Mayın 2-də Bakının ev sahibliyi etdiyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində parlamentlərarası konfrans keçirilib.
“Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda təşkil edilən tədbirin rəsmi açılış hissəsinə Milli Məclisin spikeri Sahibə Qafarova sədrlik edib.
Sahibə Qafarova konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaranan və BMT tərəfindən dəstəklənən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas qlobal platformalardan birinə çevrilib. Azərbaycanın bu təşəbbüsün həyata keçirilməsində böyük uğur qazandığını vurğulayan Milli Məclisin sədri bildirib ki, dünyanın multikulturalizm məkanlarından biri olan Azərbaycanda təşkil edilən Forum çərçivəsində parlamentlərarası konfransın əhəmiyyəti böyükdür.
Mədəni irsin qorunması sahəsində ölkəmizdə mövcud qanunvericilik bazası haqqında da danışan Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycanın mədəni irsin qorunması sahəsində fəaliyyəti təkcə milli səviyyə ilə məhdudlaşmır. Müxtəlif ölkələrdə bəşəriyyətin ortaq sərvəti sayılan mədəni irsin bərpası və qorunması üçün ardıcıl addımlar atılır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu işə böyük töhfə verir.
“Bakı Prosesi”nin beynəlxalq təhlükəsizliyə və sülhə böyük töhfələr verdiyini vurğulayan Əlcəzair Milli Şurasının sədri Ali Talibi Azərbaycanın dünya miqyasında gördüyü işləri yüksək qiymətləndirib.
Bakı konfransının mədəni irsin mühafizəsində qanunvericiliyin rolu istiqamətində töhfə verəcəyindən əminliyini ifadə edən Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er parlament diplomatiyasının imkanlarından danışıb.
Beynəlxalq Parlamentlərarası Konqresin (IPC) Baş katibi Sitara Ayaz bildirib ki, Azərbaycan zəngin mədəni irsə malikdir. Cənubi Qafqazın gözəl diyarı olan bu ölkə qədim, həmçinin müasir Bakısı, Qız qalası, maraqlı landşaftı və ən əsası, xeyirxah insanları ilə diqqət çəkir.
Sonra çıxış edən İraq parlamentinin Nümayəndələr Şurasının sədri Möhsin Əli Əkbər Əl-Mandalavi, Malayziya Parlamentinin sədri Muntanq Taqai, İtaliya parlamentinin vitse-prezidenti Corc More, Pakistanın parlament sədrinin müavini Seyid Qulam Mustafa Şah, Ukrayna Ali Radasının sədr müavini Olena Kondraiuk, Özbəkistan Milli Məclisinin sədr müavini Zohra İbrahimova, ASEAN Parlament Assambleyasının (AIPA) Baş katibi Siti Rozaimeriyanty Dato Haji Abdul Rahman konfransın təşkilinə görə Azərbaycana təşəkkürlərini bildirərək, öz ölkələrinin təcrübələrini bölüşüblər, təkliflərini səsləndiriblər.
Parlamentlərarası konfrans öz işini plenar iclasla davam etdirib.