Azərbaycan lideri təhlükəsiz gələcəyin qlobal carçısıdır

post-img

Azərbaycanın son iyirmi ildə, xüsusən, 2020-ci ilin payızında imza atdığı möhtəşəm uğurları saymağa ehtiyac yoxdur. Çünki bu faktlar artıq dünyanın hər yerində məlumdur və hamı tərəfindən qəbul edilir. İndi bir çox ölkələrin ekspert və politoloqları bu uğurların təməlində dayanan prinsipləri sadalamağa üstünlük verirlər. Həm də bu zaman Prezident İlham Əliyevin dəfələrlə təkrar etdiyi “bizim bütün nailiyyətlərimizin təməlində xalqımızın tarix boyu yaşatdığı tolerantlıq, multikulturallıq, ölkədəki bütün xalqların təmsilçilərinin bərabərhüquqlu vətəndaş kimi yaşayıb yaratmasına şərait olması dayanır” tezisinə istinad edilir. 

Son illər ölkəmizdə bir neçə mötəbər bey­nəlxalq tədbir keçirilsə də, paytaxtımıza hər il minlərlə ( bəli, artıq yüzlərlə yox, məhz min­lərlə) xarici dövlət xadimi, siyasətçi və ziya­lının gəlməsinə baxmayaraq, bu yazıda bəzi “köhnə” faktlara müraciət etmək istəyirik. Çünki həm yeni faktlar barədə az qala hər saat söz açılır və ya yazılır, həm də bəzi ekspertlər deyirlər ki. əcnəbi siyasətçilərin Azərbaycan reallıqlarını yüksək qiymətləndirməsinin əsas səbəbi 2020-ci ildəki tarixi Zəfərimizdir. Doğ­rudur, bu tezisi dilə gətirənlər də haqlıdırlar. Ancaq o da həqiqətdir ki, hələ on, on beş il əvvəl də avropalılar Azərbaycan reallıqlarını yüksək qiymətləndirirdilər. 

Yəqin ki, heç kəsin yadından çıxmayıb. 2013-cü ilin dekabrında Avropa Azərbay­can Cəmiyyətinin təşkilatçılığı ilə Fransanın müxtəlif dini icmalarının və ictimai təşki­latlarının təmsilçilərindən ibarət nümayəndə heyəti ilə birgə Azərbaycanda səfərdə olan Fransanın “Fəxri Legion” ordeni mükafatçısı Tareq Ubru demişdi : “Mən və həmkarlarım bir daha əmin olduq ki, Azərbaycan İslam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olmaqla, dünyəvi və çoxkonfessiyalı dövlətdir. Ölkənizdə dini konfessiyalar ara­sında qarşılıqlı hörmət və etimada əsaslanan mehriban dostluq və əməkdaşlıq münasibət­ləri mövcuddur. Azərbaycanda yüksək to­lerantlıq ənənələri formalaşıb və bu model digər ölkələr üçün örnək ola bilər. Fikrimcə, bu sahədə ölkənizin zəngin təcrübəsinin öy­rənilməsi olduqca vacibdir və Azərbaycanın səsinin Avropaya çatdırılmasında, Fransa ilə münasibətlərin daha da dərinləşməsi üçün əlimizdən gələni etməyə hazırıq. Azərbay­candakı yüksək tolerantlıq ənənələri digər ölkələr üçün örnək ola bilər”.

Yaxud, Azadlıq və Demokratiya uğrunda Avropa Mərkəzi Siyasi Fondunun prezidenti Fi­orello Provera Romada keçirilən konfransdakı çıxışında Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühitinin və dünyəvilik modelinin dünya ölkələrinə örnək ola biləcəyini diqqətə çatdırmışdı: “Azərbaycandakı tolerantlıq mühi­ti və dünyəvilik modeli dünyaya örnəkdir”.

Həm beynəlxalq mədəniyyətlərarası dialoqlarda, həm son illər ADA Universi­tetinin təşkil etdiyi dünya beyin mərkəzləri təmsilçilərinin Bakı və Şuşa görüşlərində dönə-dönə xatırladılıb ki, Azərbaycanda dini və milli tolerantlıq yüksək səviyyədədir və dünyaya nümunə kimi göstərilə bilər. İtaliya Senatının vitse-prezidenti xanım Linda Lan­zillotta isə bu dəyərləndirməni daha dolğun şəkildə dilə gətirmişdi: “Dünyanın müxtəlif bölgələrində münaqişələrin, dini toqquşma­ların cərəyan etdiyi bir dövrdə millətlərarası dialoqun qorunması bizi uğura apara bilər. Müsəlman cəmiyyəti ilə digər dinlərin ic­maları arasında birgəyaşayış, sülh şəraitində mövcudluq olduqca önəmlidir. Azərbaycan bu istiqamətdə model ölkədir”.

O da faktdır ki, bütün əcnəbi siyasət­çilər bu məzmunlu çıxışlarında ulu öndər Heydər Əliyev və Prezident İlham Əliye­vin siyasi uzaqgörənliyi ilə yanaşı, Heydər Əliyev Fondunun fəaliyyətini də qədirbilən­liklə yada salırlar. Azərbaycan Preziden­ti İlham Əliyev də dəfələrlə bu məsələyə toxunaraq qeyd edib ki, Azərbaycanda bü­tün xalqlar bir ailə kimi yaşayırlar: “Bu da bizim böyük üstünlüyümüzdür, böyük dəyə­rimizdir. Biz bunu qiymətləndirməliyik və ölkəmizdə yaşayan bütün xalqlar arasında bu qardaşlığı, dostluğu daha da möhkəm­ləndirməliyik. Bu, bəlkə də bizim ən böyük sərvətimizdir. Əsrlər boyu Azərbaycanda ya­şayan bütün xalqlar bərabər hüquqlara malik idilər. Çox şadam ki, müstəqillik dövründə də, birinci iki ili istisna etmək şərti ilə, bu gözəl ənənələr yaşayır. Müstəqilliyimizin ilk illərində o vaxtkı iqtidar bütün sahələrdə, o cümlədən, milli münasibətlər sahəsində çox böyük səhvlər buraxmışdır, deyə bilərəm ki, cinayətlər törətmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycana qayıdışından sonra bütün məsələlər öz həllini tapdı və Azərbay­cana xas olan dostluq, həmrəylik, qarşılıqlı dəstək meyilləri yenə də gücləndi”.

Çox təəssüf ki, müstəqilliyin ilk illərində xalqımız çoxsaylı çətinliklər (işğal, iqtisadi və sosial çətinliklər), Azərbaycanı parçalamaq cəhdləri, aqressiv separatçılıq və digər prob­lemlərlə üz-üzə qalmışdı. Hətta, bəzi naşı “si­yasətçilər” “türkün türkdən başqa dostu yox­dur”, yaxud “sərhədləri tamamilə bağlayaraq ölkəni inkişaf etdirək!” kimi primitiv şüar­larla çıxış edirdilər. Ancaq xalqın çoxəsrlik tolerantlıq və multikulturallıq dəyərləri bütün mənfi tendensiyaların geridə qalmasını təmin etdi. Xalqın böyük siyasətçi Heydər Əliyevi ölkənin siyasi rəhbərliyinə dəvət etməsindən sonra rəsmi Bakı sübut etdi ki, sərhədlərimiz bütün xoşməramlı insanların üzünə açıqdır və türkün türkdən başqa çoxsaylı dostları, müttə­fiqləri və tərəfdaşları var. 

Rəsmi Bakı bu arqumentləri BMT Təh­lükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərəndə də sübut etdi, Qoşulma­ma Hərəkatına sədrliyi dövründə də, dünya ölkələrinin COVİD-19 pandemiyasına qarşı mübarizə apardığı illərdə də. Üstəlik, Azər­baycan 2008-ci ildə “Bakı prosesi”nə start verməklə başladığı dinlərarası dialoqda və çoxtərəflilik dəyərlərinin hələ uzun illər da­vam etdirilməsində də qətiyyətlidir. 

Maraqlıdır ki, ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi hər zaman müstəm­ləkə tendensiyalarına qarşı mübarizəni apar­ması, eləcə də, Avropa təsisatlarının Avropa­da olmayan ölkələrin daxili işlərinə müdaxilə cəhdlərinə etirazları zərərdidə olan ölkələrdə və mütərəqqi bəşəriyyət tərəfindən alqış­lansa da, Avropa Parlamenti və AŞPA bütün bunlarla bağlı səssiz qalmağı üstün tuturlar. Görünür, onların dilini müasir dünyanın ən amansız neomüstəmləkəçisi olan Fransa “bağlayır”. 

Ancaq kimin neyləməsindən, hansı hava ilə kimlərisə rəqsə dəvət etməsindən asılı olmayaraq. Azərbaycan öz haqq yolunu qə­tiyyətlə davam etdirir və bizi bu yoldan ki­minsə döndərə biləcəyi mümkünsüzdür. Biz COP29-a uğurla evsahibliyi edəcəyik. Buna Azərbaycanın tarixi, coğrafiyası, qarşılıqlı əlaqələri, Avropa təsisatları ilə olan münasi­bətlər, Qərb ilə Şərq arasında yerləşməsinin verdiyi üstünlük və digər amillər zəmin ya­radır. Dövlət başçımızın ötən ilin sonundan bəri dəfələrlə təkrar etdiyi kimi, Azərbayca­nın özünün yaşıl gündəliyi var. Biz , 2027-ci ilə qədər 2 qiqavat Günəş və Külək enerjisi stansiyalarını istifadəyə verəcəyik. 2030-cu ilə qədər isə əlavə 5 qiqavat da istisma­ra veriləcək. Bunun sayəsində bərpaolunan enerjini elektrik enerjisi istehsalında istifadə etmək üçün geniş imkanlar yaranacaq. 

Təbiidir ki, bütün bu uğurlarımızı gözü gö­türməyənlər də var və onlar açıq-açığına Azər­baycan – Ermənistan münasibətlərinin tənzim­lənməsini istəmirlər. Prezident İlham Əliyev isə başqa fikirdədir: “Bizim heç kəsin torpaqlarına, ərazisinə iddiamız yoxdur, ancaq heç kəsə də bir qarış torpaq verməyəcəyik. Dövlət başçı­mız bütün beynəlxalq tribunalardan xatırladır ki, Fransa başda olmaqla bəzi ölkələrin Er­mənistanı silahlandırmasına baxmayaraq, biz bütün məsələlərin sülh və danışıqlar yolu ilə həllinə nail olacağıq. Əgər kim sülh istəmir­sə, qoy istəməsin. Sonda özü peşman olacaq. Bizim əlimizdə mükəmməl bir alibi var. Bu, Azərbaycanın Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürməsi, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırlaması, iki ölkə arasında danışıqları məhz Azərbaycanın təkliflərinin layihəsi üzərində aparılması. Vəssalam.

Sonda xüsusilə vurğulayaq ki, məhz Azərbaycanın təşəbbüsü və təkidləri ilə sər­hədlərin nəinki delimitasiyası, hətta demar­kasiyası da başlanmışdır. Beynəlxalq eks­pertlər buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunmasını da rəsmi Bakının siyasi uğuru kimi qiymətləndirirlər”. 

İttifaq MİRZƏBƏYLİ

Siyasət