Böyük Britaniyanın Kosmik Agentliyi (UKSA) 2026-cı ilin aprelindən ləğv ediləcək.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hökumət bununla inzibati xərcləri azaltmağı, təkrarlanan funksiyaları aradan qaldırmağı və nazirlik nəzarətini gücləndirməyi hədəfləyir. Agentliyin funksiyaları Elm, İnnovasiya və Texnologiya Departamentinə (DSIT) veriləcək.
Böyük Britaniya Açıq Universitetindən kosmos üzrə mütəxəssis Dr. Simeon Barber bildirib ki, UKSA-nın ləğvi qısa müddətdə bu sahədə qarışıqlıq yaradacaq, uzunmüddətli perspektivdə isə ölkənin beynəlxalq rəqiblərinə uduzmasına səbəb ola bilər. O vurğulayıb ki, dünyanın əksər ölkələri milli kosmik agentliklərini gücləndirdiyi bir vaxtda Britaniyanın öz agentliyini ləğv etməsi geri addım təsiri bağışlayır.
2010-cu ildə yaradılan UKSA ölkənin kosmik strategiyasını hazırlamaq, tədqiqat və kommersiya fəaliyyətlərini əlaqələndirmək, həmçinin beynəlxalq tərəfdaşlarla əməkdaşlığı təmin etmək missiyasını daşıyır. Agentliyin fəaliyyəti dövründə Britaniya kosmik astronavtı Tim Pik Beynəlxalq Kosmik Stansiyaya göndərilib, Şotlandiyada kiçik peyklərin və digər yüklərin buraxılış imkanları inkişaf etdirilib.
Hazırda Böyük Britaniyanın kosmik sektoru illik təxminən 18,6 milyard funt sterlinq gəlir gətirir və 55 min nəfəri məşğulluqla təmin edir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London