Azərbaycan-Rusiya əlaqələri hazırda bütün sahələr üzrə sürətlə inkişaf edir. Münasibətlərimiz əslində müstəqillik illərində daha böyük inkişaf yoluna qədəm qoyub. Bu inkişafda Ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyi xüsusilə qeyd edilməlidir. Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. İkitərəfli əlaqələrdə siyasi münasibətlər mühüm yer tutur. Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər münasibətləri daha da yaxşılaşdırıb. Azərbaycan – Rusiya dövlət dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq, hazırda iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə sürətli inkişafdadır.
Bu fikirləri redaksiyamıza açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Hüquq müdafiəçisi öncə, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun fikirlərini xatırladaraq deyib ki, iki ölkə arasında münasibətlər getdikcə daha da yaxşılaşır. D.Peskov deyib: “Azərbaycan böyük qonşu, dost, tərəfdaş və müttəfiqdir. Bizim çoxlu ortaq maraqlarımız, əməkdaşlıq üçün böyük potensialımız var, ən əsası isə ikitərəfli münasibətlərimizin zəngin ənənələri var. Bu münasibətləri inkişaf etdirmək üçün hər iki tərəfin siyasi iradəsi var”.
Məhz bu baxımdan Prezident İlham Əliyevin aprelin 22- də Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü böyük maraq doğurub. Səfər zamanı keçirilən görüşlərdə qeyd edilib ki, tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik.
Ç.Qənizadə 2022-ci il fevralın 22-də imzalanmış sənədi xatırladaraq deyib ki, Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırıb. İmzananmış sənədlər, eləcə də qarşılıqlı səfərlər, siyasi münasibətlərin ən yüksək səviyyədə inkişafı iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Bunlarla yanaşı, Rusiya Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr müqaviləsinin imzalanmasında xüsusi rol oynayıb. Bu, mühüm əhəmiyyət kəsb edir.
Komitə sədri dövlət başçımızın keçirdiyi görüşlərdən bəzi məqamları xatırladıb: “Prezident deyib ki, Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycan xalqı yüksək qiymətləndirir. Ulu Öndər Heydər Əlirza oğlu Əliyev vaxtilə ümumittifaq tikintisi adlandırılan bu nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib. Ulu Öndər Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. Ötən il Azərbaycanda və Rusiyada Heydər Əlirza oğlu Əliyevin 100 illik yubileyi xüsusi ehtiramla qeyd edildi. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir”.
“Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, bir-birinə dəstək və məqsədyönlülük kimi möhkəm təməllərə əsaslanır. Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir. Bu iki ölkə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir. Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin inkişafında regionlararası forumlar da mühüm yer tutur. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi prioritet vəzifələrdəndir”, - deyə Ç.Qənizadə bildirib.
XQ