Ölkə Prezidentinin tapşırıqlarına əsasən, regionlarda elektrik təsərrüfatının yenilənməsi istiqamətində tədbirlər davam etdirilir. Hazırda “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Lənkəranın Viravul, Daşdatük, Girdəni və Gərmətük kəndlərinin elektrik təsərrüfatında yenidənqurma işləri aparılır.
“Azərişıq” ASC-dən XQ-yə verilən məlumata əsasən, bu məqsədlə 4 min nəfərə yaxın əhalisi olan Viravul kəndində yeni güc mərkəzləri yaradılır. Yenidənqurma işləri çərçivəsində köhnə elektrik dayaqları yeniləri ilə əvəz edilir, istismar müddəti başa çatmış açıq naqillərin yerinə özünüdaşıyan izolyasiyalı naqillər çəkilir. Bundan əlavə, köhnə sayğaclar həyətyanı sahələrdən çıxarılaraq əvəzində müasir standartlara cavab verən yeniləri quraşdırılır. İşlər yekunlaşdıqdan sonra kənd sakinləri dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmaqla yanaşı, elektrik enerjisi itkisinin qarşısı da alınacaq.
Qeyd edək ki, yenidənqurma işləri Lənkəranla yanaşı, investisiya proqramına uyğun olaraq ölkənin bütün regionlarında, ən ucqar kənd və qəsəbələrdə də mərhələli şəkildə həyata keçirilir.
XQ