İmanqalinin “erməni elitası” və Moskvanın İrəvandan siyasi ayıqlıq gözləntisi

post-img

KTMT-ni “buz dolabı”ndan çıxarmaq arzusundan Zvartnots hava limanı ilə bağlı rəsmi xahişə uzanan gedişat 

Ermənistan üçün şans, daha doğrusu, növbəti şans. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetovun TASS-a müsahibəsində bildirdiklərini belə qiymətləndirmək olar. Cənab Tasmaqambetov deyib ki, KTMT rəsmi İrəvanın siyasi ayıqlığına ümid bəsləyir. Yəni, ilk baxışdan, qurumda hələ də inanırlar ki, Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın “France 24” telekanalına müsahibəsində dediklərini geri götürəcək. 

Məlum olduğu kimi, Paşinyan mü­sahibəsində Ermənistanın KTMT-dəki fəaliyyətini dondurduğunu açıqlamışdı. İ.Tasmaqambetov isə bildirir ki, bu, ermə­ni elitasının bəzi üzvləri arasında həyə­can doğurur. Onun sözlərindən belə çıxır ki, həmin şəxslər narahat olmasınlar, KTMT İrəvanla yollarını ayırmağı düşün­mür. Təşkilatın istəyi budur ki, rəsmi İrə­van məsələ barədə yenidən düşünsün. İ.Tasmaqambetov hesab edir ki, məhz həmin düşüncə ayıq başla olacaq. “İcazə verin, vurğulayım ki, Ermənistan bizim müttəfiqimizdir, bütün mövcud öhdəliklər qüvvədə qalır” deyən baş katib KTMT-nin öz qaydalarına və prosedurlarına uyğun çalışdığını, qurumun analitiklərinin möv­cud alətlərin köməyi ilə Ermənistan ətra­fındakı vəziyyəti və ölkənin təşkilatla mü­nasibətlərini təhlil etdiklərini vurğulayıb. 

***

Məlumdur ki, KTMT əleyhinə xətt İrə­vanın anti-Rusiya kursunun birbaşa tər­kib hissəsidir. Ermənistandakı vəziyyət göstərir ki, ölkədə xarici siyasət strate­giyası ilə bağlı münaqişələr son həddə çatıb. Əslində, maraqlı tendensiya yara­nıb. Qarabağın tamamilə itirilməsindən sonra Ermənistan postsovet məkanında ilk dəfə olaraq Qərbdə müttəfiq axtarışı­na çıxan ölkədir, Paşinyan və komandası bunu yüksək səslə bəyan edir. Yəni, an­ti-KTMT ritorikası İrəvanın ümumən xari­ci siyasət kursunu dəyişdirməsi anlamına gələn durum formalaşdırıb. İ.Tasmaqam­betovun müsahibəsində bildirdikləri isə bu deyimi xatırladır: “Səni sevəcəyəm, sən sevməsən də”. 

Əslində, deyim Qarabağın tamamilə itirilməsindən əvvəl də aktuallığını sax­layırdı. Ancaq belə görünür, bölgədəki erməni avantürizminə son qoyulması vəziyyəti daha da dramatikləşdirib. Bu, Qərb mediasının da diqqət mərkəzində­dir. Belə ki, Avropanın və ABŞ-ın aparıcı nəşrlərinin manşetlərini “Rusiya Cənubi Qafqazda təsirini itirir”, “Ermənistan Ru­siyanı tərk edir” və sair bu kimi sərlöv­hələr bəzəməyə başlayıb. Mövcud fonda İ.Tasmaqambetovun bildirdiklərini həm də rəsmi İrəvana mesaj kimi qiymətlən­dirmək olar. Yəni, Ermənistan daxilində Paşinyanın dediklərini həyəcanla qar­şılayanlar varsa, onlar hərəkətə keçə bilərlər. Ancaq KTMT ümid edir ki, buna ehtiyac qalmayacaq, Paşinyan administ­rasiyası ayıq başla vəziyyətə qiymət ve­rib düzgün addım atacaq. Deməli, mesaj yalnız “səni sevəcəyəm, sən sevməsən də” deyimi şəklində də deyil. Və deməli, sevgi, müəyyən mənada, məcburi olma­lıdır. Amma...

***

Bəli, Ermənistan üzünü qəti şəkildə Qərbə çeviribsə, demək olmaz ki, Rusi­yanın buna qarşı çıxacaq gücü yoxdur. Əlbəttə, iqtisadi rıçaqları var, özü də yetərincə. Ölkə həmin rıçaqların istifa­dəsinə getmir, daha doğrusu, getmək istəmir. Ermənistanda isə belə düşünür­lər: bir halda ki, Qarabağ yoxdur, Rusiya nəyə lazımdır? Mövcud xüsusda vurğu­lanmalı bir neçə məqam var və həmin məqamların təhlili göstərir ki, əslində, İ.Tasmaqambetovun haqqında söz açdı­ğı “erməni elitası”, ümumiyyətlə, yoxdur. Yəni, söhbət ruspərəst erməni elitasının mövcudluğundan gedir. 

Ermənistan otuz ilə yaxın Azərbay­can torpaqlarını işğalda saxladı. Əlbəttə ki, Rusiyanın köməyi ilə. Rusiyanın Er­mənistan daxilindəki tərəfdarlarını elita saymaq olardımı? Xeyr, onlar sadəcə ha­kimiyyətdə təmsil olunmuş siyasilər idilər. Hakimiyyət Qərbpərəst Paşinyan tərə­findən, faktiki olaraq, qəsb edildikdə də, ondan sonrakı proseslərdə də anti-Ru­siya xəttini görən və buna müqavimət göstərən kəsim meydana çıxa bilmədi. Nəyə görə? Ona görə ki, Rusiyanın, bö­yük ölçüdə Ermənistanda formalaşdırdığı xunta rejimi idi. Əhali rejimə ona görə çox dirənmirdi ki, ortada Qarabağ faktoru var idi. Xəstə erməni cəmiyyəti nəyi dərk et­məsə də, yaxşı anlayırdı ki, Azərbaycan torpaqlarının işğalı Moskvanın köməyi olmadan gerçəkləşə bilməz. 

Lakin zaman-zaman erməni cəmiy­yəti gördü ki, Qarabağa sahiblik ona heç nə vermir. Əksinə, Azərbaycanla davam edən gərginliklər və hər an müharibə təhlükəsi qalır. Yəni, ermənilər Bakının Qarabağdan geri durmadığını hiss et­dilər. Əlbəttə, bu zaman da güc faktoru öz sözünü dedi. Məsələn, 2016-cı ilin Aprel müharibəsindən sonra erməni be­yin mərkəzləri Azərbaycan xalqının Qa­rabağı unutmadığını açıqladı. Halbuki, nəsillərin dəyişməsi ilə unutqanlığın ya­ranacağına ümid bəslənilirdi. Belə bir şə­raitdə Qarabağa sahibliyin heç bir fayda gətirmədiyinə dair düşüncələr gücləndi. Nəhayət, günün birində N.Paşinyan mey­dana çıxdı və bildirdi ki, Qarabağ Ermə­nistanın üzərindən asılmış ağır daşdır. 

Erməni xalqı N.Paşinyanı ona görə hakimiyyətə gətirdi ki, həm ruspərəst xun­tadan bezmişdi, həm də Rusiyanın dəstə­yi ilə həmin xuntanın Qarabağı nəzarətdə saxlamasının ona heç bir rifah gətirmədi­yinə əmin olmuşdu. Ancaq Paşinyan nə etdi? Hakimiyyətdə möhkəmləndikdən sonra bildirdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu, Qarabağ mövzusunu Ru­siyanın egidasından çıxarmaq və Qərbin patronajlığına vermək istiqamətindəki ilk cəhd idi. Nikolun hərəkəti Azərbaycanla danışıqlar prosesini dalana dirədi, daha dəqiq desək, Qarabağa nəzarəti sax­lamaq üçün manipulyasiya meydanını tamamilə daraltdı. Sonra baş verənlər də hər kəsə yaxşı məlumdur – 44 gün­lük müharibə və Ermənistanın rüsvayçı məğlubiyyəti. 

Bəli, Qarabağ yoxdursa, Rusiya da lazım deyil. Əslində, erməni cəmiyyəti üçün aktual deyim budur. Paşinyan məhz bu deyimə görə hakimiyyətdə qala bilir. Belə demək mümkünsə, İ.Tasmaqam­betovun erməni elitası o qədər zəifdir ki, Paşinyanın, obrazlı ifadə etsək, buz do­labına qoyduğu KTMT-nin donunu əridə bilmir. Bunun səbəbini açıqladıq. Bir qə­dər də ətraflı deyək ki, erməni cəmiyyəti Rusiyanın illərlə Ermənistanda oğru və korrupsioner rejim bəslədiyini görmüşdü. Həmin rejimin təmsilçilərinin xalqdan ta­ladıqları hesabına varlandıqlarına şahid­lik etmişdi. Yəni, bu səbəbdən, hazırda ruspərəst erməni elitası deyilən anlayış Ermənistan üçün yad kimidir. Sevginin məcburiyyət anlamındakı “əmma” da elə budur. 

Əlbəttə, Rusiyada Ermənistandakı hazırkı durumu nankorluq kimi qiymət­ləndirə bilərlər. Öz aləmlərində, haqlı da görünmələri mümkündür. Üstəlik, nəzərə alsaq ki, hazırda Ermənistanın iqtisadi inkişaf tempində başlıca rol Ru­siyaya məxsusdur, o zaman nankorluğun davam etdiyini də demək olar. Ancaq Paşinyan administrasiyası, belə demək mümkünsə, həm qorxur, həm də qorx­mur. Birinci məqama aydınlıq gətirəcəyik. Əvvəlcə qorxmamaqdan söz açaq. 

Ermənistan rəsmiləri ölkə iqtisadiyya­tının diverfikasiyasından danışırlar. Necə ki, silah alınmasında və təhlükəsizlik baxımından Qərbə üstünlük verir, eyni qaydada, iqtisadiyyatı da həmin xüsusda qurmaq barədə tezislər irəli sürürlər. Bir məqam da var ki, hazırda Ermənistanın üzünü Qərbə doğru çevirməsi erməni si­yasi elitasının digər nümayəndələrində də anti-Rusiya ritorikası ilə güclənmiş motiv yaranıb. Yəni, erməni iqtidarı apar­dığı aramsız təbliğatla belə bir situasiya formalaşdıra bilib. Bu, nə dərəcədə uğur­lu formuldur? 

***

Birincisi, anti-Rusiya ritorikasının güc­lənməsi fonunda sadə ermənilər yenə də xunta dövründə olduğu kimi, ac-yalavac durumdadırlar. Yəni, Nikol xalqa xunta­nın verdiklərindən daha çox şeyləri ver­mir, yaxud verə bilmir, elə bir fərqi yoxdur. İkincisi, sözügedən ritorika güclənsə də, reallıq dəyişmir. Gümrüdəki rus hərbi ba­zası qalır, paralel idxal, ölkənin Rusiya­nın mümkün sanksiyalarından yayınma sxemləri yoxdur. Üstəlik, Ermənistanın müxtəlif Rusiyayönlü inteqrasiya birlik­lərinə üzvlüyü davam edir. İlk baxışdan, Ermənistanda ən böyük real ruspərəst qüvvənin elə Paşinyan hakimiyyətinin özü olduğunu söyləyə bilərik. Mövcud anlamda, əlbəttə, İ.Tasmaqambetovun şəxsində KTMT-nin, KTMT-nin timsalın­da Rusiyanın İrəvanın Kremlin orbitinə qayıtmasına ümid bəsləməsində məntiq var. Yəni, Moskva Ermənistana sevgisi­nin qarşılıqsız olmayacağına inanmaqda haqlı tərəf kimi görünür. Ancaq yenə bir “əmma” var. 

Məlum olduğu kimi, Türkiyə–Ermə­nistan və İran–Ermənistan sərhədlərini rus hərbçiləri qoruyurlar. Türkiyənin Qars vilayətindəki tarixi Ani xarabalıqlarından baxanda Rusiya bayrağının Ermənistan bayrağından hündürdə dalğalandığını görmək mümkündür. Ağla gələsi şey de­yil, amma bu faktdır və durumun hüquqi tərəfi də var. Belə ki, 1993-cü ildəki sa­zişə əsasən, Ermənistanın bütün quru və hava sərhədlərinə nəzarəti Rusiya sər­hədçiləri həyata keçirirlər. Təsəvvür edin ki, İrəvandakı Zvartnos hava limanından Ermənistana giriş zamanı pasportları ruslar yoxlayırlar. Absurddur! Bu absurd teatrı otuz ildən artıqdır ki, davam edir. “Əmma” isə budur ki, İ.Tasmaqambeto­vun dedikləri Ermənistan hakimiyyətinin anti-Rusiya dəstxəttinin ilk real məntiqi­nin işə düşdüyü zaman kəsiyinə təsadüf edir. Nəzərə alaq ki, İrəvan indi, əslində, çoxdan görməli olduğu işin reallaşdı­rılması istiqamətində ilk addımı atıb və Rusiya sərhədçilərinin Zvartnots hava limanından bazalarına dönmələrini rəsmi şəkildə xahiş edib. Tələb yox ha, xahiş, özü də rəsmi şəkildə. 

Heç şübhəsiz, bu xahiş Rusiya–Er­mənistan münasibətlərindəki gərginliyi daha da artıracaq. 1993-cü ildən Er­mənistanın sərhəd təhlükəsizliyinin qo­runması Moskvanın nəzarətində idisə və hazırda belə bir şey mümkünsüzə çevrilirsə, deməli, sərhədin təhlükəsiz­liyi də yoxdur. Yoxdursa, Ermənistanın ərazi bütövlüyü və suverenliyi məsələ­si də havadadır. Bunu Rusiyanın siyasi dairələri açıq şəkildə vurğulamaqdan, hətta İrəvan xanlığından danışmaqdan da çəkinmirlər. 

Əlbəttə, Ermənistanın ehtiyatı əldən verdiyini söyləmək doğru olmaz. Yəni, Zvartnotsdan çıxma ilə bağlı rəsmi xahiş, ümumən ölkədəki rus hərbi bazasının Ermənistandan çıxması anlamına gəlmir. Hiss olunur ki, Paşinyan ölkəsi üçün eti­barlı müdafiə sistemi tapmayanadək belə davranacaq. Təbii ki, Moskvada Nikolun niyyətindən xəbərdardırlar. Heç şübhə­siz, Rusiya rəhbərliyi aram-aram çəmbəri daraldacaq. Hər halda, duruma kənardan tamaşa edəcək və İrəvanın tamamilə özündən qopması üçün etibarlı mühit for­malaşmasını seyr edəcək deyil.

***

Sonda bir məqamı da vurğulayaq. Sual olunur: nəyə görə Ermənistan ha­kimiyyəti rus sərhədçilərinin yalnız Zvart­nots hava limanından çıxmasını xahiş edir? Birbaşa deyək ki, məsələ anti-Ru­siya xətti ilə bağlıdır. Əlbəttə, anti-Azər­baycan xətti ilə də. Durumu izah edək. Məsələ burasındadır ki, Hindistan–Er­mənistan hava yolu işə düşür. Özü də İranın hava məkanından keçməklə. Hə­min yoldan isə Qərbin, yəni Fransanın Hindistanda istehsal olunmuş silahları­nın daşınması reallaşdırılacaq. Bu, həm Azərbaycanla yeni müharibəyə hazırlıq­dır, həm də Qərbin Ermənistanda, daha böyük anlamda Cənubi Qafqaz coğrafi­yasında möhkəmlənmək istəyidir. Buna görə İrəvan daşınacaq silahların Rusiya tərəfindən müşahidə olunmasını istəmir. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət