Sərhəd dirəkləri – erməni avantürizminin gözlərinə batan ox

post-img

Oskanyan və Ohanyanın Ermənistanda dövlət çevrilişi çağırışları 

Azərbaycan – Ermənistan sərhədində 35 sərhəd dirəyinin quraşdırılması ilə bağlı xəbərin yayıldığı bir vaxtda Ermənistandakı “Qarabağ sevdalılarının” aktivləşməsi heç də təsadüfi sayıla bilməz. Görünür, delimitasiya prosesinin dərinləşməsi revanşist-şovinistləri və onları “hərəkətə gətirənləri” narahat etməyə başlayıb. 

Daha çox narahat olanlar sırasında Ermənstanın keçmiş xarici işlər naziri Vardan Oskanyan və sabiq müdafiə naziri Seyran Ohanyan da var. Onların hər iki­sinin səsləndirdikləri fikirlər sərsəmlikdən başqa bir şey deyil. Məsələn, Oskanyan deyir ki, “Qarabağ məsələsi həll olunmur, bağlanmır və unudulmur”. Sabiq baş dip­lomat bölgədə, guya, etnik təmizləmənin aparıldığı, nəticədə Qarabağ erməniləri­nin öz evlərini tərk edərək, Ermənistanda sığınacaq tapmağa məcbur qaldıqları ilə bağlı bir vaxtlar rəsmi İrəvanın da dilə gətirdiyi, lakin hazırda tarixin arxivinə gömdüyü mənasız tezisləri təkrarlayır. Ancaq Oskanyanı bir məsələdə müəyyən qədər haqlı saymaq mümkündür. Nədir o məsələ, əvvəlcə bu barədə...

Məlum olduğu kimi, keçmiş SSRİ-nin dağılmasından sonra yaran­mış Ermənistan Respublikası Qarabağ avantürizmi üzərində formalaşmışdı. Yəni, bu amil erməni milli identikliyinin rəmzi kimi ortaya çıxmış, bir növ, bir­ləşdirici faktor rolunu oynamışdı. Belə bir cəfəng məntiq illər ərzində düşün­cələrə yeriyərək patoloji xəstəlik halına gəlib və indinin özündə də erməni cə­miyyətinin canından çıxmayıb. Başqa sözlə desək, 44 günlük müharibədəki rüsvayçı məğlubiyyət Ermənistanın həyatına o qədər ciddi təsir göstərib ki, həmin təsirdən xilas yolları tapılmır. Yekunda belə nəticə hasil olur ki, Qara­bağ avantürizmi üzərində formalaşmış Ermənistan dövləti bu avantürizmin sı­radan çıxması ilə məhvə məhkumdur. 

Əslində, baş nazir Nikol Paşinyanı durumu dərk etmək baxımından bəlkə ən ağıllı erməni adlandırmaq mümkün­dür. Ancaq onun ağlının böyük ölçüdə satqınlıq və xainlik kimi qiymətləndi­rildiyi də göz önündədir. Çünki xəstə təxəyyül doğrunu yalandan, obyektiv­liyi subyektivlikdən, reallığı utopiya­dan ayırmaq iqtidarında deyil, onun uydurduğu miflər var. Erməni cəmiy­yəti həmin miflərlə yaşayır, Paşinyanın dolayısı və ya birbaşa ortaya qoyduğu reallıqları qavramayacaq qədər iflic du­rumdadır. 

Keçmiş XİN rəhbəri V.Oskanyan da ifliclərdən biridir. Amma qocaldıqca simasını itirən Vardan tək deyil. Ermə­nistanın sabiq müdafiə naziri S.Ohan­yan da onunla eyni ağıldadır. Sonun­cunun nə dediyinə diqqət yetirəcəyik. Hələlik isə bildirək ki, Oskanyanı yuxa­rıda qeyd etdiyimiz məqamlara görə haqlı saymağımız “Qarabağ yoxdur­sa, Ermənistan da yoxdur” prinsipinin aktuallığını qoruması ilə əlaqədardır. Özü də bu qoruma təkcə Oskanyanın dediklərinə nəzərən deyil. Sabiq XİN başçısı ümumi düşüncəni diqqətə çat­dırır, necə deyərlər, avantürizmin dili ilə danışır. 

Ermənistanda oskanyanlar və ohanyanlar kifayət qədərdir. Ən pisi isə odur ki, belə ambisioz urapatriotla­rın bağırtısı praqmatik təfəkkür sahib­lərinin səslərindən daha çox eşidilir. Mövcud durum istər-istəməz sülh pro­sesi baxımından inamsızlıq ab-havası formalaşdırır. Üstəlik, Ermənistan iq­tidarının zaman-zaman qətiyyətsizlik göstərməsi, illüziyaya qapılması da inamsızlığı gücləndirir, etimad mühitini sarsıdır. 

Bu məqamları nəzərə alsaq, Os­kanyan çox doğru olaraq bildirir ki, Er­mənistanın təhlükəsizliyinə təhdidlər Qarabağın itirilməsi nəticəsində yara­nıb. Bu itki “erməni strateji dərinliyini” sıradan çıxarıb. Keçmiş nazir “strateji dərinlik” dedikdə qonşu ölkənin əra­zilərini işğalda saxlamaqdan başqa heç nəyi nəzərdə tutmur. O, erməni iqtidarını Qarabağ danışıqlarını davam etdirməməkdə günahlandırır. Axı özü də bir zamanlar həmin danışıqlarda ən müxtəlif manipulyasiyalara əl atıb. Vaxt uzadaraq işğalı leqallaşdırmağa çalı­şıb. Oskanyanın “diplomatik məharəti” məhz bunda idi. 

V.Oskanyan başını itirib. Bunun ən bariz göstərici barədə söz açacağıq. Hələlik isə deyək ki, o, Paşinyanı həm otuz ilə yaxın müddətdə davam etmiş danışıqlar prosesindən, daha doğru­su, həmin danışıqlardakı vasitəçilik sipərindən uzaqlaşmaqda, həm də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəya­natdan imtinada günahlandırır. Onun fikrincə, birinci halda, yəni 44 günlük müharibə zamanı Ermənistanı heç kəs dəstəkləmədi, ikinci halda isə Qarabağ tam itirildi və bütün bunlar taleyüklü səhvlər idi. 

Sabiq nazir deyir: “Siz bu bəya­natdan uzaqlaşmağa başladınız və ən təhlükəlisi, vasitəçiləri atıb Brüsselə getdiniz. Bundan sonra məzmunu və vasitəçini itirdiniz. O, (Paşinyan nəzər­də tutulur – red.) Qarabağı Azərbay­canın tərkib hissəsi kimi tanıyanda bu məsələdə müəyyən nəticələr əldə etmək imkanlarından məhrum duruma düşdü. Bütün hallarda hakimiyyət ümu­merməni mənafelərindən nəinki imtina etdi, hətta onları bağladı. Paşinyan bir müddət əvvəl ermənilərin Qarabağa qayıtma ehtimalını görmədiyini bil­dirərək, bu məsələni da tamamilə qa­patmağa çalışıb”. 

İndi isə gələk V.Oskanyanın, belə demək mümkünsə, “Qarabağı qay­tarma formuluna”. Onun başını itir­məyinin ən böyük göstəricisi elə bu­dur. Beləliklə, sabiq nazir bildirib ki, Qarabağ məsələsinin gündəmə qay­tarılması realdır və bu yolda yeganə maneə Ermənistan hakimiyyətidir. Oskanyan Avropa Parlamenti və digər qurumların avantürist bəyanatlarına, qətnamələrinə diqqət çəkərək, həmin sənədləri dünyanın erməni maraqla­rına dəstək verməyə hazırlığın ifadə­si kimi qiymətləndirib. Belə çıxır ki, Qarabağ üçün Ermənistana kömək göstərməyə hamı razıdır, yalnız Pa­şinyan bunu istəmir. Heyrətlənməyə bilmirsən. Bu təfəkkürün sahibi uzun müddət ölkədə vacib vəzifə tutub! An­caq çox da düşünməyə ehtiyac yox­dur. Çünki həmin vaxt Ermənistana böyük ölçüdə nə prezident, nə xarici işlər naziri, nə müdafiə naziri, nə də başqa vəzifə sahibi lazım olub. Ölkə Rusiyanın tam himayəsi altında idi və bütün qərarlar Kremldən verilirdi. Ancaq 2018-ci ildə Paşinyan hakimiy­yətə gəlməklə, vəziyyət kökündən də­yişdi. Ona görə də indi Oskanyan Ni­kolu devirməkdən dəm vurur və deyir ki, Ermənistana bacarıqlı, uzaqgörən, milli liderlər lazımdır. 

Əlqərəz, Oskanyanın “Qarabağı qaytarmaq formulu” yeni müttəfiq tap­maqdır. Bu adam üçün rasional düşün­mək, reallıqları nəzərə almaq anlayışı yoxdur. Yəni, Ermənistan maraqlarını qorumaq üçün mütləq kiminsə əlinin altında olmalıdır. Başqa sözlə desək, Paşinyanın Qərbə sığınması sabiq naziri qane etmir və buna görə baş nazirin rəhbərlik etdiyi iqtidarın devril­məsinin vacibliyini bildirir. Sən demə, Nikol kreslosundan uzaqlaşdırılsa, cə­miyyətdə qütbləşməyə son qoyulacaq, Ermənistan polis dövlətinə çevrilməyə­cəkmiş. Görünür, Oskanyan xunta re­jimi zamanı ölkənin kriminal dövlət ol­ması reallığının fərqinə varmır. 

Sabiq müdafiə naziri S.Ohanya­nın dedikləri Oskanyanın söylədiklə­rindən bir o qədər fərqlənmir. Hazır­da “Ermənistan” blokunun parlament fraksiyanın rəhbəri olan Ohanyan da Qarabağ məntiqini qabardır. Deyir ki, bölgəyə vaxtilə səfər etmiş beynəlxalq vasitəçilərdən heç biri oradakı qurulu­şu “terror təşkilatı” kimi qələmə vermə­yib. Sabiq müdafiə nazirini bu fikrinə görə haqlı saymaq olar. Ona görə ki, həmin beynəlxalq vasitəçilər, konkret olaraq ATƏT-in Misnk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri illər ərzində Azərbaycan torpaqlarının işğalını leqallaşdırmaq missiyasını ye­rinə yetiriblər. Ona görə də Qarabağ­dakı qondarma quruluşun təmsilçiləri ilə qol-boyun olmaqdan çəkinməyiblər. Hazırda həmin vasitəçilik missiyası ta­rixin zibilliyindədir. 

44 günlük müharibə zamanı Şu­şanı qoruyacağını deyən bu məxluq Azərbaycan xüsusi təyinatlılarının qa­bağından qaçıb canına qurtara bilmə­sinə görə də hər gün dua etməlidir.

Ancaq görünür, ilan yalnız ulduz görəndə ölür. Buna görə də Ohanyan İrəvanda oturub sərsəmləməkdə sər­bəstdir. Təhlükə ondan sovuşduğun­dan asanlıqla bildirir ki, Ermənistan onun üçün “zireh” və “dəbilqə” olan Qa­rabağsız çılpaqdır. Bəli, haqqında söz açdığımız Qarabağ milli erməni iden­tikliyi formulu kimi xəstəlik Ohanyanın fikirlərində öz simptomlarını göstərir. O deyir ki, hazırkı Tavuş hadisələri, yəni, ümumilikdə, Azərbaycan – Ermənistan sərhədinin delimitasiyası xüsusunda sərhəd dirəklərinin basdırılması Qara­bağ itkisinin nəticəsidir. Buna görə də “Qarabağ məsələsi daim gündəmdə saxlanılmalıdır. Hakimiyyət bundan im­tina etməklə, Vətənimizin bir hissəsinə qarşı öz xəyanətkar davranışlarını sü­but edir”.

Göründüyü kimi, Ohanyan da Pa­şinyanı devirmək çağırışları edir və bu zaman Qarabağın hələ də itirilmədiyi məntiqinə söykənir. 

Sonda belə nəticəyə gəlirik ki, Azərbaycan və Ermənistan arasında sərhəd dirəkləri həm də erməni millət­çiliyinin Qarabağ avantürizminə sancıl­mış mismarlardır. Sərhəd dirəklərinin sayı artdıqca həmin avantürizm daşıyı­cılarının sancı çəkəcəkləri, canlarının ağrısını ən müxtəlif vasitələrlə ətrafa çatdıracaqları aşkardır. Belə görünür ki, bu məsələdə Ermənistan hakimiy­yətinin devrilməsi məntiqi də aktualla­şır. Mümkündür ki, bu məntiq gələcək­də daha da güclənsin, yeni “forma” və “məzmun” qazansın. 

Ə.CAHANGİROĞLU
XQ





Siyasət