Hayların “yeraltı müharibə”si davam edir

post-img

Azərbaycan mina təhlükəsinə məruz qalmış 10 ölkədən biridir

Aprelin 4-ü Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü idi. BMT Baş Assambleyası 2005-ci ildə 60/97 saylı qətnaməsi ilə aprelin 4-nü belə bir gün kimi müəyyən edib. Təşkilat müharibələrin və silahlı münaqişələrin partlayıcı qalıqlarının mülki əhalinin təhlükəsizliyinə, sağlamlığına və həyatına ciddi təhlükə yaratdığı, habelə milli və yerli səviyyədə sosial-iqtisadi inkişafa mane olduğu ölkələrdə minalarla mübarizə imkanlarının yaradılmasına və inkişafına bu gün vasitəsilə çağırış edir.

Əfsuslar olsun ki, Ermənistanın məqsədyönlü işğalçılıq siyasəti nəticə­sində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında yer alır. İlkin qiymətləndirmələrə görə 30 ilə yaxın da­vam edən işğal dövründə torpaqlarımı­za 1,5 milyondan artıq mina basdırılıb. Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampani­yanın kasetli silahlar koalisiyasının məlu­matına görə, Azərbaycan dünyanın mina və partlamamış hərbi sursatlarla ən çox çirklənməyə məruz qalmış 10 ölkəsindən biridir.

Hərbi silah kimi düşünülən minala­rın qurbanları, əslində, daha çox mülki şəxslər olur. Ermənistanın mina terroru nəticəsində 1991-ci ildən 2020-ci ilədək 3429 nəfər azərbaycanlı minalardan zərər çəkib. Onlardan 595-i həyatını iti­rib. Statistika göstərir ki, onların əksəriy­yəti mülki şəxsdir. O cümlədən 358 nəfəri uşaq və gənclər, 38 nəfəri isə qadındır. Rəsmi İrəvan tərəfindən davam etdirilən mina təhdidi nəticəsində, demək olar ki, gündəlik əsasda baş verən mina partla­yışları zamanı postmüharibə dövründə, yəni 2020-ci il noyabrın 10-dan indiyə­dək isə ümumilikdə, 350 azərbaycanlı azad edilmiş ərazilərdə minaya düşüb. Onlardan 50 nəfər mülki şəxs, 15 nəfər hərbi qulluqçu olmaqla, 65 nəfər həlak olub, 285 nəfər xəsarət alıb. Ümumilikdə, Vətən müharibəsindən sonra Azərbay­canda mina hadisələrindən ölənlərin 77 faizi mülki şəxslərdir.

Hamının yaxşı yadındadır ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra Ermənistanın Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam edirirdi. 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermə­nistan istehsalı olan 2700-dən çox piya­da əleyhinə minanın aşkar edilməsi bu faktı təsdiqləyir. Lokal xarakterli antiterror tədbirlərindən sonra, Rusiya sülhməram­lı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq mina basdırıldığı faktının aşkarlanması təhdidin miqyasını sübut edən digər bir faktdır.

Bundan əlavə, mina təhlükəsi azad olunmuş ərazilərdəki genişmiqyaslı bər­pa və yenidənqurma işlərini, insanların öz doğma torpaqlarına qayıdışı prosesini ləngidir, insanların həyat və sağlamlığına ciddi təhdid yaradır. Həmçinin, minatə­mizləmə fəaliyyətinin 90 faizindən çoxu Azərbaycanın daxili resursları hesabına aparılır. Bəzi xarici tərəfdaşlarla əmək­daşlıq edilsə də, ümumilikdə xaricdən dəstək məhduddur. Ölkəmiz erməni iş­ğalını təkbaşına aradan qaldırdığı kimi, təcavüzkarın mənfur qalıqlarını da əra­zilərindən özü təmizləyir.

Ümumiyyətlə, humanitar minatəmiz­ləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu siyasətin əsası ümummilli lider Heydər Əliyevin təşəbbü­sü ilə qoyulub, məhz onun uzaqgörənli­yi nəticəsində 26 il əvvəl – 1998-ci ildə Azərbaycan Respublikasının Minatə­mizləmə Agentliyi (ANAMA) (əvvəlki adı Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik – S.H.) yaradılıb. Vətən müharibəsində əldə edilən Zəfərdən sonra həmin ərazilərdə geniş quruculuq işlərinin sürətli həyata keçirilməsini və sakinlərin öz yurd-yuva­larına təhlükəsiz dönməsini təmin etmək­də aparıcı rol ANAMA-ya, başqa sözlə desək, Azərbaycan dövlətinə məxsusdur.

Ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatə­mizləmə əməliyyatları zamanı piyada əleyhinə 299, tank əleyhinə 114 mina və 1 254 partlamamış hərbi sursat aşkarla­naraq zərərsizləşdirilib. Mart ayı ərzində 6094,6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Ötən il isə azad edilmiş ərazilərdə 8 min 529 mina zərərsizləşdirilib. Onlardan 3 min 495-i piyada əleyhinə, 5 min 34-ü tank əleyhinə minadır. Bundan əlavə, 23 min 49 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə, 2023-cü ildə 53081,8 hektar ərazi mina və partla­mamış hərbi sursatdan təmizlənib.

Azərbaycan Xarici İşlər Nazirliyi Bey­nəlxalq Mina Xəbərdarlığı və Minatə­mizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı yaydığı bəyanatda ərazilərimizin Ermənistan tərəfindən 30 ilə yaxın da­vam edən hərbi işğalı zamanı, habelə hazırkı postmünaqişə dövründə mina təhdidindən əziyyət çəkən, çoxsaylı mina qurbanları verən ölkəmiz mina təhlükəsi ilə ciddi şəkildə mübarizənin vacib oldu­ğunu vurğulayıb.

Hər zaman ölkəmizin yanında olan Türkiyənin, qardaş ölkənin Xarici İşlər Nazirliyinin Beynəlxalq Mina Xəbər­darlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı açıqlamasında Azərbaycan ərazilərinin minalarla çirk­ləndirilməsinə də toxunulub. Qeyd olu­nub ki, Türkiyə dünyada və regionda həm quru, həm də dəniz minalarına qarşı mü­barizəyə konkret töhfələr verən ölkədir. Türkiyə XİN Milli Minalardan Təmizləmə Mərkəzi vasitəsilə piyada əleyhinə mi­naların istifadəsi, tədarükü, istehsalı və köçürülməsinin qadağan edilməsi, eləcə də zərərsizləşdirilməsi ilə bağlı Ottava Konvensiyasını və bu çərçivədə yara­dılmış beynəlxalq əməkdaşlığı dəstək­lədiyini bildirib. “Minalarla çirklənməyə görə uzun müddətdir ciddi təhlükə ilə üzləşən Əfqanıstan kimi ölkələr, eləcə də işğaldan azad etdiyi torpaqlarında aşkar edilməmiş çox sayda mina olan Azərbay­canın təhlükəsizlik qayğılarını bölüşürük. Ermənistanı dəqiq mina xəritələrini Azər­baycana verməyə çağırırıq. Mina riskləri ilə mübarizə aparan ölkələrə yerində və beynəlxalq səviyyədə güclü dəstəyimizi davam etdirəcəyik”.

Mina və partlamamış hərbi sursat təhlükəsi bölgədə aparılan bərpa və yenidənqurma işlərini, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı pro­sesini ləngitməklə yanaşı, itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərində axtarış, qazıntı və ekshuma­siya işlərinin aparılmasına da ciddi ma­neə yaradır. Bu barədə isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məluma­tında deyilir. Qeyd olunur ki, bir çox hal­larda dövlət komissiyasına məlum olan itkin düşmüş şəxslərə aid olduğu ehti­mal edilən məzar yerlərində mütəxəssis heyətinin işləməsi üçün ərazilərin mina­lardan təmizlənməsinə uzun müddət vaxt tələb olunur. Otuz ildən artıq itkin düşmüş doğmalarının yolunu gözləyən vətən­daşlarımızın iztirablarının artmasına və ümidlərinin azalmasına səbəb olan bu hal Ermənistanın beynəlxalq humanitar hüquqa hörmətsizliyinin bariz nümunə­sidir.

Mövzu üzrə “XQ”-yə açıqlama verən ANAMA yanında İctimai Şuranın katibi, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirdi ki, Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ərazisi mina­larla və partlamamış hərbi sursatlarla çirklənmiş ölkələrdə qeyd olunur. Onun sözlərinə görə, respublikamız dünyada minalar və partlamamış hərbi sursatlar­dan əziyyət çəkən, müharibənin “mirası” ilə təqib olunan belə ölkələrdəndir: “Bü­tün hərbi əməliyyatlar Azərbaycanın bey­nəlxalq səviyyədə tanınmış ərazilərində aparıldığı üçün bu gün ölkəmiz dünyada mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələrdən biri hesab olu­nur”.

H.Səfixanov söhbət əsnasında ma­raqlı bir fakt açıqladı. Dedi ki, 1994-cü il mayın 12-də imzalanmış atəşkəs sa­zişindən sonra Azərbaycan Ordusunun mühəndis istehkam qoşunları Füzuli ra­yonunun işğaldan azad olunmuş 22 kən­dində 15 minalanmış sahədən 19 min tank əleyhinə, 22 min isə piyadalar əley­hinə mina taparaq zərərsizləşdirmişlər: “Həmin dövrdə ANAMA mövcud deyildi. Bu işi Müdafiə Nazirliyinin mühəndis-is­tehkam qoşunları görürdü. Nəzərə almaq lazımdır ki, həmin kəndlər cəmi 3 ay işğal altında qalmışdı. Amma buna baxmaya­raq, o dövrdə həmin kəndlərdən ümumi­likdə 41 min ədəd mina aşkar edilərək zərərsizləşdirilmişdir”.

Müsahibimiz qeyd etdi ki, tədqiqatlar nəticəsində hazırda ölkəmizin 1 milyon 166 min 702 hektar ərazisində minala­rın və partlamamış hərbi sursatların ol­duğu güman edilir: “Bunlardan 211 min 800 hektarı yüksək çirklənmə, 954 min 902 hektarı isə orta və aşağı çirklənmə səviyyəsindədir. Bizim tədqiqatlarımız, həmçinin rəsmi orqanların – ANAMA-nın, Müdafiə Nazirliyinin, digər strukturların verdiyi məlumatlar göstərir ki, keçmiş təmas xətti və onun ətrafında yerləşən bağlar, meşələr, üzümlüklər, dağıdılmış yaşayış məntəqələri, çay sahilləri mina­larla ciddi surətdə çirkləndirilib və orada böyük təhlükə var. Minalara həm də kənd təsərrüfatına yararlı torpaqlarda, otlaqlar­da, yollarda, körpülərdə, məktəblərdə, su mənbələrində, ümumiyyətlə, ağla gələn və gəlməyən bütün yerlərdə rast gəlmək mümkündür. Burada sürpriz minaların, yəni mina-tələlərin olmasını da nəzərə almaq lazımdır. Çünki Ermənistan tərəfi onlardan da geniş istifadə edib”.

H.Səfixanov bildirdi ki, onların tə­dqiqatları nəticəsində Ağdam rayonunun Yusifcanlı, Qarağacı, Laçın rayonunun Suarası, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonunun bir sıra kənd­lərinin qəbiristanlıqlarında minaların ol­duğunu təsdiqlənib: “Belə faktlar çoxdur. Məsələn, işğaldan azad olunmuş əra­zilərdə 300-dən çox kəhrizdə (yeraltı su mənbələri) mina və partlamamış hərbi sursatlarla çirkləndirilib. Köndələnçay, Tərtər, Qarqar, Xaçın, Həkəri çayları mi­nalarla çirkləndirilib, kanallar dağıdılıb və ətrafı minalanıb. Bu da onunla bağlıdır ki, onların özünün zavodu var, həmin zavod bir gün də dayanmayıb və istehsal etdiyi minaları Azərbaycan ərazilərində, yəni Qarabağ və Şərqi Zəngəzurda yerləşdi­riblər”.

İctimai birlik rəhbəri deyib ki, bütün bunları nəzərə alaraq və ölkəmizdə mi­nalara qarşı aparılan fəaliyyəti diqqətdə saxlayaraq, BMT Baş katibinin xüsusi təşəbbüsü ilə elan edilmiş Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə ANAMA yanında İctimai Şuranın, mina qurban­ları və onların ailə üzvləri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun icra etdiyi Azərbaycanın ilk qadın minaaxtaranları layihəsinin əməkdaşları Tərtər və Ağdam rayonlarında müxtəlif tədbirlər həyata keçiriblər: “Biz aprelin 4-də keçirdiyimiz silsilə tədbirlərə bu günə öz töhfəmizi verməyə çalışdıq. Keçirilən bütün təd­birlərdə ölkəmizdə mina probleminin miqyası qabardılıb, Azərbaycan hökumə­tinin apardığı mübarizə öz əksini tapıb. Dönə-dönə qeyd olundu ki, Azərbaycan maliyyə tutumu böyük olan bu problemin həllinin 90-95 faizini öz dövlət büdcəsi hesabına yerinə yetirir. Beynəlxalq bir­liyə çağırışımız da bundan ibarət oldu ki, etdikləri köməyə görə çox sağ olunlar, minnətdarıq. Amma problemin miqyasını nəzərə alaraq ümid etdiyimizi bildirdik ki, köməyin miqyası, məbləği bir qədər də artırılacaq”.

Səxavət HƏMİD
XQ



Siyasət