Erməni kilsəsi davakar, məkrli dini mərkəzdir

post-img

Erməni və Azərbaycan xalqları arasında münasibətlərin pozulmasında erməni apostol kilsəsinin müstəsna rolu var. 

Kilsə ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsindən az son­ra – 1875-1880-ci illərdən başlayaraq, haylar arasında türklərə və azərbay­canlılara qarşı nifrət hissi aşılamağa, etnik və dini zəmində ədavət salmağa, düşmənçilik toxumu səpməyə başla­yıb. Din xadimi adlanan həmin şəxs­lərin fəaliyyəti tezliklə öz “bəhrəsi”ni verib. Aparılan kütləvi təbliğat, erməni xalqının “beyin yuma əməliyyatına” məruz qoyulması, onlarda psixoz və­ziyyətinin yaradılması “Daşnaksütyun”, “Hnçak” kimi partiyaların təşkilinə gəti­rib çıxarıb.

1890-cı ildə Tiflisdə əsası qoyulan və rəsmi adı Erməni inqilabi federasiya­sı olan “Daşnaksütyun” ilkin mərhələdə “Türkiyə hökumətinə qarşı xalq müha­ribəsi” yolu ilə “Qərbi Ermənistan”ın iq­tisadi və siyasi azadlığına nail olmağı qarşısına məqsəd qoyub. Mənhus niy­yətə çatmaq üçün təbliğat, xalqın inqilabi hazırlığı, Osmanlı imperiyasının ermə­ni əhalisinin təşkili və silahlandırılma­sı, sabotaj və fərdi terrorun aparılması qarşıya qoyulub. “Hnçak”ın 1888-ci ildə dərc olunmuş proqramında isə üsyanlar, kütləvi iğtişaşlar və terror yolu ilə Tür­kiyənin şərqində erməni dövlətinin qurul­ması planlaşdırılırdı. Partiyanın üzvləri Osmanlı imperiyası ilə yanaşı, Qafqazda da aktiv fəaliyyət göstəriblər.

Əsasında erməni kilsəsinin dayandı­ğı xalqlararası düşmənçiliyin körüklən­məsi 1905-1906-cı illərdə ilk qırğınlara gətirib çıxarmışdır. 1905-ci ildə Rusiyada hökumət əleyhinə kütləvi etiraz aksiyala­rının baş verməsindən və çarizmə qarşı narazılıq dalğasının genişlənməsindən istifadə edən ermənilər Bakıda kütlə­vi qırğınlar törədiblər. Bu işə rəhbərliyi “Daşnaksütyun” və “Hnçak” partiyaları öz üzərlərinə götürmüşdülər.

Tarixə nəzər yetirsək görərik ki, hə­min qırğınların başında bilavasitə kilsə dayanıb. Belə ki, XX əsrin əvvəllərində erməni şovinizminin, millətçi erməni par­tiyalarının maddi və ideoloji təminatçısı əsasən erməni kilsəsi, o cümlədən Ba­kının mərkəzində yerləşən erməni qriqo­rian kilsəsi idi. 1903-cü il iyunun 12-də erməni kilsələrinə məxsus torpaqların və mülkiyyətin Rusiya imperiyasının Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçi­rilməsi barədə qəbul edilən qanun kilsə­nin maliyyələşdirdiyi siyasi partiyaların və onların terrorçu dəstələrinin maddi vəziyyətinə də ağır zərbə vurmuşdu. Qa­nunun icrasının qarşısını almaq məqsə­dilə erməni siyasi partiyalarının terrorçu dəstələri hakimiyyət mənsublarına qarşı terror aktları həyata keçirməyə başlamış­lar. Ermənilər həmin ilin avqust ayında Cənubi Qafqazın müxtəlif şəhərlərində, o cümlədən Bakıda iğtişaşlar törətmiş və terror aktları həyata keçirmişdilər. Tarixçilər qeyd edirlər ki, Qafqazın varlı ermənilərinin cəmləşdikləri Bakıda qır­ğınların həyata keçirilməsi bir təsadüf nəticəsində deyil, planlaşdırılmış şəkildə baş verib. Məqsəd erməni milyonerlərinin dəstəyi ilə Bakının neft sənayesinin ələ keçirilməsi, bundan sonra bütün Cənubi Qafqazdan müsəlmanların silah gücünə qovulması, son nəticədə “böyük Ermə­nistan” dövlətinin yaradılması idi.

Kilsənin bu yanaşması XX əsr boyun­ca davam edib. Lakin SSRİ-nin dünyəvi dövlət olması, dinin ictimai həyatda rolu­nun heçə endirilməsi, erməni kilsəsinin də əl-qolunun bağlanmasına səbəb ol­muşdu. Ancaq onlar altdan-altdan öz işlə­rini görürdülər. Həmçinin “Daşnaksütyun” və “Hnçak” kimi partiyalar da SSRİ-də qadağan olunmuş, onlar fəaliyyətlərini xaricdən davam etdirmək məcburiyyətin­də qalmışdılar. SSRİ-də “yenidənqurma”, “aşkarlıq” prosesinin başlanması ilə er­məni kilsəsi də aktiv fəaliyyətə keçərək, əsrin əvvəllərindən “yarımçıq qalmış” işlərini tamamlamağa tələsdi. Eyni za­manda, “Daşnaksütyun” da 1980-ci illərin ikinci yarısından etibarən Ermənistanda leqal siyasi fəaliyyətə başladı.

Erməni kilsəsi yenə iş başındadır. 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında delimitasiya sahə­sində uğurlu nəticənin əldə olunması, ardınca demarkasiya prosesinin baş­lanması kilsənin iqamətgahında – Eç­miədzində (Yeri gəlmişkən, qeyd edək ki, hazırda inzibati cəhətdən iki müstəqil katolikosluq – mərkəzi Eçmiədzində yer­ləşən bütün ermənilərin katolikosluğu və mərkəzi Livanın Antelias şəhərində yer­ləşən Kilikiya katolikosluğu mövcuddur – S.H.) əyləşənlərin, o cümlədən bütün ermənilərin katolikosu II Qareginin, necə deyərlər, kürkünə birə salıb. Baş nazir Nikol Paşinyan hakimiyyətinin konstruk­tivliyinə baxmayaraq, kilsənin qızışdırdı­ğı daxildəki və xaricdəki müəyyən siyasi qüvvələr prosesi əngəlləmək üçün Azər­baycanla şərti sərhədə yaxın kəndlərdə kütləvi etirazlara başlamışlar. Son ayın tendensiyası göstərir ki, kilsə Hayastan­da siyasi proseslərə daha aktiv şəkildə qatılmaqdadır və əslində, hazırda sülh prosesinə əngəl yaradan əsas institut hesab oluna bilər. Güman etmək olar ki, dünyəvi müxalifət reytinqinin çox aşağı olmasını nəzərə alaraq, daha çox, necə deyərlər, qınına çəkilmiş və din xadimlə­rini qabağa vermişdir.

Bundan əlavə, kilsənin xüsusi kons­titusion statusu da ləğv edilməlidir. Ha­yastan konstitusiyasının 18.1-ci maddə­sində erməni apostol kilsəsinin milli kilsə kimi “erməni xalqının mənəvi həyatında, onun milli mədəniyyətinin inkişafında və milli kimliyinin qorunub saxlanılmasında müstəsna missiyası” təsbit edilib. Halbu­ki, konstitusiyaya görə, Ermənistan dün­yəvi dövlətdir. Həmin maddə isə demok­ratiklik və dünyəvilik prinsiplərinə ziddir.

Mövzu üzrə söhbətləşdiyimiz Mil­li Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirdi ki, erməni kilsəsi Ermənistanın ictimai-siyasi həyatında hər zaman fəal rol oynayıb. Eyni zamanda, kilsə Er­mənistan–Azərbaycan münaqişəsinin yaranmasına və dərinləşməsinə xüsusi “töhfə”lər verib. İki ölkənin sülhə doğru addımlamasına baxmayaraq, kilsə həmin missiyanı bu gün də davam etdirir: “Kilsə sülhün əldə olunmasının qarşısını alma­ğa çalışır və bu istiqamətdə xoşagəlməz addımlar atır. Yəni, kilsə Ermənistan daxilində revanşist düşüncələrin qal­masında, etirazçıların qızışdırılmasında “mühüm” rol oynayır. Hətta, mən deyər­dim ki, proseslərin önündə gedir”.

C.Məmmədov qeyd etdi ki, kilsə Er­mənistan–Azərbaycan münasibətlərinin normallaşmasını istəmir. Çünki Eçmiə­dzin bu prosesləri özünün maraqlarına zidd hesab edir. Müsahibimiz öz fikirlərini belə əsaslandırdı ki, kilsə keçmiş mü­naqişə sayəsində çox böyük vəsait qaza­nıb. Ona görə də münaqişənin bitməsini, iki ölkənin münasibətlərinin normallaş­masını özünə təhlükə kimi görür: “Eyni zamanda, artıq həllini tapmış münaqişə, iki ölkə arasında yaşanan qarşıdurma kil­sənin əsas ideoloji xəttini və istiqamətini təşkil edir. Proseslərə bu aspektdən ya­naşdıqda, kilsənin münasibətlərin gərgin olaraq qalması üçün ciddi səy göstərdiyi­ni görürük”.

C.Məmmədov hesab edir ki, kilsənin destruktiv fəaliyyəti bitənə oxşamır: “Bu fəaliyyət davamlı olacaq və heç zaman bitməyəcək. Kilsə yenə də eyni formada funksiyasını yerinə yetirməyə çalışacaq. Biz bunu gələcəkdə də görəcəyik. Bu mənada hazırda qarşıda dayanan ən əsas vəzifə və hədəflərdən biri düşmən­çiliyin bitməsi üçün Ermənistan hakimiy­yəti tərəfindən real və konkret addımların atılmasıdır. Amma bir daha demək istə­yirəm ki, bu, kilsənin özünün mahiyyə­tindən, fəaliyyət prinsipindən və nizam­naməsindən irəli gələn məsələdir”.

Milli Məclisin deputatı qeyd etdi ki, əslində, səmavi dinlərə görə, bu yanaş­ma yanlışdır: “Heç bir din digər digər dinlərin mənsublarının qətlə yetirilməsini düzgün saymır. O cümlədən xristianlıq­da da bu məsələ birmənalı qarşılanmır. Əsl xristianlıq öz ardıcıllarını müsəlman­lara və digər dinlərə hörmətli münasibət göstərməyə çağırır. Amma təəssüf ki, erməni apostol kilsəsinin timsalında biz açıq-aydın bunun əksini görürük. Keşiş­lər bu gün də ön sıradadırlar. Onlar öz mövqelərini, nüfuzlarını qorumaq üçün Ermənistanın və erməni xalqının gələcə­yini belə məhv etməyə hazırdırlar”.

Əlavə etmək yerinə düşər ki, səmavi dinlərin təmsilçiləri, bir qayda olaraq, dö­yüşən tərəfləri atəşkəsə, barışığa, sülhə, əmin-amanlığa səsləyirlər. Ancaq erməni apostol kilsəsinin timsalında biz bunun əksini müşahidə edirik. Bu mənada, er­məni apostol kilsəsinin fəaliyyəti din adı­na ləkədir.

Kilsə Azərbaycana, Türkiyəyə qarşı ərazi iddialarını təşviq edib və etməkdə­dir. Azərbaycan ötən il Qarabağ iqtisadi rayonunun bütün ərazisi üzərində su­verenliyini tam təmin edəndən sonra da erməni kilsəsi “Artsax” yeparxiyasının fəaliyyətinin davam etdirilməsi haqqında qərar vermişdir. Bütün erməniərin kato­likosu II Qaregin 2023-cü ilin sentyab­rından sonra da çıxışlarında Qarabağın Azərbaycan tərəfindən “işğal edildiyini” dəfələrlə açıq bəyan edib. Kilsənin hə­min qərarı və katolikosun çıxışları keşiş­lərin Azərbaycana qarşı ərazi iddialarının davam etməsinin bariz göstəricisidir. Ermənistanla Azərbaycan arasında sül­hə əsas maneələrdən olan kilsə müasir Hayastan cəmiyyətində türkofobiya və Azərbaycanofobiyanın formalaşmasına görə də məsuliyyət daşıyır. Zənnimizcə, Ermənistanda bütün sahələrdə islahatlar aparılmasının vacibliyindən bəhs edən baş nazir Paşinyanın kilsə ilə bağlı bu məqamlara nəzər yetirməsində də fayda vardır. Çünki bu zəruri islahatların aparıl­ması son nəticədə erməni cəmiyyətinin özünün xilasına xidmət edəcək.

Səxavət HƏMİD
XQ



Siyasət