Nəyi, necə, nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bilən Lider

post-img

Epoxal dövrdə yaşayırıq. Azərbaycan 30 il əvvəl itirdiklərini bir-bir geri qaytarır. Öncə Qarabağ problemi həll olundu, sonra Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdikləri ərazilərdə qalmış erməni separatçıları təmizləndi, Xankəndi sahibinə qaytarıldı. Aprelin 19-da da daha bir uğur əldə olundu–Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda işğal altında olan 4 kəndin Bakıya qaytarılması barədə razılıq əldə edildi. Rusiya sülhməramlı kontingentin Qarabağı erkən tərk etməyə başlaması ilə Azərbaycan dövlətçiliyinin tarixində yeni səhifə açıldı. Bu tarixin salnaməsini də Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı.

Prezident İlham Əliyev necə böyük dövlət xadimi olduğunu növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. Böyük əksəriyyətin inanmadığı prosesləri məntiqi sonluğuna çatdırdı. Amma bəzi neqativ ünsürlər tam fərqli mövqe sərgiləyirdilər. 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatın nəticələrini tənqid edənlər bunu Azərbaycanın qələbəsinin tam olmadığı ilə əsaslandırmağa çalışırdılar. Belə bir “arqument” irəli sürürdülər ki, Şuşa alınsa da, Xankəndi separatçıların nəzarətində qaldı. Rusiya sülhməramlı kontingentin Qarabağa gətirilməsini isə az qala “böyük məğlubiyyət” kimi qələmə verənlər münaqişənin yenidən “dondurulduğunu” iddia etməyə başlamışdılar. Ermənistanın da sülh danışıqlarında qeyri-ciddi davranışlar sərgiləməsi, Xankəndidəki separatçı rejimin boy göstərməyə can atması belə düşünənləri tənqidlərini daha yüksəkdən səsləndirməyə cəsarətləndirirdi.  

Bundan başqa, bu müddət ərzində beynəlxalq geosiyasi vəziyyət də sürətlə dəyişirdi. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlandı, daha sonra Yaxın Şərqdə eskalasiya baş qaldırdı. Böyük güc mərkəzləri də mürəkkəb və eyni zamanda, təhlükəli geosiyasət fonunda Cənubi Qafqaz regionunu öz planlarına uyğun yenidən formalaşdırmağa can atırdılar. Ermənistanı fəal şəkildə silahlandırmaq və erməni cəmiyyətini revanşizmlə zəhərləmək qərarına gələn müxtəlif geosiyasi qüvvələr regionu yenidən qan gölünə döndərməyə çalışırdılar. Xüsusilə də Fransanın və ardınca da Hindistanın İrəvana silah-sursat göndərmələri və müvafiq hərbi sazişlər imzalamaları qeyri-region ölkələrinin məkrli planlarının olmasından xəbər verirdi. Belə geosiyasi vəziyyət fonunda Azərbaycan-Ermənistan sülh danışıqları prosesinin da istənilən intensivlikdə davam etməməsini əsas götürən bəzi qüvvələr Bakının postmüharibə dövründəki siyasətinin hədəfə çatmadığı fikrini gündəmdə saxlamağa çalışırdılar.

Lakin bütün bu haqsız tənqid və iddialar 2023-cü il sentyabrın 20-də keçirilən lokal xarakterli anti-terror tədbirlərindən sonra tüstü olaraq göyə çəkildi. Bir gün davam etmiş 20 sentyabr anti-terror tədbirləri zamanı Azərbaycan əsgəri erməni separatçılarını diz çökdürdü, canına vəlvələ düşmüş separatçı rejimin nümayəndələri də Bakının ayağına gələrək, qalibin bütün şərtlərini qəbul etdi. Bir az sonra isə qondarma “dqr”in süqutu rəsmən elan olundu. Bundan sonra böyük proses məntiqi ardıcıllığına uyğun inkişaf etdi. Bakının şərtlərini qəbul etməyən erməni sakinlər Qarabağı tərk etməyə başladılar və sonda Azərbaycan Ordusu bir güllə atmadan Xankəndiyə daxil oldu. Beləliklə də, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Rusiya sülhməramlı kontingentin də vaxtından əvvəl Qarabağı tərk etməyə başlaması Azərbaycan liderinin geosiyasi səbrinin necə böyük olduğunu göstərdi. Bu dəfə də Prezident İlham Əliyev geosiyasi oyunların mahir bilicisi kimi hamını mat buraxdı. Böyük şahmat lövhəsində ciddi itkilər vermədən milli maraqlarımızın təmin edilməsinə nail oldu.

Aprelin 19-da isə bütün haqsız tənqid və iradların üzərindən birdəfəlik qara xətt çəkildi. Qazax rayonunun erməni işğalı altında olan dörd kəndinin qaytarılması barədə razılıq əldə olundu. Həmçinin qərara alındı ki, sərhəd xəttinin bu hissələrinin təsvir koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq, dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilməli və bu, tərəflər arasında 2024-cü il mayın 15-dək müvafiq protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.Əlbəttə, silahlı insidentsiz, hər hansı bir güc tətbiq etmədən dörd kəndin qaytarılması Ali Baş Komandan İlham Əliyevin növbəti böyük Zəfəridir. Bu gün mübahisələrin silah gücünə həll olunduğu bir vaxtda Azərbaycan Prezidentinin bir güllə belə atmadan dörd kəndi geri qaytarması bir daha göstərir ki, Azərbaycanın dövlət başçısı uzaqgörən böyük strateq və mahir geosiyasi ustaddır.

Dörd kəndin Azərbaycana qaytarılması həm də isbatladı ki, Prezident İlham Əliyev sözünün üstündə dayanan, vədlərini uğurla yerinə yetirən siyasi liderdir. Prezident seçildiyi gündən indiyədək xalqa verdiyi bütün vədləri tam yerinə yetirdi. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu, dövlət üçrəngli bayrağımız indi respublikanın hər yerində dağlalanır.

Azərbaycanın strateji uğuru hamıya məlumdur. 44 gün ərzində əldə edilən Qələbə Azərbaycanın geosiyasi çəkisini xeyli artırdı və ölkəni regionlararası güclər səviyyəsinə çatdırdı. Ən əsası, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan postsovet məkanında dövlətlərarası münaqişəni ilk dəfə həll edən ölkə kimi tarixə düşdü. Bu tarixi Qələbələrin də memarı gücünü xalqının dəstəyindən alan Böyük Sərkərdə İlham Əliyevdir!

Emil NƏSİRLİ, 
Beynəlxalq Elmlər 
Akademiyasının müxbir üzvü

Siyasət