İlham Əliyev: postmüharibə dövrünün memarı

post-img

IV MƏQALƏ

Siyasətçinin xoşbəxtliyi göstərdiyi fəaliyyətdə və tətbiq etdiyi fəzilətdədir.

Aristotel

Postmüharibə dövrünün ilk mərhələsi

Postmüharibə dövründə uğurlu diploma­tiyanın əhəmiyyətli bir məqamı sülh, əmək­daşlıq və təhlükəsizliyin vəhdətində regional geosiyasi mühiti tam konstruktiv məcraya yönəltməklə bağlıdır. Bəlkə də nəzəri təq­dimat mürəkkəb və xeyli abstrakt görünür. Lakin praktiki yanaşmanın ümumi xarak­teri belədir. Həm də ilk baxışdan abstrakt görünən tezisin çox geniş praktiki bazası mövcuddur. Buraya liderin bütün aspektlərdə konstruktiv, yaradıcı olmaqla yanaşı, dəyişən situasiyada konkret diplomatik gedişlə ümu­mi istiqaməti qoruya bilmək qabiliyyəti çox önəmlidir. Və bu zaman yaranmış situasiya kənar müşahidəçi üçün aydın olmaya bilər, lakin prosesə daxildən və siyasi mövqedən yanaşanda real mənzərə aydın görünür. Pre­zident İlham Əliyev II Qarabağ savaşından sonra konseptual olaraq yaratdığı geosiyasi mənzərəni yuxarıda vurğuladığımız şərtlər daxilində addım-addım və inamla reallığa çevirir. 

Azərbaycan Prezidenti əsrlərlə bu regi­onu geosiyasi əsirlikdə saxlayan xətti dağıt­mışdır. Atıq, bu, gerçək faktdır. Yəni İlham Əliyev postmüharibə dövründə regional geosiyasətin bazasını neqativ tendensiyalar­dan təmizləmişdir. Bunun bir neçə əlaməti vardır. Onlardan birincisi və aparıcısı qardaş Türkiyə ilə “bir millət, iki dövlət” kəlamına uyğun strateji müttəfiqliyi beynəlxalq hüquq fonunda daha da genişləndirmək və dərinləş­dirməklə bağlıdır. İndi Azərbaycan – Türkiyə əməkdaşlığı özünün tarixi zirvəsindədir. Və həmin yüksəklikdən regionun bütün geosi­yasi problemlərini sülh, əməkdaşlıq və təh­lükəsizliyin vəhdətində həll etmək imkanları xeyli artmış kimi görünür. 

Məsələnin bu aspektinin başqa bir özəl əhmiyyəti vardır. Azərbaycan və Türkiyə “bir millət, iki dövlət” kəlamından çıxış edərək, “bir millət, altı dövlət” kəlamının mükəmməl türk təşkilatının yaradılması forması ilə real­laşmasında ciddi yol qət etmişlər. Bu gedişa­tın Cənubi Qafqazda sülh, əməkdaşlıq və təh­lükəsizliyə sıx qarşılıqlı əlaqədə baxmaqla yeni “regional əməkdaşlıq ruhu”nun forma­laşmasına fövqəladə müsbət təsiri olduğuna qətiyyən şübhə yoxdur! Bir daha xatırlatmaq istərdim ki, bu prosesin uğurlu olmasının təməlində İlham Əliyevin sistemüstü şəbəkə diplomatiyası həm konseptual, həm də prak­tiki aspektlərdə mərkəzi yer tutur!

Digər əlamət İlham Əliyevin faktiki olaraq Ermənistan mövzusunda inqilabi də­yişiklik etməsi ilə əlaqəlidir. II Qarabağ sa­vaşına qədər Azərbaycana qəvi düşmən olan və qələbəsinə tam əmin olan bir dövlət indi Bakının yanında yer almağı özünün milli ma­raqları üçün daha doğru sayır. 

Bu transformasiyanın memarı Azərbay­can Prezidentidir. Mən bilmirəm, tarixdə ikinci belə bir nümunə vardırmı? İşğalçını darmadağın edəsən və ondan tarixi baxımdan çox qısa bir zaman sonra siyasi-diplomatik üsulla ona anladasan ki, Azərbaycanla əmək­daşlıq xilas yolundur. Ermənistanı bir kəna­ra qoyaq, onun güclü havadarlarını belə bu məsələdə diz çökdürmək çox böyük liderlik məharəti tələb edir. İlham Əliyev Azərbaycan dövlətçiliyi, müstəqilliyi və milli qüruru na­minə bunu reallaşdırdı! 

Azərbaycan Prezidenti faktiki olaraq Ru­siya–Avropa–ABŞ–İran dairəsində diploma­tik manevrləri ilə onların hər birinin mənfi təsirini neytrallaşdırdı. Rusiyanın təklifini diqqətə almağı bacardı. Avropa Şurasının prezidenti kimi Şarl Mişelin də təşəbbüsünü səmimiyyətlə dəstəklədi, Tehranla əməkdaş­lıqdan imtina etmədi. Bu proseslər zamanla sürətlə və dəyişkən ab-havada gedirdi və li­derdən böyük məharət, siyasi-diplomatik çe­viklik tələb edirdi. İlham Əliyev təkbaşına bu cəbhələrin hər birində masa arxasından qalib ayrıldı. 

Məqamı gələndə dövlətinin dönməz ira­dəsini ortaya qoydu: məsələni Azərbaycanla Ermənistan ikilikdə həll edəcək! Bu gedişin ABŞ və Aİ üçün (xüsusilə, Fransa üçün) han­sı diplomatik şok effekti yaratdığını, yəqin ki, Qərb politoloqları bir qədər sonra təsvir edə­cəklər. Biz onu hiss etdik, lakin konkretliklər məlum deyildir. Qərb niyə siyasi-diplomatik şoka düşməli idi?

Çünki cəmi bir neçə il öncə müxtəlif açıq və ya gizli toplantılarda ərazisini bölüb necə paylaşmağı müzakirə edən dikbaş siyasilər və diplomatlar qəfil ciddi əks-zərbə aldılar. Ermənistanı və havadarlarını hərb meydanın­da darmadağın edən müsəlman türk dövləti diplomatiya meydanında da öz şərtini irəli sürdü. Buna Paris, Berlin, Vaşinqton, Brüssel necə dözdü, Allah bilir! Ancaq İlham Əliyev haqqı hüquq və ədalət çərçivəsində liderlik məharəti sayəsində bərpa etdi. İndi Azərbay­canla Ermənistanın öz aralarında sərhəd deli­mitasiyasını və müəyyən ərazilərin Azərbay­cana qaytarılmasını dinc yolla həll etmələrini müəyyən dairələr “quzu kimi” izləyirlər! 

Deməli, faktiki olaraq, Ermənistanı düz yola dəvət etməklə və əsasən buna nail olmaqla Azərbaycan Prezidenti mümkün neqativ geosiyasi, siyasi, hərbi və diploma­tik təsirləri neytrallaşdırmışdır. Bu, regional geosiyasət üçün böyük töhfədir. 

İlham Əliyevin regional geosiyasətin ba­zasını neqativ tendensiyalardan təmizləmə­sinin ciddi bir əlaməti də vurğulanmalıdır. Əslində, bu, beynəlxalq aləmin siyasi etirafı kimi də qiymətləndirilə bilər. Belarus Prezi­denti A.Lukaşenko Qarabağa səfəri zamanı İlham Əliyevə müraciətlə demişdir ki, “bu regionun taleyi Sizdən asılıdır, buralarda və­ziyyəti Siz idarə edirsiniz”! Bu, bizim vurğu­ladığımız postmüharibə dövrünün sistemüstü diplomatiyasının ilk mərhələsinin tamamı və İlham Əliyevin qələbəsinin etirafı deməkdir! 

Onun məntiqi anlamı çox vacibdir. Bi­rincisi, Belarus Prezidenti açıq ifadə edir ki, Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etməmişdir. Eyni zamanda, regionun geosiyasi yapısını yeniləşdirmişdir. İkincisi, Cənubi Qafqazın geosiyasi yapısı yeniləş­mənin artıq ilk mərhələsini başa vurmuşdur ki, onun da başlıca əlaməti Azərbaycanın aparıcı mövqeyə çıxması ilə xarakterizə olu­nur. Üçüncüsü, son 300 illik tarixdə ilk dəfə olaraq Azərbaycan Respublikası müstəqil dövlət kimi bu regionun sülh, əməkdaşlıq və təhlükəsizliyinin həm yaradıcısı, həm də onun təmin edilməsinin məsuliyyət daşıyıcısı rolunu yerinə yetirir! 

Nəhayət, Rusiya faktoru. İlham Əliyev bu böyük qonşu dövləti geosiyasi kontekstdə tamamilə Azərbaycanın haqq mövqeyinə gə­tirə bilmişdir. Moskva Azərbaycanın regional siyasətini dəstəkləyir və faktiki olaraq onun­la eyni mövqedə dayanır. Bu əlamət İlham Əliyevin postmüharibə dövrünün memarı kimi ən ciddi uğurlarından biri sayılmalıdır. Çünki Rusiya əsrlərdir ki, Qafqazda aparıcı geosiyasi güc kimi mövcuddur və ilk dəfədir Kreml bu regionda Azərbaycana münasibəti­ni ən yüksək səviyyədə müsbət istiqamətdə dəyişmişdir!

Birinci mərhələnin yekunu

Əlbəttə, Cənubi Qafqazda geosiyasi proseslərin məntiqini keyfiyyətcə dəyiş­mək mürəkkəb iş olmaqla yanaşı, bir neçə mərhələdən ibarətdir. Söhbət Azərbaycanın qələbəsi ilə başlayan və postmüharibə dövrü adlanan hadisədən gedirsə, vurğuladığımız məqam daha aydın olur. Çünki postmüharibə dövrü üçün hərbi toqquşmaları istisna etmək­lə sülh, əməkdaşlıq və təhlükəsizliyin vəhdə­tində yeni geosiyasi konfiqurasiya yaratmaq çoxpilləli proses ola bilər. 

Bu prizmada baxanda yuxarıda vurğula­dığımız əlamətlər postmüharibə dövrünün ilk mərhələsinin geosiyasi aspektdə yekunlaşdı­ğını ifadə edir. Bu mərhələdə İlham Əliyev qaşısına qoyduğu bütün məqsədlərə çatmış­dır. Onları sülh, əməkdaşlıq və təhlükəsizlik istiqamətləri fonunda xarakterizə etmək olar. 

II Qarabağ savaşından sonra region dəfələrlə yeni hərbi toqquşmaların astanası­na gəldi. Xüsusilə, Fransa tərəfindən atılan təhlükəli addımlar Ermənistanda revanşistləri təhrik etməyə başladı. Rəsmi İrəvan da bunun fonunda özünü ictimaiyyət qarşısında haqlı göstərmək üçün müəyyən təxribatlara əl atdı. Bu, bir neçə dəfə təkrar olundu. Bəzi polito­loqlar proqnozlaşdırırdılar ki, müharibə nə zaman başlayacaq və hansı nətcələri ola bilər. 

Hətta Qərbin siyasi dairələri də bu sse­narini istisna etmədilər. Məqsəd nə idi? Əsas məqsəd Azərbaycanın yaratdığı geosiyasi ab-havanı dəyişmək və eyni zamanda, regi­onda getdikcə əsas gücə çevrilən Azərbay­can – Türkiyə müttəfilqiyini ya dağıtmaq, ya da arxa plana atmaq. Hər iki istiqamətdə əks tərəfin addımlarını neytrallaşdırmaq mə­suliyyətini Azərbaycan öz üzərinə götürdü. Bu kontekstdə İlham Əliyev “yumşaq güc”lə “sərt gücü” bir-birinə uyğunlaşdırmaq mə­harəti göstərdi. Azərbaycan Prezidenti əsas olaraq “yumşaq güc” mövqeyindən çıxış etdi, lakin əsl məqamında “dəmir yumruğ”u­nu da işə saldı. Rəsmi İrəvan son 100 ildə ilk dəfə rəsmi etirf etdi ki, “Azərbaycanla savaşa bilməz, savaş olsa, İrəvan da əldən gedər. Bu­radan çıxardığı əsas nəticəni də N.Paşinyan iqtidarı erməni cəmiyyətinə və siyasi dairələ­rinə bəyan etdi: indi əlimizdə olanı saxlasaq, udmuş olarıq!

Aydın görünürdü ki, hətta, Qərbin ən güclü siyasi dairələrinin dəstəklədiyi təxribat xarakterli addımların qarşısında Azərbaycan Prezidenti İlham Əliyevin liderlik zəkası, diplomatik məharəti və siyasi iradəsi dayan­mışdır. Avropa İttifaqının qondarma “mülki missiyası” da həmin aqressiv dairələri xilas etmədi. Bu “missiya” formal olaraq bir neçə bəyanat verdi, lakin Azərbaycanın ağıllı mövqeyinə qarşı heç bir real fəaliyyət göstərə bilmədi. İndi onlar, deyəsən, tamamilə yad­dan çıxmışdır. 

Bunların fonunda Prezident İlham Əliyevin postmüharibə dövründə yeni geo­siyasi struktur qurmaq yolunda əhəmiyyəti olan bir təklifi lap yerinə düşür. Azərbay­can Prezidenti təklif etmişdir ki, ATƏT-in yaratdığı və vasitəçilik etməli olduğu bütün qurumlar ləğv edilsin. Bura Minsk qrupun­dan tutmuş artıq keçmişdə qalmış münaqişə ilə əlaqədar formalaşdırılan bütün qurumlar daxildir. İlham Əliyevin bu tezisi geosiyasi aspektdə regionun postmüharibə dövründə yenidən strukturlaşması kontekstində çox əhəmiyyətlidir. Hətta bu təklifi geosiyasi as­pektdə postmüharibə dövrünün I mərhələsi­nin əsas yekunlarından biri kimi xarakterizə edə bilərik! Çünki, bu, faktiki olaraq kənar qüvvələrin Cənubi Qafqazın geosiyasi düzə­ninə hər hansı rəsmi olaraq qarışmasının sonu deməkdir. Zatən, regionda Qərbin bir-iki for­mal qurumundan başqa kənar təşkilat yoxdur. A.Lukaşenkonun dediyi kimi, burada vəziy­yətin yaradıcısı və idarəedicisi Azərbaycan Prezidentidir. 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət