“Bakı Su Həftəsi” Beynəlxalq Su Təsərrüfatı sərgi-konfransı

post-img

Bugünlərdə Bakı şəhəri ölkəmiz, eləcə də region üçün mühüm əhəmiyyət daşıyan daha bir mötəbər beynəlxalq tədbirə evsahibliyi edir. Söhbət su təsərrüfatının önəmli tədbirlərindən sayılan Bakı Su Həftəsindən (“Baku Water Week”) gedir.

Dünən Bakı Ekspo Mərkəzində öz işinə başlayan su həftəsinin açılış mə­rasimində çıxış edən Azərbaycan Döv­lət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı Su Həftəsinin təşkilinin təqdirəlayiq hal olduğunu vurğulayaraq tədbiri ölkəmizdə elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfə kimi dəyərləndirib. O deyib ki, su sektorunun önəmli toplantılarından olan Bakı Su Həftəsi qlobal iqlim dəyişiklik­ləri ilə mübarizə sahəsində atılan ən mütərəqqi addımlardan biridir. 

Agentlik sədrinin sözlərinə görə, bu tədbir mütəxəssislərə, hökumət təşki­latlarına və biznes sektoruna bilik və təcrübə mübadiləsi, yeni ideyaları araş­dırmaq və su ilə bağlı problemlərin həlli üçün innovativ üsullar tapmaq imkanı yaradacaq. Qeyd olunub ki, su təsərrü­fatı sahəsində beynəlxalq tədbirin keçi­rilməsi Azərbaycanda bu sektora yeni texnologiyaların tətbiqinə zəmin yara­dacaq. 

Z.Mikayılov daha sonra bildirib ki, ölkəmizdə COP29 kimi önəmli konfran­sın keçirilməsi beynəlxalq ictimaiyyətin Azərbaycanın ətraf mühitlə bağlı real­laşdırdığı mühüm tədbirləri dəyərlən­dirməsinin göstəricisidir. Onun dediyinə görə, Bakının evsahibliyi ilə keçirilən su təsərrüfatı sahəsində beynəlxalq təd­bir isə yerli və xarici şirkətlər arasında əməkdaşlığın daha da genişlənməsi ilə əlamətdar olacaq. 

“İteca Caspian” şirkətinin direktoru Edvard Stroun su texnologiyaları sərgi­sinin keçirilməsinə göstərdiyi təşəbbüsə və dəstəyə görə təşəkkür edib. O bildi­rib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən göstərilən dəstək tədbirin təşkilində mühüm rol oynayır və onun yüksək səviyyədə keçməsinə zə­min yaradır. 

Qeyd edək ki, üç gün davam edəcək Bakı Su Həftəsi çərçivəsində Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı ke­çirilir. Su həftəsində, ümumilikdə, 16 ölkədən 100-ə yaxın şirkət iştirak edir. İştirakçı şirkətlərin təmsil etdiyi ölkələr sırasına Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, İsveçrə, Avstraliya, Belarus, Gürcüstan, İsrail, Qazaxıstan, Türkiyə və Rusiya daxildir. 

Yeri gəlmişkən, Bakı Su Həftəsinin iştirakçısı olan ölkə və şirkətlərin sa­yının çoxluğu ölkəmizdə təşkil olunan mötəbər beynəlxalq tədbirlərə olan marağın göstəricisidir. Təsadüfi deyil ki, Türkiyənin respublikamızdakı səfiri Cahit Bağçı Bakı Su Həftəsi çərçivəsin­də jurnalistlərə açıqlamasında Azərbay­canın sərgi ölkəsinə çevrildiyini bildirib. Hər il Bakıda irimiqyaslı sərgilər keçiril­diyini vurğulayan səfir qlobal istiləşmə, suyun vacibliyi baxımından ölkəmizdə bu cür tədbirin keçirilməsini önəmli ad­dım kimi dəyərləndirib. “Su dünyada strateji məhsula çevrilməkdədir. Ölkələr su qıtlığı çəkir. Həm Türkiyəyə, həm də Azərbaycana indi daha az su daxil olur. Yağışların miqdarına görə su azalıb. Ona görə də suyu daha keyfiyyətlə, eh­tiyatla istifadə etməliyik. Su bizim üçün çox önəmlidir. Qida zənciri su ilə başla­yır”, – deyə o əlavə edib. 

Bakı Su Həftəsi çərçivəsində keçi­rilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında modern suvarma sis­temlərinin nümayiş etdirildiyini bildirən Cahit Bağçı, həmçinin deyib ki, Türkiyə həmişə olduğu kimi, sərgidə Azərbay­candan sonra ən çox şirkətlə iştirak edən ölkədir. 

İsrailin Azərbaycandakı səfiri Corc Dikin bugünlərdə dərc etdirdiyi məqalə­sində isə Bakı Su Həftəsi ilə bağlı fi­kirləri yer alıb. Qlobal iqlim böhranı və qlobal su böhranını eyni medalın iki üzü kimi xarakterizə edən səfitin fik­rincə, iqlim böhranı su böhranını daha da artırır, sudan faydalanma isə iqlim böhranını sürətləndirir və lazımsız is­tixana qazı emissiyalarına səbəb olur. Su Həftəsinə və noyabrda keçiriləcək COP29 konfransına evsahibliyi etməsi­ni Bakını bu il qlobal mərkəzə çevirdiyini vurğulayan səfir məqaləsində ölkəsinin Azərbaycanla su idarəçiliyi sahəsində əməkdaşlığından söhbət açıb. O bildi­rib ki, bu həftə bir neçə İsrail şirkəti, o cümlədən ölkəsinin milli su şirkəti “Me­korot” Bakıda keçiriləcək Su Həftəsi sərgi və konfransında iştirak edəcək. “Bu, xalqlarımıza fayda verəcək gələ­cək müzakirələr və əməkdaşlıq üçün əla platforma olacaq”, – deyə səfir fikrini tamamlayıb. 

Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı bu sahədə mövcud olan prob­lemlərin həlli istiqamətində innovativ addımların öyrənilməsi baxımından da olduqca əhəmiyyətlidir. Bakıda keçirilən önəmli beynəlxalq su toplantısı Azər­baycanın su sektorunun bundan sonra­kı inkişafı, mövcud çətinliklərin və həll yollarının müzakirəsi, maraqlı tərəflər üçün yeni fürsətləri əlçatan etmək baxı­mından diqqət çəkir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilən tədbirin məqsədi ölkəmiz­də bu sahənin sonrakı inkişafı, mövcud çətinliklər və həll yollarının müzakirəsi, maraqlı tərəflər üçün yeni fürsətləri əl­çatan etməkdən ibarətdir. 

Tədbir, həmçinin Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi üçün ölkəyə yeni texnologiya, avadanlıq və investisiyaların cəlb edilməsi, eləcə də Qarabağın bərpası və yenidən qu­rulması yönündə içməli su təminatının gücləndirilməsi, bununla bağlı vacib məsələlərin, yeni layihələrin və əmək­daşlıq imkanlarının müzakirəsi baxımın­dan da xüsusi əhəmiyyət kəsb edir. 

Qeyd edək ki, ölkəmizdə ilk dəfə təşkil olunmasına baxmayaraq, Bakı Su Həftəsi bir sıra önəmli şirkətlər tərəfindən dəstəklənir. Sərginin qızıl sponsorları “Acwa Power”, “AgroFoo­dInvestment”, “Geo SU Group”, "Hid­roloq" MMC, gümüş sponsorları “IDE Technologies”, “Körpü Bina Tikinti”, “Co­ca-Cola”, bürünc sponsorları “Kolin İn­şaat”, “Özgün İnşaat”, “Qarabağ-ER” və “Aztəsərrüfat” MMC, konsaltinq tərəfda­şı isə “Mekorot” şirkətləridir. Bu mühüm şirkətlərin dəstəyi tədbirin əhəmiyyətinin və aktuallığının göstəricisidir.

Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onla­rın tərəfdaşları olan “Caspian Event Ma­nagement” və “ICA Events” şirkətləridir. Eyni zamanda, tədbir Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası tərəfindən də fəal şəkildə dəstəklənir. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat