Azərbaycan regional əməkdaşlığı uğurla davam etdirir

post-img


Azərbaycanın qonşu ölkələr ilə münasibətlərinin səviyyəsi regional inkişaf və təhlükəsizliyin təmin edilməsi baxımından hər zaman əhəmiyyət kəsb edib. Xüsusilə ilə din, dil və qədim tarixi köklər bu iki xalqın münasibətlərinə həmişə təsir göstərib, bir-birinə sıx bağlayıb. Sürətlə dəyişən geosiyasi mənzərə ölkələr arasında münasibətlərdə qısamüddətli dalğalanmalara səbəb olsa da, əlaqələrin həm strateji, həm də taktiki baxımdan vacibliyi dost və mehriban qonşuluq münasibətlərinin gücləndərilməsinə zərurət yaradıb. “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsini məhz bu prizmadan nəzərdən keçirməklə yanaşı, əlavə etmək olar ki, bu, tarixi hadisə olmaqla bərabər, həm də iki dövlətin münasibətlərində yeni mərhələnin başlanmasına şərait yaradır.

Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. O bildirib ki, Azərbaycan dostluq və mehriban qonşuluq siyasətinə sadiqdir və bu münasibətlər imzalanan rəsmi müqavilələrdə təsbit olunub. Hələ 2002-ci ildə imzalanmış “Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında” müqaviləyə əsasən, iki dövlət arasında sərhədlər dostluq sərhədləri elan olunub və hər iki dövlətin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığına əsaslanır. Bu gün Azərbaycanla qonşuları arasında sərhəd təhlükəsizliyi sahəsində səmərəli əməkdaşlıq mövcuddur. Bütün sahələrdə, xüsusilə enerji, rabitə, nəqliyyat sahəsində sıx əməkdaşlıq müşahidə olunur. Ölkələrimiz arasında əməkdaşlıq üçün möhkəm müqavilə-hüquqi bazası yaradılıb, iqtisadi əlaqələrin mühüm göstəricilərindən biri olan ticarət dövriyyəsi də artır.

Əlbəttə, İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlarda ikitərəfli əlaqələrin daha da gücləndirilməsi üçün münbit şərait yaradır. Bu mənada iki ölkə arasında enerji körpüsünün yaradılması iki ölkənin iqtsadi həyatında tarixi hadisədir. Söhbət “Qız Qalası” və “Xudafərin” hidroqovşağından gedir. Bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır, eyni zamanda, iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir. Xatırladaq ki, Arazın su ehtiyatlarından birgə istifadə sahəsində əlamətdar məqam 2016-cı ilin fevralında imzalanmış sənəd olub. Bu sənəddə ölkəmizin müştərək transsərhəd layihəsini həyata keçirmək üçün müstəsna qanuni hüquqları aydın şəkildə göstərilib, su və enerji resurslarına bərabər hüquqlar elan edilib.  Məlumdur ki, İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Məhsuldar əməkdaşlıqsan sonra mayın 19-da uzun illərdir gözlənilən hidroqovşaqlar istismara verildi. Bu layihələrin reallaşdırılması, əlbəttə ki, dostluğun növbəti təzahürü kimi qiymətləndirilir.

Bakı həmişə həm regional, həm də qlobal layihələrin həyata keçirilməsinin tərəfdarı olub, onların həyata keçirilməsi regionun inkişafına və ölkələr arasında əməkdaşlığa töhfə verib. Azərbaycanın Şimal-Cənub və Qərb-Şərq dəhlizlərinin kəsişməsində yerləşməsi, eləcə də ölkədə lazımi infrastrukturun olması onu digər ölkələr üçün strateji baxımdan cəlbedici edir. Bu baxımdan Azərbaycanın qonşu ölkələr ilə arasında nəqliyyat və tranzit potensialının artırılması sahəsində əməkdaşlıq əsasən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qlobal layihəsinə əsaslanır. Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb.

“Xudafərin” hidroqovşağından 12 kilometr aşağı hissədə yerləşən “Qız Qalası” hidroqovşağının da regional əhəmiyyəti böyükdür. Qız Qalası hidtoqovşağının istifadəyə verilməsi ilə ildə iki milyard kubmetr su iki ölkə tərəfindən istifadə olunacaq. Hər iki ölkənin payı 50 faizdir. Məlumatlara görə, bu hidroqovşağın tutumu 65 milyon kubmetrdir. Mütəxəssislərin hesablamalarına görə, bu layihələr iqtisadi və strateji aspektdən Azərbaycan üçün çox əhəmiyyətlidir. Bu layihələrin reallaşması ölkəmizə elektrik enerjisi istehsalının artılması ilə yanaşı, yeni əkin sahələrinin suvarılması imkanı da yaradacaq. 

Deputat sonda qeyd edib ki,Azərbaycan regional əməkdaşlığı uğurla davam etdirir. Bölgədə nəqliyyat kommunikasiyalarının bərpası regionda həm iqtisadi, həm də siyasi əlaqələrin inkişafına töhfə verəcəyi, həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyi gözlənilir. Bu mənada Azərbaycanın qonşularla hərtərəfli əməkdaşlığı böyük əhəmiyyət kəsb edir.

Siyasət