Qərbdəki bəzi dairələrin siyasi taktikaları fərqli, strateji məqsədləri eynidir
ABŞ Kəşfiyyat İcması illik hesabatını açıqlayıb. Hesabatda deyilir ki, Ermənistan və Azərbaycan arasında münasibətlər böyük ehtimalla gərgin olaraq qalacaq. Lakin Azərbaycanın “Dağlıq Qarabağı qaytarması” qeyri-sabitliyi azaldıb. Hərbi qarşıdurmanın müddəti və intensivliyi çox güman ki, məhdud olacaq.
İki ölkə arasında gərginlik yaradan amillər kimi ikitərəfli sülh müqaviləsinin, habelə atəşkəsi təmin edəcək mexanizmin olmaması, silahlı qüvvələrin dislokasiyasının yaxınlığı və “Azərbaycanın Ermənistanla danışıqlarda öz məqsədlərinə nail olmaq üçün hərbi təzyiqdən istifadə etməyə hazır olması” (?) göstərilir. “Bundan başqa, “Dağlıq Qarabağda” hakimiyyətin etnik ermənilərdən azərbaycanlılara keçməsi və Azərbaycanın onun eksklavı ilə birləşdirən quru dəhlizə çıxış tələb etməsi silahlı qarşıdurma riskini artıracaq”, – deyə hesabatda bildirilir.
Qeyd edək ki, ABŞ Kəşfiyyat İcması adlanan qurumda Birləşmiş Ştatların müxtəlif dövlət orqanlarına tabe olan 17 kəşfiyyat qurumu cəmləşib. Bunlar Mərkəzi Kəşfiyyat İdarəsi, ABŞ Dövlət Departamentinin 2, Maliyyə Nazirliyinin 1, Müdafiə Nazirliyinin 8, Energetika Nazirliyinin 1, Daxili Təhlükəsizlik Nazirliyinin 2 və Ədliyyə Nazirliyinin 2 qurumudur. Kəşfiyyat İcmasına ABŞ Milli Kəşfiyyatının direktoru rəhbərlik edir. Direktor həm də ABŞ Prezidentinin kəşfiyyat məsələləri üzrə müşaviridir.
Görünür, bu təşkilatlarda kimlərsə, həqiqətən də, Azərbaycanın Ermənistana hücum etməsini arzulayır. Yayılmış hesabat da həmin bu arzu və istəklərin nəticəsidir. Artıq bir neçə aydır ki, Qərb mediasının, ekspertlərinin və hətta bəzi rəsmilərin danışdıqları yalnız budur. Nəhayət ki, növbə kəşfiyyatçılara da çatıb. Hesabat təkcə ABŞ-la bu və ya digər dərəcədə qarşıdurma vəziyyətində olan ölkələr (Çin, Rusiya, İran, Şimali Koreya) haqqında deyil, həm də planetin silahlı münaqişələrin baş verdiyi, yaxud potensial olaraq baş verə biləcəyi bütün nöqtələr haqqında məlumatları əks etdirir.
Ermənistan–Azərbaycan münasibətləri hesabatda iki bölmədə nəzərdən keçirilir. Əvvəlcə “Rusiya” bölməsində buna yüngülcə toxunulub. Cənubi Qafqazla bağlı məsələyə Rusiyanın geosiyasi mövqeyi prizmasından yanaşılır. Bildirilir ki, Ermənistan, Moldova və bəzi Mərkəzi Asiya dövlətlərinin alternativ tərəfdaşlar tapmaq üçün yeni səyləri Ukraynadakı müharibənin hətta postsovet məkanında Moskvanın təsirini necə sarsıtdığını göstərir.
Rusiyanın 2023-cü ilin sentyabrında Azərbaycanın “Dağlıq Qarabağı” etnik ermənilərdən geri almasının qarşısını almaq üçün resurslarını və siyasi kapitalını xərcləmək istəməməsi Moskvanın Ukraynadakı müharibəsinin onun regional təhlükəsizliyin arbitri rolunu necə zəiflətdiyini vurğulayır.
Qeyd etmək lazımdır ki, antiterror tədbirləri etnik ermənilərə qarşı deyil, ölkəmizin Qarabağ iqtisadi rayonunda möhkəmlənmiş Ermənistan ordusunun qalıqlarına qarşı həyata keçirilib. Rusiyanın bölgədə rolunun zəifləyib-zəifləməməsi isə bizimlə az-çox əlaqəsi olmayan məsələdir. Azərbaycan xalqı və dövləti “dəmir yumruq” kimi birləşərək 2020-ci ildə Vətən müharibəsi aparıb və torpaqlarını işğaldan azad edib.
Həmin vaxt Ukraynadakı müharibənin başlanmasına 2 il vaxt qalırdı. Beləliklə, Azərbaycanı regional siyasi qarşıdurmalara çəkmək cəhdləri faydasızdır. Ölkəmiz heç zaman böyük dövlətlərin qarşıdurmasında tərəf olmayıb. Yalnız özünün milli maraqlarını qoruyub. Bu baxımdan ABŞ Kəşfiyyat İcmasının 2023-cü ildəki antiterror tədbirlərini nələrləsə əlaqələndirməsi absurddur. Azərbaycan hələ 2020-ci ildə regionda yeni geosiyiasi reallıqlar yaradıb.
Ermənistan–Azərbaycan qarşıdurmasının növbəti və sonuncu qeydi “Münaqişələr və qeyri-sabitlik” bölməsinin “Potensial dövlətlərarası münaqişələr” bölməsində verilmişdir. Hesabat müəllifləri burada iki ölkənin münasibətlərindən daha ətraflı bəhs edirlər. Amerika kəşfiyyatçıları qarşıdurmanın mütləq baş verəcəyinə şübhə etmirlər.
Hesabat müəlliflərinin qeyd etdikləri “ikitərəfli sülh müqaviləsinin, habelə atəşkəsi təmin edəcək mexanizmin olmaması, silahlı qüvvələrin dislokasiyasının yaxınlığı və Azərbaycanın Ermənistanla danışıqlarda öz məqsədlərinə nail olmaq üçün hərbi təzyiqdən istifadə etməyə hazır olması” fikri də çox əsassız ittihamdır.
ABŞ rəsmilərinin tarixin arxivinə gömülmüş separatçı xunta rejimini “Dağlıq Qarabağın hakimiyyəti”, Azərbaycan ərazisində ilişib qalan Ermənistan ordusunu və ona qoşulmuş separatçı dəstələri “özünümüdafiə qüvvələri” adlandırması isə təəccüb doğurur. Beləliklə, ABŞ hökuməti Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ iqtisadi rayonu üzərində suverenliyini mübahisələndirmiş olur.
Hesabatda qeyd olunan hipotetik müharibənin ikinci səbəbinə – “Azərbaycanın onun eksklavı ilə birləşdirən quru dəhlizə çıxış tələb etməsi silahlı qarşıdurma riskini artıracaq” fikri isə daha bir yanlışdır. Məsələ ondadır ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla Naxçıvana yol açmaq üçün üzərinə öhdəlik götürüb. Bununla belə, Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Bakı nəinki Ermənistana hücum etmək niyyətində deyil, ümumiyyətlə, İrəvanın dəhliz verməkdən imtinası halında alternativ yollardan istifadə edəcək. İranla razılaşma və cənub qonşumuzun ərazisindən Naxçıvana gedən yolun tikintisinə başlanılması bunu nümayiş etdirir.
Beləliklə, bu qənaətə gəlmək olar ki, hesabatda əksini tapan bütün məqamlar yanlışdır, qərəzlidir və ziddiyyətlidir. Bunu Ermənistanı müharibəyə təhrik etmək üçün hazırlanmış hesabat adlandırmaq daha doğru olardı. Bir daha aydın olur ki, Qərbdəki bəzi dairələrin siyasi taktikaları fərqli olsa da, strateji məqsədləri eynidir. Onlar İrəvanı yeni müharibəyə sürükləmək istəyirlər.
Hərbi-siyasi şərhçi Rizvan Hüseynov “XQ”yə açıqlamasında bildirdi ki, ABŞ Kəşfiyyat İcması Vaşinqtonun və onun müttəfiqlərinin maraqlarını əks etdirən hesabatlar hazırlayır. Burada məqsəd müttəfiqləri səfərbər etməkdir: “Bu təşkilatın əvvəlki hesabatlarında qeyd olunurdu ki, Ukrayna bu gün-sabah qalib gələcək. Hesabat Rusiya–Ukrayna müharibəsi ilə bağlı reallıqları əks etdirmir. Yəni, Rusiyanın və Ukraynanın real potensialının nədən ibarət olduğu qeyd olunmur. Kəşfiyyat icması yalnız ABŞ-ın marağından çıxış edir. Daha doğrusu, ona verilən sifarişlər əsasında hesabatlar hazırlayır”.
Müsahibimiz qeyd etdi ki, bizim regionumuzla bağlı hesabatın arxasında dayanan qüvvələr Azərbaycanın yaratdığı reallıqları nə anlamaq, nə də qəbul etmək istəyirlər: “Bunlar həmin qüvvələrdir ki, 44 günlük Vətən müharibəsindən sonra Qarabağ separatçılarını Azərbaycana müqavimət göstərməyə sövq edirdilər. Onlar bu əməllərini 2023-cü ilin sentyabrınadək davam etdirdilər. Ancaq ölkəmiz həmin tarixdə bütün məsələləri həll etdi və separatizmin kökünü kəsdi.
Kənar qüvvələrin əllərində maşa olan separatçılar həbs olunaraq, Bakıya gətirildilər. Bu, kənar qüvvələrə ən böyük zərbə oldu. Ona görə də yeni metod tapıblar. Əllərindən gələni edirlər ki, Azərbaycan və Ermənistan arasında yeni münaqişə ocağı alovlansın. Onlar hesab edirlər ki, bunun üçün vacib faktor Rusiyanın bölgədəki dayaqlarının zəifləməsidir. Düzdür, Rusiyanın bölgədə dayaqları zəifləyib. Amma Rusiyanı daha da sıxışdırmaq üçün Ermənistanı növbəti, ciddi addımlar atmağa sövq edirlər. Çalışırlar ki, İrəvan Moskvaya qarşı qarşıdurma ritorikasını gücləndirsin. Qərbdəki dairələr özlərini Paşinyan hökumətinin himayədarı kimi aparsalar da, əslində, Ermənistanın Rusiyanın zərbələri altına itələyirlər. Rusiya Ukrayna cəbhəsində kollektiv Qərbə qarşı döyüşdüyü üçün ipə-sapa yatmayan Ermənistana birbaşa zərbələr endirmək imkanı hələ ki, məhdudur. Buna görə də onlar bu rolda Azərbaycanı görürlər. Yəni, fikirləşirlər ki, Ermənistanı, necə deyərlər, yemə çevirəcəklər. Necə ki, həmin siyasi dairələr bundan öncə Qarabağ ermənilərini “yem” etmişdilər. Burada söhbət ABŞ, Fransa kimi ölkələrdə olan bəzi siyasi dairələrdən gedir. Onlar qəsdən, bilərəkdən yalançı hesabatlar yaymaqla, çağırışlar etməklə, ABŞ-dan, Fransadan olan müxtəlif siyasətçilərin bölgəmizə səfərləri ilə Qarabağ ermənilərini aldatdılar, separatçıları yalandan ruhlandırdılar və son nəticədə, necə deyərlər, xərclədilər”.
R.Hüseynov qeyd etdi ki, indi də həmin aqibət Ermənistan üçün hazırlanıb. Burada məqsəd regionda yaranmış geosiyasi reallıqları dəyişmək və yeni reallıqlar yaratmaqdır: “Hazırkı reallıqlar onların maraqlarına uyğun deyil. Çünki hazırkı reallıqlar 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan tərəfindən yaradılıb. Bu məsələdə bizə Türkiyə siyasi dəstək verib. 2023-cü ilin sentyabrındakı bir günlük antiterror tədbirləri isə yeni geosiyasi reallıqları daha da möhkəmləndirdi. Xarici qüvvələr bunu qəbul edə bilmirlər. Onlar reallığı dəyişmək istəyirlər və qeyd etdiyimiz kimi, bunun üçün Ermənistanı qurban verməyə hazırdırlar. İstəyirlər ki, regionumuz yeni münaqişə ocağına çevrilsin. Əgər yeni münaqişə baş versə, onların müdaxiləsi daha rahat olacaq. Yəni, həmin qüvvələr yeni geosiyasi reallığın yaranmasına iştirak etmək istəyirlər. Belə hesabatların da məqsədi Ermənistanı ruhlandırmaqdır. İrəvana deyirlər ki, “düz yoldasan, demokratik yolla gedirsən, Azərbaycan hücum edəcək, biz də sənə dəstək verəcəyik, onun qarşısını alacağıq”. Eyni zamanda, Ermənistana deyirlər ki, demokratik ölkə kimi yaxşı bir missiya həyata keçirirsən”.
Müsahibimiz əlavə etdi ki, Qərbdəki müəyyən dairələr həmin yalanları vaxtilə gürcü xalqına söylədilər: “Gürcü xalqı 2008-ci ildə Rusiyanın müdaxiləsi zamanı bunun acı nəticələrini gördü. Həmin aqibəti 2013-cü ildə “Maydan hərəkatı” ilə Ukrayna xalqının başına gətirdilər. İndi görürük ki, Ukraynanı Rusiya ilə təkbətək qoyublar. Təxminən eyni ssenarini Ermənistan üçün də hazırlayıblar”.
Səxavət HƏMİD
XQ