərik.

Yazımızın sonunda oxuculara 26 il bundan əvvəl iştirakçısı olduğumuz bir tədbiri xatırlatmaq istərdik. 1998-ci il sentyabrın 7-8-də Azərbaycan Prezi­denti, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda 9 ölkənin (Azər­baycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbə­kistan, Qırğızıstan) dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 ölkədən nü­mayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş bey­nəlxalq konfrans keçirildi. Tədbirin yeku­nu olaraq Avropa İttifaqının TRACECA proqramı əsasında “Avropa–Qafqaz–Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sa­ziş” imzalandı və Bakı Bəyannaməsi qə­bul edildi. 

Bəli, ümummilli liderin sağlam bünöv­rə üzərində inşa etdiyi Azərbaycan adlı təhlükəsizlik binası bugünədək müxtəlif səmtlərdən əsən güclü küləklərə, tufan­lara sinə gərməyi bacardığı kimi, bundan sonra da bütün sınaqlardan uğurla çıxa­cağına heç kəsin şübhəsi olmasın. 

İ.HƏSƏNQALA
XQ



Siyasət