Bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycanda keçirilməsi barədə yekdil rəy beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük ehtiramın və dəstəyin göstəricisidir. Bundan əvvəl Azərbaycanın BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlara uğurla sədrlik etməsi də bu qərarın qəbul edilməsində əhəmiyyətli rol oynamışdır. Digər baximdan, bu, həm də Azərbaycan rəhbərliyinin qlobal miqyasda güclü diplomatiyasının əlaməti və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaş nüfuzunun təsdiqidir. COP29-da dünyanın hər bir nöqtəsini təmsil edən 70-80 min qonağın iştirakı proqnozlaşdırılır ki, bu da tədbirin misli görünməmiş qlobal miqyasını təsəvvür etməyə imkan verir.
Hazırda ölkəmiz say tutumuna görə dünyada ən böyük tədbirə hazırlığın fəal mərhələsindədir. Aprelin 23-də ADA Universitetində 30 ölkədən 64 beyin mərkəzinin qatıldığı “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilmiş beynəlxalq forum da məhz bu prosesin mühüm elementlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forumda iştirakı və tədbir iştirakçılarının suallarını cavablandırması isə toplantının müstəsna əhəmiyyətini müəyyənləşdirən amillərdəndir.
Forum regional təhlükəsizlik, enerji keçidi və “yaşıl artım”la bağlı Azərbaycanın baxışının təqdim olunması, Qarabağda “yaşıl” və ekoloji cəhətdən təmiz zonaların yaradılması, ölkəmizdə külək və günəş enerjisi layihələri, Avropa İttifaqına qədər uzanan “yaşıl enerji” dəhlizlərinin gələcəyi və digər mövzular baxımından yanaşmasını təqdim etməsi qlobal siyasət müzakirələrinə mühüm töhfə kimi dəyərlidir. Bununla yanaşı, erməni işğalının nəticələrinin ətraf mühitə təsirinin, o cümlədən, çox ciddi mina probleminin toplantı iştirakçılarının diqqətinə çatdırılması bu problemlərin beynəlxalq hüquq alətlərinə yönəldilməsi baxımından yeni bir imkandır.
Toplantı iştirakçılarının ən müxtəlif suallarını geniş və dolğun şəkildə cavablandıran Prezident İlham Əliyev bir sıra regional və beynəlxalq məsələlərə dair mövcud vəziyyətlə bağlı məlumat vermiş və mövqeyini ifadə etmişdir. Təbiidir ki, bu sorğular içərisində tədbir iştirakçılarının və eyni zamanda, ölkə ictimaiyyətinin daha çox marağına səbəb olan istiqamətlərdən biri postmünaqişə dövründə formalaşmış yeni geosiyasi şəraitdə sülh, təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə bağlı olmuşdur. Ölkə başçısının söylədiklərinə istinadən, düşünürəm ki, bu taleyüklü məsələnin müxtəlif aspektlərdən araşdırılmasına ehtiyac vardır. Belə ki, son dövrlər regionda və dünyada cərəyan edən hadisələr tez-tez bir-birini əvəzləyərək yeni siyasi situasiyaların yaranmasına səbəb olur.
COP29-un Azərbaycanda keçirilməsi İrəvanla Bakı arasındakı münasibətlərdə irəliləyişin nəticəsi olduğunu bildirən cənab İlham Əliyev Azərbaycanın sədrlik etdiyi növbəti toplantının əsas müzakirə predmetlərindən birinin sülh və təhlükəsizlik problemləri olacağını bildirmişdir: “COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq biz gündəliyə bir neçə əlavə edə bilərik və belə məsələlərdən biri sülh olacaqdır. Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq”.
Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi baxımından bütün bu hadisələr əsasən müsbət məcrada cərəyan edib. Prosesin müsbət dinamikasını təsdiq edən faktlardan biri də odur ki, artıq Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiya ilə paralel olaraq demarkasiya prosesinə də başlanılıb. Diqqətçəkəndir ki, Qazax rayonuna məxsus 4 kəndin Azərbaycana qaytarılması məsələsində də tərəflərin qarşılıqlı razılaşmalara əsasən Ermənistan konstruktiv davranış nümayiş etdirir. Hadisələrin bu yönümü həm də onunla əlaqədardır ki, 44 günlük Vətən müharibəsindən sonra qarşıya qoyulan hədəflərə nail olmaq üçün Azərbaycan hərbi gücdən istifadəni istisna edən üsullara üstünlük verməklə öz xoş niyyətini ortaya qoyub: “Hazırda biz siyasi yolla davam edirik. Əminəm ki, biz bütün məqsədlərimizə siyasi vasitələrlə nail ola bilərik və məhz bunu nümayiş etdiririk.” Əlbəttə, iki ölkə, xüsusilə də iki xalq arasında daha çox etimadın artırılması üçün hələ çox işlər görülməlidir.
Bu gün qlobal miqyasda hadisələrin sürətlə inkişaf etdiyi bölgə kimi, Qafqazda baş verən geosiyasi proseslərin düzgün məcraya yönəldilməsi üçün fəallıq nümayiş etdirilməlidir. Əks təqdirdə, bütövlükdə bu coğrafiyada məskunlaşmış bütün xalqlar siyasi kataklizmlərlə üz-üzə qala bilər. Azərbaycan Prezidenti COP29-un Cənubi Qafqazda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə mühüm töhfə verəcəyi ilə bağlı əminliyini ifadə edib: “Ümumilikdə Cənubi Qafqazda üç ölkə arasında ən azı məsləhətləşmə formatı yaradıla bilər ki, bu, gələcək əməkdaşlığa yol açsın. Bu, misilsiz bir fürsətdir. Sülh şəraitində müstəqillik yoluna qədəm qoyan Baltik dövlətlərindən fərqli olaraq, Sovet İttifaqının süqutu bizi bu imkandan məhrum etdi. Biz müharibələrlə üzləşdik. İndi isə bu səhifəni çevirmək üçün fürsət var, biz bunu edirik və COP29 bunun gözəl nümunəsidir”.
Bütün bunlar sülh danışıqları prosesində ciddi irəliləyişə nail olmaq ehtimalının yüksək olması qənaətini formalaşdırır. Hər iki ölkənin siyasi liderlərinin müxtəlif formatlarda danışıqların məzmunu və hökumətlər səviyyəsində bu yaxınlarda bərpa olunmuş müntəzəm görüşlər bu qənaəti bir qədər də möhkəmlədir. Bunun üçün hər iki tərəfin siyasi iradəyə malik olduğunu söyləyən cənab İlham Əliyev hazırkı sülh proseslərinin gedişinə nikbin yanaşır: “…Deyə bilərəm ki, biz yalnız indi mahiyyət baxımından real danışıqlara yaxınlaşırıq… Düşünürəm ki, COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında razılaşmanın, ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır… Çünki suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpasından sonra Ermənistan həmin müddəanı aradan qaldırdı və əlbəttə ki, artıq Qarabağ kəlməsinin heç bir aspektini dilə gətirmir.
Bununla da ən mühüm maneə aradan qalxdı və hesab edirəm ki, digər müddəalar razılaşdırıla bilər, çünki orada hər-hansı bir yenilik, yeni icad yoxdur, bütün prinsiplər beynəlxalq hüququn normalarına və praqmatik yanaşmaya əsaslanır… Biz buna beynəlxalq arenada ən təxirəsalınmaz məsələnin praktiki həllinə töhfə vermək imkanı kimi baxırıq”. Lakin, əlbəttə ki, hər iki tərəfə vaxt lazımdır, çünki sülh müqaviləsi imzalandığı təqdirdə, bu, hər iki ölkə üçün taleyüklü tarixi razılaşma olacaqdır. Ölkə başçısının da qeyd etdiyi kimi, beynəlxalq hüquqa əsaslanan şərtləri razılaşdırmaq daha çox Ermənistanın marağındadır və rəsmi İrəvan Bakının ədalətli təkliflərinə uyğun olmayan subyektiv iddialarından çəkilməlidir.
Quru yolla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən “Zəngəzur dəhlizi”nə gəlincə isə, bildiyiniz kimi, əslində, bununla bağlı konkret müddəa 2020-ci il 10 noyabr tarixli üçtərəfli Moskva Bəyanatında öz əksini tapmışdır. Digər tərəfdən, həm Avropa-Asiya ticari əlaqələri, həm də region ölkələrinin qarşılıqlı fayda əsasında əməkdaşlıq imkanlarından bəhrələnmək baxımından bu məsələnin müsbət həlli bütün tərəflərə böyük siyasi və iqtisadi dividentlər vəd edə bilər. Ona görə də Çin də daxil olmaqla Avrasiya məkanına daxil olan, demək olar ki, bütün ölkələrin maraqları bu layihədə uzlaşır. Bu baxımdan gözləmək olar ki, dəhlizi Avropa ilə Asiyanı birləşdirən dəhlizi inadla tıxac kimi saxlamaqla yalnız öz milli maraqlarına zidd addım atmış olan Ermənistan Şimaldan, Şərqdən və Qərbdən gələn təzyiqlərə davam gətirə bilməyəcək. Başqa sözlə, “Zəngəzur dəhlizi”nin açılması labüddür. Azərbaycan Prezidenti bununla bağlı rəsmi İrəvana ismarıc ünvanlanmış və məhz bu məsələnin müsbət həllinin məhz Bakının dəstəyi ilə İrəvanı transmilli layihələrə cəlb etməklə Ermənistanı təcriddən xilas etməyin yeganə yolu olduğuna işarə vurmuşdur. Baş nazir Nikol Paşinyan, revanşist qüvvələr və onun xarici havadarları da praqmatik düşüncə tərzinə üstünlük verməli, öz öhdəliklərinə əməl etməli və bu yolun alternativ olmadığını anlamalıdırlar. Cənab İlham Əliyevin dediyi kimi, “…onlar bunu özləri imzalayıblar və öz imzalarına hörmət etməlidirlər. Beləliklə, aydındır ki, onlar tranzit ölkə olmaq imkanını itirəcəklər. Onlar heç vaxt tranzit ölkə olmayıblar, mən müstəqil ölkə kimi nəzərdə tuturam və heç vaxt olmayacaqlar. Çünki “sülh qovşağı” ilə bağlı bütün bu fərziyyələr Azərbaycan olmadan qətiyyən real deyil… Sözsüz ki, Azərbaycan dünya okeanına birbaşa çıxışı olmadan regional nəqliyyat mərkəzi kimi öz mövqeyini gücləndirəcək. Ermənistan isə 30 ildən çox müddətdə olduğu kimi, dalan olaraq qalacaq”.
Prezident İlham Əliyev hesab edir ki, sülh və əmin-amanlıq şəraitində regional əməkdaşlıq bölgə ölkələri ilə yaxşı münasibətlərə əsaslanmalıdır və bu, Cənubi Qafqaz üçün ən yaxşı ssenaridir. Bu kontekstdə Rusiya – Azərbaycan əlaqələrini nümunə kimi önə çəkən dövlətimizin başçısı hətta həlli mümkün görünməyən məsələləri qarşılıqlı xoş niyyət və mehriban qonşuluq şəraitində reallaşdırmaq mümkündür. Cənab İlham Əliyev Rusiya sülhməramlılarının vaxtından xeyli əvvəl Qarabağdan çıxarılması barədə qərarı Azərbaycanın suverenliyinə hörmət, sülh prosesinə dəstək və məhz tərəflərin hər bir məsələyə praqmatik düşüncə üzərindən yanaşma kimi dəyərləndirir: “Əminəm ki, bu qərar bizim əlaqələrimizi, həmçinin ikitərəfli əlaqələrin ictimaiyyət tərəfindən qəbulunu və qiymətləndirilməsini gücləndirdi. Çünki bu onu göstərir ki, ölkələrin normal kommunikasiya kanalları olanda, onlar bir-birinə hörmət bəsləyəndə, əməkdaşlıq edəndə, bir-birinə qarşı heç nə etməyəndə ən həssas məsələlərlə bağlı razılığa gələ bilərlər və bu nümunə bunun bariz göstəricisidir. Dünən biz Rusiya ilə Azərbaycan arasında əlaqələrin strateji məzmununu bir daha təsdiqlədik və əminəm ki, bu, bizim ölkəmizin, Rusiyanın və regionun xeyrinədir”.
Prezident bu fikri daha da inkişaf etdirərək xüsusi vurğuladı ki, Qafqazın müəyyən hissəsinin Rusiya hüdudları daxilindədə yerləşməsi baxımından Rusiya bu regionu heç zaman tərk etməyəcək. Bu geosiyasi reallığı ilk növbədə, yumşaq desək, dəyişkən mövqe sərgiləyən Ermənistan rəhbərliyi dərk etməlidir: “Düşünürəm ki, Cənubi Qafqazın bütün ölkələri Rusiya ilə qarşılıqlı hörmət, suverenlik, ərazi bütövlüyü və qarşılıqlı maraq əsasında yaxşı münasibətlərin qurulmasında maraqlı olmalıdırlar”. Bu kontekstdə Azərbaycanın bütün ölçülərdə qardaş Türkiyə ilə müttəfiqlik münasibətləri, Rusiya ilə mehriban qonşuluq və əməkdaşlıq əlaqələri, İran ilə stabil siyasi və iqtisadi anlaşmalar, Gürcüstanın, demək olar ki, nəhəng transmilli neft-qaz və loqistika layihələrinə cəlb edilməsi ibrətamiz nümunələrdir. Bəzən Cənubi Qafqazdan uzaqda yerləşən xarici ermənipərəst və azərbaycanofob ölkələrin bizim siyasətimizi və addımlarımızı yanlış təqdim etmələri yalnız acı təəssüf doğurur. Onların davranışları Azərbaycanın yalnız praqmatizmə əsaslanan mövqeyinə heç bir halda təsir göstərə bilməz. Azərbaycanı silahlanmada ittiham edən və Ermənistanı bütövlükdə türk dünyasına və qonşu dövlətlərə qarşı səfərbər etmək istəyənlərə Prezident İlham Əliyevin cavabı çox aydın və sərtdir: “Buraya gəlmək istəyən digər qüvvələrə gəldikdə, biz buna, əlbəttə ki, xüsusi diqqət yetirməliyik və öz resurslarımızı lazımi qaydada ölçməliyik… Biz heç vaxt heç bir ölkənin daxili işinə qarışmırıq və bunu bütün qonşularımız bilir. Amma bu, bizim milli təhlükəsizliyimizlə bağlı bir məsələdir. Biz Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı bizə qarşı necə silahlandırdığını və bunu açıq, nümayişkaranə şəkildə etdiyini, sanki bizə nəyisə sübut etməyə çalışdığını görüb, sakit oturub gözləyə bilmərik… Bilmirəm, bəlkə beş ildən sonra öldürücü silahlarla təmin olunanda yenə deyəcəklər ki, “Qarabağ Ermənistandır”. Biz nə edək? Biz gözləyə bilmərik”.
Lakin bununla belə, qeyd etdiyimiz kimi, hazırda Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesi aktiv fazaya keçib. Ankara-İrəvan münasibətlərinin normallaşması istiqamətində mühüm təşəbbüsllər irəli sürülür, nəqliyyat dəhlizlərinin və sərhədlərin açılması məsələsi müzakirə mövzusudur. Rəsmi Bakı bu pozitiv prosesləri yüksək dəyərləndirir və qarşılıqlı münasibətlərdə yalnız sülhə töhfə verən meyllərə köklənməyin vacibliyini önə çəkir. Ona görə də Azərbaycanın Ermənistandan əsas tələbi dövlətimizin ərazi bütövlüyünə zidd müddəaların konstitusiyadan çıxarılmasıdır. Türkiyəyə məxsus Ağrıdağı erməni rəmzi kimi istifadə olunması da qəbuledilməzdir, dinc, sivil qonşuluq prinsiplərinə uyğun deyil və sülhə maneədir. Bu məsələlərə həm də Türkiyə-Azərbaycan münasibətləri prizmasından yanaşan cənab İlham Əliyevin mövqeyi birmənalıdır: “Yaxşı, konstitusiyada belə bir istinad olduqda biz necə sülh müqaviləsini imzalaya bilərik?... Düşünürəm ki, bu milli rəmzi, Ağrıdağı dəyişdirmək lazımdır. Onların Ermənistanda çoxlu dağları var, başqasını bəyənib seçə bilərlər. Belə ki, Azərbaycanla Türkiyə arasında bu məsələdə olduğu kimi, bir çox digər məsələlərdə də əlaqələndirmə var. Çünki Türkiyə və Azərbaycan qlobal miqyasda, dünyada bir-birinə ən yaxın iki ölkədir. Bizi birləşdirən təkcə Müttəfiqlik Bəyannaməsi deyil, bizi birləşdirən çox şey var. Yəni, Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm amilidir”.
Beləliklə, Azərbaycanın və Türkiyənin hər iki proseslə – Türkiyə–Ermənistan yaxınlaşması və Ermənistan–Azərbaycan normallaşmasının paralel getməsi ilə bağlı birgə mövqeləri bəllidir: “İdeal vəziyyət o ola bilər ki, bir gündə iki saziş imzalanar - Azərbaycanla Ermənistan arasında sülh sazişi və Ermənistanla Türkiyə arasında bütün kommunikasiyaların açılması ilə normallaşma sazişi. Bu, onilliklər boyu davam edən nifrətə son qoyan və səhifəni çevirərək normal inkişafa başlamaq imkanı olacaq”. Heç şübhəsiz, Azərbaycan Prezidentinin bu təşəbbüsü Cənubi Qafqaz bölgəsində dayanıqlı sülhün təmin olunması üçün və faydalı əməkdaşlığı təşviq edən müstəsna əhəmiyyətli stimuldur. Ümid edirik ki, COP29 da məhz bu istiqamətdə vacib irəliləyişlərin əldə olunması üçün mühüm vasitəyəyə çevriləcəkdir.
Cənab İlham Əliyev aprelin 26-da Berlində təşkil edilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasını COP29-a gedən yol adlandırmış və onu zamanda Azərbaycanın Qlobal Cənub ölkələri ilə təmaslarının gücləndirilməsinə və Avropa ölkələri ilə əlaqələrinin uğurla inkişafına təkan verəcək yüksək nüfuzlu beynəlxalq platforma kimi dəyərləndirmişdir. Aprelin 28-də isə ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenlə telefon danışığı əsnasında sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edərək vurğulamışdır ki, Azərbaycan bölgədə hər hansı ayırici xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasının tərəfdarıdır. Məntiqi ardıcıllıqla mərhələli şəkildə bir-birini tamamlayan bu proseslər belə bir əminlik yaradır ki, cənab İlham Əliyevin praqmatik xarici siyasət kursu və müdrik diplomatiyası sayəsində COP29 tarixə eyni zamanda regionda sülhə dəstək baxımından uğurlu nəticələrə malik çox əhəmiyyətli beynəlxalq tədbir kimi düşəcək.
Əli HÜSEYNLİ,
Milli Məclis Sədrinin birinci müavini,
parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri