Fransanın müdafiə nazir Sebastyan Lekornunun ermənistanlı həmkar Suren Papikyanla görüşləri son 2 ildə intensiv xarakter alıb. Baş nazir Nikol Paşinyanın prezident Emmanuel Makronla təmasları da eyni formada davam edib. 2024-cü il fevralın 23-də isə iki ölkə arasında hərbi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, Fransa Ermənistanı müdafiə qurğuları ilə deyil, həm də müasir hücum silahları ilə təmin edəcək. Yəni, öz müttəfiqini hərbi baxımdan qüdrətli dövlətə çevirəcək.
Yunanstan və Hindistan da Ermənistanın Cənubi Qafqazda hərbi baxımdan üstün dövlətə çevrilməsi prosesinə qoşulublar. Yunanıstanın milli müdafiə naziri Nikolaos Dendias martın 4-də Ermənistana səfər edib. İki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib. Qarşılıqlı yardım üçün razılaşmalar əldə olunub.
Hindistan isə Ermənistana 245 milyon dollarlıq silah tədarük etmək üçün öhdəlik götürüb. Strateji əhəmiyyət kəsb edən ixrac mallarının Ermənistana daşınması üçün keçən həftə xüsusi hava dəhlizi yaradıb...
Bu və digər faktları uyğunlaşdırıb təhlil edəndə belə nəticə çıxır ki, Ermənistanın ətrafında yeni hərbi alyans formalaşdırılır. O, Fransa başda olmaqla bir sıra dövlətlərin Cənubi Qafqazda neokalonolist siyasətini icra edəcək güc mərkəzi halına gətirilir. Təbii ki, bu xidmətinin qarşılığında öz ambisiyalarının təmin edilməsi üçün də zəmanət alır.
Amma bütün bunlar beynəlxalq ictimai rəydə fərqli formada təqdim edilir. Qərb mərkəzləri Ermənistanı hərbiləşən, qisasçılıq ruhu ilə yaşayan, regionda yeni münaqişələr planlaşdıran dövlət kimi deyil, zərərçəkən kimi təqdim edirlər. Elə rəy yaradırlar ki, guya, Azərbaycan Ermənistan ərazilərini işğal etməyə hazırlaşır. Azərbaycan rəsmiləri bir neçə dəfə yüksək səviyyədə açıqlamalar verərək, bu iddianı təkzib ediblər. Buna rəğmən, Qərb mərkəzləri Ermənistanı təcavüzə məruz qalan, Azərbaycanı isə işğala hazırlaşan dövlət kimi təqdim edirlər.
Qərb mediası bu sahədə planlı təbliğat aparır, beynəlxalq rəyi çaşdıran tezislər yayımlayır. Xüsusilə ABŞ media şəbəkəsi bu təbliğatın önündə gedir. Məsələn, ABŞ-nin Cənubi Qafqaz üzrə ixtisaslaşmış informasiya qurumu olan “JAMnews” 02 fevral 2024 tarixində yayımladığı məqaləsinə belə başlıq qoyub: “Paşinyan sülh axtarır, Əliyev isə müharibəyə hazırlaşır” (https://jam-news.net/probability-of-armenia-azerbaijan-war-opinion/ ) .
Diqqət yetirsək görərik ki, “Amerikanın səsi”, “Azadlıq Radiosu”, “OC Media” qismində ABŞ media vasitələri, habelə France-24 TV, “Le-Monde” və digər Fransa KİV-ləri öz məqalələri ilə Azərbaycanın təcavüzkar obrazını yaratmağa çalışırlar.
Sadalanan KİV qurumlarının hərəkətləri anlaşılandır. Onlar təmsil etdikləri dövlətlərin siyasi maraqlarından çıxış edirlər. ABŞ-nin, Fransanın Cənubi Qafqaz üzrə siyasətinin realladırılmasına töhfə verirlər. Xatırladaq ki, Azərbaycanın Ermənistan üzərinə hücum etməyə hazırlaşması barədə sərsəm bəyanatı ABŞ Dövlət katibinin müavini Ceyms O'Brayn da səsləndirmişdi. O'Brayn Azərbaycana münasibətdə hansı yanlış mövqeni sərgiləyirsə, “Amerikanın səsi”, “Azadlıq Radiosu” da eyni mövqedən çıxış edirlər. Yaxud Emmanuel Makron Azərbaycana qarşı hansı tezisləri səsləndirirsə, France-24 TV, “Le-Monde” də eyni fikirləri təkrarlayırlar.
Anlaşılmayan, səbəbi bilinməyən məqam Azərbaycan KİV-lərinin bu yanlış təbliğatda nə üçün rol almasıdır. “Toplum TV”, “Abzas Media” və digərləri Qərbdən ötürülən zərərli tezisləri təkrarlamaqla nə məqsəd güdürlər?
Azərbaycan hüquq-mühafizə orqanları “Toplum TV” redaksiyasında axtarış aparıblar. İlkin açıqlamalardan belə məlum olur ki, “qrant qaçalmalçığı” üzrə şübhələr vardır. Amma TV əməkdaşları, həmçinin onların müdafiəçiləri cəmiyyətə belə mesaj verirlər ki, guya, “tənqidi mövqedən çıxış etdiklərinə, müstəqil davrandıqlarına, həqiqətləri dediklərinə görə” axtarışa məruz qalıblar. Qərb təbliğatına qoşulub Azərbaycanı Ermənistan üzərinə təcavüzə hazırlaşmaqda ittiham etmək onların təsəvvüründə “həqiqətin təcəlləsidir”. Bu, tənqid deyil, tam mənasında siyasi ittihamdır. “Toplum TV” və “Abzas Media” səhifələri bu cür “tənqidlərlə” zəngindir.
“Erməni şəbəkəsinin” təbliğatçısı, mühacir həyatı yaşayan Arif Yunus martın 11-də “Osmanqızı TV”-yə verdiyi müsahibədə deyir ki, 5 gün əvvəl – martın 6-da “Toplum TV”-yə əlində olan məxfi sənədi göndərib, ictimailəşdirilməsini istəyib. Ehtimal edir ki, Azərbaycan hüquq-mühafizə orqanları həmin məlumatın TV-yə göndərildiyini biliblər. “Faktın ictimailəşdirilməsindən ehtiyatlanaraq”, TV-nin redaksiyasında axtarışa başlayıblar, onun fəaliyyətini qapadıblar. Bu baxımdan həm Arif Yunus, həm də “Osmanqızı TV” Azərbaycan hökumətini qınayırlar. “Həqiqəti deyən TV-ləri qapatdığı üçün” qınayırlar. Sözlərindən belə nəticə çıxır ki, göndərdikləri informasiyada “Azərbaycan dövləti terrorçuluqda ittiham olunurmuş”. Guya, Azərbaycan səfirliyində işləyən şəxslərdən biri “Avropa ölkələrində terror aktı planlaşdırırmış” (https://www.youtube.com/live/PDZp9zv5EXA?si=SfDGtGG86qCgi24D).
Əvvəla, hüquq-mühafizə orqanlarının “Toplum TV” barədə yaydıqları informasiyada bu detal görünmür. TV əməkdaşları hələlik yalnız qrant qaçalmalçılığında ittiham olunurlar. Amma əgər Arif Yunusun qeyd etdiyi formada təqdimat hazırlansaydı belə, onda hüquq-mühafizə orqanları deyil, “Toplum TV” qınaq obyektinə çevrilməliydi. Bu, dövləti rəsmən terrorçuluqda günahlandırmaqdır. Heç bir əsas olmadan erməni şəbəkəsinə arqument verməkdir. Qərb mərkəzlərinin Azərbaycan üzərinə ayaq açmasını təşviq etməkdir. Arif Yunusun, “Osmanqızı TV”-nin mövqeyi bəllidir. Onlar erməni şəbəkəsi tərəfindən uydurulan hər şəri, böhtanı tirajlayırlar. Azərbaycan dövlətini təzyiq altında qoymaq üçün istənilən maxinasiyaya boyun əyirlər. Bəs “Toplum TV” bu cür qondarma faktları hansı məntiqlə ictimailəşdirmək qərarına gəlib? Hüquqi təsisçi olan Ələsgər Məmmədli bu cür qondarma faktları ictimailəşdirməklə hansı məsuliyyət daşıdığının fərqinə varıbmı?
“Toplum TV” və “Abzas Media”nın səhifələri bu cür qondarma məlumatlarla zəngindir. Xarici qrantlardan asılılıq onları elə bir həddə çatdlrıb ki, hüquqi məsuliyyət hissini itirib. Maliyyə qaynaqları sırasında görünən yalnız bir mənbə var ki, o da qrantlardır. Amma xəbər portalının sahibləri qrant vəsaitlərini hansı donorlardan və hansı həcmdə aldıqlarını qapalı saxlayırlar. “Qrantların qeydiyyatı haqqında” Qanuna əsasən, alınmış vəsaitlər Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməlidir. “Toplum TV” bu qanunu pozub. Qrantları qanuni deyil, qaçaqmalçılıq yolu ilə alaraq realizə edib.
“Toplum TV” və “Abzas Media” nümunəsi göstərir ki, qanunsuz, qaçaqmalçılıq yolu ilə əldə edilən qrantlar təkcə media azadlığını deyil, milli təhlkəsizliyi də təhdid edir.
XQ-nin analitik qrupu