Türkiyəli deputatlar Bakıda

post-img

Aprelin 4-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə can­larından keçmiş qəhrəman Vətən övlad­larının xatirəsini ehtiramla anıb, məzar­ları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əkil qoyublar.

***

Həmin gün Milli Məclisin Səd­ri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə qardaş ölkələrimiz ara­sında münasibətlərin özünün ən yük­sək səviyyəsində olduğu, ulu öndər Heydər Əliyevin “Bir millət, iki döv­lət” şüarını rəhbər tutan Azərbaycan və Türkiyənin bütün məsələlərdə həm­rəylik və qarşılıqlı dəstək nümayiş et­dirdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətlərinin, onların siyasi ira­dəsinin və qətiyyətinin nəticəsidir ki, münasibətlərimiz müttəfiqlik səviyyə­sinə çatıb. Bu gün Azərbaycanla Tür­kiyənin birgə fəaliyyəti, həyata keçir­dikləri irimiqyaslı layihələrin regional və beynəlxalq səviyyədə əməkdaşlığa mühüm töhfələri qeyd edilib. 

Qeyd olunub ki, ölkələrimiz arasında münasibətlərin daha da ge­nişlənməsində parlamentlərimiz də mühüm rol oynayır. Eyni zamanda, S.Qafarova özünün Türkiyəyə rəsmi səfərlərini, həmçinin TBMM Səd­ri Numan Kurtulmuşla görüşlərini məmnunluqla xatırladıb və qarşılıqlı səfərlərin parlamentlərimiz arasında əlaqələrin yüksək səviyyəsinin göstə­ricisi olduğunu söyləyib. Görüşdə “Azərbaycan Respublikasının Mil­li Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında əməkdaşlıq haqqın­da” Şuşa Bəyannaməsinin parlament­lərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan – Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də əks etdi­rilməsi baxımından mühüm bir mexa­nizm olduğu vurğulanıb. 

Bu gün bəzi beynəlxalq təşkilat­larda ölkələrimizə qarşı ikili standart­ların hələ də davam etdiyi vurğulanıb. Türklərə qarşı xüsusi qərəzliliyi ilə seçilən təşkilatlardan biri də Avropa Şurasının Parlament Assambleyasıdır. S. Qafarova təəssüflə qeyd edib ki, bu gün AŞPA Mövlud Çavuşoğlunun dövründəki qurum deyil, çox dəyişib. Artıq AŞPA-da dəyərlər qalmayıb, təşkilat obyektivliyini itirib.

Söhbət zamanı regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasının da vacibliyi qeyd edilib. M.Çavuşoğ­lu diqqətə çatdırıb ki, Azərbaycanın sabitliyi, inkişafı təkcə region üçün deyil, Avropa və Asiya üçün də əhə­miyyətlidir. O, təəssüflə bildirib ki, bu gün Fransa başda olmaqla, Ermə­nistana təsir edən ölkələr var. Lakin Azərbaycan tək deyil. Türkiyə sülhü dəstəkləyir və qardaş ölkə bundan sonra da Azərbaycanın yanında ol­maqda davam edəcək.

***

Aprelin 4-də Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO Parlament Assamb­leyasındakı nümayəndə heyətinin rəh­bəri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

AŞPA-da nümayəndə heyətimi­zin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Se­yidov Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq əlaqələrinin uğur­la inkişaf etdiyini deyib. Bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri digər dünya dövlətləri üçün nümunə­dir. O, əməkdaşlığımızın və dostluğu­muzun sarsılmaz olduğunu, qarşılıqlı səfərlərin, keçirilən görüşlərin ümumi məqsədlərə xidmət etdiyini söyləyib.

Görüşdən məmnunluğunu ifadə edən Mövlud Çavuşoğlu dövlətləri­miz və xalqlarımız arasında qardaşlıq əlaqələrinin getdikcə möhkəmləndi­yini söyləyib. O, ikitərəfli əlaqələrin inkişafı istiqamətində görülən işlərin təqdirəlayiq olduğunu bildirib. Bey­nəlxalq təşkilatlar çərçivəsində nü­mayəndə heyətlərimizin bir-birinin mənafelərini dəstəklədiklərini vurğu­layıb, türk dünyasının daha da güc­lənməsində Türkiyə və Azərbaycanın önəmli rolunu qeyd edib.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər