Vergi Xidməti iqtisadi çağırışları çevik cavablandırır

post-img

Qeyri-neft-qaz sektorundan büdcə daxilolmaları 9 milyard 708 milyon manata çatıb

Azərbaycanın vergi xidməti sistemində biznes mühitinin təkmilləşdirilməsi, dövlət-biznes tərəfdaşlığının təşviqi və iqtisadi təhlükəsizliyin təminatı daim diqqət mərkəzində saxlanılır. Bunun nəticəsində ölkədə vergi daxilolmalarının davamlı artımı aydın müşahidə olunur, belə bir şərait isə maliyyə sabitliyini, sosial layihələrin yüksək səviyyədə icrasını və vətəndaşların rifahının daha da yaxşılaşmasını şərtləndirir. 

Dövlət Vergi Xidmətinin səmərəli fəaliyyəti, ilk növbədə, büdcə gəlirlərinin formalaşmasında özünü qabarıq büruzə verir. Bu, statistik göstəricilərdə də öz ifa­dəsini tapır. Məsələn, 2023-cü il ərzində dövlət büdcəsinə vergi daxilolmaları həc­minin 2022-ci illə müqayisədə 3,8 faiz artaraq 16 milyard 127 milyon manata çatması qeyd edilən fikrin təsdiqidir. 

Onu da qeyd edək ki, hesabat döv­ründə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları əvvəlki illə müqayisədə 19,3 faiz yüksələrək 9 milyard 708 mil­yon manata çatıb. Cari ilin yanvar-fevral aylarında isə qeyri-neft-qaz sektorundan daxilolmalar 1,9 milyard manatdan çox təşkil edib. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 245,7 milyon manatdan, yaxud 14,8 faizdən çox artıb, dövlət büdcəsinə isə, ümumilikdə, 3 milyard 156 milyon 569 min manat vergi daxil olub.

Əldə olunan fiskal nəticələrdə iqti­sadi artımla yanaşı, şübhəsiz ki, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaş­dırılması kontekstində atılan addımların da böyük rolu olub.

Hesabat ilində sözügedən sistemin fəaliyyətində vergi borclarının azaldılma­sı kimi diqqətçəkən bir məqamı da xatır­latmaq istərdik. Belə ki, 2023-cü il res­publikamızda 215 min vergi ödəyicisinin 4 milyard 936 milyon manat vergi borcu yaranıb, 211 min vergi ödəyicisinin isə 4 milyard 511 milyon manat vergi borcu ləğv edilib. Dövlət Vergi Xidmətinin mə­lumatına əsasən, ləğv edilən borc məb­ləğindən 674 min manatı və yaxyd 28,6 faizi 2023-cü il yanvarın 1-nə olan borcun payına düşüb.

Ötən il artan borcun 289 min manatı (28,4 faizi) səyyar, 504 milyon manatı və yaxud 50 faizi kameral vergi yoxlamala­rı nəticəsində, 84 min manatı və yaxud 8,2 faizi isə bəyannaməyə əsasən ya­ranıb. Nəticədə cari il yanvarın 1-nə 97 min vergi ödəyicisinin dövlət büdcəsinə 2 milyard 782 milyon manat (o cümlədən, əsas vergilər üzrə 1 milyard 810 min ma­nat, faizlər üzrə 606 min manat və maliyə sanksiyası üzrə 276 min manat) borcu olub. Ümumilikdə, 2023-cü ildə borclu vergi ödəyicilərindən daxilolma 3 milyard 923 min manata yüksəlib. 

Məlumatda bildirilir ki, 2023-cü il yan­varın 1-nə sosial sığorta üzrə 145 min vergi ödəyicisinin 213 milyon manat və işsizlikdən sığorta üzrə 24 min vergi ödə­yicisinin 3,6 milyon manat borcu olub. Ümumilikdə, ötən ilin əvvəlinə borclu vergi ödəyicilərindən daxilolma sosial sı­ğorta haqları üzrə 60 milyon manat təşkil edib.

Cari il yanvarın 1-nə isə sosial sığorta üzrə 150 min vergi ödəyicisinin 233 mil­yon manat və işsizlik sığortası üzrə isə 27 min vergi ödəyicisinin 5,5 milyon ma­nat məbləğində borcu olub.

Qeyd edək ki, 2023-cü il yanvarın 1-nə icbari tibbi sığorta üzrə 33,5 min vergi ödəyicisinin 12 milyon manat borcu olub, həmin borclu vergi ödəyicilərindən daxilolma isə 6,9 milyon manat təşkil edib. Bu il yanvarın 1-nə isə icbari tibbi sığorta üzrə 57,7 min vergi ödəyicisinin 15,3 milyon manat borcu var.

Hesabat dövründə başa çatan səy­yar vergi yoxlamaları zamanı 531 vergi ödəyicisində və yaxud səyyar vergi yox­laması ilə əhatə olunanların 98,9 faizində vergi qanunvericiliyinin pozulması halları aşkar edilib. Səyyar vergi yoxlamaları nə­ticəsində hesablanmış əlavə vəsaitin 347 milyon manatı və yaxud 64,1 faizi əlavə hesablanmış vergi, 194,5 milyon manatı və yaxud 35,9 faizi isə vergnin azaldılma­sına və digər hüquq pozuntularına görə tətbiq edilən maliyyə sanksiyaları olub.

Yuxarıda diqqətə yönəldilən rəqəmlər deməyə əsas verir ki, Dövlət Vergi Xid­məti hazırda ölkənin büdcə gəlirlərinin formalaşması, iqtisadi inkişafın təmin edilməsi və sahibkarlığın dəstəklənmə­si prosesinin fəal iştirakçısı olan, fiskal yığımların əhəmiyyətli hissəsini gerçək­ləşdirən qurum olmaqla yanaşı, həm də iqtisadiyyatı və sahibkarlıq mühitinin inki­şafını tənzimləyən bir sistem kimi fəaliy­yət göstərməkdədir.

Son illərdə dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi, vergi ödəyicilərinə xidmətlərin çeşidinin və biznesin fəaliyyətinə səmərəli vergi nə­zarətinin qurulmasında rəqəmsallaşma­nın genişləndirilməsi, habelə biznes və investisiya mühitinin cəlbediciliyinin ar­tırılması vergi orqanlarının fəaliyyətinin başlıca prioritetlərini təşkil edib. İqtisadi artımın bərpasında vergi təşviqi alətlərin­dən fəal istifadəyə önəm verilib. 

Son illərdə qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının dinamik artımında və vergitutma bazasının genişlənməsində “kölgə iqtisadiyyatı”nın miqyasının azal­dılması və şəffaflaşma mühüm amil olub. Rəqabətin təmin edilməsi, sahibkarlığın təşviqi və leqal fəaliyyət vergi stimulları­nın tətbiqi şəraitində getdikcə genişlənib. Bunun nəticəsində “kölgə iqtisadiyya­tı”nda cəmlənmiş dövriyyələrin “ağarma­sı” prosesi sürətlənib. Bu, bəyan edilən dövriyyələrin, daxili istehsalın və ticarətin göstəricilərində, ticarət əməliyyatlarında sənədləşmənin səviyyəsində, elektron qaimələrin dövriyyədəki payında, bağlan­mış əmək müqavilələrinin sayında özünü qabarıq büruzə verib.

“Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması nəticəsində respublikamız­da əmək müqavilələrinin sayı 2019-cu il yanvarın 1-i ilə müqayisədə 407 min ar­taraq cari il yanvarın 1-nə 1 milyon 809 min, o cümlədən qeyri-neft-qaz özəl sek­torunda 358 min və ya 1,6 dəfə artaraq 898 min olub.

Bununla yanaşı, hesabat ilində məc­buri dövlət sosial sığorta ödənişləri üzrə proqnozdan əlavə 413 milyon manat daxilolma təmin edilib, bu sahədə artım 13,3 faiz olub. Qeyri-büdcə təşkilatları üzrə artım 15,1 faiz təşkil edib.

Dövriyyələrin şəffaflaşmasında yeni nəsil nəzarət-kassa aparatlarının geniş tətbiqi mühüm amillərdən biridir. İndiyə­dək ölkə ərazisində 100 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb. Bu kas­salardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. Nəticədə bu aparatlar üzrə dövriyyələrin artımı ötən il də davam edib və dövriyyənin həcmi 22 milyard manata çatıb.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat