Yeni platforma üstün şans deməkdir

post-img

Astananın sülh təşəbbüsü hər iki tərəf üçün xüsusi əhəmiyyətə malikdir

Beləliklə, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının indki mərhələsi birbaşa formata keçir. Rəsmi Bakı bu təklifi hələ 2023-cü ilin payızında irəli sürmüşdü. Artıq, əminliklə demək olar ki, danışıqlar prosesi Azərbaycan rəhbərliyinin düşündüyü konsepsiyaya tam uyğun gedir. Oxuculara xatırladaq ki, altı ay bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfinə sülh danışıqlarını ya iki ölkənin sərhədində, ya da üçüncü neytral ölkədə, amma istənilən halda vasitəçi olmadan davam etdirmək təklifini vermişdi. Göründüyü kimi, İrəvan da bu formatın səmərəliliyini anlamışdır. 

Bakı və İrəvanın Astanada iki ölkənin xarici işlər nazirlərinin görü­şünün təşkili ilə bağlı qərarı tərəflərin mübahisəli məsələlərin sülh prosesi çərçivəsində, həm də vasitəçisiz həll etmək üçün siyasi iradələrinin nüma­yişidir. Əslində, danışıqların indiki son mərhələsində Ermənistan da bunda maraqlıdır. Bu günlərdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin İrəvana rəsmi səfəri zamanı ikitərəfli münasibətlərin daha da möhkəmlən­dirilməsi və inkişafı ilə bağlı danışıqlar aparılıb. Həmin danışıqlarda, çox gü­man ki, gündəmin əsas məsələlərin­dən biri də Azərbaycanla Ermənistan arasında sülh prosesinin davam etdi­rilməsi məsələsi olub.

Vasitəçi yox, təşəbbüskar

Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh müqaviləsi layihə­sinin parametrlərini müzakirə etmək üçün tezliklə Astanada görüşəcəklər. İkitərəfli danışıqlar üçün platforma­nın təmin edilməsi barədə təklif bu yaxınlarda Ermənistana rəsmi səfəri zamanı Qazaxıstan Prezidenti Ka­sım-Jomart Tokayev tərəfindən irə­li sürülüb. Onu da qeyd etməliyik ki, əgər Azərbaycan tərəfi Qazaxıstan Prezidentinin bu təklifi ilə dərhal razı­laşdısa, Ermənistanın mövqeyi yalnız iki gün bundan əvvəl, Prezident İlham Əliyevin Antoni Blinkenlə telefon danı­şığından sonra aydınlaşdı. Yəni, ABŞ Dövlət katibinin sülh danışıqları üçün yeni platformanı dəstəklədiyini ifadə edəndən sonra rəsmi İrəvan görüşdə iştirakını təsdiqlədi. 

“Qazaxıstan hakimiyyəti Astanada Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Cey­hun Bayramov arasında görüş təşkil edərkən danışıqlarda vasitəçi rolunu oynamayacaq”. Bu barədə Qazaxıs­tan Xarici İşlər Nazirliyinin rəsmi nü­mayəndəsi Aybek Smadiyarov brifinq­də jurnalistlərə bildirib.

“Biz Almatıda belə danışıqları plan­laşdırırıq. İndi biz Azərbaycan və Er­mənistandakı həmkarlarımızla əlaqə saxlayırıq. Qarşıdakı danışıqlar yalnız iki tərəf arasında aparılacaq. Qeyd et­mək istərdim ki, biz Astananın vasitəçi­liyindən danışmırıq, yalnız xoşməramlı xidmətlər, yaxşı ofislər təqdim edirik”, – deyə Smadiyarov bildirib. 

Beləliklə, iki ölkənin xarici işlər na­zirləri arasında “tet-a-tet”danışıqlar mərhələsi birbaşa, vasitəçilərin iştirakı olmadan başlayacaq. A.Smadiyarov danışıqların aparılacağı yerin paytaxt Astanaya köçürüldüyünü də təsdiqlə­yib. 

Xatırladaq ki, Mirzoyan–Bayramov görüşü sonuncu dəfə bu ilin fevralında Almaniyanın Xarici işlər naziri Annale­na Berbokun iştirakı ilə Berlində keçiri­lib. Bu dialoq Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə Münxen Təhlükəsiz­lik Konfransı çərçivəsində Prezident İl­ham Əliyevlə baş nazir Nikol Paşinyan arasında keçirilən görüşdən sonra təş­kil olunmuşdu.

Türk ölkəsinin sülhə töhfəsi 

Bir müddət bundan əvvəl ekspert dairələrində belə bir rəy formalaşmış­dı ki, Ermənistan sülhün “Moskva for­matı”ndan imtina etdiyi, Azərbaycanın isə Vaşinqton və Brüssel platformala­rına inamının praktiki olaraq itirdiyi bir şəraitdə Berlin daha neytral vasitəçi qismində çıxış edə bilər. Fəqət reallıq göstərdi ki, Qərbin ortaya atdığı Ber­lin “hekayəsi” uzun sürmədi və Bakı və İrəvan Qazaxıstan Prezidenti K.C.Tokayevin dəvətinə müsbət cavab verdilər. Yəni, onlar coğrafi baxımdan regionumuzla qonşu, amma, eyni za­manda, geosiyasi proseslərdə yaxın­dan iştirak etməyən Astananın təşəb­büsünü bəyəndilər.

Qərbi Kaspi Universitetinin pro­fessoru, politoloq Fikrət Sadıxov hesab edir ki, Ermənistan və Azərbay­can artıq bir çox məsələlər üzrə razılı­ğa gəliblər: “İndi tərəflər sülh sazişinin imzalanmasına çox yaxındırlar. İrə­vanın növbəti pozitiv addımı sərhədin delimitasiyasına razılıq verməsi oldu. Azərbaycan işğaldakı dörd kəndinin qaytarılması ilə bağlı protokol da im­zalanıb. Əlbəttə, sülh gündəliyində xeyli məsələlər hələ həllini gözləyir. Digər dörd kəndimiz və Zəngəzur dəh­lizi məsələsi aktuallığını saxlamaqdadır. Hər halda, biz görürük ki, Bakının İrəva­na təzyiqi kifayət dərəcədə güclüdür və bunun müqabilində Ermənistan ədalətli tələblərimizə və maraqlarımıza cavab verən addımları atmalıdır. Düşünürəm ki, Astana görüşündə bu məsələlər mü­zakirə mövzusu olacaq. Müzakirəsini gözləyən məsələlər az deyil”.

Tanınmış politoloq ikitərəfli danışıq­larının yeni platformasında sülh sazişi­nin formatının da müzakirə olunacağını istisna etmir: “İmzalanacaq son sənəd ikitərəfli saziş olmalıdır. Bu məsələdə Azərbaycanın mövqeyi kifayət qədər aydındır. Təbii ki, bu zaman İrəvan­dan da konkret və real mövqe gözləyi­rik. Qarşı tərəfdən ziddiyyətli, ikibaşlı açıqlamalar olmamalıdır. Qarşıdakı görüşün əhəmiyyəti ondadır ki, bütün məsələlər öz həllini dərhal tapmasa da, ciddi müzakirələrin gedəcəyi şək­sizdir. Ən vacib məsələ odur ki, tərəflər bu görüşü vasitəçi olmadan, birbaşa dialoq formatında keçirirlər. Bu, danı­şıqlarda uğur deməkdir”. 

Türk Dövlətləri Təşkilatında təm­sil olunan Qazaxıstan təkcə Cənubi Qafqazda deyil, həm də ətraf bölgədə sülhün və sabitliyin əldə olunmasında maraqlıdır. Bəli, Astana bu məsələyə böyük önəm verir. Elə Bakı üçün də uzunömürlü münaqişənin son nöqtə­sinin türkdilli respublikada qoyulması arzuolunan sonluq sayılmalıdır. 

Üst-üstə düşən maraqlar 

Astana danışıqlarının nə dərəcədə uğurlu olacağını indidən söyləmək çə­tindir. Aydın olan odur ki, sülh platfor­masının “Qazaxıstan alternativi” hər iki tərəf üçün məqbul variant sayılır. Axı, Qazaxıstan, eyni zamanda, həm Azər­baycan, həm də Ermənistanla güclü ikitərəfli tərəfdaşlıq münasibətlərinə malikdir. Türk Dövlətləri Təşkilatının üzvü Azərbaycan üçün, Avrasiya İqti­sadi İttifaqı çərçivəsində vahid iqtisadi və ticarət məkanında Ermənistan üçün Qazaxıstanın bu prosesdə rolu əhə­miyyətlidir. Bundan başqa, rəsmi Asta­na həm də Ermənistanın hələlik bağları tam qoparmadığı KTMT-də hərbi müt­təfiqidir. Doğrudur, məlum hadisələr­dən sonra İrəvan faktiki olaraq bu blok­dakı fəaliyyətini tamamilə “dondurub”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğ­lu artıq Bakı və İrəvanın vasitəçiyə eh­tiyac duymadığını bildirdi: “Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayən­dəsi Aybek Smadiyarovun “Qazaxıstan hakimiyyəti Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü təşkil edərkən danışıqlarda vasitəçi rolunu oynamayacaq” açıqlamasını faydalı hesab edirəm. Həqiqətən də, Azərbay­canla Ermənistana artıq vasitəçi lazım deyil, birbaşa danışıqlar müsbət nəticə verir. Münaqişənin 30 ili ərzində nə qə­dər vasitəçilər gördük, amma onların heç biri işə yaramadı. Tərəflərin bun­dan sonra vasitəçiyə yox, sadəcə, gö­rüş üçün məkana ehtiyacları var ki, onu da Qazaxıstan hakimiyyəti xoş məram­la təqdim edir. Qazaxıstan XİN rəsmisi Astananın bu təşəbbüsünü “good offi­ces” (yaxşı ofis) kimi qiymətləndirib”.

E.Şahinoğlu Türk Dövlətlər Təşki­latının üzvü olan Qazaxıstanın vasitəçi olmasa da, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsini arzu­layan əsas dövlətlərdən biri hesab edir: “Astana Bakı və Ankara qədər Zəngə­zur dəhlizinin işə düşməsini istəyir. Bu dəhliz Qazaxıstanın da baş rol oyna­yacağı Orta dəhliz layihəsinin reallaş­masını sürətləndirəcək. Qazaxıstan Prezidentinin qısa zaman kəsiyində Azərbaycana və Ermənistana səfərləri həm də bununla bağlı idi”.

Tarixi fürsət

Qazaxıstan sülh platforması kon­tekstdən əlavə, iqtisadi səbəblərə görə də danışıqlar üçün ideal məkan sayıl­malıdır. Burada söhbət, ilk növbədə, Transxəzər Beynəlxalq nəqliyyat mar­şrutundan (Orta dəhliz) və Zəngəzur dəhlizindən gedir. Nəzərə almaq lazım­dır ki, rəsmi Astananın bu məsələdə həm münaqişənin sülh yolu ilə həllinə yönəlmiş siyasi, həm də iqtisadi ma­raqları var. Axı, neft və qazla zəngin Qazaxıstan iqtisadiyyatı da transmilli, qitələrarası nəqliyyat və logistika qo­vşağının inkişafından birbaşa asılıdır. Düzdür, yuxarıda qeyd etdiyimiz kimi, Astanada planlaşdırılan ikitərəfli da­nışıqlardan dərhal böyük dividendlər gözləməyə dəyməz. Amma sülh pro­sesinin davam etdirilməsi faktının özü son nəticəyə və ciddi dəyişikliklərə ümidlər yaradır. Burada Qazaxıstanın sülhməramlı təşəbbüsü öz üzərinə götürməklə, sadəcə olaraq, praqma­tik addım atdığı qeyd olunmalıdır. Bu, həm də tərəflərinn Astanaya etibar et­mələrinin sübutudur.

Sonda bir daha qeyd edək ki, Er­mənistan və Azərbaycan sərhədi ilə bağlı aparılan danışıqlardan sonra iki ölkənin baş nazirlərinin müavinləri­nin rəhbərlik etdiyi sərhəd məsələləri üzrə komissiyalar Qazax rayonunun 4 kəndinin qaytarılması ilə bağlı razılığa gəliblər. Deməli, heç bir vasitəçinin iş­tirakı olmadan bu istiqamətdə sərhəd xəttinin bir hissəsinin delimitasiyasına nail olunması onu əminliklə deməyə əsas verir ki, kənar vasitəçilərsiz sülhə nail olmaq mümkündür.

Beləliklə, vasitəçisiz, ikitərəfli sülh danışıqlarına yeni nəfəs verəcək Asta­na platformasında həm Bakının, həm də İrəvanın istəklərinə uyğun nəzərə­çarpacaq nəticələrə nail olmaq o qədər də çətin görünmür. Bakı üçün isə tarixi sülh sazişinin məhz dost və qardaş Qazaxıstanda imzalanmasının xüsusi əhəmiyyəti var. 

İmran BƏDİRXANLI
XQ





Siyasət