Azərbaycan və Konqo çoxtərəfli əməkdaşlığa start verir

post-img

Prezident Deni Sassu-Nqessonun Azərbaycana ilk rəsmi səfəri ölkəmizin Arfika qitəsi ilə əməkdaşlığında yeni səhifə açdı

Bu qənaətə gəlməyimizin əsas səbəbi ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində “qara qitə”nin bir çox dövlətləri, o cümlədən Konqo ilə uğurlu fəaliyyətinin nəticəsidir. 

İki ölkə arasında əməkdaşlığa dair Bəyannamənin imzalanmasından sonra mətbuata açıqlamasında bu səfərin tarixi önəminə toxunan Prezident İlham Əli­yev bir məqamı xüsusi vurğuladı. Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələrinin yaranacağına əminliyini bil­dirən dövlətimizn başçısı Bakının təşəb­büslərinə bu ölkənin hər zaman dəstək verdiyini bildirdi. Dövlətimizin başçısı belə bir zəmində Azərbaycanın sədrliyi döv­ründə Qoşulmama Hərəkatının institusio­nal inkişafının da təmin edildiyinə diqqət çəkdi. Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın prioritetləri sı­rasında neokolonializmə qarşı mübarizə məsələlərinin də durduğunu qeyd edən cənab Prezident ölkəmizin xarici siyasə­tində bu sahənin xüsusi önəm daşıdığını bildirdi.

Onu da qeyd etmək lazımdır ki, həm tarixi, həm də çağdaş dünyanın tələbləri baxımından Azərbaycanın Afrika ölkələri ilə qarşıqlıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur. 30 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi uğurların Afrika ölkələrinin də marağına səbəb olduğunu deyə bilərik. İndi qarşılıqlı əməkdaşlığın üfüqlərini genişləndirməyin vaxtıdır. 

Dövlət başçılarının imzaladığı əmək­daşlığa dair Bəyannamədə Bakı Təşəb­büs Qrupu tərəfindən təşkil olunmuş və müstəmləkəçilik irsinin və onların müxtəlif təzahürlərinin, habelə neokolonial təcrü­bənin yaratdığı problemlərin müzakirəsi üçün əlverişli şərait yaradan dekoloniza­siya və neokolonializm üzrə beynəlxalq konfranslar silsiləsi ayrıca qeyd olunub. 

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonu bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransına dəvət edən İlham Əliyev Azərbaycanın bu nüfuzlu tədbirə çox ciddi hazırlaşdığını, bu müstəvidə əməkdaşlığın məqsədəmü­vafiq ola biləcəyini söylədi.

Cavab nitqində Azərbaycanla Konqo arasında əlaqələrdə tarixi anlar yaşan­dığını deyən Deni Sassu-Nqesson ün­vanladığı bütün sorğulara müsbət cavab verdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə etdi. Konqonun istər BMT, istər Qoşulmama Hərəkatı çərçivə­sində, istərsə də digər sahələrdə Azər­baycanla birlikdə mübarizə aparacağını əminliklə qeyd edən yüksək qonaq ölkə­mizin iqlim dəyişiklikləri sahəsində oyna­yacağı rolu, eləcə də Bakının COP29-a yüksək səviyyədə davam edən hazırlıq işlərini də alqışladığını bildirdi.

Yeri gəlmişkən onu da qeyd edək ki, keçmiş Sovetlər Birliyi dönəmində Afrika­nın müxtəlif ölkələrindən çox sayda tələbə Azərbaycanın ali məktəblərində, xüsusilə neft ixtisası üzrə təhsil alıb. Dünyanı cən­ginə almış koronavirus epidemiyası ilə mübarizədə isə ölkəmizin Afrikaya yardım əlini uzatması faktı Ümumdünya Səhiyyə Təşkilatının hesabatında məxsusi olaraq qeyd edilib. Azərbaycanın Afrika ölkələri ilə əlaqələri pandemiya dövründən sonra daha da genişlənmiş, ikitərəfli münasibət­lər yeni istiqamətlərdə inkişaf etmişdir. 

Bəli, bu gün Azərbaycanın xoşməram­lı çağırışları planetin bütün qitələrində eşi­dilir və geniş əks-səda verir. Fransa kimi avropalı müstəmləkəçilərin əlindən zülm çəkmiş, əsarətdə yaşamış Afrika ölkələri­nin Bakının bununla bağlı sağlam və xoş­məramlı siyasətini dəstəkləməsi tam tə­biidir. Artıq Azərbaycanı özünə dost ölkə seçmiş Konqo bu sırada birincilərdəndir.

İ.HƏSƏNQALA
XQ

Siyasət