Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 6 məsələ müzakirə edilib

post-img

Martın 13-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Tahir Mirkişili gündəliyə 6 məsələ daxil edildiyini deyib.

Birinci məsələnin Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olduğunu deyən komitə sədri bildirib ki, sənəddə vergi orqanlarında xidmət edənlərin hüquqi vəziyyətinin daha da təkmilləşdirilməsi, işə qəbul qaydalarının daha da şəffaflaşması, eyni zamanda, bu orqanlarda çalışanların stimullaşdırılması, sosial müdafiəsi ilə bağlı məsələlərin müasir tələblərə və təcrübəyə uyğun tənzimlənməsi təklif olunub. Qanun layihəsinin qəbulunun vergi orqanlarının peşəkarlığının artırılmasına, çalışanların maddi təminatının yaxşılaşmasına gətirib çıxaracağını söyləyən komitə sədri layihə barədə daha ətraflı məlumat vermək üçün sözü Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevaya təqdim edib.

Sənəddə təklif olunan dəyişikliklərin əsas istiqamətlərini deputatların diqqətinə çatdıran Samirə Musayeva işçilərin sosial müdafiəsi və maddi təminatı ilə bağlı tənzimləmələrdən söz açıb. O bildirib ki, layihədəki dəyişikliklərin ikinci böyük istiqamətində vergi orqanlarında xidmətə qəbulla bağlı məsələlər tənzimlənir. Xidmət rəisi sənəddə təsbit olunan vergi orqanlarında vəzifəli şəxslərə xüsusi rütbələrin verilməsi, onların vəzifədə irəli çəkilməsi, başqa vəzifəyə keçirilməsi, rotasiyası qaydalarından, həvəsləndirmə və tənbeh tədbirlərindən bəhs edib, vergi işçilərinin iş rejiminin optimallaşdırılması, xidmətdə olmanın yaş həddi kimi digər zəruri tənzimləmələr barədə danışıb.

Layihənin müzakirəsində komitə sədrinin müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Mahir Abbaszadə, Rüfət Quliyev, Vüqar Bayramov, Aydın Hüseynov və Məzahir Əfəndiyev çıxış ediblər. Deputatlar qanun layihəsinin müsbət və mütərəqqi xarakter daşıdığını bildiriblər, sənədlə bağlı bəzi suallarını səsləndiriblər.

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deputatların suallarına aydınlıq gətirəndən sonra layihə birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra komitə sədri Tahir Mirkişili Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O bildirib ki, qanun layihəsi sənaye, texnologiyalar parkı sahəsində vergi, sosial sığorta, gömrük tarifi və reklam qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Komitə üzvləri qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Gündəliyin 3-cü məsələsi olan “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, sənəd ölkəmizdə insanların həyat və sağlamlığının, dərman vasitələrinin istehlakçılarının hüquqlarının qorunması, dərmanların dövlət qeydiyyatı prosedurunun optimallaşdırılması, tələb edilən sənədlərin sayının azaldılması və sahibkarlıq subyektləri üçün prosesin sadələşdirilməsi məqsədilə hazırlanıb.

Sənədin müzakirəsində deputatlar Rüfət Quliyevin və Elnur Allahverdiyevin fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Gündəliyin 4-cü məsələsi olan Mülki Məcəllədə və “İpoteka haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov təqdim edib.

Şöbə müdiri qeyd edib ki, qanun layihəsi ipoteka və zaminlik sahəsində meydana çıxan məsələlərin tənzimlənməsi məqsədilə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarında təsbit olunan hüquqi mövqelərə uyğun olaraq hazırlanıb. Qeyd olunub ki, “İpoteka haqqında” Qanuna ipotekaya xitam verilməsi əsasları sırasına yeni halın - ipoteka saxlayanın tələbdən və ya ipotekadan imtina etməsi halının daxil edilməsi təklif olunur. Mülki Məcəlləyə təklif olunan dəyişikliyə əsasən, zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmuşdursa və müqavilə qüvvədə olduğu müddətdə borclu şəxs vəfat edərsə, bu halda borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə zaminin məsuliyyəti dayandırılır.

Layihənin müzakirəsində komitə sədri Tahir Mirkişili, deputat Mahir Abbaszadə, İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Rövşən Muradov sənədlə bağlı fikirlərini bildiriblər. Sonra layihə birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Gündəliyin son iki məsələsi olan “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin ikinci oxunuşu haqqında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli məlumat verib. O bildirib ki, birinci oxunuşdan sonra sənədlərlə bağlı hər hansı bir təklif daxil olmayıb.

Yekunda bu qanun layihələri də ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.



Siyasət