Dünya Bankı sualtı kabelin çəkilişinə 35 milyon dollar ayırıb
Qara dənizin dibi ilə yaradılacaq “yaşıl dəhliz” layihəsi öz aktuallığını getdikcə artırır. Layihəyə beynəlxalq maliyyə dəstəyinin gücləndirilməsi də məhz bundan qaynaqlanır. Bugünlərdə Dünya Bankının İcraçı Direktorlar Şurası elektrik enerjisi və bərpaolunan enerji mənbələri proqramı (ESPIRE) vasitəsilə enerji təhlükəsizliyinin gücləndirilməsi üzrə proqramın birinci mərhələsinin maliyyələşdirilməsi üçün 35 milyon ABŞ dolları məbləğində krediti təsdiqləyib. Bu barədə Dünya Bankı məlumat yayıb.
Xatırladaq ki, ESPIRE proqramı Qara dəniz sualtı kabel layihəsinin inkişafı üçün Gürcüstanın institusional imkanlarının yaxşılaşdırılması, yerli elektrik ötürmə sistemininin möhkəmləndirilməsi, eləcə də Cənubi Qafqaz və Cənub-Şərqi Avropa arasında birbaşa enerji əlaqəsinin qurulmasını hədəfləyən 500 milyon ABŞ dolları dəyərində potensial maliyyələşdirmə paketi ilə birlikdə üç mərhələdən ibarətdir. Sözügedən proqram təyinat nöqtələri Gürcüstan və Rumıniyada olmaqla Qara dəniz boyunca paralel sualtı kabel elektrik ötürmə xətləri və fiber optik kabelin çəkilməsini hədəfləyən Qara dəniz sualtı kabel layihəsinin (BSSC) hazırlığının növbəti mərhələlərini dəstəkləmək üçün nəzərdə tutulub.
Yeri gəlmişkən, dünyada ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçidin sürətləndirilməsi ilə əlaqədar neft, qaz və ya kömür kimi təbii sərvətlərlə zəngin ölkələr belə, enerji siyasətində müəyyən dəyişikliklərə başlayıblar. Bunun nəticəsidir ki, hazırda dünyada enerji istehlakının 20 faizə yaxını bərpaolunan enerji mənbələrinin payına düşür. Hətta bir sıra ölkələr 2035-2050-ci ilə qədər mədən yanacaqlarından tamamilə imtina etməyi və “yaşıl enerji”dən istifadəyə keçməyi planlaşdırırlar.
Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” məkanına çevrilməsi ölkəmizin enerji siyasətində prioritetdir. Təsadüfi deyil ki, hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsalında iri su elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələrinin payı 17 faizi ötüb. 2023-cü ildə ölkəmizin su elektrik stansiyalarında 1 milyard 757,2 milyon-kilovat-saat, külək elektrik stansiyalarında 15,5 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 13,4 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 62 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Heç şübhəsiz, ölkəmizin bərpaolunan enerji mənbələrinin hərəkətə gətirilməsi istiqamətində həyata keçirilən layihələr yaxın illərdə bu sahədə əhəmiyyətli artıma səbəb olacaq.
Düz bir ay əvvəl, aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda Prezident İlham Əliyev ölkəmizdə bu sahədə görülən işlərlə bağlı iştirakçılara məlumat verib. Artıq xarici investorlar tərəfindən “yaşıl enerji” layihələrinə investisiya yönəldilməsinə başlandığını vurğuylayan dövlət başçısı ötən ilin oktyabrında 240 meqavat gücündə ilk günəş elektrik stansiyasının istismara verildiyini, bu il isə əlavə dörd günəş və külək elektrik enerjisi stansiyasının təməlinin qoyulacağını diqqətə çatdırıb. Bu, həm də Azərbaycanın “yaşıl enerji” ixracatçısına çevrilməsinə imkan yaradacaq.
Elə Prezident İlham Əliyevin yeni enerji siyasətinin əsas istiqamətlərindən biri də məhz Azərbaycanın Avropanın dekarbonizasiyasında fəal iştirakını təmin etməkdən ibarətdir. Bununla ölkəmiz, həm də Avropaya yeni enerji körpüsü salmaqla “köhnə qitə”nin mühüm elektrik enerjisi, əsasən də, “yaşıl enerji” təchizatçısına çevrilməyi hədəfləyir. Bunun isə yaxın illərdə reallaşacağı şübhəsizdir. Çünki bu istiqamətdə artıq ilk ciddi addımların atılmasına başlanılıb. Məlum olduğu kimi, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Əldə edilən razılaşma çərçivəsində Qara dəniz enerji sualtı elektrik kabelinin tikintisi nəzərdə tutulur. Həmin kabel Azərbaycanda hasil edilən “yaşıl” elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Macarıstana və Avropanın qalan hissəsinə çatdırmaq üçün Rumıniyaya tədarük edəcək. Sözügedən saziş Azərbaycanın “yaşıl enerji”sinin Avropaya çatdırılmasını nəzərdə tutur.
Qeyd edək ki, həmin sənədə əsasən, Qara dənizin dibi ilə 4 qiqavat gücündə və 1195 kilometr uzunluğunda elektrik enerjisi kabeli çəkiləcək. Bu da ölkəmizdə istehsal olunan “yaşıl enerji”ni Avropaya ixracına imkan yaradacaq. Beləliklə də, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyini daha dolğun və əhatəli şəkildə təmin edilməsində yaxından iştirak edəcək. Məlum olduğu kimi, Xəzər dənizindən Qara dənizə, oradan da Avropaya doğru gedən “yaşıl kabel” layihəsinin texniki-iqtisadi əsaslandırılması artıq sonuncu mərhələyə qədəm qoyub. Texniki-iqtisadi əsaslandırma hazır olan kimi işlərə başlanacaq.
Yaxın illərdə isə “yaşıl enerji” dəhlizinin coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur. Bunun üçün isə real imkanlar mövcuddur. Məlum olduğu kimi, Xəzərin o tayı zəngin bərpaolunan enerji resurslarına malikdir. “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda bu məsələyə toxunan Prezident İlham Əliyev artıq praktiki cəhətdən Qara dəniz sualtı kabelinin Mərkəzi Asiyaya qoşulması imkanının da müzakirə edildiyini vurğulayaraq deyib: “Biz layihəni genişləndiririk. Çünki layihə Qara dəniz kabel xətti kimi, yəni, Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinədək uzanan layihə kimi başlamışdır. Biz layihəni Xəzər dənizinə qədər genişləndirdik və indi biz onu daha da, Xəzərin şərq sahilinə – Qazaxıstana qədər genişləndiririk.
Mirbağır YAQUBZADƏ
XQ