Fransa əkdiyi haqsızlığı biçir

post-img

Özünü demokratik dəyərlərin vətəni, qədim sivilizasiyanın davamçısı hesab edən Fransanın sıravi vətəndaşları son illərdə qorxu və hürkü içində yaşayırlar. Çünki orada elementar insan hüquqları addımbaşı tapdanır. Bu gün “qoca qitə”nin ən “mədəni ölkəsi”ndə qeyri–fransızların, xüsusilə də müsəlmanların öz dini ayinlərini icra etmələri üçün lazımi şəraitin yaradılmaması bir yana, bir çox hallarda onlara qarşı yasaqlar tətbiq olunur. İslamofobiya, türkəfobiya Fransa prezidenti Emmanuel Makronun təfəkküründə, düşüncəsində özünə möhkəm yer eləyib. Rəsmi Parisin Azərbaycana qarşı qərəzli yanaşmasının kökündə də Fransada geniş yayılmış islamofobiya xəstəliyi dayanır.

“Fransa Avropa qitəsinin ən təhlükəli ölkələri arasında birinci yerdədir”. Belə bir hesabatı Fransanın “Ədliyyə İnstitutu” beyin mərkəzinin direktoru Pyer-Mari Sev təqdim edib. Mərkəzin məlumatına əsasən, bu gün Fransada cinayət indeksi 55,3 faiz təşkil edir. “Bir ölkənin reytinqi nə qədər yüksəkdirsə, sakinləri onu bir o qədər təhlükəli hesab edir­lər. Bu, ölkənin təhlükəsizliyi və xüsusən də sakinlərin öz ölkələrində təhlükəsizliyi necə qəbul etdikləri barədə dolğun təsəvvür yara­dır”, – deyə direktor bildirib.

* * * 

Fransa XXI əsrdə də işğalçılıq azarından qurtula bilmir, özünün “qara qitə”dəki im­periya siyasətinə “demokratiya donu” geyin­dirməyə çalışır. Öz evində rahatlıq və sabitlik yarada bilməyən, vətəndaşının təhlükəsizli­yini təmin edə bilməyən Makron indi gedib Yeni Kaledoniyada aranı qarışdırmaqla məş­ğuldur. Arxipelaqa göndərəcəyi hüquq-mü­hafizə orqanları əməkdaşlarının sayının 3 minə çatdırılacağını “müjdələyən” Fransa prezidenti onların lazım olduğu qədər Yeni Kaledoniyada qalacağını bəyan edib. Dünən arxipelaqa səfəri zamanı Emmanuel Makron rəsmi Parisin Yeni Kaledoniyada prioritetinin “qayda-qanunları bərpa etmək” olduğunu bil­dirib. Qeyd edək ki, hazırda bu adada fövqə­ladə vəziyyət rejimi hökm sürür. Makron yerli ictimai-siyasi xadimlərin barrikadaların götürülməsinə çağıracaqları təqdirdə fövqə­ladə vəziyyətin müddətinin uzadılmayacağı­nı vəd edib.

“Le Monde” qəzeti xəbər verir ki, E.Makron Fransa Ali Komissarlığının Yeni Ka­ledoniyadakı ofisini ziyarət edərkən arxipe­laqa göndərilən legionun “hətta Olimpiya və Paralimpiya Oyunları zamanı da orada qala biləcəyini” vurğulayıb.

Təkcə daxilində deyil, həm də xaric üçün təhlükə ocağına çevrilən Fransanın bəzi mət­buat orqanlarında zaman-zaman Türkiyə ilə bağlı qərəzli yanaşmaların, feyk xəbərlərin şahidi oluruq. Özünün anti-türk, anti-müsəl­man mövqeyi ilə seçilən “Charlie Hebdo” jurnalı keçən ilin fevralında qardaş ölkədə baş vermiş dəhşətli zəlzələnin fəsdadlarını – uçan binaların, çevrilmiş avtomobillərin karikaturasını paylaşmışdı. Fransanın təbii fəlakətə, faciəyə insanlıqdan uzaq yanaşma­sı geniş ictimaiyyətin haqlı olaraq hiddətinə səbəb olmuşdu.

Əslində, bütün bunlar Fransanın müstəm­ləkəçilik siyasətindən, imperialist düşüncə tərzindən irəli gəlir. Rüşeymi 200 il bundan əvvəl qoyulmuş bu düşüncənin daşıyıcıları­nın müəyyən dövrdə “la mission civilisatri­ce” adlandırdıqları ideyası var idi. Həmin ideyanın mahiyyəti odur ki, fransızlar, guya, geridə qalmış xalqlara, tayfalara yeni mədə­niyyət gətirirlər. Yelisey sarayında əyləşən­lər uzun müddət hesab ediblər ki, Afrika və Asiyanın “geridə qalmış” etnik qruplarına “müasir sivilizasiya qaydalarını” aşılamaq Fransanın tarixi missiyasıdır. O, bu məqsədlə getdikləri kənar coğrafiyada həyata keçirdik­ləri işğalçılıq siyasətinin fəsadlarını, əkdiklə­ri zərərli toxumların məhsulunu indi biçməyə məcburdur. Bunun başqa nəticəsi ola da bilməzdi. Onun xaricdə törətdiyi cinayətlə­rin indeksi daxildəkindən qat-qat yüksəkdir. Bəli, indi Parisi qazanına tökdüyünü qaşıqla­maq, əkdiyini biçmək kimi acı aqibət izləyir. O, təhlükəni hər an və hər tərəfdən gözləyir. Amma buna görə təqsirkarı kənarda deyil, öz içində axtarmalıdır. 

İ.HƏSƏNQALA
XQ

Siyasət