Gənc nəslin “yaşıl” arzuları

post-img

Bu ilin payızında ölkəmiz dünya miq­yasında ən mühüm beynəlxalq tədbirlər­dən birinə – COP29-a evsahibliyi edəcək. Hazırda Azərbaycan bu mötəbər tədbirə ciddi şəkildə hazırlaşır. Dövlət İqtisad Universiteti Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistrant­ları Humay Kamalzadə, İlahə Mərdanlı və Nigar Məmmədovanın redaksiyamıza təqdim etdikləri məqalələrdə də bu məsələ diqqət mərkəzində saxlanılıb.

Humay KAMALZADƏ: 

– Azərbaycan iqtisadiyyatı keçmiş sovet dönəmindən başlayaraq neft və qaz ehtiyat­larına əsaslanıb. Neft sənayesi tarixən mil­li-iqtisadi rifahın əsasını təşkil edib, ÜDM-ə və beynəlxalq iqtisadi əlaqələrin inkişafına əhəmiyyətli töhfələr verib. Ancaq bu zaman kritik ekosistemlərin çirklənməsi və deqrada­siyası da geniş nəzərə çarpıb. 

Enerji portfelinin müxtəlifləşdirilmə­sinin zəruriliyini tanıyan Azərbaycan bir sıra yenilənən enerji layihələrinə başlayıb. Hökumət daha çox Abşeron yarımadası və Xəzər dənizi ətrafındakı bölgələrdə günəş və külək enerjisi obyektlərinin inşasını fəal şə­kildə təşviq edib. Bu səylər 2030-cu ilə qədər enerji qarşılığında yenilənə bilən mənbələrin payını 30 faizə çatdırmağı qarşısına məqsəd qoyan “Kommunal xidmətlərin inkişafı üzrə Strateji Yol Xəritəsi”nin geniş strategiyasının bir hissəsi kimi diqqət çəkib. 

Bu gün ölkəmiz ətraf mühitə dəstəkli in­frastrukturun modernləşdirilməsinə də diqqət yetirir. Bu, smart şəbəkələrin inkişafını, şəhərsalma və tikintidə enerji texnologiya­larının səmərəli qəbulunu əhatə edir. “Yaşıl bina” standartları artan şəkildə təşviq olunur, işçilər üçün karbon izlərini azaltmaq, enerji səmərəliliyini yaxşılaşdırmaq üçün təşviqlər diqqətə çatdırılır. 

Neft istismarının onilliklər boyu ekoloji ziyanına cavab olaraq Azərbaycan hökumə­ti beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda bir neçə böyük miqyaslı ətraf mühitin bərpası layihələrinə başlayıb. Bunlara meşələrin bər­pası və xüsusilə sənaye çirklənməsindən cid­di şəkildə əziyyət çəkən Abşeron yarımadası kimi ərazilərdə neftlə çirklənmiş torpaqların təmizlənməsi daxildir.

Azərbaycanın səyləri Paris sazişi və Davamlı İnkişaf Məqsədləri (SDGs) kimi qlobal ətraf mühit məqsədlərinə töhfə verir. Azərbaycan yenilənə bilən enerji və “yaşıl texnologiya”lara investisiya qoyaraq yalnız öz daxili ətraf mühit məsələlərini həll etmir, həm də qlobal istixana qazı emissiyalarının azaldılmasına töhfə verir.

Buna baxmayaraq respublikamız “yaşıl iqtisadiyyat”a tam keçidi gerçəkləşdirən za­man müəyyən çətinliklərlə üzləşir. Bunlara neft ixracından iqtisadi asılılığın aradan qal­dırılması, siyasət və qanunvericilik məsələlə­rinin həlli və “yaşıl texnologiya” investisiya­larının davamlılığının təmin edilməsi daxildir. Azərbaycanın gələcək istiqaməti bu “yaşıl təşəbbüslər”in möhkəmləndirilməsini, icti­mai-xüsusi tərəfdaşlıqların gücləndirilməsini və beynəlxalq orqanlarla “yaşıl texnologiya” praktikalarının bölüşdürülməsini əhatə edir.

Azərbaycanın indiki əsrə “yaşıl texno­logiya”ları qəbul etməklə daxil olması döv­lətimizin həm ətraf mühit siyasətində, həm də beynəlxalq imicində köklü bir dəyişikliyin baş verdiyini göstərir. Respublikamızın neft sektorundan gələn ziyanı aradan qaldırmaq üçün bu sahəyə investisiya qoymaq üzrə səyləri ətraf mühitin mühafizəsi və iqtisadi müxtəlifləşməyə öhdəliyini göstərir. Azər­baycan bu məqsədə doğru uğurla irəlilədikcə, onun beynəlxalq səhnədə “yaşıl texnologi­ya”ların təbliğatçısı kimi rolu getdikcə yük­səlir. Bu isə Azərbaycanın beynəlxalq aləmdə təkcə kimliyini yenidən müəyyənləşdirmir, həm də qlobal ətraf mühitə verdiyi töhfənin əhəmiyyətini dəyərləndirir. 

İlahə MƏRDANLI:

– İqlim dəyişiklikləri dünyanın ən qlobal problemlərindən biridir. Bu problemin miq­yası gündən –günə artmaqda davam edir. İq­lim dəyişikliklərinin təzahürü bir sıra dünya ölkələrində olduğu kimi, Azərbaycanda da öz əksini tapmışdır. Qlobal istiləşmə, mövcud qeyri-sabit hava şəraiti bir çox dünya ölkələri ilə bərabər, Azərbaycanda da hiss edilməkdə və problemlər yaratmaqdadır. Bu problemlə­rin diqqət mərkəzində olması və göz önündə canlandırılması mövcud məsələnin həlli is­tiqamətində ölkələri əsaslı tədbirlər görməyə təşviq edir. Buna görə də bir çox elmi və praktiki konfranslar, beynəlxalq tədbirlər hə­yata keçirilir. 

İqlim dəyilşikliyi Yer kürəsində orta tem­peraturun və hava şəraitinin uzunmüddətli dəyişilməsi halıdır. İqlim dəyişikliyinə gəti­rib çıxaran əsas amillər sırasına antropogen təsirlər daxildir. Belə ki, zavod və fabrik­lərdə, eyni zamanda, nəqliyyat vasitələrində neft, qaz və kömürün geniş şəkildə istifadə­silə atmosferə külli miqdarda istixana qazları atılır. Bu da havanı çirkləndirir, temperaturun artmasına gətirib çıxarır. Qeyd edilən prob­lem, öz növbəsində, dünyada canlıların möv­cudluğuna öz mənfi təsirini göstərir.

İqlim dəyişikliyi probleminin azaldılma­sı və aradan qaldırılması uğrunda görülən tədbirlər sırasına 2015-ci ildə keçirilən Paris sülh konfransını, daha sonra Kioto protokolu­nu qeyd etmək olar. Parisdə imzalanan sazişə əsasən 200-dən artıq ölkə qlobal istiləşməni Selsi üzrə 1.5 dərəcə səviyyəsində saxlamağa çalışacaqlarını öz öhdəsinə götürmüşdür. Bu məqsədə nail olmaq üçün də sıfır CO2 (kar­bon) emissiyasına nail olmaq lazımdır. Sıfır karbon emissiyasına nail olmaq da istixana qazlarının maksimum azaldılmasını təmin etmək deməkdir.

BMT-nin İqlim dəyişmələri üzrə çərçivə Konvensiyasına Azərbaycan Respublikası Milli Məclisi 1995-ci ildə qoşulmuşdur və qeyd etmək lazımdır ki, Azərbaycan Respub­likası Paris sazişini qəbul edən ölkələr sıra­sındadır.

İqlim dəyişiklikləri ilə bağlı mübarizədə bunlarla yanaşı görülən tədbirlərə COP29-u da qeyd etmək vacibdir. COP (Conference of the Parties), yəni tədbirlərin konfransı deməkdir və 29 ədədi isə sayca tədbirin 29-cu olduğunu göstərməkdədir. Ölkəmizdə baş tutacaq bu tədbir 2024-cü ilin noyabr ayının 22-nə təsadüf edəcəkdir. Bundan əvvəlki tədbir isə, Birləşmiş Ərəb Əmirlikərində baş tutmuşdur. COP29 tədbirində iqlim dəyi­şiklərini müzakirə etmək və bu istiqamətdə danışıqlar aparmaq üçün bir çox dövlətin li­der, rəhbər və nümayəndələri, elm adamları, bununla birgə digər maraqlı tərəflərin iştirakı nəzərdə tutulmuşdur. COP tədbirlərində ilk öncə gündəlik qəbul edilir və müzakirələrdən sonra yekun sənəd qəbul olunur. 

Nigar MƏMMƏDOVA:

– “Yaşıl iqtisadiyyat” insan rifahını və sosial ədaləti təmin edən və eyni vaxtda ətraf mühit risklərini kəskin azaldan iqtisadiyyat kimi müəyyənləşdirilir. “Yaşıl iqtisadiyyat” təbii mühitin bir hissəsi kimi ona tabe olan iqtisadiyyatdır.

Dünyada ətraf mühitin çirklənməsi, aza­lan təbii ehtiyatlar, iqlim dəyişmələri fonun­da dayanıqlı inkişafa nail olmaq üçün “yaşıl iqtisadiyyat”ın genişləndirilməsi, onun müa­sir tələblər səviyyəsində inkişaf etdirilməsi istiqamətlərində aparılan tədbirlər mühüm önəm daşıyır. 

Azərbaycan Respublikası qlobal miqyasda mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, dayanıqlı və Cənubi Qafqazın ən böyük iqti­sadiyyatına sahib olan dövlətdir. 2020-ci ildə 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusunun torpaqlarımızı işğal­dan azad etməsi isə həm beynəlxalq arenada ölkəmizin mövqeyini gücləndirib, həm də iqti­sadiyyatımızın inkişafı üçün yeni perspektivlər yaradıb. Belə ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının potensialının tam reallaş­dırılması respublikamızda ümumi iqtisadi artı­ma və rifaha güclü töhfə verəcək, yeni nəqliy­yat-kommunikasiya dəhlizlərinin açılması ilə Azərbaycanın regional inkişafın mərkəzi kimi geoiqtisadi rolunu daha da artıracaq. 

İşğaldan azad olunan ərazilərimizin “yaşıl enerji” zonasına çevrilməsi nəzərdə tutulub və bu istiqamətdə sistemli tədbirlər həyata keçirilir. “Yaşıl enerji” zonası ifadəsi də təkcə bərpaolunan enerji mənbələrindən enerji istehsal edən yerlər barədə istifadə olunmur. Bu ifadənin əhatə dairəsi genişdir və özündə ekoloji təmiz nəqliyyat vasitələ­rinin təşviqi, “yaşıl məşğulluğ”un təmini, resurslardan səmərəli istifadə kimi çoxşaxəli məsələləri birləşdirir. Buna görə də işğaldan azad olunan ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi üçün kompleks tədbirlər görülür, “smartcity” (“ağıllı şəhər”), “smart-village” (“ağıllı kənd”) konsepsiyası əsasında kəndlə­rin və şəhərlərin inşası həyata keçirilir, ərazi­də yaradılacaq sənaye müəssisələrinin “yaşıl iqtisadiyyat”a töhfə verməsinə xüsusi diqqət yetirilir, günəş və külək enerjisindən istifadə imkanları araşdırılır. 

İşğaldan azad olunmuş ərazilərimizin “yaşıl enerji” zonasına çevrilməsi ölkəmizdə “yaşıl iqtisadiyyat”ın formalaşmasına böyük töhfə verəcək. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə mövcud olan bütün infrastruktur düşmən tərəfindən dağıdılıb. Ha­zırda həmin ərazilərdə infrastrukturun bərpa­sı da “yaşıl iqtisadiyyat” prinsiplərinə əsasən aparılır, yeni salınan şəhər və kəndlərdə, sənaye zonalarında ekoloji normaların gözlə­nilməsi əsas götürülür. İşğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasının elan edilməsi də bunun göstə­ricisidir. Bir sözlə, yaxın gələcəkdə işğaldan azad olunmuş ərazilərimiz “yaşıl iqtisadiy­yat” prinsipləri ilə inkişaf edən dünyanın nü­munəvi məkanlarından olacaq.

Hazırladı:
V.BAYRAMOV
XQ





Sosial həyat