“Gizli savaş”ın qadın cəngavərləri

post-img

Onlar Qarabağda ölüm təhlükəsini öldürənlərdir

44 günlük müharibədə qazandığımız qələbəmnin yaratdığı qürur hissi illər keçdikcə öyüncümüzü artıracaq. Dünya hərb məktəblərində isə Azərbaycan Ordusunun savaş taktika və strategiyası daha geniş öyrəniləcək. Bunula yanaşı, müharibədən sonra erməni işğalı zamanı basdırılmış mina və partlayıcı sursatlar, partlamamış hərbi sursatlarla çirklənmiş ərazilər xalqımıza bəla gətirməkdə, hər birimizi ağrıtmaqda davam edir.

Qələbənin səhəri günündən ərazilərin ölümsaçan vasitələrdən təmizlənməsi işi diqqət mərkəzində olub. Bu məqsədlə ANA­MA intensiv minatəmizləmə əməliyyatları həyata keçirir. Prosesə ictimai dəstəyi geniş­ləndirmək üçün Avropa İttifaqı (Aİ) və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələş­dirilən, Birləşmiş Millətlər Təşkilatının İnki­şaf Proqramının ANAMA, Beynəlxalq Av­rasiya Mətbuat Fondu (BAMF) və Minalar üzrə Məsləhət Qrupu (MAG) ilə birgə tərəf­daşlıqla gerçəkləşdirdiyi “Azərbaycan Res­publikasının Minatəmizləmə Agentliyinin imkanlarını artırmaqla məcburi köçkünlərin təhlükəsiz qayıdışına dəstək” layihəsinə start verilib. Azərbaycanda ilk qadın minatəmiz­ləmə qruplarının yaradılmasını hədəfə alan bu layihə çərçivəsində 4 belə minatəmizləmə qrupu yaradılıb. 

İstehkamçı dəstələrdən 2-si yalnız qadın­lardan, 2-si isə qadın və kişilərdən ibarətdir. Tamamilə qadınlardan ibarət olan hər iki qrupun xanımları ilə həmsöhbət olduq. Onlar missiyanın çətin və təhlükəli olmasına bax­mayaraq, işlərinin öhdəsindən gəldiklərini dedilər, bu humanitar fəaliyyətlə məşğul ol­duqları üçün qürur hissi keçirdiklərini bildir­dilər.

Bakı Dövlət Universitetinin Sabah qrup­larının coğrafiya ixtisaslı məzunu Səmayə Əhmədli ölkəmizdə xanımlardan ibarət ilk minaaxtaran qrupun nümayəndəsi olmaqdan şərəf duyduğunu bildirdi. Səmayə xanımın qardaşı 2-ci Qarabağ müharibəsi iştirakçısı olub. Ailəsi cəsur döyüşçünü müharibə bitən­dən sonra da mina qorxusu ilə gözləyib. Er­məni terrorunu heç vaxt qəbul edə bilməyən Səmayə ölkəmizdə ölkəmizdə mina təhlükə­sini ermənilərin düşmənçiliyi davam etdir­məsinin danılmaz və bağışlanmaz göstəricisi olduğunu söylədi. 

O dedi ki, BAMF-ın sosial şəbəkə he­sablarında elanı görən kimi bu işlə məşğul olacağına qərar verib. Ailəsi narazı olsa da, onları razı sala bilib: 

– Valideynlərim ilk vaxtlar qərarıma eti­razla yanaşdılar. Onlara təlimləri keçib geri qayıdacağımı dedim. Lakin təlimlər bitdik­dən sonra razılaşdılar və işə başladım. İxti­sasımın müəllimlik olduğunu bilən hər kəsə minatəmizləmə kimi təhlükəli bir işə başla­mağım qəribə gəldi. Keçən il sentyabrın 25-də Ağdam rayonunun Baş Qərvənd kəndində işə başlamışam. Yaşadığımız məntəqədən hər gün səhər saat 7-də iş sahəmizə yola düşürük. Saat 8-də sahədə minatəmizləmə əməliyyatı­mız başlayır. Hazırda Güllücə kəndində fəa­liyyətimizi davam etdiririk. Mənim üçün işin bir qədər çətinliyi yay aylarında havaların isti olmasıdır. 

Müsahibim sonra qeyd etdi ki, minala­rın növündən, materialından, ölçüsündən asılı olmayaraq hər biri təhlükəlidir. O, Baş Qərvənd kəndinin “Ohanyan səddi”n­də piyada əleyhinə erməni istehsalı olan PMN-2 minaları, eləcə də xeyli partlama­miş hərbi sursat aşkar edib. Səmayə xanım qeyd etdi ki, daxil olduğu qrupda 2 qadın paramedik olmaqla, 25 minaaxtaran xa­nım var. O, başına gələn hadisələri, işinin çətinliyini də dilə gətirdi: 

– Sahədə təxliyə təlimi zamanı süni part­layışın yaradılması, dağıdılmış evləri təmiz­ləyən zaman zəhərli ilanlarla qarşılaşmaq ilk baxışdan qorxu yaradır. Hər bir işin çətinliyi var. Lakin işimi sevdiyim, onun önəmini an­ladığım üçün istənilən çətinliyin öhdəsindən gəlmək asan olur. Relyefdən asılı olaraq dağ­lıq, dərəlik, düzənlik yerləri təmizləyirik.

Səmayə xanım onlar üçün yaradılan şə­raitdən, görülmüş təhlükəsizlik tədbirlərilə bağlı hər şeyin yüksək səviyyədə təşkil olun­duğundan da danışdı.

Digər qrupun üzvü Tarifə Niftalıyeva ilə də həmsöhbət olduq. Laçın rayonunun Qarabəyli kəndində anadan olmuş, məcburi köçkün həyatı yaşamış Tarifə xanım erməni vəhşiliyindən, xalqımızın terrorizm nəticə­sində çəkdiyi əziyyətlərdən söz açdı. Yaşadı­ğı çətinliklər, erməni vandalizmi onun düşün­cəsində belə bir işdə çalışmaq, xalqımız üçün faydalı olan işlər görmək arzusunu yaradıb: 

– Orta təhsilliyəm, Belə işləri bacara bilməyəcəyimi çoxu demişdi. Həvəsim və arzum isə bacarığıma zəmin yaratdı və mən bacardım. Təlimlərə qatıldım, öyrədilən bi­likləri dərindən mənimsəyə bildim. İlk iş ye­rim olmasına baxmayaraq, bu, mənim üçün heç bir problem yaratmır. Bu işin çətin, əziy­yətli tərəfləri çoxdur. Məsələn, səhər erkən oyanmalı, işə getmək üçün hazırlıq görmə­lisən.

Tarifə xanımın 2 övladı var. Oğlunun 21, qızının isə 19 yaşı var. O, doğmalarının bu işə başlamasına heç bir etirazının olma­madığını söylədi: 

– Nəinki narazılıqlar oldu, hətta dəstək gördüm. Lakin oğlumun minaaxtaran kimi çalışmasına etiraz etdim. Bu işin içindəyəm və necə çətin, məsuliyyətli olmasını yaxşı bilirəm. Burada səhvə yol vermək olmaz. Çünki adi bir diqqətsizlik həyatımız baha­sına başa gələ bilər. Məsuliyyət hissimiz yüksək olmalı, bütün təhlükəsizlik məsələlə­rini nəzərə almalıyıq. Bu işdə edilən səhvi geriyə qayıdıb düzəltmək mümkün olmur. Yaxşı deyiblər ki, minaaxtaran cəmi 1 dəfə səhv edir… Sursatların partladılması həyata keçirilərkən onun səsləri qonşu rayonlara da yayılır. Övladlarım nəsə bir hadisə olmayıb deyə zəng edib soruşurlar.

Tarifə xanım bu işin nə qədər nigaranlıq, çətinlik törədən fəaliyyət olmasına baxmaya­raq, ictimai önəmli iş olduğunu da qeyd etdi. 

Müsahibim işinin faydasından, uğu­rundan da danışdı: 

– Ağdamın Baş Qərvənd kəndində piya­da əleyhinə mina aşkarlamışam. Həyəcanlı idim, əməyimin ilk bəhrəsi idi. Sanki, dəyər­li bir şey tapmış kimi sevinirdim. Düzü, bu sevincin qorxusu da var idi. İşə başladığım müddətdə yadımda qalan epizod Baş Qər­vənddəki “Ohanyan səddi” deyilən ərazidə 3 qat məftillə əhatələnmiş xətləri kəsəndə çətinliklər yaşamağımız idi. O məftilləri kəsmək və digər işləri yerinə yetirmək qadın olaraq bizim üçün çox çətin idi. Amma biz bu işi bacardıq. Qadın kimi zərif olsaq da, zəif deyilik. İşimizi sevirik, bu məsul sahədə işləmək bizim üçün qürurdur. Fəxr edirik ki, “Qayıdış”da bizim də payımız olacaq. Bun­dan böyük qürur, xoşbəxtlik, şərəf hissi ola bilməz. Vətəninə, millətinə xidmət etməkdən gözəl nə ola bilər ki? 

Tarifə xanımın üzvü olduğu 26 nəfərlik qrup hazırda Ağdam rayonunun Güllücə kəndində vizual minaların axtarışındadır: 

– İşimiz təhlükəlidir, hər an “sürprizlər­lə” qarşılaşa bilərik. Qrup rəhbərimiz kişilər­dir, bu bizim üçün problem yaratmır. Lakin bu ayın sonu tezliklə qrup rəhbəri kursların­dan sonra bizim rəhbər və müavinlərimiz xa­nımlardan ibarət olacaq. 

Ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi qırğınların, vəhşiliklərin, mina ter­rorunun fəsadlarını bu gün mina təhlükəsi şəklində yaşayırıq. Lakin qəddar düşmən­lərin minalarını zərərsizləşdirənlər, bütün maneələri aşaraq işğaldan azad etdiyimiz ərazilərimizə, tarixi Azərbaycan torpaqlarına qayıdışı sürətləndirənlərdir. 

Rizvan FİKRƏTOĞLU
XQ





Müsahibə