Paşinyan bu “nifaq yuvası”nın davakarlığına sədd çəkməyi düşünür
Ermənistanda bir aydan çoxdur ki, yüksək olan siyasi hərarət son günlərdə nisbətən aşağı düşüb, lakin həyat əvvəlki axarına tam qayıtmayıb. Daha doğrusu, radikal müxalifət siyasi münasibətlərdə mülayimliyin yaranmasına, gərginliyin aradan qalxmasına heç cür imkan vermir. Ölkə əhalisinin mütləq əksəriyyətinin revanşistlərin çağırışını rədd etməsinə, gündəlik iş-gücü, qayğıları ilə əlləşməsinə baxmayaraq, radikallar yenidən mitinq təyin ediblər. Mayın 26-da, saat 16:00-da Respublika meydanında keçirilməsi nəzərdə tutulan mitinqin bir çox məsələlərə aydınlıq gətirəcəyi gözlənilir. Həmin gün radikal müxalifətin ya siyasi avantüranı bundan sonra da davam etdirəcəyi, ya da birdəfəlik fiaskoya uğrayacağı məlum olacaq.
Hələlik yolların bağlanması və nəqliyyat vasitələrinin hərəkətinin dayandırılması ilə müşahidə olunan itaətsizlik tədbirlərinə fasilə verilib. Lakin “Vətən naminə Tavuş” hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan siyasi qüvvələrin nümayəndələri, mədəniyyət xadimləri, hüquqşünaslar və ehtiyatda olan hərbi qulluqçularla məsləhətləşmələr aparır, gələcək planlarını müzakirə edir. O, mayın 23-də bir qrup iqtisadçı və təhsil sahəsinin nümayəndəsi ilə görüşüb. Görüşlər barədə Baqrat hər axşam İrəvanın mərkəzində yerləşən Müqəddəs Anna kilsəsinin həyətində tərəfdarlarına məlumat verir. Keçirdiyi məsləhətləşmələrdən sonra, “srbazan” elan edib ki, mayın 26-na “böyük mitinq” planlaşdırılıb. Mitinqdə “mübarizənin yol xəritəsi” təqdim ediləcək.
Bu arada “Hraparak” qəzeti müxalif siyasi qüvvələr arasında B.Qalstanyanın baş nazirliyə namizədliyinin irəli sürülməsi ilə bağlı razılaşma əldə edildiyinə dair məlumat yayıb. Nəşr bildirib ki, guya, Baqratın özü ehtimal edilən hakimiyyət dəyişikliyində müvəqqəti də olsa, baş nazir olmaq və gələcək seçkilərdə namizədliyini irəli sürmək istəmir: “Qalstanyanın namizədliyi ilə bağlı siyasi qüvvələrin əldə etdikləri konsensusa qədər həm siyasi sferadan, həm də dini kəsimdən bir sıra şəxslər müzakirə edilib. Bu zaman xüsusilə, sabiq ombudsman Arman Tatoyanın, üçüncü ordu korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovun, eləcə də erməni apostol kilsəsinin Şirak yeparxiyasının rəhbəri Mikaеl Acapaxyanın və digərlərinin adları çəkilsə də, müzakirələr zamanı heç bir namizədlə bağlı konsensus əldə olunmayıb. Məlum olub ki, təkcə Tavuş yeparxiyasının rəhbəri ilə bağlı fikir ayrılığı yoxdur. Buna görə də onun namizədliyi ilə razılıq əldə edilib”.
Hakimiyyətdə olduğu dövrdə Ermənistanda çox cinayətlər törətmiş, Qarabağdakı separatizm hərəkatının və Xocalı soyqırımının fəal iştirakçısı, əli dinc azərbaycanlılarla yanaşı, erməni xalqının da qanına batmış (2008-ci il martın 1-dən 2-nə keçən gecə İrəvanda müxalifətin kütləvi etiraz aksiyasının dağıdılması nəticəsində az 10 nəfər həlak olmuş, 230-dan çox insan yaralanmışdır–S.H.) Serj Sarkisyan da bugünlərdə zühur edib. Törətdiyi əməllərə görə ədalət mühakiməsinə cəlb edilən Sarkisyanı jurnalistlər məhkəmə binası önündə, necə deyərlər, yaxalayıblar. O, “Vətən naminə Tavuş” hərəkatının geniş vüsət aldığını və bütün imkanlardan ağılla istifadə olunarsa, uğur qazanacağını bildirib.
Sarkisyan Qalstanyanın baş nazir postuna namizədliyini dəstəkləyib-dəstəkləmədikləri barədə suala cavab olaraq deyib: “Mən bu məsələ ilə bağlı yenidən fikir bildirmək istəmirəm. Biz öz mövqeyimizi “Respublika” partiyasının icra orqanının yaydığı bəyanatda açıqlamışıq. Eyni zamanda, bizim mövqeyimiz dəfələrlə partiyadaşlarımız tərəfindən səsləndirilib. Biz arxiyepiskop Baqrat Qalstanyanın baş nazir postuna təklif etdiyi şəxsin namizədliyini dəstəkləyəcəyik”.
Sabiq prezident keşişin başçılıq etdiyi hərəkatı tam dəstəklədiklərini də bildirib. Ancaq onun açıqlamasının sonrakı hissəsindən belə məlum olur ki, bu, sözdə dəstəkdir. Jurnalistlərin mayın 26-da keçiriləcək aksiyada çıxış edib-etməyəcəyinə dair sualına cavabında Sarkisyan bildirib: “Tribunaya çıxmağa nə arzum var, nə də həvəsim, amma buna ehtiyac olsa... Bu hərəkatın uğur qazanması və hakimiyyət dəyişikliyinin baş verməsi üçün hər şeyə hazırıq”.
Olduqca hiyləgər şəxs kimi xarakterizə olunan Sarkisyan yenə də biclik işlədib. Serj hazırkı hakimiyyət nümayəndələrinin Baqratın hərəkatı vasitəsilə Qarabağ klanının geri qayıtmağa çalışdığına dair açıqlamalarını bu sözlərlə inkar etməyə çalışıb: “Onlar əvvəlki hakimiyyətin geri dönməsindən qorxurlar – qoy xaç çevirsinlər, qorxularına qalib gəlsinlər, soyuq su içsinlər, nə istəyirlərsə, etsinlər, amma bizim geri qayıtmaq arzumuz yoxdur. Dəfələrlə bəyan etmişik ki, bizim heç bir gözləntimiz yoxdur, bizə hakimiyyət lazım deyil. Biz, sadəcə, hakimiyyət dəyişikliyi ideyasını dəstəkləyirik”.
Hayastanda fəaliyyət göstərən “Məlumatlı vətəndaşlar ittifaqı” adlı qeyri-hökumət təşkilatının rəhbəri Daniel İoannisyan isə S.Sarkisyanın Ermənistan–Azərbaycan şərti sərhədində münaqişəli vəziyyətin davam etməsini istədiyini bildirib. Onun sözlərinə görə, Sarkisyan Ermənistanın Rusiyadan asılı vəziyyətdə qalmasında da maraqlıdır: “Sual yaranır ki, Serj Sarkisyan, bəzi keçmiş diplomatlar və çevrələri niyə sərhədlərin demarkasiyası ilə bağlı qeyri-müəyyənliyin tərəfdarıdırlar? Cavab sadədir: Onlar Ermənistanın əbədi münaqişə vəziyyətində və Rusiyadan asılı vəziyyətdə qalması, dövlət sərhədinin olmaması, həmişə hücum təhlükəsi ilə üzləşməsi üçün bunu istəyirlər. İstəyirlər ki, İrəvan və Bakı öz məsələlərinin həllində həmişə xarici “xilaskarlar”ın vasitəçiliyinə ehtiyac duysunlar. Eyni zamanda, onlar iqtidarın “yanlış addımlar”ından istifadə edərək hakimiyyəti ələ keçirmək arzusundadırlar”.
Siyasi icmalçı David Stepanyan hesab edir ki, keşişin arxasında Ermənistanın keçmiş rusiyapərəst liderləri dayanır. Onun mübarizəyə qatılmasının səbəbi isə sərhədin delimitasiya və demarkasiyası ilə bağlı deyil: “Qalstanyan yolla hərəkət edərkən jurnalistlərə deyirdi ki, siyasi tələbləri yoxdur. Respublika meydanına çatandan sonra, baxıb gördü ki, meydana 31 min adam yığılıb. O, belə olan təqdirdə Paşinyanın istefasını tələb etmək qərarına gəldi və ultimatum irəli sürdü. Mən hesab edirəm ki, burada ciddi siyasi məqsədlər gizlənir”. Politoloqun sözlərinə görə, arxiyepiskopun və onu əhatə edən siyasi qüvvələrin məqsədi Ermənistanda Rusiyanın təsirini bərpa etməkdir.
Hakimiyyət isə ölkədəki son etiraz aksiyalarında xüsusi canfəşanlıq edən kilsə ilə bağlı müəyyən addımlar atmağı düşünür. Hər halda Nikol Paşinyanın parlamentdəki son açıqlamasından gəlinən qənaət budur. Baş nazir kilsənin Ermənistanda ictimai fikrə ən böyük təsir agenti olduğunu və bunun aradan qaldırılacağını deyib. Nikol vurğulayıb ki, yaxın iki-üç ay ərzində kilsənin ictimai rəyə təsirlərinin aradan qaldırılması üçün qətiyyətli tədbirlər görüləcək: “Ermənistanda tarix boyu din xadimləri gedib xaricdəki dini mərkəzlərdə təhsil alıb, qayıtdıqdan sonra isə agentlərə çevriliblər. Görünən odur ki, həmin ənənə indi də dəyişməyib. Lakin biz yaranmış problemi iki-üç ay ərzində həll edəcəyik”.
Dünən parlamentdə keçirilən brifinqdə çıxış edən hakim “Mülki müqavilə” fraksiyasının katibi Artur Ovannisyan bildirib ki, kilsənin vergiyə cəlb edilməsi məsələsi bu yaxınlarda nəzərdən keçirilməyə başlanmayıb. “Ümumiyyətlə, biz uzun müddətdir ki, bütün qaranlıq fondların kölgədən çıxarılması məsələsini müzakirə edirik” – deyən Ovannisyan əlavə edib ki, düzdür, erməni apostol kilsəsinin xüsusi mövqeyi var, lakin Ermənistandakı demokratik dəyişiklikləri nəzərə alsaq, o da kölgədən çıxmalıdır.
Qeyd edib ki, xristianlıq son nəticədə oğurluğun, korrupsiyanın, kölgənin olmamasından ibarətdir. Kilsə də bu məntiqi rəhbər tutmalı və bunun nəticəsində korrupsiya təzahürlərinin baş verə biləcəyi vəziyyət yaratmamalıdır.
“Mülki müqavilə”nin deputatı Arusyak Culakyan əlavə edib ki, dövriyyənin hamı tərəfindən görünməsi dövlət üçün vacibdir. Ancaq kilsə dövlət və xalq üçün şəffaf olmağa hazır deyil.
Göründüyü kimi, Paşinyan iqtidarı atdığı ardıcıl addımlarla müxalifət təmsilçilərini fakt qarşısında qoyub, onların arqumentlərini əllərindən alıb. Getdikcə hayların daha böyük hissəsi müxalifətin gerçək məqsədinin nə olduğunu anlamağa başlayıb. Onlar başa düşürlər ki, radikal müxalifətin hakimiyyətə qayıdışı üzləşdikləri problemləri nəinki həll edəcək, əksinə, onu birə-beş artıracaq. Eyni zamanda, hiss olunur ki, Paşinyanın hayları, necə deyərlər, ayıltmaq istiqamətində səyləri nəticə verir. Baş nazirin “tarixi” və müasir Ermənistan mövzusunda fikirləri getdikcə daha çox insan tərəfindən qəbul edilir.
Ermənistandakı proseslərin gələcəyi ilə bağlı fikirlərini bölüşən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov “XQ”yə bildirdi ki, proses artıq yekunlaşmağa doğru gedir və Paşinyanın radikalları məğlub etdiyini demək mümkündür. O, öz fikirlərini bununla əsaslandırdı ki, proses nəinki genişlənmədi, əksinə zəifləyən xətt üzrə getdi: “Digər tərəfdən şərti sərhədin Qazax rayonu ilə Tavuş vilayəti istiqamətində demarkasiya işləri artıq yekunlaşıb. Radikallar bunun qarşısını ala bilmədilər. Onların uğursuzluğa düçar olacaqları əvvəldən məlum idi. Çünki hakimiyyəti devirmək üçün böyük etirazçı qüvvəyə ehtiyac var idi. Söhbət yüz mindən çox insandan gedir. Onlar dövlət qurumlarının işini iflic vəziyyətə salır və hakimiyyət də gec-tez belə böyük qüvvə ilə hesablaşmağa məcbur olur”.
F.Məmmədov qeyd etdi ki, radikal müxalifət Paşinyanın 6 il öncə etdiyini təkrarlamaq istədi, amma buna nail ola bilmədi: “Paşinyan hakimiyyətə gəldiyi vaxt Sarkisyanın partiyası parlamentdə çoxluqda idi. Amma həmin çoxluq Paşinyanı baş nazir seçmək məcburiyyətində qaldı. Paşinyan onları buna meydandan məcbur etdi. Nikol yalnız 6 aydan sonra – 2018-ci ilin dekabrında seçki nəticəsində parlamentdə çoxluq əldə etdi. Altı ay ərzində isə Paşinyan Sarkisyan tərəfdarlarının çoxluq təşkil etdikləri parlamentdə deputatları qorxudaraq istədiyi qərarı qəbul etdirirdi. Çünki onun bir sözü ilə arxasında dayanan 100 min nəfərlik qüvvə küçələrə çıxardı”.
Mərkəz rəhbəri qeyd etdi ki, Baqratın hərəkatı zamanı isə bu böyüklükdə qüvvə İrəvan küçələrində gözə dəyməyib. Yalnız bir dəfə – mayın 9-da 25–30 min nəfər paytaxtın mərkəzi meydanına toplaşıb. Sonrakı günlərdə isə bu sayda əhalini bir yerə yığmaq mümkün olmayıb. Bu səbəbdən heç katolikos özü də bununla bağlı rəsmi şəkildə bəyanatlar verməyib. Aksiyalar kilsə tərəfindən Tavuş yeparxiyası rəhbərinin şəxsi təşəbbüsü kimi qələmə verilib. Politoloq düşünür ki, proses yaxın vaxtlarda səngiyəcək.
Səxavət HƏMİD
XQ