“Erməni məsələsi”: “Sadiq təbəələr” necə xəyanətkara çevrildilər?

post-img

Türkiyənin Ərciyes Universiteti Strateji Araşdırmalar Mərkəzinin (ERUSAM) təşkil etdiyi “1915-ci ildə həbs edilən tarix: Son dövrlərdə Türkiyə – Ermənistan əlaqələrinin yenidən qiymətləndirilməsi” adlı konfransda son illər Türkiyə – Ermənistan və Azərbaycan – Ermənistan münasibətlərinin bir sıra mühüm məqamları nəzərdən keçirilib. Konfransa qonaq olaraq dəvət edilən Türkiyə Milli Müdafiə Universiteti Quru Hərb Məktəbinin dekanı, professor İbrahim Ədhəm Atnur məruzə edərək “Erməni məsələsi” ortaya çıxandan günümüzə qədər olan dövrdə problemin kökü və Türkiyəyə qarşı aparılan siyasətin bir çox məqamlarına toxunub. 

Məqsədinin erməni iddiala­rına bir-bir cavab vermək deyil, elmin işığında iştirakçılarla tarixi həqiqətlərdən danışmaq olduğu­nu vurğulayan ermənişünas alim İbrahim Ədhəm Atnur Türkiyə – Ermənistan münasibətlərinin tarixi gerçəklərin işığında və ayrı-ayrı dövrlərdə baş verən olaylar kon­tekstində qiymətləndirilməli oldu­ğunu söyləyib. Türklərin Qafqaza və Kiçik Asiyaya gəlişindən baş­layaraq ermənilər səlcuqlar və Osmanlı dövrlərində “sadiq təbəə” olaraq sülh içində yaşamış, türk­lər sayəsində Roma və Bizans zülmündən xilas olmuşlar. Natiq sonra demişdir: “Bunu ermənilər yaxşı bilirlər və həmin dövrün qaynaqlarına baxsaq, onlar özlə­ri bu gerçəyi elə belə də dəyər­ləndirmişlər”. Dövlətlərin insanlar kimi doğulduğunu, yaşadığını və ortadan qalxdığını vurğulayan pro­fessor Atnur vurğulayıb ki, tarixdə əhəmiyyətli olan dövlətlərin dağıl­ması deyil, millətlərin sağ qalması­dır. Bu baxımdan türklər dünyanın ən şanslı xalqlarından biridir. Çox dövlətlər qurduq, çox dövlətləri da­ğıtdıq, amma millət olaraq qalma­ğa davam edirik”. 

Bəli, reallıq budur ki, Osmanlı dövləti öz içərisində bir çox xalqların da yaşayıb gələcəyə addımlama­sına şərait yaratdı. O xalqlardan biri ermənilərdi. Lakin bu xalq ona tanınan milli haqlardan sui-istifa­də edərək Osmanlı dövlətinin ən ağır zamanlarında Birinci Dünya müharibəsi illərində onu arxadan zərbə vurmağa başladı. Osmanlı bir hüquq dövləti idi. Hüquq çərçi­vəsində bir çox tədbirləri görməyə məcbur idi. 1915-ci ildə savaş böl­gəsindən erməni əhalinin ölkənin başqa bir yerinə köç etdirilməsi də, 24 aprel günü İstanbulda üsyan çıxaran 235 nəfərin həbs edilməsi də dövlətin hüquqi tədbirlərindən biri idi, bu, məcbiri addımı başqa bir məcraya çəkmək və ona qondar­ma “soyqırımı” donu geyindirmək və illərdir belə bir təbliğatı davam etdirmək Ermənistanın və erməni xalqının faciəsidir. 

Konfransda Kayseri millət və­kili Aşkın Gənç, Ərciyəs Universite­tinin ədəbiyyat fakültəsinin dekanı professoru Özen Tok, turizm fa­kültəsinin dekanı, professor Kənan Güllü, ERUSAM Mərkəzinin direk­toru dosent Can Deveci iştirak et­mişlər. 

Konfransın sonunda İbrahim Ədhəm Atnur eksklüziv olaraq XQ müxbirinin suallarını da ca­vablandırdı: 

– Sizin elmi tədqiqatlarınızın çoxu ermənilərin Şərqi Anadolu və Azərbaycanda törətdikləri ci­nayətlərin araşdırılmasına həsr olunub. Bu xəyanətlərini necə dəyərləndirərdiniz? 

– Mən özüm Ərzurumun Cinis kəndindənəm. Bu kənddə onların törətdikləri yetərlidir ki, soyqırımının kimin tərəfindən edildiyi mənzərəsi­ni görə bilək. Bizim kəndi ermənilər 1915-ci ildə tamamilə dağıtmış və əhalisini isə amansızcasına qətl et­mişlər. Cinisdə 1990-ci illərdə kütlə­vi məzarlıq tapıldı. Uşaqdan-böyü­yə, qoca, qadın körpə demədən hər kəsi öldürüb quyulara atmış, əhalini məscidə, mərəklərə doldurub di­ri-diri od vurmuşlar.

Mən uşaqlıqdan ermənilərin bizlərə necə böyük faciələr yaşat­dığının şahidi kimi böyümüşəm. bəlkə də elə bu məni tarixçi olmağa və ermənilərin iç üzünü açıb göstər­məyə sövq edib. Şərqi Anadolu və Cənubi Qafqaz coğrafiyasında baş verənlər müəyyən eyniyyət təşkil etdiyindən Azərbaycan da mənim tədqiqat sahəmə daxil olmuşdur. Uzun illərimi alan araşdırmala­rım nəticəsində mənim “Osmanlı iqtidarından sovet hakimiyyətinə qədər Naxçıvan. 1918-1921” adlı kitabım Azərbaycanda da razılıqla qarşılanmışdır. Mənim Azərbay­canda baş verən tarixi həqiqətlərlə bağlı çoxsaylı məqalələrim, çalış­malarım var və bu gün də həmin mövzuda əsərlər ortaya qoymağı özümə borç bilirəm.

– İbrahim bəy, son zamanlar Ermənistan rəhbəri Paşinyan “erməni soyqırımı” ifadəsini işlətmir, onun yerinə “ böyük fəlakət”, yaxud da “faciə” deyir. Bu nə anlama gəlir?

– Birbaşa deyim ki, artıq bu, həmin təbliğatın iflası deməkdir. 30-dan çox ölkənin parlamentinin qəbul etdiyi bu saxta təbliğatın so­nunun olmayacağı bəlli idi və biz bunları hər zaman dilə gətirmişik və həmin saxta iddianın hüquqi heç bir dayanağı yoxdur. Ermənilər bo­şuna özlərini yormasınlar.

– Həmin tarixi olaylarla bağlı bir komissiyanın yaradılmasına nə deyirsiniz?

– Türkiyə də, Azərbaycan da belə bir komissiyanın yaradılması­na və arxivlərin açılmasına tərəf­dardır və dəfələrlə Ermənistana belə təkliflər verilib. Lakin Ermənis­tan bundan qaçır. Araşdırmalar onu ortaya çıxaracaq ki, keçən əsrin əvvəllərində bölgəmizdə soyqırı­mılar ermənilərə deyil, türk-müsəl­man əhaliyə qarşı törədilib.

Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri



Siyasət