Ritter indi haradadır?

post-img

Tanıdığımız, bələd olduğumuz adamdan uzun müddət xəbər çıxmayanda narahatlıq keçirməyimiz təbii hissdir. Doğrudur, av­ropalı missionerlərin dərdini çəkmək bizə qalmayıb, amma yenə də qəribə suallar adamın beynini girinc eləyir. Misal üçün, Avropa İttifaqının mülki müşahidə missiya­si adlanan legionun Ermənistanın Azərbay­canla sərhəd zonasında son vaxtlar hansı işlərlə məşğul olduğu barədə ictimaiyyətə opertariv məlumat verilmir.

Xidmətdən tərxis olunmuş fransız jandarmları­nın və alman hərbçilərinin məxfi sifarişlərini yerinə yetirdikləri “ağa”larına göndərdikləri aylıq (bəlkə, həftəlik? – red.) məruzələrində nələri qeyd etdik­ləri də ciddi maraq doğuran nüanslardandır. Son vaxtlar Avroittifaqın həmin missiyasının rəhbəri Markus Ritterin nə səsi eşidilir, nə də əlində binokl tutmuş fotoşəkili gözə dəyir. 

Maraqlı nüanslardan biri də demarkasiya iş­ləri aparılan Ermənistan–Azərbaycan sərhədin­də Aİ-nin mülki missiyasının öz müşahidələrini hansı formada və qaydada həyata keçirməsidir. Ümumiyyətlə, onların bundan sonrakı fəaliyyətinə “ümidlərini” puça çıxardığı İrəvanın ehtiyacı var­mı? Bakı bu adda qurumun bölgəyə gətirilməsinə etirazını hələ ilyarım bundan əvvəl bildirmişdi. O zaman ikiaylıq müddətə Ermənistanla sərhədi­mizə “səyahətə” gəldikləri deyilən mülki missiya­nın “missiyasının” müddəti sonradan iki ilə qədər uzadıldı. İndi isə Aİ yetkililəri fransız və alman “kəşfiyyatçı-turistlərin” Ermənistana səyahətlərinin daha iki il müddətinə uzadılacağı barədə danışır­lar. Bu məqamda oxuculara vacib bir xatırlatma. 

Təxminən bir il bundan əvvəl “yenilməz ba­talyon”un komandiri Ritter “Azadlıq” radiosunun “Azərbaycan tərəfi Avropa İttifaqının missiya ilə manipulyasiya etdiyini bildirib. Bəs sizin versiyanız nədir?”, – sualına maraqlı cavab vermişdi: “Əlbət­tə ki, biz manipulyasiya etmirik və öz bəyanatları­mızda çox ehtiyatlıyıq. Biz sadəcə olaraq öz he­sabatlarımızı Brüsselə göndəririk. Nə Ermənistan (?)tərəfi bu hesabatları alır, nə də Azərbaycan (?). Manipulyasiya üçün heç bir imkan yoxdur və bu hesabatlar Brüssel, üzv dövlətlər tərəfindən nəzər­dən keçirilir, sülh danışıqları üçün istifadə olunur. Odur ki, mən burada manipulyasiya üçün yer gör­mürəm”.

* * *

Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası istiqamətində irəliləyişin əldə olun­masından, tərəflərin birgə işlərə start verməsin­dən sonra Aİ-nin mülki missiyasının həmin sərhəd zolağında nə işlə məşğul olacağı sual doğuran məsələlərdəndir. Onu da nəzərə almalıyıq ki, Aİ rəhbərliyi Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etdirilməsini yüksək qiy­mətləndirib və həmçinin ölkələr arasında sər­hədlərin delimitasiyası istiqamətində irəliləyişləri görməkdən məmnun qaldığını ərz edib. Bu barə­də qurumun Azərbaycandakı səfiri Peter Mixalko Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərlə görüşündə deyib. Səfir onu da xatır­ladıb ki, Aİ Bakı ilə İrəvan arasında sülh danışıq­larının dəstəklənməsi prosesində iştirak edib: “Biz görürük ki, sülh sazişi üzrə danışıqlar davam edir, sərhədlərin delimitasiyası prosesi də gedir”. O, Aİ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam etməyə hazır ol­duğunu bildirib.

Amma indi Bakının, xüsusilə də İrəvanın Aİ-nin saxta dəstəklərinə ehtiyac duymadıqları hamıya gün kimi aydındır. Beynəlxalq ictimaiy­yətdə ciddi narahatlıq doğuran nüanslardan biri də cənab Markus Ritterin naməlum istiqamətdə yoxa çıxmasıdır. Onun harada olduğu bilinmir. Fikirləşirik ki, bəlkə hafizəsi zəifləmiş, intuisiyası korşalmış yaşlı alman hərbçisi sərhəddə tez-tez müşahidə olunan dumanlı hava şəraitində səm­tini itirib, bizim tərəfə keçib və Kəlbəcərin qalın meşəliyində azıb? Onsuz da yollarını azmağa öyrəncəli bu avropalılar ekstrim şəraitə düşən­də çox qorxaq olurlar. Bu səbəbdən sərhədboyu ərazidə hər iki tərəfdən həyəcan siqnalının veril­məsi lap yerinə düşərdi... 

İ.HƏSƏNQALA
XQ

Siyasət