Yeni tarixi mərhələdə milli ideya

post-img

XV MƏQALƏ

Biz birlikdə güclüyük.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Milli ideyanın regional transformasiyası

Milli ideyanın regional təşkilat miqya­sına transformasiyası müstəqil dövlətçilik tarixində mühüm hadisədir. Çünki bu, dövlətçiliyin və cəmiyyətin güclənməsi­nin yeni mərhələyə qədəm qoyduğunun əlamətlərindən biridir. Milli ideya hər bir dövlətin gücü çata biləcək əhatədə və məzmunda formalaşa bilər. Məsələn, zəif dövlət milli ideya kimi qarşısına hansı­sa regional təşkilatın aparıcısı olmaq və ya inkişafda Avropaya çatmaq kimi bir məqsəd qoyursa, bu, absurddan başqa bir şey deyildir. Birincisi, zəif dövlət hə­min məqsədlərə çata bilməz. İkincisi, bu uğursuzluq cəmiyyətdə ruh düşkünlüyü və inkişaf istiqamətini itirmək kimi apatiya yarada bilər. Bu da milli ideyanın dövləti və cəmiyyəti inkişaf etdirmək kimi əsas funksiyanı itirməsi deməkdir. 

Buradan konkret nəticə alınır: milli ideya toplumun süni və abstrakt istək­lərindən deyil, dövlətin gücünün real­lıqlarından çıxış edərək, həyata keçirilə biləcək vəzifənin müəyyən edilməsindən yaranır. Buna görə də hər bir mərhələdə milli ideya dərindən düşünülmüş, əsaslı və konkret çatıla biləcək məqsədə uyğun müəyyən edilməlidir. 

Azərbaycanın yeni tarixi mərhələdə milli ideyasında regional təşkilat miqyası­na transformasiya oluna biləcək faktorla­rın yer alması konkret reallığa əsaslanır. Bu tezisin təməlində Prezidentin birinci mərhələnin yekunu ilə bağlı apardığı ümumiləşdirmədə vurğulanan bir fikir dayanır: tarixi ədalətin bərpası, milli lə­yaqətin və beynəlxalq hüququn təmini. Bu baza üzərində Azərbaycan müstəqil dövlət kimi yeni mərhələyə yüksələ bilər. Onun stimulverici faktoru isə ərazi bütöv­lüyünün tam bərpası və suverenliyin tam təminidir. 

Buradan növbəti sual yaranır: Mil­li ideyanın bir mərhələsinin vurğulanan şərtləri yeni tarixi mərhələdə TDT ilə bağlı Prezidentin xüsusi müəyyən etdiyi 8 təməl faktorun reallaşması üçün yetər­lidirmi? Yəni ərazi bütövlüyü, milli ləyaqət və beynəlxalq hüquq böyük coğrafiya, böyük ərazi, böyük hərbi güc, böyük iq­tisadiyyat, zəngin təbii sərvətlər, geniş nəqliyyat yolları, dinamik demoqrafik sfera və bir soydan, kökdən olmaq kimi mürəkkəb fenomenlərin konkret məzmun almasına kifayət edirmi? 

Diqqət etsək, görərik ki, TDT, faktiki surətdə mürəkkəb tərkibli faktorlar üzə­rində bərqərar olur. Coğrafiya, ərazi, hərbi güc, iqtisadiyyat, təbii sərvətlər, kommunikasiya potensialı, demoqrafik özəllik və soykök fərqli sosial-mədəni, iqtisadi və mənəvi-ideoloji sferalara aid parametrlərdir. Onlar regional təşkilat miqyasında harmonik qarşılıqlı əlaqələ­rin formalaşmasını tələb edirlər. Həmin faktorların yekun sinergetik enerjisi təşki­latın daxili inkişafına təkan verərək, onun davamlı tərəqqisini təmin edən mühit for­malaşdıra bilər. Bu, təbii ki, nəhəng və­zifədir və reallaşması asan deyildir. Buna görə də ərazi bütövlüyü, milli ləyaqət və hüququn sintezdə müsbət təsir göstərə biləcəyi əsaslandırılmalıdır. 

Azərbaycan dövlətçiliyinin iki güclü arqumenti 

Milli ideyanın milli miqyasdan millətlərarası təşkilati miqyasa transfor­masiyası yalnız güclü dövlətin mövcud­luğu şəraitində mümkün ola bilər. Dövlət güclü olmasa, heç bir istək və arzu real olaraq milli ideyanın “milli sərhədləri” aşmasına təkan verə bilməz. Dövlətin gücünü də hər bir konkret mərhələdə konkret faktorlara görə müəyyən etmək mümkündür. Bu baxımdan Azərbayca­nın siyasi-hərbi yolla ərazi bütövlüyünü bərpa etməsi, milli ləyaqəti və beynəlxalq hüququ təmin etməsi dövlətin gücünü ifa­də edir. Bu faktorların hər birinə ayrılıqda baxaq.

Ərazi bütövlüyünün öz gücünə həll edilməsi prinsipial olaraq dövlətçiliyin inkişafına bağlıdır. Çünki ciddi bir qarşı­durmada, özü də dünyanın bir çox güclü dövlətinin havadarlıq etdiyi bir münaqişə­də təcavüzkar dövləti siyasi, informasi­ya və hərbi meydanda məğlub etmək Azərbaycan dövlətinin birbaşa gücünün göstəricisidir. Onu da nəzərə almaq la­zımdır ki, Azərbaycan həmin savaşa, demək olar ki, krizis vəziyyətindən baş­layaraq cəmi 30 ilə gəlmişdir. 

Deməli, burada iki faktor özünü göstərir. Birincisi, Azərbaycanın dövlətçi­lik ənənəsi güclü özünüyaratma və inki­şafetdirmə potensialına malikdir. İkincisi, müasir mürəkkəb şəraitdə Azərbaycan rəhbərliyi həmin potensialın tam faydalı aspektdə reallaşmasının mükəmməl kur­sunu müəyyən edə bilmişdir. 

Bu iki faktor həm də onu nümayiş etdirir ki, indi Azərbaycanda tarixi poten­sialı müstəqil dövlətçilik kontekstində re­allığa çevirə biləcək liderlik imkanı möv­cuddur! Milli ideyanın həyata keçməsinin başlıca təməl prinsipi bu tezislə bağlıdır. Yəni Azərbaycan regional təşkilat miq­yasına təkcə güclü dövlətçilik ənənəsinə malik ölkə kimi deyil, bu həqiqəti konkret tarixi mərhələdə uğurla gerçəkləşdirən li­derə malik dövlət kimi çıxmışdır. Deməli, milli ideyanı regional təşkilat çərçivəsin­də məzmunlaşdırmaq imkanı artıq möv­cuddur!

Güclü liderlik və güclü dövlətçilik Pre­zident İlham Əliyevin timsalında hazır­da harmoniya səviyyəsinə yüksəlmişdir. Güclü liderin güclü dövləti hansı üsul, yol və ritmdə yeni səviyyələrə çıxaracağı liderin özünə tam aydındır. İlham Əliyev yeni tarixi mərhələni öncədən görərək milli maraqların bu səviyyədə də ödən­məsinin fəlsəfi, siyasi, ideoloji, mədəni, mənəvi və sosial-iqtisadi şərtlərini çox gözəl bilir. Bu aspektdə də milli ideyanın regional təşkilat miqyasına transforma­siyası Azərbaycan üçün real və həyata keçə biləcək məqsəddir!

Güclü liderin güclü dövləti milli ideya­nın yeni mərhələdə reallaşmasına səfər­bər edə biləcəyinin konkret mexanizmi də vardır. Bu, güclü liderin tam arxalana bildiyi və qüdrətinə əmin olduğu faktor­dur. Həmin faktor Azərbaycan xalqıdır, Azərbaycan cəmiyyətidir. Bu xalq öz lide­rini daim dəstəkləmişdir. Azərbaycan indi İlham Əliyevin “Biz birlikdə güclüyük!” tezisinin məna və məzmun gücündə bir­ləşən mobil toplumdur. 

Deməli, regional təşkilat miqyasında uğurlu fəaliyyət üçün güclü liderin böyük dayağı vardır. Nəticədə milli ideya milli sərhədi aşaraq regional təşkilat miyqa­sında reallaşan faktora çevrilə bilər. 

Burada güclü lideri, güclü dövləti və mobil kreativ toplumu fəaliyyətdə uzlaş­dıra biləcək mexanizmlər sırasında inki­şaf paradiqmasına istiqamətlənmək ayrı­ca yer tutur. İnkişaf paradiqması güclü bir mexanizmdir. O, bütövlükdə lideri, dövləti və cəmiyyəti vahid məqsədə fokuslan­dıra bilir. İnkişaf paradiqması yeni tarixi mərhələdə Azərbaycan milli ideyasının milli miqyasdan regional təşkilat miqyası­na transformasiyasının başlıca mexaniz­mi olmalıdır. İnkişaf davamlı və kəsintisiz aparılmalıdır ki, yekunda qarşıya qoyulan məqsədə tam çatsın. 

Bununla milli ideyanın regional təş­kilat səviyyəsinə transformasiyasında vacib bir özəlliyə gəlib çıxırıq. Məsələ ondan ibarətdir ki, yeni tarixi mərhələdə milli ideya məzmun və məqsəd baxımın­dan “çeviklik özəlliyi”nə malik olmaldır. Yəni, bundan sonrakı tarixi mərhələdə uzun müddət sabit qala biləcək bir durum gözlənilmir. Hər şey sürətlə və gözlənil­məz tərzdə dəyişəcək. Bu, o deməkdir ki, milli ideyada konkret bir vəzifə müəyyən edilirsə, tarixin gedişində o da yeni məz­mun çaları ala bilər. Lakin bu şərti ödəyə biləcək və həm də dayanıqlı qalacaq bir fəaliyyət sistemi yaratmağın özü ciddi yaradıcılıq tələb edir. İnkişaf paradiqması ümumi çərçivədə buna xidmət edir. 

Bu çərçivədə situasyanın necə dəyiş­məsindən asılı olmayaraq lider, dövlət və cəmiyyətin ahəngdar fəaliyyəti sayəsində milli ideyanın yeni şəraitə uyğunlaşaraq reallaşması prosesi kəsintisiz davam edəcəkdir. Məsələ, fərz edək ki, bir müd­dət sonra filosofların bəşəri inkişaf üçün müəyyən etdikləri bədbin ssenarilərdən biri reallaşır. Deyək ki, süni intellekt av­tonom olaraq cəmiyyətin müxtəlif sfera­larına nəzarətsiz təsir etmək imkanı əldə edir. Bu ssenari də qəbul edilmiş inkişaf paradiqması çərçivəsində, bütövlükdə, dövlətin tərəqqisinə əngəl olmamalıdır. Onun yolu isə milli ideyanın məhz inki­şaf paradiqması kontekstində müəyyən olunmuş məzmununa uyğun həyata keçməsi olacaq. Bununla Azərbaycan istənilən şəraitdə milli ideyanın regional təşkilat miqyasına transformasiyası və orada reallaşması şansını saxlayacaqdır. 

Milli ideyanın məzmunu və məqsədin­də TDT faktorunun nəzərdə tutulmasının başqa bir strateji əhəmiyyəti mövcuddur. 

“Strateji müttəfiq” və “dost ölkələr” 

XXI əsərdə filosoflar və politoloqlar həm “strateji müttəfiq”, həm də “dost ölkələr” anlayışlarına daha geniş yer ver­məyə başlamışlar. Bunun əsas səbəbi qloballaşmanın davamlı olaraq dünya miqyasında geosiyasi mühiti dəyişməsi ilə bağlıdır. İndi ayrıca bir dövlətin da­vamlı şəkildə dünya miqyasında uğur­lu ola biləcəyinə inam çox azdır, çünki bunun əsasını tapmaq olmur. Əgər XXI əsrin başlanğıcına kimi dövlətin geosiya­si nüfuzunu əsas olaraq iqtisadi güc tən­zimləyirdisə, indi çoxparametrli proseslər bunun kifayət olmadığını təsdiq edirlər. Artıq dövlətin gücü onun daxili inkişaf potensialı ilə strateji müttəfiqlik və dost ölkələr dairəsi ilə sıx bağlıdır. Hər han­sı dövlətin dost ölkələrinin sayı və gücü çoxdursa, dünya miqyasında nüfuzu da bir o qədər böyükdür. Məsələn, Azərbay­canla bağlı BMT-dəki səsvermə zamanı əldə olunan nəticə prizmasında bunu ay­dın görmək olur. 

Azərbaycan bir neçə dəfə bu təşkilat çərçivəsində strateji müttəfiqlik fəlsəfəsi və dost ölkələrin təsiri sayəsində müba­rizədən qalib çıxmışdır və bu proses indi daha da güclənmişdir. 2012-ci ildə BMT TŞ-nin qeyri-daimi üzvü olanda bunu ay­dın gördük. Sonra, pandemiya mərhələ­sində Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın BMT-də qarşılıqlı paylaş­ma və yardımlaşmada ədalət prinsipini gözləməklə bağlı etdiyi təklif əsasında xüsusi iclasın keçirilməsində bunu hər kəs gördü. Bu il Azərbaycanın COP29-a evsahibliyi etmək hüququnu qazanması dövlətin strateji müttəfiqlik fəlsəfəsi və dost ölkələrin real dəstəyini ala bilmək qüdrətinin birbaşa göstəricisidir. 

Nəhayət, bir nümunə də Azərbay­canın böyük dövlət olan Fransanın müstəmləkə siyasətini ifşa etmək is­tiqamətində Qoşulmama Hərəkatı çərçi­vəsindəki fəaliyyətinə həmin təşkilatdakı dost ölkələrdən ciddi dəstəyin verilməsi ayrıca qeyd edilməlidir. Kənardan da bö­yük dövlətlər Azərbaycanın bu təşəbbü­sünə yüksək qiymət verməkdədirlər. On­ların sırasında strateji müttəfiq və dost ölkələr də vardır. 

Deməli, Azərbaycan faktiki olaraq güclü lideri ilə güclü dövlət kimi regional və qlobal miqyasda nüfuzunu və təsir da­irəsini artırır. Bu da onu göstərir ki, yeni tarixi mərhələdə milli ideyanın məzmu­nunda strateji müttəfiqlik və dost ölkələr faktorları öz yerini tutmalıdır. 

Milli ideyaya həsr etdiyimiz 15 fəlsəfi məqalədən alınan yekun nəticə belədir: Azərbaycan yeni tarixi mərhələdə mil­li ideyasını güclü lider, güclü dövlət və güclü cəmiyyət vəhdətində müəyyən edə bilər. Bu zaman istənilən dinamik situasi­yada dövləti tərəqqiyə fokuslandıran in­kişaf paradiqması müəyyən olunmalıdır. İnkişaf paradiqması milli miqyasla məh­dudlaşmamalıdır. Çünki yeni tarixi mər­hələyə Azərbaycan geniş bir geosiyasi məkanın güclü lideri və güclü dövləti kimi qədəm qoyur. Bu da milli ideyanı regio­nal təşkilat miqyasında məzmunlaşdır­mağı tələb edir. Yəni Azərbaycan, faktiki olaraq, müstəqil güclü dövlət kimi özünün yeni inkişaf səviyyəsinə qədəm qoymuş­dur ki, bu məqam mütləq milli ideyada öz yerini tutmalıdır. 

Azərbaycanın yeni milli ideyası daha geniş məkanda onun liderliyinə aparan yolun ideya, mənəvi və mədəni mayakı olmaldır. 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət