Erməni kilsəsi və Paşinyan hakimiyyətinə qarşı demarş

post-img

II Qareginin bəyanatında hədə-qorxu tonu

Durum gərgindir. Söhbət Ermə­ni apostol kilsəsi ilə Ermənistan hakimiyyəti arasındakı münasibət­lər fonundakı vəziyyətdən gedir. O vəziyyətdən ki, getdikcə daha çox gərginləşmə ehtimalı var. Bütün ermənilərin katolikosu II Qareginin başçılığı ilə keçirilmiş toplantı və onun yekunları ilə bağlı verilmiş bəyanat da fikrimizin təsdiqidir. Belə qənaət formalaşır ki, həmin sənəd Erməni apostol kilsəsinin baş nazir Nikol Paşinyana qarşı müqavimət əzminin məhsuludur. 

Kilsə Paşinyan və komandası qarşı­sında geri çəkilməyəcəyinə dair mesaj verir. Mesajın konkret nədən ibarət ol­duğundan söz açacağıq. Ancaq əvvəlcə Eçmiədzindəki məclislə bağlı diqqət­çəkən bir məqamı vurğulayaq. Tədbiri əks etdirən fotolarda II Qareginin yanın­da Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın yer aldığı görünür. Elə bu görüntülərə nəzərən kilsənin mesajının kifayət qədər aydın olduğunu söyləyə bilərik. II Qaregin Ermənistanı gələcəyə özü kimi keçmişin qalıqları ilə daşımaq niyyəti güdür. 

Erməni apostol kilsəsinin ölkənin əv­vəlki hakimiyyətinin təmsilçilərinə siyasi sərmayə yatırması reallıqdır. Arxiyepis­kop Baqrat Qalstanyan kimilərinin orta­ya atılması “planın” tərkib hissəsidir və aysberqin görünən tərəfidir. II Qareginin “arsenalında” daha fərqli kaliberli baq­ratların olması şübhə doğurmur. Ancaq bir məsələ də var ki, Ermənistan iqtidarı həmin baqratlar üçün mübarizə çəmbəri­ni xeyli daraldır. Necə? Çox sadə şəkildə – kilsəni cəmiyyətin gözündən salmaqla. 

Əslində, Erməni apostol kilsəsi daxi­lində baş verən proseslər, mənəvi aşın­ma halları cəmiyyətə çoxdan, özü də yaxşı bəllidir. Sadəcə, cəmiyyətin müəy­yən kəsimi bu barədə danışmır, ümumən din amilinin həssaslığını nəzərə alaraq, mövzudan uzaq durur. Paşinyan və tərəf­darları isə tabuları sındırmaqda israrlıdır­lar. Görünür, olanlardan nəticə çıxarırlar. 

Bolşevizmin lideri Lenin deyirdi ki, bir quruluşu sıradan çıxarmaq istəyirsinizsə, ilk növbədə onun üzündəki müqəddəslik maskasını yırtıb atmalısınız. Hazırda Pa­şinyanın komandası məhz bu işlə məş­ğuldur. Məsələn, Nikolun jurnalist dost­ları müxtəlif sosial şəbəkə profillərində II Qaregin barədə son dərəcə alçaldıcı faktları tirajlayırlar. Baş katolikos uşaq­bazlıqdan tutmuş kilsə əmlakının talan­masına, dövlətə vergi verməkdən boyun qaçırmaya və insan alverinədək bir çox nalayiq hərəkətlərdə günahlandırılır. Belə təəssürat yaranır ki, Ermənistanda əməl­li- başlı kilsə monopoliyası hökm sürür. 

Əslində, bu, təəssürat yox, aşkar real­lıqdır. Sadəcə indiyədək onun barəsində söz açan yox idi, Paşinyan və tərəfdar­larının sayəsində, necə deyərlər, buzlar əriməyə başlayıb. Proses müqəddəslik maskalarını yırtır. Erməni apostol kilsəsi­nin keçirdiyi tədbir və tədbirin yekunları ilə bağlı bəyanat isə haqqında söz aç­dığımız tendensiyaya qarşı müqavimət hissini formalaşdırmaq məqsədi daşıyır.

Baş nazir Nikol Paşinyan bir müddət əvvəl hiddətlə sual vermişdi ki, nəyə görə ümumerməni hərəkatına rəhbərliyi din xadimi etməlidir? Hökumət rəhbərinin su­alında bir çox mətləblər var idi. II Qaregi­nin rəhbərliyi ilə gerçəkləşmiş toplantının gündəliyi də onu deməyə əsas verir ki, kilsə özü üçün “vətənin qarşısında du­ran vəzifələrə, cəmiyyətə təsir göstərən problemlərə”, eləcə də özünün missiyası ilə bağlı məsələlərə dair iş aparmaq səla­hiyyətləri qondarıb. Yəni, o, dövlət içində dövlətdir, ayrıca sistemdir. Elə bir sistem ki, özünü dünyəviliyin pərdəsi arxasında gizlədərək fəaliyyət göstərir. Elə tarixən də belə olub. 

Bəli, II Qaregin və başının dəstəsi Er­mənistan hakimiyyətinin erməni kilsəsinə qarşı irəli sürdüyü ittihamları müzakirə predmetinə çevirib. Toplantının bəyana­tında bildirilib ki, Tavuşda birtərəfli ərazi güzəştlərinə qarşı ictimai üsyanın baş qaldırdığı günlərdə erməni hakimiyyət orqanlarının müxtəlif nümayəndələri, o cümlədən baş nazir delimitasiya və de­markasiya məsələsindəki məqamlardan istifadə edərək, yenidən Erməni apostol kilsəsinə hücuma keçir, müxtəlif yalan və həqiqətləri əks etdirməyən məlumatlar yayır. Guya, bunlar kilsənin tarixi missi­yası və müasir fəaliyyətinə dair həqiqət­lərdən uzaq nəzəriyyələrdir.

Sən demə, Paşinyan və onun koman­da üzvlərinin kilsə tərəfindən vergilərin ödənilməməsi xüsusundakı ittihamları öz yerində, II Qareginin “şayka”sını daha çox qayğılandıran Nikolun bu günlərdə səsləndirdiyi fikirlər imiş. Baş nazir de­mişdi ki, erməni kilsəsi həm keçmişdə, həm də hazırda təsir agenti funksiyasını yerinə yetirib. Bəyanatda bununla bağlı deyilir: “Təəssüf hissi ilə bildiririk ki, ha­zırkı hakimiyyət təhdid, təzyiq və dezin­formasiyadan istifadə edərək, kilsə ilə dövlət arasında mövcud olan problemləri ləyaqətsiz şəkildə şişirdir”.

Doğrudur, Nikol və tərəfdarları ermə­ni kilsəsinə və onun başında dayanan II Qareginə qarşı, belə demək mümkünsə, qurşaqdan aşağı zərbələr vurmaqla mü­barizə aparır və hazırkı durum həqiqətən rəzil mənzərə formalaşdırmaqdadır. An­caq görünür, başqa yol yoxdur. Müba­rizədə bütün üsulların keçərliliyini əsas götürən indiki erməni iqtidarı onu devir­mək istəyən qüvvəni neytrallaşdırmağa köklənib. Buna nə dərəcədə nail olur və tam şəkildə qarşıya qoyduğu vəzifənin öhdəsindən gələ biləcəkmi? Gedişatı za­man göstərəcək. 

Nəzərə alsaq ki, Erməni apostol kil­səsinin keçirdiyi toplantı və verdiyi bə­yanat Paşinyana və komandasına qarşı müqavimət göstərmək əzmidir. Burada hədə-qorxu və xəbərdarlıq motivlərinin mövcudluğu təəccüblü sayılmamalıdır. Belə dəst-xətt kilsənin məkrli demarşın­dan, terrorçu mahiyyətindən qaynaqlanır. Baxın, II Qaregin durumu daha da gər­ginləşdirəcəyinə dair eyham vurur, faktiki olaraq, geri çəkilməyəcəyini bildirir. Bə­yanatdakı fikirlər də gəldiyimiz qənaətin doğruluğunun sübutudur: “Ermənistan hakimiyyətinin nümayəndələri xalq və vətən qarşısında məsuliyyətlərini dərk edərək, ölkə konstitusiyasında təsbit olunmuş kilsənin tarixi vətənpərvərlik və millətçilik rolu haqqında düşünməli, öz si­yasətlərinə yenidən baxmalıdırlar”. 

Sonda onu da deyək ki, Erməni apostol kilsəsinin bəyanatındakı fikirlər onun Ermənistan hakimiyyətinə qarşı barışmaz mövqeyini davam etdirəcə­yinin ifadəsidirsə, deməli, Paşinyanın daha qətiyyətli tədbirlərə əl atmasının vaxtı gəlib çatıb. Başlıca vəzifə qətiyyətli davranmağı bacarmaqdır. Nəzərə alaq ki, Nikol parlamentdə bir neçə gün əv­vəlki çıxışında ölkəni məhvə sürükləyən amilləri sadalayarkən, mayın əvvəlindən start götürmüş hərəkat barədə də da­nışmışdı. Doğrudur, Paşinyan hərəkatın məqsədinə çatmadığını dilə gətirmişdi. Bu, həqiqətən də, belədir. Çünki zaman keçdikcə B.Qalstanyan kartının popul­yarlıq qazanmadığını gördük. Yəni, özü kənarda dayanmış II Qareginin həmləsi uğurlu alınmadı. Onun toplantı keçirməsi də bundan xəbər verir. Düşünmək müm­kündür ki, yaxın günlərdə həmin toplan­tının ictimaiyyətə açıqlanmayan tərəfləri ilə bağlı “fəaliyyət” gerçəkləşdiriləcək. O zaman baş nazir və komandası hansı cavab tədbirləri görəcək? Bu da maraq­lıdır. Hər bir halda, Ermənistanda cərə­yan edən siyasi proseslər fonunda orta­da aydın mənzərə var: hakimiyyət–kilsə qarşıdurması. Bu qarşıdurmanın yekun nəticəsindən Azərbaycan–Ermənistan sülhünün perspektivi asılıdır. Ermənistan adlı dövlətin gələcək varlığı da həmçinin. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət