Paşinyanın “sülh gündəmi”– manipulyasiya və imitasiya “məharəti”

post-img

Nikol yenə köhnə havalara qol qaldırır

Ermənistan baş naziri Nikol Paşin­yanın ölkəsinin xarici və təhlükəsizlik əlaqələrinin şaxələndirilməsi məsələ­sinə Azərbaycanla sülh gündəliyi kon­tekstində yanaşması maraq doğurma­ya bilməz. İrəvanın xarici siyasətindəki diversifikasiya ritorikası Rusiyadan üz döndərməkdir. Deməli, Azərbaycanla barış öz inkişafını Qərb platformasına əsaslanmış xətt üzərində tapacaq. Bu, o deməkdir ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan tamamilə imtina edir. İmtina, eyni za­manda, ölkənin həmin bəyanatla üzə­rinə götürdüyü öhdəlikdən boyun qa­çırması deməkdir. 

Diqqət yetirək, N.Paşinyan yenə köh­nə havalarla “süzür”. Ökəsinin Bakı ilə sülh müqaviləsinin bağlanmasına sadiqli­yini vurğulayan erməni baş nazir sərhəd­lərin delimitasiyası və demarkasiyasının aparıldığını bildirir və mövcud xüsusda detallara varır. Ancaq bu yazıda həmin detallar üzərində dayanmayacaq, Niko­lun sırf sülh məsələsində səsləndirdiyi məqamlara nəzər salacağıq. 

Beləliklə, N.Paşinyan Bakı–İrəvan barışı prinsiplərinin məlum olduğunu bildirir və özünün də dediyi kimi, anlaşıl­mazlıqlara yol verməmək üçün onları bir daha dilə gətirir. Birinci prinsip 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında ölkələ­rin bir-birinin ərazi bütövlüklərini tanıma­larıdır. İkincisi, o, Alma-Ata Bəyannamə­sini dövlətlər arasında delimitasiya və demarkasiya üçün siyasi əsas adlandırır və öz aləmində bunun nə demək olduğu­na aydınlıq gətirir. “Ermənistanla Azər­baycan arasında yeni sərhəd yaratmaq üçün heç bir gündəm yoxdur”, – deyən erməni baş nazir əlavə edir ki, inzibati sərhədlər SSRİ-nin dağıldığı dövrdə res­publikalar arasında de-yure mövcud olub və Alma-Ata Bəyannaməsinə əsasən dövlət sərhədinə çevrilib. 

Bu iki məqama aydınlıq gətirək. Bəli, Paşinyan həmişə olduğu kimi, Alma-Ata Bəyannaməsini yüksək tutur. Sözügedən sənədin məntiqi budur ki, SSRİ-nin dağıl­masından sonra yaranmış müstəqil res­publikalar Sovetlər Birliyi tərkibində möv­cud olduqları ərazilərdə qalırlar. Yəni ki, bəyannamə birlikdən çıxış zamanı ərazi status-kvosunu təsdiqləyir. O zaman nəyə görə SSRİ-yə daxil olarkən deyil, oradan çıxarkən mövcud olan ərazilər amili əsas götürülür? Məsələyə aydınlıq gətirilmir.

Alma-Ata Bəyannaməsi keçmiş müt­təfiq respublikaların bir-birini tanımaları xüsusunda preambula ola bilər. Ancaq, bu, o demək deyil ki, sənəd ehkamlaş­dırılmalıdır. Bəs ədalət? Nəyə görə Azər­baycan Sovetlər Birliyinə çox ərazi ilə qoşulmalı, oradan ayrılarkən az əraziyə malik olmalıdır, yaxud Ermənistan nəyə görə az ərazi ilə qoşulması, birlikdən çox ərazi ilə çıxmalıdır? Məsələn, 1929-cu ildə keçmiş Ermənistan SSR tərkibində Meğri rayonu yaradılıb. Rayon Azərbay­candan alınıb Ermənistana verilmiş əra­zidə formalaşdırılıb. Elə təkcə bu fakta görə delimitasiya və demarkasiya pro­sesləri zamanı Alma-Ata Bəyannamə­sinə istinad ədalətsiz yanaşmadır. Hələ başqa mətləblər də var. Nəzərə alaq ki, 1969-cu ilin mayınadək Ermənistana Azərbaycanın hesabına ərazi hədiyyələri davam edib... 

Deməli, rəsmi İrəvanın çalışdığı ədalətsizliyi düşüncələrdə leqallaşdır­maqdır. Özü də təkcə Ermənistan haki­miyyəti deyil, bunu etmək istəyən ermə­nipərəst Qərb dünyasıdır. Əlbəttə, sülh prosesinə belə yanaşma yolverilməzdir. 

***

Paşinyanın mətbuat konfransında Azərbaycanla sülh gündəmi baxımın­dan üzərində dayandığı üçüncü prinsip də onun əvvəllər dilə gətirdiyinin təkrarı­dır. Erməni baş nazir bildirib ki, regional kommunikasiyalar keçdikləri ölkələrin suverenliyinə və yurisdiksiyasına hör­mətlə yanaşı, bərabərlik və qarşılıqlılıq prinsipinə əsaslanaraq açıq olmalıdır və rəhbərlik etdiyi hökumətin bu baxımdan “Dünyanın kəsişməsi” ideyası var. 

Məsələ ondadır ki, “Dünyanın kəsiş­məsi” ideyası Azərbaycanın “Zəngəzur dəhlizi” təşəbbüsünə alternativ olaraq irəli sürülmüş avantüradır. Ortaya ele­mentar sual çıxır: necə ola bilər ki, rəsmi İrəvan üçtərəfli bəyanatla üzərinə götür­düyü öhdəliyi, yəni Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yola təminat vermir, ancaq özünün sonradan uydurduğu “Dünyanın kəsişməsi”ni sülh müqaviləsinin tərkib hissəsi kimi gö­rür? Bir halda ki, Paşinyan öz imzasına hörmətlə yanaşmır, ölkəmizin “Azər­baycandan Azərbaycana yol” məntiqini, yəni Naxçıvana yolda heç bir gömrük və sərhəd nəzarətinin tətbiq edilməməsi tələbini heçə sayır, onun istəyi nə üçün reallaşmalıdır? Əlbəttə, bu, tam müm­künsüzdür. 

Ancaq sülh müqaviləsinin kommu­nikasiyalar açılmadan da imzalanması mümkünləşə bilər. O zaman Naxçıvana yol Ermənistanın özününkü bildiyi, daha doğrusu, bir qədər əvvəl diqqətə çatdırdı­ğımız kimi, 1929-cu ildə Azərbaycandan alınaraq Ermənistana verilmiş və Meğri rayonu kimi adlandırılmış ərazidən yox, İrandan keçəcək. Belə olan halda hər şey əvvəllərdəki kimi olacaq. Yəni, İrəvan təcriddə qalacaq. 

Daha bir sual: necə ola bilər ki, Ermə­nistan üçtərəfli bəyanatın kommunikasi­yaların açılması məntiqi ilə razıdır, ancaq həmin məntiqin əksini tapdığı öhdəliyi yerinə yetirmir? Axı prinsipial baxış olma­lıdır. Baxış budur ki, İrəvan Naxçıvana maneəsiz yolu özünün ərazi bütövlüyünə və təhlükəsizliyinə təhdid qismində qiy­mətləndirməməlidir. Əgər qiymətləndirir­sə, kommunikasiyaların açılmasının sülh müqaviləsində yer almaması ilə barışma­lıdır. Lakin barışmır. Nə Ermənistan barı­şır, nə də ölkənin xaricdəki havadarları. 

Görünür, ikincilər Paşinyan administ­rasiyasını saxlamaq və bəsləmək üçün əllərini ciblərinə salmamağı düşünür və çalışırlar ki, İrəvanın daimi qazanc yeri formalaşsın. “Dünyanın kəsişməsi” ideyasının məğzində dayanan da elə budur– Ermənistanı qlobal nəqliyyat xa­bına çevirib gücləndirmək. Yekun, nəticə etibarilə, erməni avantürizmini ayaqda saxlamaqdır. Əlbəttə, Azərbaycanın belə gedişatla razılaşmayacağı tam aydındır. Aydın olmayan isə Bakının nəqliyyat kommunikasiyalarının Paşinyanın bil­dirdiyi tərzdə açılması məsələsini sülh müqaviləsində görmək istəməyəcəyi təqdirdə, Ermənistanın həmin müqavilə­ni imzalayıb imzalamayacağıdır. Nikolun bildirdiklərindən gəlinən qənaət budur ki, üç prinsipdən hansısa qəbul olunmasa, ölkəsi Azərbaycanla sazişə getməyəcək. 

***

Ermənistan baş nazirinin sülh müqa­viləsi xüsusunda üzərində dayandığı daha bir məqam var. O deyir ki, danışıq­lar prosesində hər iki tərəfin beynəlxalq qurumlara dövlətlərarası şikayətlərdən imtina etməsi məsələsinin müzakirəsi aparılırdı və yenə də aparılır. “Danışıq­lar zamanı məsələ müzakirə olunurdu və olunur. Bizim mövqeyimiz belədir: bu, əs­lində sülh müqaviləsinin müddəaları razı­laşdırıldıqda və hər iki tərəfin onu imzala­mağa hazırlaşdığı ən son anda müzakirə oluna bilən məsələdir”, – deyən baş nazi­rin fikrincə, tərəflər barışıq sazişinə imza atırlarsa, bir-birinə qarşı hüquqi iddiada olmamalıdırlar: “Əgər onlar sülh müqa­viləsi imzalamasalar, Ermənistan Res­publikası üçün bu, həm də sözümüzün və gündəmimizin irəliləməsində vacib amil olacaq”.

Paşinyanın sonuncu fikri qarışıqdır. Görəsən, sülh müqaviləsinin imzalanma­yacağı təqdirdə, İrəvanın gündəminin irə­liləməsi nə deməkdir? Çox güman ki, Ni­kolun özü də məsələdən baş açmır. Hər halda, Azərbaycana hədə-qorxu gəlmək niyyətindən uzaqdır. Beynəlxalq müstə­vidə dövlətlərarası hüquqi iddialardan imtinaya gəlincə, bu məsələdə də qey­ri-müəyyən məqamlar var. Ermənistan otuz ilə yaxın müddətdə Azərbaycana zərər vurub. Belə çıxır ki, zərəri ödəmə­sin? Üstəlik, yuxarıdakı üç prinsip də ölkəmiz üçün qeyri-məqbuldur. 

Ən əsası isə vurğuladığımız kimi, Pa­şinyanın haqqında söz açdığı üç prinsip, faktiki olaraq, “Azərbaycandan– Azər­baycana yol” məntiqini qəbul etməməyə köklənib. Bu köklənişə Ermənistanın silahlandırılması amilini əlavə etsək, o zaman Nikolun mətbuat konfransında bildirdikləri manipulyasiyadan başqa bir şey deyil. Belə görünür ki, erməni baş nazir Azərbaycanla sülh gündəmini orta­ya atmaqla, yalnız görüntü yaratmağı dü­şünür. Guya, ölkəsi barış istəyir. Əlbəttə, istək belə olmur.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət