ABŞ-ın paytaxtı Vaşinqtonda Xəzər Siyasət Mərkəzi tərəfindən 8-ci Trans–Xəzər Forumu keçirilib. Trans–Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişaf etdirilməsi məsələsinə həsr olunan forumda ABŞ rəsmiləri, səfirlər, diplomatlar, biznes nümayəndələri, akademiklər və ekspertlər iştirak ediblər. Xəzər Siyasət Mərkəzinin Prezidenti Əfqan Nifti qonaqları salamlayaraq bildirib ki, forum regionun potensialının ABŞ-dakı biznes nümayəndələrinə, dövlət rəsmilərinə və ictimaiyyətə çatdırmaq üçün vacib platformadır. Ə.Nifti Mərkəzi Asiya ölkələri və Türkiyənin forumda aktiv iştirakından məmnunluğunu ifadə edib. Eyni zamanda, Azərbaycanın Orta Dəhlizdəki rolunu diqqətə çatdıraraq Zəngəzur dəhlizinin açılması ilə birlikdə Orta Dəhlizin potensialının daha da genişlənəcəyini vurğulayıb. Xəzər Siyasət Mərkəzi rəhbərinin sözlərinə görə, ABŞ və Aİ ölkələrində də Orta Dəhlizə ciddi maraq var.
Forumda ABŞ hökuməti tərəfindən Xəzər regionunun iqtisadi və strateji əhəmiyyətinin yüksək dəyərləndirildiyi bildirilib. Bu fikrin təsdiqi olaraq son 2 il ərzində ABŞ-ın Xəzər regionu ilə ticarət dövriyyəsində idxal-ixracın hər biri 20 milyard dollar olmaqla 40 milyard dollar təşkil etdiyi vurğulanıb və Xəzər regionu boyunca ticarət əlaqələrinin genişləndirilməsi ilə gələcəkdə bu göstəricinin daha da artacağı diqqətə çatdırılıb.
Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim ölkəmizin Orta Dəhlizlə bağlı çoxtərəfli, üçtərəfli və ikitərəfli formatda iş apardığını bildirib. Səfir daha sonra Orta dəhlizin tarixi İpək yolunun bir hissəsi olduğunu qeyd edib: “Biz Orta Dəhlizə tək məhsulların daşınması perspektivindən baxmamalıyıq. Azərbaycan Xəzər–Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi təklifi ilə çıxış edir. Bu təklif ABŞ və Aİ tərəfindən müsbət qarşılanır. Bu da təbii ki, Orta Dəhlizdir, lakin Xəzər dənizinin bərpaolunan enerji potensialı ilə bağlıdır. Bu dəhlizlə biz Xəzər dənizinin külək enerjisindən istifadə edərək elektriki Avropa ölkələrinə ixrac edə bilərik. Azərbaycan bu istiqamətdə artıq Gürcüstan, Rumıniya və Macarıstanla anlaşma memorandumu imzalayıb”.
Yeri gəlmişkən, mütəxəssislərin fikrincə, Azərbaycan Xəzər dənizində külək enerjisi üzrə yüksək potensiala malikdir. Qiymətləndirməyə görə, Xəzər dənizinin respublikamıza məxsus hissəsində külək enerjisinin ümumi texniki potensialı 157 QVt (dayazsulu hövzələrdə 35 QVt və dərinsulu hövzələrdə 122 QVt) səviyyəsindədir. Bu potensialın hərəkətə gətirilməsi baxımından Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli sərəncamı xüsusi diqqət çəkir. Adıçəkilən sərəncamla qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi məqsədilə sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi istiqamətində Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası ilə “Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsi” hazırlanması bunun bariz ifadəsidir.
Xəzər dənizinin külək enerjisindən yararlanaraq elektrikin Avropa ölkələrinə ixrac edilməsinə gəldikdə isə qeyd edə bilərik ki, keçən ilin noyabr ayında Macarıstanın paytaxtı Budapeşt şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Ekspertlər tərəfindən “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” təşəbbüsünü yüksək dəyərləndirərək adları çəkilən hər iki dənizi birləşdirən marşrutlarla Xəzərin “yaşıl enerji” potensialının Avropada təchizatın təhlükəsizliyinin gücləndirilməsinə və təmiz enerji keçidinə yönəldən bir strateji layihə olduğu bildirilib.
Ümumiyyətlə, bu layihə ötən müddətdə Azərbaycanın “yaşıl enerji”nin təchizatçısına çevrilmək planlarının tərkib hissə kimi diqqət çəkib. Bu dəhlizlə 4 QVt həcmində “yaşıl enerji”nin ixracı məqsədilə dənizdə sektorlar müəyyənləşdirilib, quruda ərazilər ayrılıb və növbəti proseslərə start verilib. Respublikamızın “yaşıl enerji” tərəfdaşlığı ilə bağlı sözügedən məqsədin reallaşdırılması üçün bərpaolunan mənbələrdən enerji istehsalı, bu enerjinin ötürülməsi və satışı istiqamətlərində sıx koordinasiya olunmuş fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.
Emin BAĞIROV,
iqtisadi şərhçi
Vaşinqtonda Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil olunmuş 8-ci Trans-Xəzər Forumunda iştirak edən Avropa Komissiyası Beynəlxalq Tərəfdaşlıq üzrə Baş direktoru Henrik Hololeyinin sözlərinə görə, son bir ildə Orta Dəhlizlə bağlı əhəmiyyətli inkişafın şahidi olmaqdan məmnun olduğunu bildirib: “Bu dəhliz, həqiqətən, yeni İpək yolu olmaq istiqamətində inkişaf edir. Mərkəzi Asiya və Avropa arasında çox vacib körpü rolunu oynayır. Təbii ki, Azərbaycan bu layihənin mərkəzindədir. Belə ki, Xəzər dənizinin şərq tərəfindən gələn bütün yollar Azərbaycandan keçməlidir. Burada Ələt limanının, Bakı–Tbilisi–Qars dəmiryol xəttinin həcmi xüsusi rol oynayır”.
Avropa Komissiyası rəsmisi isə bildirib ki, bu layihə 10-dan çox ölkəni, o cümlədən Avropa ölkələrini və Ukraynanı bir araya gətirir: “Həmçinin Orta Dəhliz kimi tanınan bu layihə siyasi gündəlikdə əhəmiyyətli yerə malikdir. Bu istiqamətdə bir çox işlər görülüb və görülməkdə davam edir. Aİ bu xəttin Avropa ilə Asiya arasında müasir, davamlı, sərfəli və səmərəli bağlantı olması üçün tərəflərlə işləməyə davam edir”.
Güründüyü kimi, çıxışlarda Orta Dəhlizin inkişafında Azərbaycanın rolu yüksək qiymətləndirilir, eyni zamanda, bu istiqamətdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı–Tbilisi–Qars dəmiryol xəttinin (BTQ) önəmi diqqətə çatdırılır.
Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2015-ci ildə Bakı Limanının bazasında qurulub. Yük, neft və bərə terminallarından ibarət infrastrukturun nizamnamə kapitalı 16 min manat olub. 2018-ci il mayın 14-dən etibarən isə Prezident İlham Əliyevin iştirakı ilə açılışı reallaşan yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon tona, o cümlədən 100 min TEU konteynerə çatdırılıb. İkinci fazanın yekunlaşdırılmasından sonra isə limandan ildə 25 milyon tona qədər yükün aşırılacağı, 500 min TEU konteynerin keçə biləcəyi planlaşdırılıb.
Prezident İlham Əliyev müsahibələrinin birində Azərbaycanın son 10 il ərzində Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etdiyini bildirib. Dövlətimizin başçısı daha sonra hazırda ölkəmizin regionun əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini, bütün yol infrastrukturu kimi, Bakı Limanının da imkanlarının genişləndirilməsi zərurətinin yarandığını diqqətə çatdırıb.
“Şərq–Qərb” və “Şimal–Cənub” beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və “yaşıl həllər” tətbiq olunduğu limanın yükaşırma həcmi hər il artır. Eyni zamanda, dünyada formalaşan yeni reallıqlar fonunda tranzit dövlət kimi Azərbaycana getdikcə böyük tələb formalaşır və bu amil də ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanına yüklərin cəlbini çoxaldır.
Orta Dəhlizin inkişafında BTQ dəmiryol xəttinin oynadığı rola gəldikdə isə qeyd edə bilərik ki, bu infrastruktur region ölkələrinin ticarət əlaqələrinin artırılmasında, yükdaşımalarda vaxta və vəsaitə qənaət olunmasında mühüm əhəmiyyətə malikdir. BTQ dəmiryolu vasitəsilə yükdaşımaların artması Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin cəlbediciliyinin və rəqabətqabiliyyətliliyinin də güclənməsinə müsbət təsir göstərir.
Beləliklə, Vaşinqtonda keçirilən 8-ci Trans-Xəzər Forumunda Orta Dəhlizlə bağlı səsləndirilən fikirlərdən belə qənaət hasil olunur ki, ABŞ bu infrastrukturun inkişafına böyük maraq göstərir. Birləşmiş Ştatların Xəzər regionu ilə ticarət dövriyyəsinin son iki ildə 40 milyard dollar təşkil etməsi də Orta Dəhlizin əhəmiyyətini sübuta yetirir.
Vaqif BAYRAMOV
XQ