Almatı təkanı sülh marafonunu finişə çatdıra biləcəkmi?

post-img

Qazaxıstanda keçirilən ikitərəfli görüşdən hamı bu sualın müsbət cavabını gözləyir

Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının dinamikasında əhəmiyyətli dəyişiklik baş verir. Almatı görüşündə Qazaxıstan vasitəçi kimi deyil, təşkilatçı və platforma kimi çıxış edir. Bu pozitiv fakt Bakı ilə İrəvanın ikitərəfli formatda danışıqlara üstünlük verdiyini bir daha təsdiqləyir. 

Hər iki tərəf Prezident Kasım–Jomart Tokayevin ölkəsindən danı­şıqlar platforması kimi istifadə etmək təklifi ilə razılaşıb. Bəs, Almatı sülh danışıqlarının dinamikasında sıçrayış məkanına çevriləcəkmi? İndi bu sualın cavabı təkcə münaqişə tərəfləri üçün deyil, eyni zaman­da, Cənubi Qafqazda maraqlarını güdən kənar aktorlar üçün də ciddi önəm daşıyır.

Qazaxıstana nikbin notlarla 

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 3 aylıq fasilədən sonra Almatıda baş tutacaq görüşü ərəfəsin­də Ermənistan hökuməti ikitərəfli müna­sibətlərin normallaşması kontekstində kifayət qədər nikbin bəyanatlar verdi. Almatı görüşü ilə bağlı ümidverici açıqla­malar baş nazirin, spikerin və xarici işlər nazirinin dilindən səsləndi. Yəni, Ermə­nistan siyasi isteblişmenti hamıya sülhün tezliklə əldə olunacağı barədə mesaj verdi. Bu sırada spiker Alen Simonya­nın bəyanatını ayrıca qeyd etməliyik. O, jurnalistlərin tərəflər arasında əsas fikir ayrılığının nədən ibarət olması ilə bağlı sualını cavablandırarkən dedi ki, İrəvanın Bakı ilə heç bir fikir ayrılığı yoxdur: “Biz nöqtəbənöqtə, addımbaaddım irəli gedi­rik. Yəni biz bu müəyyən suallar doğuran məqamlara çatanda onları müzakirə edi­rik. Bu isə beynəlxalq hüquq və prinsiplər əsasında, ardıcıl şəkildə edilir. İkibaşlı şərhə imkan verməmək üçün, bu, çox vacibdir”. Ardınca Simonyan Azərbay­can–Ermənistan sərhədində delimitasiya prosesinin tez başa çatmasının vacibliyi­ni də vurğulayıb. 

Eyni nikbin notlara köklənmiş açıq­lamanı xarici işlər naziri Ararat Mirzoyan macarıstanlı həmkarı Peter Siyarto ilə İrəvanda keçirdiyi mətbuat konfransında verdi. O, “Almatı danışıqlarının nizam­lanma yolunda irəliyə doğru bir addım olacağına” ümid etdiyini bildirib: “İnanırıq ki, Almatı danışıqlarında Azərbaycanla öhdəliklərimizi müzakirə etmək və onları yazılı şəkildə təsdiqləmək imkanımız ola­caq. Hər iki tərəf öz öhdəliklərinə sadiq qalacaq və işçi qruplar Ermənistan və Azərbaycan üçün vacib məsələlərin de­tallarının müzakirəsini davam etdirəcək­lər”. Kommunikasiyaların qarşılıqlı açıl­ması mövzusuna da toxunan A.Mirzoyan bununla bağlı hələlik ümumi razılığın əldə edilmədiyini, amma Ermənistanın niyyətinin heç bir məhdudiyyət qoyulma­dan ticarət yollarını açmaq olduğunu de­yib: “Mən Ermənistanın sülh gündəliyinə sadiqliyini bir daha təsdiq etmək istə­yirəm. Biz danışıqları konstruktiv və xoş niyyətlə aparırıq. Əminik ki, sülhün əldə olunması, həqiqətən də, hər iki ölkənin və xalqın maraqlarına cavab verir. Almatı danışıqları ilə bağlı ehtiyatlı nikbinliyimi bildirmək istəyirəm”.

Beləliklə, Paşinyan və komandasının bəyanatlarından bu nəticəyə gəlmək olar ki, danışırların indiki mərhələsində İrə­vanın siyasi prioriteti Bakı ilə sülhə nail olmaqdır. Bu baxımdan Prezident İlham Əliyevin cari ilin martında XI Bakı Qlobal Forumunun açılış mərasimində səslən­dirdiyi “Azərbaycan və Ermənistan indi heç vaxt olmadığı qədər sülhə yaxındır” – fikrini xatırlatmağımız da yerinə düşər. 

Xaricdən dəstək, daxildən əyləc 

Sülh danışıqlarının Almatı platforma­sına Qərbdən və okeanın o tayından da təqdiredici reaksiyalar gəldi. ABŞ Dövlət Departamentinin açıqlamasında Alma­tının mühüm, simvolik yer olduğu, Qa­zaxıstanın ikitərəfli görüşə evsahibliyi etmək təklifini isə alqışladıqları bildirilib. Açıqlamada daha sonra deyilir: “Dəfələr­lə qeyd etdiyimiz kimi, biz Ermənistan və Azərbaycan arasında bu günə qədər əldə edilmiş irəliləyişdən məmnunuq və hər iki ölkənin bölgənin rifahı naminə sülh sazi­şinə doğru irəliləməsini dəstəkləyirik”.

Alternativ sülh vasitəçisi rolunda çıxış edən Moskva da Ermənistan və Azər­baycan XİN başçılarının Qazaxıstan görüşünə müsbət yanaşdığını açıqlayıb. “Rusiya Ermənistan və Azərbaycan xa­rici işlər nazirləri arasında mayın 10-da Almatıda keçiriləcək görüşü alqışlayır”. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova iki gün əvvəl brifinqdə deyib. O, həmçinin Moskvanın Ermənis­tanla Azərbaycan arasında münasibətlə­rin normallaşması prosesinə öz töhfəsini verməkdə davam edəcəyini də bildirib. 

Bəli, rəsmi İrəvan Cənubi Qafqazda uzun sürən münaqişəyə son qoymaq üçün konstruktiv danışıqları davam et­dirmək üçün siyasi iradə nümayiş etdirir. Görünən mənzərə belədir. Fəqət onu da qeyd etməyi zəruri sayırıq ki, məhz Alma­tı görüşü ərəfəsində Ermənistanda daxili “siyasi hərarəti” qaldırmağa çalışırlar. Kilsə üstəgəl Qarabağ klanı, bu tandemə dəstək verən “beşinci kolon” artıq açıq mətnlə baş nazir Nikol Paşinyanın iste­fasını tələb edir. Hökumətə yaxın erməni mediasının yazdığına görə, katolikos II Qareginin “xaç ata”lığını etdiyi deyilən etiraz aksiyalarının Avropanın bir sıra şəhərlərində də keçiriləcəyi planlaşdırılır. Almatı görüşünün Ermənistanda daxili si­yasi atmosferin gərginləşdiyi bir məqam­da keçirilməsi ona diqqəti daha da artırır. 

Paşinyan üçün sonuncu “test” 

Bakı yaxın tarixin təcrübəsini də unut­mur. Ermənistan hakimiyyətinin Azərbay­canla sülhə hazır olduğu barədə açıqla­masını torpaqlarımız işğal altında olduğu dönəmdə də çox eşitmişik. O zaman bu qəbildən olan bəyanatların daha çox beynəlxalq ictimaiyyətin gözündən pər­də asmaqdan başqa bir şey olmadığını görmüşük. Bölgədə üç il yarım bundan əvvəl dəyişmiş reallığın fonunda İrəvanın keçmiş taktikasını sağlam mövqedən ya­naşma ilə əvəzlədiyinə inanmaq istərdik. Axı, dediyimiz müddətdə Cənubi Qafqaz­da qüvvələr nisbətinin Azərbaycanın xey­rinə dəyişməsi faktiki olaraq Ermənistana Bakının sülh gündəminə özünə sərfəli əlavələr etmək cəhdlərini, yaxud ikitərəfli formata mane olmaq üçün manevr im­kanlarını sıfıra endirib. Şübhə yoxdur ki, Ermənistanın hazırkı rəhbərliyi bunu çox yaxşı başa düşür.

Ona görə də Nikol Paşinyanın Bakı­nın təklif etdiyi sülh gündəmi ilə razılaş­maqdan başqa yolu yoxdur. Həm də gü­man edirik ki, əvvəlki iqtidarlardan fərqli olaraq, Ermənistan baş naziri Qarabağın “qaytarılması” ilə bağlı heç bir illüziyaya qapılmır və o, bu avantürist ideyanın mə­nasızlığını və təhlükəsini başa düşür.

“Daha irəli gedə bilərik”

Dünən günün ikinci yarısında Azər­baycan və Ermənistan xarici işlər nazir­ləri danışıqlar masasına oturmaq üçün Almatıdakı Dostluq evinə gəliblər. Bu barədə məlumat verən “Sputnik-Qa­zaxıstan” görüş iştirakçılarını ölkənin xarici işlər naziri Murat Nurtleunun qar­şıladığını yazıb. İkitərəfli görüşdən əvvəl açıqlamasında Ermənistanın diqqətinin sülh müqaviləsinin imzalanmasına yönəl­diyini deyən Ararat Mirzoyan “danışıqlar prosesində çox konstruktiv şəkildə iştirak etdiyini” vurğulayıb. Onun sözlərinə görə, 1991-ci il Alma-Ata Bəyannaməsinin prinsiplərinə əməl edən tərəflər Almatıda sadəcə sülh müqaviləsini imzalamaq­la kifayətlənməyəcəklər: “Biz daha irəli gedə və regionda bütün nəqliyyat kom­munikasiyalarını aça bilərik”. 

Görüşdən əvvəl nazirlər mətbuat üçün açıqlama veriblər. Azərbaycan Xa­rici işlər naziri Ceyhun Bayramov üç ay­dan sonra ermənistanlı həmkarı Ararat Mirzoyanla yenidən bir araya gəldiyini, Almatı görüşünün üçüncü tərəfin iştira­kı olmadan baş tutduğunu qeyd edib. İki gün davam edəcək görüşdə nazirlər “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş”in layihəsini müzakirə edəcəklər. Görüşdən əvvəl C.Bayramov deyib ki, Almatıda aparılan danışıqlar Azərbaycan–Ermə­nistan münasibətlərinin normallaşması baxımından çox faydalı olacaq. O, Ermə­nistanla bugünkü danışıqların prosesə töhfə verəcəyinə inandığını ifadə edib.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın görüşdən əvvəlki açıqlaması, onun danışıqlara bu cür inamlı və nik­bin reaksiyası iki ölkə arasında sülhün zirvəsinin məhz Almatıda fəth ediləcə­yinə ümidləri xeyli artırır. Yerli və xarici ekspertlərin əksəriyyəti bu qənaəti pay­laşır ki, Almatı, bir növ, münasibətlərin normallaşmasında müsbət presedent yarada biləcək formatdır. Yəni, tərəflər sülh gündəliyinin müzakirəsini üçüncü ölkədən platforma kimi istifadə etməklə, amma onun iştirakı olmadan aparır. Əgər ikitərəfli dialoqun bundan sonrakı mər­hələsində Qərb, yaxud Rusiya prosesə qoşulmaq istəsə, onlar vasitəçi və işti­rakçı kimi deyil, sadəcə, platforma təklif edən tərəf ola bilərlər. 

Almatıda əsas müzakirə mövzusunun sülh sazişinin mətni üzərində olacağı de­yilirdi. Bugünədək mətnlə bağlı Bakı və İrəvan arasında məktublaşma baş verib. Bu gün davam edəcək danışıqlarda na­zirlər sazişin düzəliş və əlavələrin edildiyi son variantı üzərində işləyəcəklər. Qalır sənədin imzalanması...

Kazbek BEYSEBAYEV, 
qazaxıstanlı siyasi analitik

– Əgər üçüncü tərəf ikitərəfli danı­şıqlarda iştirak edirsə, aydın məsələdir ki, onun da özünün maraqları ola bilər. Bu, heç də təzə bir şey deyil, həmişə belə olub. Amma, bir halda ki, Bakı və İrəvan danışıqları “tet-a-tet”, vasitə­çilərsiz aparmaq qərarına gəliblər, bu, o deməkdir ki, onlar bu prosesdə kə­nar aktorların iştirakında maraqlı de­yillər. Burada sadəcə olaraq onu qeyd emək lazımdır ki, danışıqlardan əvvəl Qazaxıstan Prezidenti Kasım–Jomart Tokayev Azərbaycana və Ermənista­na səfər edib, orada həmkarlarına öz təklifini bildirib və məsləhətləşmələr aparıb. Göründüyü kimi, həmin səfər­lər zamanı hər iki tərəf onun təklifi ilə razılaşıb və sülh danışıqlarının plat­forması kimi Almatını məqbul variant sayıblar.

Burada bir amili də qeyd etmək istərdim ki, həm Kasım–Jomart Toka­yev, həm də İlham Əliyev beynəlxalq səviyyəli diplomatlardır və düzünü desək, bu məsələlərə çox yaxından bələddirlər. İnanıram ki, Almatı uğurlu platformaya çevriləcək və tərəflər sülh sazişinin əsas bəndləri üzrə razılığa gələcəklər. Ona da əminəm ki, çoxları Almatıda, xüsusən də Mərkəzi Asiya­da uğur qazanmaqda maraqlıdır.

Fərid ŞƏFİYEV, 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri

– İmkan var ki, Bakıda keçiriləcək COP29 tədbirinədək sülh sazişinin çərçivə sənədi imzalansın. Azərbay­can və Ermənistanın xarici işlər na­zirləri Qazaxıstanın Almatı şəhərin­də ilk dəfə görüşürlər. Sülh sazişinin mətnində rəsmi İrəvan doqquzuncu dəfədir ki, öz düzəlişlərini edir, istəklə­rini bildirir və Bakıya göndərir. Təbii ki, həmin sənədin dəqiq detalları haqqın­da danışa bilmərəm. Ümumi yanaşma ondan ibarətdir ki, sülh sazişi çərçivə sənədi olsun, əsas prinsiplər orada göstərilsin. Söhbət Bakının təqdim etdiyi beş prinsipdən gedir. Güman edirəm ki, Almatıda danışıqlar həmin beş prinsip üzrə aparılıb. 

Problemlərin hamısı həll olunma­yıb, amma prosesdə müsbət dinamika var. Təbii ki, detallar müzakirə edilir. Əsas üç məsələyə diqqət yetirmək lazımdır. Birincisi, ölkələrin ərazi bü­tövlüyü məsələsidir. Burada problem Ermənistanın konstitusiyası ilə bağ­lıdır. Orada Azərbaycanın Qarabağ bölgəsinə iddia bəndi var. Söhbət 1989-cu ilin dekabrın 1-də qəbul olu­nan qərardan gedir. Digər məsələ deli­mitasiya və demarkasiya, eyni zaman­da, nəqliyyat-kommunikasiya ilə bağlı problemlərdir. Düzdür, delimitasiya və kommunikasiyalar məsələsi ilə bağlı müsbət dinamika müşahidə edilir. He­sab edirəm ki, bu üç məsələ indi tam olmasa da, sülhlə bağlı çərçivə sənə­dində həllini tapacaq.

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

– Bəli, Almatı görüşünün hər iki tərəf üçün bir sıra üstünlükləri var. Danışıqlar dialoq formatında, kənar vasitəçinin, heç bir dövlətin nümayən­dəsinin iştirakı olmadan aparılır. Hət­ta, görüşün təşkilatçısı Qazaxıstan də danışıqlarda tərəf deyil. Yəni, bu, o deməkdir ki, biz artıq vasitəçilərdən doymuşuq və onların iştirakına ehtiya­cımız yoxdur. Digər önəmli məqam isə ondan ibarətdir ki, görüşdən əvvəl Er­mənistan xarici işlər naziri Ararat Mir­zoyan Almatı platforması ilə bağlı nik­bin bəyanatlar verdi. Onu da bildirdi ki, sərhədin delimitasiya və demarkasiya prosesi mütləq irəliləməlidir. 

Başqa bir məsələ kommunikasi­yaların tezliklə açılmasıdır. Burada əsas yük Ermənistanın üzərinə dü­şür. Deyilən məsələlər Azərbaycanın da maraqlarına cavab verir. İndi əsas məsələ odur ki, İrəvan, nəhayət, özün­də iradə tapıb sözdən əmələ keçməli­dir. Çünki Ermənistanın özündə daxili vəziyyət kifayət qədər mürəkkəbdir. Təşkil olunmuş aksiyalar davam edir. Əgər Paşnyan təhlükəsizliyin yaran­masını, sülh sazişinin imzalanmasını, Azərbaycanla münasibətlərin normal­laşmasını istəyirsə konkret addımlar atmalıdır. O, bunu həm daxilə, həm də xaricə yönəlik əməli fəaliyyətində göstərməldir.

İmran BƏDİRXANLI
XQ







Siyasət