Sadə sivilcə həyati təhlükəyə çevrildi: “Ölüm üçbucağı” xəbərdarlığı

post-img

ABŞ-da yaşayan üç uşaq anası Liş Mari üzündə çıxan sadə bir sivilcəni sıxdıqdan sonra təcili yardım şöbəsinə aparılıb. İlk baxışdan adi dəri problemi kimi görünən bu hadisə tibbdə “ölüm üçbucağı” adlanan təhlükəli bölgəni yenidən gündəmə gətirib.

Burun və ağız ətrafını əhatə edən bu sahədəki hər hansı müdaxilə ciddi fəsadlara yol aça bilər. Liş Mari də bunu şəxsi təcrübəsində yaşayıb. O, sosial şəbəkə hesabında paylaşdığı videoda burnunun altında çıxan sivilcəni sıxdıqdan sonra üzünün sürətlə şişdiyini, cəmi bir neçə saat içində gülməyə çalışanda üzünün yalnız bir tərəfinin hərəkət etdiyini bildirib.

Təcili tibbi yardıma müraciət edən Liş Mariyə antibiotik və steroid tərkibli dörd fərqli dərman təyin olunub. Həkimlər üzünün sağ tərəfində yaranan ağır infeksiyanı nəzarət altına almaq üçün dərhal müdaxilə etmək məcburiyyətində qalıb. Bir neçə gün ərzində vəziyyəti düzələn qadın bu təcrübədən ciddi dərs çıxarıb: “Həqiqətən ölümün astanasında olduğumu hiss etdim. Şanslı idim.”

Dermatoloqlar uzun müddətdir ki, “ölüm üçbucağı” anlayışına diqqət çəkirlər. Bu bölgə burun kökü ilə ağız kənarları arasında yerləşir və buradakı damarlar birbaşa beynin dərinliklərindəki “kavernoz sinus” adlanan damar şəbəkəsinə bağlıdır. Bu səbəbdən yaranan hər bir infeksiya sürətlə beyinə yayılaraq həyati təhlükə yarada bilər.

Nyu-Yorklu dermatoloq Mark Strom sosial şəbəkədə etdiyi açıqlamada “Üzün ortasında çıxan sivilcələri sıxmaq xüsusilə risklidir. Bakteriyalar açıq yaradan qan dövranına qarışaraq beyinə qədər yayıla bilər”,- deyərək xəbərdarlıq edib. Bu cür infeksiyalar iflic, görmə itkisi, insult və hətta ölüm kimi ağır nəticələrə səbəb ola bilər.

Liş Marinin hekayəsi sosial şəbəkələrdə böyük rezonans doğurub. Bir çox istifadəçi öz oxşar təcrübələrini bölüşüblər. TikTok istifadəçisi Hope 2023-cü ildə keçirdiyi stafilokok infeksiyasının doğum ağrısından da şiddətli olduğunu və üzündə qalıcı çapıq qoyduğunu yazıb. Şərhlərdə başqa istifadəçilər də uşaqlarının oxşar səbəbdən xəstəxanaya yerləşdirildiyini qeyd ediblər.

Dermatoloq Mamina Turegano isə sivilcələrlə mübarizənin daha təhlükəsiz yolları olduğunu vurğulayır. Onun sözlərinə görə, sivilcəni partlatmaq zəruridirsə, əllər və nahiyə alkoqolla sterilizə edilməlidir. Turegano kiçik diabet iynəsi ilə diqqətlə deşmənin toxumaya daha az zərər verdiyini, lakin güc tətbiq edərək sıxmağın infeksiyanı yayaraq çapıqlara səbəb ola biləcəyini bildirir.

Bununla belə, dermatoloqlar “ölüm üçbucağı” bölgəsindəki heç bir sivilcəyə toxunmamağın ən doğru qərar olduğu qənaətindədirlər. Turegano bu barədə açıq şəkildə xəbərdarlıq edir: “Bu bölgədə əsla özünüz müdaxilə etməyin. Yalnız yerli müalicə tətbiq edin və ya dermatoloqa müraciət edin.”

S.ELAY

XQ

Sosial həyat